Yetkinlik
yaşına çatmayanların komissiyası
Ekspertlər bu
komissiyaların formal xarakter
daşıdığını düşünürlər
Son illər Azərbaycanda uşaqların müdafiəsi və
uşaqlara qayğı sistemi
sahəsində müəyyən islahatların
aparılmasına baxmayaraq, bu istiqamətdə problemlərin tam həllindən danışmaq qeyri-mümkündür. Çünki
hazırda ölkədə ayrı-ayrı insanların
zorakılığına məruz qalan, valideyn himayəsindən məhrum olan
kifayət qədər uşaqlar var ki, bu
nəticə etibarilə onların hüquqlarının
pozulmasına gətirib çıxarır.
Qeyd edək ki, Azərbaycanda uşaq
hüquqlarının həyata keçirilməsi və bu
istiqamətdə müvafiq tədbirlərin görülməsi
müxtəlif qurumlar tərəfindən aparılır. Bu
qurumların gördüyü işlərə və
onların fəaliyyətinin əlaqələndirilməsinə
isə Nazirlər Kabineti yanında Yetkinlik Yaşına
Çatmayanların İşləri və
Hüquqlarının Müdafiəsi üzrə Komissiya
baxır. Sözügedən komissiyanın hər bir rayon icra
hakimiyyətində eyniadlı struktur bölməsi fəaliyyət
göstərir. Komissiyanın əsas vəzifəsi uşaq
hüquqlarının təmin edilməsi vəziyyətinə
dair ölkə üzrə illik hesabatı təhlil etmək və
nəticələri qiymətləndirməkdir. Bundan başqa,
sözügedən qurum uşaqların vəziyyətinə
dair müzakirələr keçirir, uşaq
hüquqlarının təmin edilməsi sahəsində
hazırlanmış dövlət proqramlarına, milli fəaliyyət
planlarına, irihəcmli layihələrə dair rəy
bildirir, uşaq müəssisələrində monitorinqlər
aparır.
Bəs görəsən, Yetkinlik
Yaşına Çatmayanların İşləri və
Hüquqlarının Müdafiəsi üzrə
Komissiyanın fəaliyyətini qənaətbəxş saymaq
olarmı? Bu komissiyaların işində hansısa çətinlik
varmı?
Uşaq Hüquqları üzrə Azərbaycan
QHT Alyansının İdarə Heyətinin sədri Nazir
Quliyev bildirir ki, Azərbaycan 1992-ci ildən BMT-nin Uşaq
Hüquqları Konvensiyasına qoşularaq sənədin
icrasına dair öhdəliklər götürüb.
Konvensiyaya uyğun olaraq isə Azərbaycan hökuməti
ölkədə sözügedən sənədin icrası vəziyyəti
və uşaq hüquqlarının müdafiəsi sahəsində
görülən işlərlə bağlı hər beş
ildən bir BMT-nin Uşaq Hüquqları Komitəsinə
hesabat təqdim edir. Eyni zamanda, QHT-lər də konvensiyaya
uyğun olaraq BMT-nin Uşaq Hüquqları Komitəsinə
alternativ QHT hesabatı təqdim edir.
Həmsöhbətimizin sözlərinə
görə, QHT-lər bütün hesabatlarında yetkinlik
yaşına çatmayanların işləri və
hüquqlarının müdafiəsi üzrə
komissiyanın fəaliyyətini tənqid ediblər və bu
istiqamətdə ciddi işlərin görülməsini vacib
sayıblar: "Bu məsələ bizim BMT tribunasında ən
çox qaldırdığımız problemdir. Çünki
biz həmişə uşaq hüquqları ilə
bağlı işləyən qeyri-hökumət təşkilatları
olaraq bu komissiyaların fəaliyyətinin zəif olduğunu
müşahidə etmişik. Düzdür, bəzi rayonlarda
komissiyaların işində aktivlik sezilir. Amma hesab edirəm
ki, bu aktivlik həmin komissiyalarda təmsil olunan işçilərin
məhz fərdi aktivliyindən irəli gəlir".
Qanunvericilik
bazası var, amma..
Nazir Quliyev deyir ki, əslində yetkinlik
yaşına çatmayanların işləri və
hüquqlarının müdafiəsi istiqamətində kifayət
qədər mükəmməl qanunvericilik bazası
mövcuddur. Lakin bu bazanın icra mexanizmləri
olmadığından sözügedən komissiyalar aktiv fəaliyyət
göstərə bilmirlər: "İlk növbədə
ştatda olan işçilərin sayının az olması
problem yaradır. Çünki bu komissiyalarda 2, maksimum 3
ştat vahidi yer olur. Eyni zamanda, həmin ştatda işləyənlər
paralel olaraq icra hakimiyyətlərində fəaliyyət
göstərən qəyyumluq və himayəçilik
komissiyasının da işini icra edirlər. Təsəvvür
edin ki, bir rayonun ərazisində 20-22 min yetkinlik yaşına
çatmayan uşaq var və bu uşaqlarla cəmi 2 nəfər
işləyir. Sözsüz ki, həmin iki insanın 20 mindən
yuxarı uşaqla keyfiyyətli işləməsi
qeyri-mümkündür. Düzdür, bu komissiyalar ictimai əsaslarla
işçi cəlb edirlər. Amma indi zaman dəyişdiyindən
bu işçilərin gördüyü iş effektli olmur. Nəticədə
komissiyaların fəaliyyəti zəifləyir və onlar
formal xarakter daşımağa başlayır".
Mütəxəssis həmçinin
vurğulayır ki, artıq 4 ilə yaxındır ki, Uşaq
Hüquqları üzrə Azərbaycan QHT Alyansı
UNİSEF-in dəstəyi ilə yetkinlik yaşına
çatmayanların işləri və hüquqlarının
müdafiəsi üzrə komissiyalarda çalışanlar
üçün seminarlar təşkil edir. Onun sözlərinə
görə, xarici ölkələrdən dəvət olunan
ekspertlərin iştirakı ilə keçirilən treninqlərdə
dinləyicilərə uşaqlarla işləməyin
yolları, risk qrupuna daxil olan uşaqların
aşkarlanması istiqamətində tətbiq olunan metodlar və
bu yöndə önləyici tədbirlərin görülməsi
izah edilir: "Düşünürəm ki, artıq bu
seminarlarda iştirak edən mütəxəssislərin
peşəkarlığından danışmaq olar.
Çünki bəziləri sözügedən komissiyalarda
çalışsalar da, bu qurumun səlahiyyətləri barədə
ətraflı məlumata malik deyildilər. Əslində bu
komissiyaların olduqca geniş səlahiyyəti var və həmin
komissiyada çalışanlar öz səlahiyyətlərini
yaxşı bilsələr, bəzi problemlərin qabaqcadan
qarşısını almaq olar".
Təklif var
Nazir Quliyev söhbət əsnasında
yetkinlik yaşına çatmayanların işləri və
hüquqlarının müdafiəsi üzrə
komissiyaların fəaliyyətinin genişləndirilməsi
üçün təkliflərini də dilə gətirir.
Onun fikrincə, ilk növbədə yetkinlik yaşına
çatmayanların işləri və hüquqlarının
müdafiəsi üzrə komissiya ilə qəyyumluq və
himayəçilik komissiyası biləşdirilməli,
işçilərin sayı artırılmalı və qurumun
maddi-texniki bazası möhkəmləndirilməlidir. Digər
tərəfdən, bu komissiyaların uşaqlar
üçün əlçatanlığı təmin
olunmalı və onların tabeçiliyində xüsusi
qayğı mərkəzləri yaradılmalıdır:
"Biz bu təklifləri BMT-nin tribunasından da səsləndirmişik.
BMT ekspertləri Azərbaycan hökumətinə həmin təkliflərin
reallaşdırılmasına dair tövsiyələrini də
veriblər. Düşünürük ki, bu istiqamətdə
müvafiq dəyişikliklər aparılmadan hansısa
uğura nail olmaq qeyri-mümkündür. Məsələn, əgər
yetkinlik yaşına çatmayanların işləri və
hüquqlarının müdafiəsi üzrə komissiya
üzvü hansısa küçədə atılmış
uşağa yalnız təəssüflə baxırsa və
ona qayğı göstərə bilmirsə, o zaman bu
komissiyanın işinin effektiv olmasından danışmaq
mümkün deyil. Buna görə də biz
düşünürük ki, sözügedən
komissiyaların mütləq qayğı mərkəzləri
yaradılmalıdır. Eyni zamanda, bu komissiyalar icra hakimiyyətlərinin
hansısa küncündə qalmamalı və onlar
üçün ayrıca yer ayrılmalıdır. Belə
olan təqdirdə, yetkinlik yaşına çatmayan
uşaqlarla həmin komissiyaların daha sıx münasibəti
yaranar və baş verə biləcək problemin
qarşısı vaxtında alınar".
Çətinliklər
olsa da..
Xətai Rayon İcra Hakimiyyətinin
yetkinlik yaşına çatmayanların işləri və
hüquqlarının müdafiəsi üzrə
komissiyanın məsul katibi, böyük məsləhətçi
Turan Cəfərova isə sözügedən komissiyaların
işində müəyyən çətinliklərin
olduğunu etiraf etsə də, onların öhdəsindən
gəldiklərini bildirir. Onun sözlərinə görə,
yetkinlik yaşına çatmayanların işləri və
hüquqlarının müdafiəsi üzrə
komissiyanın işçiləri həm də qəyyumluq və
himayəçilik komissiyasının işini icra etdiyindən
çətinliklər ortaya çıxır: "Təsəvvür
edin ki, biz az işçi ilə elə gün olur 25 mülki
işə baxırıq. Həmin iş üzrə
ayrı-ayrı ünvanlara baş çəkmək lazım
olur. Amma bizim icra başçımız bu məsələni
həmişə diqqətdə saxladığından
ünvanlara baş çəkən zaman ciddi problem
yaranmır. Eyni zamanda, biz ictimai əsaslarla işləyən
işçilərin potensialından da istifadə edirik. Lakin
bununla yanaşı hesab edirəm ki, komissiyada ştat vahidinin
çox olması bizim də işimizə müsbət təsir
göstərə bilər".
Xətai
rayonunda yetkinlik yaşına çatmayanların problemlərinə
gəlincə, həmsöhbətimiz bildirir ki, daha çox dəsrdən
yayınma ilə bağlı hallar müşahidə edilir:
"Bizə hər 3 aydan bir rayon polis idarəsindən hesabat
xarakterli məlumat daxil olur və biz həmin məlumatları
ətraflı şəkildə araşdırırıq. Deyə
bilərəm ki, bizim rayonun ərazində qeydiyyatda olan
yetkinlik yaşına çatmayanlar arasında cinayət
törədənlərin sayı yox dərəcəsindədir.
Daha çox uşaqlar dərsdən yayınaraq internet klublara
gedirlər. Həmin uşaqlarla isə daima müvafiq işlər
aparırıq. Digər tərəfdən, biz ümumiləşdirilmiş
məlumatları mütəmadi olaraq Bakı Şəhər
İcra Hakimiyyətinə təqdim edirik. Meriya isə bununla
bağlı bütün rayonlar üzrə məlumatları
ümumiləşdirərək Nazirlər Kabineti yanında
Yetkinlik Yaşına Çatmayanların İşləri və
Hüquqlarının Müdafiəsi üzrə Komissiyaya təqdim
edir. Beləliklə, həmin məlumatlar əsasında
respublika üzrə ümumi hesabat hazırlanır".
Sevinc
Həftə
içi. -2012. – 17-19 noyabr. –S. 13.