Ev muzeyində repressiya izləri

 

Repressiyanın iti dişləri arasında sağ qalan Hüseyn Caviddən bizə qalan yadigar

 

Onun mənzilinin yerləşdiyi küçə uğrunda daim mübarizə apardığı "İstiqlaliyyət" adını daşıyır. Amma nakam taleyi və yaşadığı dövr ona bu istiqlaliyyətin şirinliyini dadmağa imkan vermədi. Bütün şüurlu ömrünü çağdaş Azərbaycan ədəbiyyatının inkişafına həsr etmiş Hüseyn Cavid əfəndi elə azadlıq mücahidi kimi yaddaşlarda qaldı.

Hər gün qarşısından ötüb keçdiyimiz o əzəmətli binada bəlkə də çoxlarımız vaxtilə Cavid əfəndinin yaşadığından xəbərsisiz. Axı, olduqca kiçik otaqlarında vaxtilə dərs keçirilən bu binada Cavid ailəsi necə yaşa bilər ki? Ancaq dövr bu ziyalı şəxsiyyəti və ailəsini buna məcbur edirdi. Cavid əfəndinin yaşayıb, yaratdığı mənzili ilə daha yaxından tanış olmaq üçün İstiqlaliyyət küçəsindəki müqəddəs ünvana yollandıq. Binaya yaxınlaşıb hündür və qədimliyi ilə göz oxşayan ağır qapını itələyirik. Qapının səsi sakitlik çökmüş əzəmətli binada əks səda yaradır.

Vaxtilə milyonçu Hacı Zeynalabdin Tağıyevin şəxsi təşəbbüsü və himayəsilə tikilmiş və müsəlman qadın məktəbi üçün nəzərdə tutulmuş binanın 2-ci mərtəbəsi hazırda Hüseyn Cavidin ev muzeyi kimi fəaliyyət göstərir. Vaxtilə məktəb olan bu binada müəllimlərlə tələbələrin daha yaxın olması üçün binanın 2 otağı Cavid ailəsinə verilir. Cavidlər bu evdə 1920-ci ildən 4 iyundan 1937-ci illər ərzində yaşayırlar. Cavid əfəndi sürgün olunandan sonra ailəsi də bu evdən çıxarılır. Uzun müddət boş qalan bu ev ancaq müstəqillik illərində sonra muzeyə çevrilir.

Nazirlər Kabinetinin 1995-ci il 160 saylı qərarı ilə Hüseyn Cavidin ev muzeyinin yaradılması, onun Azərbaycan EA-nın tabeliyinə verilməklə ədibin yaşadığı binanın, (İstiqlaliyyət küçəsi,8) 2-ci mərtəbəsində giriş də daxil olmaqla, 3-cü mərtəbəsində yerləşməsi və Hüseyn Cavidin ev muzeyi adlandırılması məsələsi həll olunur. 2002-ci il oktyabr ayının 24-də isə şairin 120 illiyi münasibətilə yaşadığı evə muzey statusu verilir.

Cavidin ailəsinin ev muzeyi 245 kv metr sahəni əhatə edir və onun 130 kv metrində ekspozisiya yerləşir. Muzeyin tərtibatı elə düşünülüb ki, ekspozisiya artıq 2-ci mərtəbədən başlanır və muzeyə gələn hər bir adam artıq girişdən Cavidlər mühitinə düşüb, Cavidlər dünyasına qatılır.

Cavid əfəndi evinin qonağı olan hər kəsi "Azər" poemasından olan

 

   "Arxadaş, yoldaş! Ey vətəndaş, oyan!

    Yatma, artıq yetər... dəyişdi zaman.

    Çox əzildin yetər, ər oğlu ər ol!

    Çırpınıb çareyi-xilas ara, bul!" -

   misralar qarşılayır.

 

Təhrif edilmiş kitab üzərindəki düzəlişlər

 

Muzeyin ekspozisiyası dörd otaqda yerləşdirilib. Ümumilikdə ekspozisiyada 600-dən artıq eksponat nümayiş etdirilir. Bu mənzildəki əşyalar təkcə şairin özü məxsus deyil. Həmçinin ailə üzvlərinə məxsus şəxsi əşyalar da muzeyin eksponatları sırasındadır. İndi muzey kimi fəaliyyət göstərən bu mənzilin cəmi iki otağında ədibin ailəsi yaşayıb. Lakin sonradan otaqlara yaxın olan digər iki otaq da əlavə olaraq muzeyə birləşdirilib. Muzeydəki otaqların adları da nümayiş etdirdikləri eksponatlara əsasən adlandırılıb.

Muzeyin birinci otağı "Cavidin yaradıcılığı" adlanır. Burada da Cavid əfəndi ilə yanaşı oğlu Ərtoğrol qızı Turan Cavidin büstləri var. Həmçinin digər divarda Cavid yaradıcılığının nümunəlrini görmək mümkündür. Vaxtilə görkəmli ədibin yazdığı əsərlərin səhnəyə qoyulduğu zaman çap edilən afişalar da birinci otağın divarlarını bəzəyir. Burada həmçinin şairin sovet dönəmində təhrif edilərək çap edilən kitabları da var ki, həmin kitabların üzərində Cavidin qızı Turan sonradan düzəlişlər edib.

 

Həmin yun corablar

 

Hər qarışı insana Cavid əfəndini xatırladan muzeyin ikinci otağı "Cavidin ömrü" adlanır. Bu otaq ədibin sağlığında həqiqətən yaşadığı mənzil olub. Cavidlər ailəsinə məxsus bu otaqdakı bütün əşyalar o dövrdən qalıb. Burada şairin öz şəxsi kreslosu da yer alıb. Stol, stullar, dolab, kitab şkafı da otağa xüsusi yaraşıq verir. Otaqda ədibin həyat yoldaşı Müşkinaz xanımın da büstü qoyulub. Bu otaqda vaxtilə Müşkinaz xanım Cavid əfəndi həbs olunarkən dolanmaq üçün paltar tikdiyi maşın da var. Təhsilsiz olan Müşkinaz xanım o çətin dövrlərdə ailəsini bu yolla dolandırmağa çalışıb.

Otaqdakı digər dolab isə olduqca təsirli əşyalarla doludur. Burada Cavid əfəndi ilə xanımı Müşkinazın bəxt üzükləri var. Vaxtilə ədibin işlətdiyi əşyalar, tez-tez istifadə etdiyi xüsusi geyimi, Müşkinaz xanıma məxsus iynə, sap, əlcək kimi əşyalar da dolabı bəzəyir. Dolabın üst qatına isə Cavid Əfəndi sürgünə göndərildiyi zaman Müşkinaz xanımın onun üçün toxuduğu yun corablar qoyulub. Məhz bu corabların sayəsində Sibirdə vəfat etmiş dəfn olunmuş ədibin meyidini tapmaq mümkün olur. Çünki qızı Turan corabların toxunduğu naxışların Müşkinaz xanıma məxsus olduğunu bilirdi.

Ziyarətimizi gözləyən növbəti otaq kiçik olsa da özündə Cavid əfəndi ilə yanaşı onun taleyini yaşayan bütün dahilərin faciəsi ilə dolu idi. Otaq "Cavidin faciəsi" adlanır. Olduqca balaca olan bu otaq əvvəllər ədibin yaradıcılıq otağı olub. Hazırda da orada şairin kiçik yazı stolu üstündə şəxsi əşyaları var. Otağın divarlarında isə 37-ci illərin faciəsi əks olunub. Sovet rejiminin qaydalarına qurban gedən şairimizdən yeganə yadigar iz onun həbs zamanı alınan əl izləridir. İstiqlal yaradıcılıq uğrunda çarpışan bu əl izlərində Sovet rejimi canilik axtarırdı.

Bu otaqda faciəni əks etdirən digər nümunə isə "xalq düşmənləri" olan dahilərimizin bir arada təsvir olunmuş portretidir. Sinələrində həbs nömrələri ilə birgə təsvir olunmuş ədiblərimizin rəsm təsviri tikanlı məftillərlə əhatələnib.

 

Ərtoğrul Turan Cavidlərin yadigarlarıê

 

Növbəti otaq sonradan muzeyə əlavə olunmuş genişliyi ilə seçilən "Cavidin şöhrəti" otağıdır. Əslində burada Cavid əfəndiyə məxsus elə şəxsi nümunə yoxdur. Otaqda sonradan muzeyə hədiyyə edilmiş represiya qurbanlarının sağlıqlarında bir yerdə təşkil etdikləri məclisləri əks etdirən tablolar var. Burada daha çox ədibin oğlu Ərtoğrul qızı Turan Cavidin şəxsi əşyaları yer alıb. Ərtoğrulun şəxsi yazı stolu da bu otaqdadır ki, stolun üzərində onun qələmləri, rəsm fırçaları, not dəftərləri, çəkdiyi rəsm əsərləri, şəxsi pul kisəsi, kəməri sair əşyaları var. Burada həmçinin əsgərlikdə olarkən xəstəlik zamanı anası bacısına yazdığı məktublar da stol da yerini qoruyur. Üzeyir Hacıbəyovun tələbəsi olmuş, musiqi ilə məşğul olan Ərtoğrulun şəxsi pianosu da bu günə qədər qorunub saxlanılıb. Otaqda həmçinin ömrü boyu ailə qurmayan, illərlə "xalq düşməni"nin qızı damğası ilə yaşayan Turan Cavidin özəl əşyaları yer alıb.

 

 

Nigar İxtiyarqızı

 

Həftə içi. – 2012. – 7 noyabr. – S. 8.