Bakı Milli Geyim Evindəki millilik

 

Milli geyimlərimiz də Dubay, Çin və Türkiyədən gətirilən parçalardan hazırlanır

 

Hər bir millətin özünəməxsus inkişaf tarixi və mədəniyyəti olur. Bu mədəniyyət xalqın milli mətbəxi, yas və toy mərasimləri, bayramları və eləcə də, milli geyimlərində özünü göstərir. Azərbaycanda bu ənənələrə adətən, mərasim və bayramlarda əməl edirik. Gündəlik həyat tərzimizdə isə bu milliliyi o qədər də hiss olunmur.

Əslində digər mədəniyyət nümunələri ilə müqayisədə geyim və libaslar millətin tarixi mədəniyyətini özündə daha qabarıq əks etdirir. Bu günümüzə qədər gəlib çatan milli libaslarımız mürəkkəb inkişaf yolu keçmiş maddi və mənəvi mədəniyyətimizin ayrılmaz hissəsidir. Bu gün gündəlik həyatımızda demək olar ki, heç müraciət etmədiyimiz milli geyimlərimizi qoruyub saxlamaq da mütləqdir. Biz buna qarşı bir qədər biganə yanaşsaq da, Bakı Milli Geyim Evi belə xeyirxah missiyanı öz üzərinə götürüb.

Artıq neçə illərdir ki, milli geyimlərimizi dünyada tanıtmaqla məşhur olar Bakı Milli Geyim Evinə baş çəkib bu evin yaranma zərurətindən və milli geyimlərimizə olan münasibətlə maraqlandıq. Başdan-başa milli ab-hava ilə əhatələnmiş mağazada bizi Milli Geyim Evinin direktoru Könül Vəlibəyli qarşıladı. O, 2009-cu ildən fəaliyyət göstərən Milli Geyim Evinin heç də təsadüfdən yaranmadığını bildirdi. Deyir ki, bir vaxtlar milli geyim tapmağın müşkül məsələyə çevrilməsi onu belə bir evi yaratmasına səbəb olub: "Bir neçə il əvvəl "Sara Xatun" adlı qadın jurnalı fəaliyyət göstərirdi. Azərbaycanın elm, tarix və mədəniyyətinin inkişafında misilsiz xidmətləri olan qadınların həyat və yaradıcılığını işıqlandıran həmin dərginin baş redaktoru mən idim. O zaman xanımlarımızın milli geyimdə fotosessiyalarını hazırlamaq istəyəndə ciddi problemlərlə üzləşirdik. Milli libas tapmaq müşkül məsələyə çevrilmişdi. Artıq o zaman bu sahəyə tələbatın olduğunu hiss etmişdim. Tale elə gətirdi ki, bir neçə ildən sonra jurnalımız fəaliyyətini dayandırdı. Həmin ərəfədə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən milli geyimlərimizi təbliğ edəcək qurum yaratmaq təklifi aldım. Beləcə, 2009-cu ilin yanvarında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Milli Geyim Evini təsis etdik".

 

Şəki ipəyi tələbatı ödəmir

 

Geyim evində çalışan gənc rəssam-modelyerlərin əməyi sayəsində burada bir-birindən gözəl libaslar ərsəyə gəlir. Milli Geyim Evində geyimlər hazırlanmazdan öncə bölgələrin milli geyim xüsusiyyətləri də öyrənilir. Evin rəssam-modelyerləri muzeylərdə saxlanılan qədim milli geyimləri təhlil edir, ensiklopediya, maddi və mənəvi irsimizlə bağlı araşdırmalardan, həmçinin yaşlı nəslin məsləhətlərindən yararlanaraq müxtəlif libaslar hazırlayırlar. Direktor qeyd edir ki, burada müxtəlif parçalardan və ən bahalı və hətta antik qaşlardan da istifadə edilərək milli libaslar hazırlanır. Könül Vəlibəylinin sözlərinə görə, əvvəllər milli geyimlərimizin hazırlanmasında xara, gülməxmər, ipək, məxmər parçalardan istifadə edilib. Ancaq bu gün Azərbaycanda parça problemi yaşandığından sırf milli geyim tikmək üçün lazım olan parça və bəzək elementləri çətin tapılır. Şəkidə ipək istehsal edilməsi də geyim evinin tələbatını ödəmir. Bu səbəbdən Milli Geyim Evinə lazım olan parçalar Dubay, Çin və Türkiyədən gətirilir.

 

Gənclərin zövqündə olan Qarabağ milli geyimləri

 

Bakı Milli Geyim Evi sifarişlər də həyata keçirir. Bu gün bu evin hazırladığı milli libaslar milli bayramlarımızda, beynəlxalq rəqs müsabiqələrində geniş istifadə edilir. Xarici ölkələrə konsert proqramları ilə gedən muğam ustalarımızın da geyimlərini Milli Geyim Evi hazırlayır. Hətta bayramlarda və bir çox özəl günlərdə telekanal aparıcılarının geyindiyi milli paltarlar da Bakı Milli Geyim Evinin məhsullarıdır.

Könül Vəlibəyli deyir ki, son vaxtlar milli geyimlərə maraq artıb. İndi toy və xına mərasimləri üçün milli geyim sifariş verən gənc xanımlar çoxdur. Ən maraqlısı isə xaricdə yaşayan soydaşlarımızın da milli geyimlər sifariş verməsidir. Onun sözlərinə görə, indi bütün orta məktəblərdə şagirdlərin Novruz şənliyinə milli geyimdə qatılmaları da ənənə halını aldığı üçün onların işi artıb. Hətta belə sifarişlərin sayı ildən-ildə artır.

Müsahibimiz qeyd edir ki, "Eurovision-2012" mahnı müsabiqəsi ərəfəsində geyim evinə tez-tez xaricilər gəlib. Əcnəbi vətəndaşlar xüsusilə uşaqları üçün müxtəlif formada milli geyimlər alıblar: "Hətta bəziləri aldıqları paltarı uşaqlarına geyindirib bura da gəlirdilər".

Geyim evinə ən çox şux rənglərin üstünlük təşkil etdiyi, qeyri-adi kəsimləri olan geyimlər sifariş verilir. Xüsusilə Qarabağ milli geyimləri gənclərin zövqünə daha yaxındır: "Məhz Qarabağ yaralı yerimiz olduğundan geyim evi də beynəlxalq tədbirlərdə daha çox həmin bölgənin milli geyimlərini nümayiş etdirir".

 

Əl əməyinə görə dəyişən qiymətlər

 

Rəngarəng libaslar və baş örtükləri ilə əhatələnmiş geyim evində qiymətlər də geyimlərin formasına, parçanın növünə və onun hazırlanması zamanı istifadə olunan qaşların çoxluğuna əsasən dəyişir. Libasın hazırlanması zamanı əl əməyindən istifadə də qiymətə təsir edən amillərdəndir. Qiymətlər 50 manatdan başlayaraq artır. Geyim evində dəri və məxmər parçadan hazırlanmış qısa gödəkçələr də var ki, onların da qiyməti 300 manatdan başlayır. Qiymətin bu qədər baha olması isə parçaların xarici ölkədən gətirilməsi və gödəkçənin tikilişi zamanı xüsusilə fransadan sifarişlə gətirilmiş qaşlardır. Gödəkcədə istifadə edilən qaşların 100 qramına tikiş evi 150 manatdan çox pul xərcləyir. Həmin qaşları isə gödəkçənin üstünə heç bir maşından istifadə etmədən əllə vururlar. Bu da qiymətə təsir edən əsas amildir. Geyim evindən bahalı qaş və parçalardan istifadə etməklə tikilən 500 manat və daha baha qiymətə libaslar da əldə edə bilərsiniz.

Məktəblilər və daha kiçik yaşlı uşaqlar üçün burada 20 manat dəyərində milli geyimlər də var. Həmçinin siz Bakı Milli Geyim Evindən istədiyiniz milli geyimi kirayələyə də bilərsiniz.

 

 

Nigar İxtiyarqızı

 

Həftə içi. – 2012.  -24-26 noyabr. – S. 11.