"İstəyirəm ki, balabanın səsi bütün dünyada eşidilsin"

 

Əlixan Səmədov: "Heç bir siyasi düşüncəsi olmayan bir erməni təmiz ürəklə balabanı öyrənmək istəsə, ona da bütün doğruları öyrədərəm.

Çap olunmazdan əvvəl müsahibənin sonunda balaca bir P.S. də döndərmişdi. Cəmi bir cümlədən ibarət idi: "Azərbaycan, hər zaman qəlbimdəsən!". İfa etdiyi musiqilərdəki o dərin hüznü onun bu cümləsində də duydum. Onu təqdim etmək üçün əslində çox sözə ehtiyac yoxdur. Adı elə necə deyərlər, vizit kartıdır. Ancaq o, özünü "Həyatını balabana həsr edən musiqiçi" kimi təqdim edir. Beləliklə, "Həftə içi"nin növbəti müsahibi Türkiyədə yaşayan azərbaycanlı sənətçi, balaban ifaçısı Əlixan Səmədovdur:

 

- Sizi Azərbaycanda hamı tanıyır və çox sevirlər. Amma yenə də soruşuram: Siz özünüz Əlixan Səmədovu necə təqdim edərdiniz?

- Mən öz həyatımı balabansız təsəvvür edə bilmərəm, heç edə də bilməzdim. Bu səbəbdən özümü "Həyatını balabana həsr edən müsiqiçi" kimi təqdim edərdim.

- Müsahibələrinizin birində "Vətən qürbətdən daha doğma görünür" demisiniz. Olmaya, sizi Azərbaycandan uzaq salan səbəb elə budur?

- Xeyr, səbəb bu deyil. Mən düşünürəm ki, taleyim belə gətirdi. Qürbətdən gördüyümüz Vətən bir başqadır, yəni daha doğmadır. Amma yaşadığım bu oba da mənə yad deyil. Ancaq həqiqətən də o fikirdəyəm ki, Vətən qürbətdən daha doğma görünür.

- Ən məşhur balaban ifaçısı kimi siz tanınsanız da, "Eurovision-2012"də görünmədiniz. Təklif gəlmədi, yoxsa...

- "Eurovision 2004"ün 2-ci yerə çıxan Monteneqro (Sırbistan-Karadağ) təmsilçisi yarışmaya haradasa mənim bəstələdiyim musiqi ilə qatılmışdı. O, bu musiqi ilə də elə möhtəşəm yarışmanın 2-ci yerinə yüksəldi. Bakıda keçirilən "Eurovision-2012" yarışmasında da həmin ölkə oxuyacağı mahnıda mənim də ifa etməm üçün xəbər göndərmişdi. Ancaq könlüm razı olmadı. Azərbaycandan isə müsabiqə ərəfəsində çıxış üçün heç bir təklif gəlmədi. Yoxsa sevə-sevə

- Azərbaycanın sizə və sənətinizə münasibətindən razısınızmı?

- Allaha şükürlər olsun, dinləyicilərim çoxdur. Bundan başqa, çox yaxın zamanlarda Azərbaycan mədəniyyəti adına yekunlaşdırdığım böyük bir proyekt işıq üzü görəcək. Mənim bütün işlərim Azərbaycanın və balabanın bütün dünyada tanınması üçündür. Bunu qarşılıqsız və sevərək edirəm.

- 18 musiqi alətində ifa etməyi bacarırsınız. Bəs, niyə hamı sizi məhz balabançı Əlixan Səmədov kimi tanıyır?

- Bu günə qədər konsertlərimdə sadəcə balaban deyil, dünyanın müxtəlif yerlərindən topladığım musiqi alətlərində ifa etmişəm. Həmçinin, bunlarla yanaşı bildiyim bir çox musiqi alətləri var ki, konsertlərimdə dinləyicilərim üçün onlarda da mahnılar səsləndirirəm. Xüsusilə yapon xalqını vurğulamalıyam ki, onlar hər yeni diskimin içliyini oxuduqdan sonra musiqilərimi dinləyirlər. Demək istədiyim budur ki, bu günə qədər çıxartdırdığım disklərin (7 ədəd) repertuarında balabanla yanaşı bir çox musiqi alətindən istifadə edərək mahnılar ifa etmişəm. Bir xatırlatma da etsəm yerinə düşər ki, məhz elə "Sən gəlməz oldun" mahnısında dinlədiyiniz qarmonu da mən özüm ifa etmişəm. Bu elə də çətin deyil. Sadəcə oxumaq lazımdır (gülür).

- Balaban Əlixan Səmədovu məşhur etdi, ya Əlixan Səmədov balabanı?

- Əsas istəyim balabanın bütün dünyada bir Azərbaycan musiqi aləti kimi tanınmasıdır. Mən balabanla yaşayıram. Balaban yaşadıqca, mən də yaşayacağam.

- Deyəsən, Türkiyədə tələbələriniz çoxdur. Onların arasında erməni tələbələr də varmı?

- Tələbələrimin hamısı Türkiyədə doğulmuş türklərdir. Bu günə qədər konsertlərimdə bir çox erməni ilə qarşılaşmışam. Onlar məni dinləməyə gəliblər. Ancaq hələ ki, balaban öyrənmək üçün mənə müraciət edən erməni olmayıb. Onu deyə bilərəm ki, bu gün hər bir erməninin evində mənim disklərim var. Bunu özləri də deyiblər, türk dostlarımdan da eşitmişəm.

- Bəs balaban ifa etməyi öyrənmək üçün bir erməni müraciət etsəydi, təklifi necə dəyərləndirərdiniz?

- Əgər heç bir siyasi düşüncəsi yoxsa və təmiz bir ürəklə həqiqətən də sadəcə balabanı öyrənmək üçün bir erməni müraciət etsə, balaban haqqında bütün doğruları ona öyrədərdim. Hazırda Ermənistanda ən yaxşı balaban ifa edənlər, ya Azərbaycanda böyüyüb yetişmiş, ya da Azərbaycan musiqisini ən yaxşı ifa edənlərdir.

- Bəs, yerliləriniz necə, azərbaycanlılar da bu musiqi alətini öyrənməyə can atır?

- Əlbəttə, öyrənmək istəyənlər çoxdur. İnşallah ən böyük arzularımdan birisi də Vətənim Azərbaycanda tələbə yetişdirib dünyaya tanıtmaqdır.

- "Balaban metodu" hansı zərurətdən yarandı?

- İlk diskim çıxdığı zaman dünyanın hər yerindən gələn məktublar məni "Balaban metodu"nu yazmağa məcbur etdi. Allaha şükürlər olsun ki, bu istəklərə cavab verə bildim. Və balaban haqqında 3 dildə kitab yaza bildim. İndi isə zamana ayaq uydurmaq üçün kitabı dostlarımla bərabər daha da genişlədib dijital versiyasını da hazırladıq. Bu versiya həm də kitabın daha geniş auditoriyaya yayılmasına səbəb oldu.

- Bu gün "Balaban metodu"nu oxuyanlar çoxdur, ya balaban dinləyənlər?

- Balabanı dinlədikcə ona aşiq olmamaq mümkün deyil. Aşiq olduqca da onun haqqında daha çox məlumatlı olmaq istəyirsən. Nəzərə almaq lazımdır ki, "Balaban metodu"nu alanların əksəriyyəti balaban musiqisini dinlədikdən sonra onu alıblar. Bu baxımdan, balabanı dinləyənlər daha çoxdur təbii ki.

- Dinləyiciləriniz arasında hansı yaş təbəqəsi üstünlük təşkil edir. Ümumiyyətlə, gənclərin musiqi zövqündən razısınızmı?

- Hər zaman gənclərimizi düşünmüşəm. Onların sevdiyi tərzdə bir çox bəstələdiyim musiqilərim var. Orta yaş ondan da yuxarı təbəqəyə aid dinləyicilərim üçün isə daha çox xalq musiqiləri ifa edirəm. Mənim hətta uşaqlar üçün bəstələdiyim müsiqilər var. Qısacası, hər yaş təbəqəsinin ürəyinə xitab etmək üçün əlimdən gələni edirəm.

- Biz o möhtəşəm alətin səsini sizin ifanızda həmişə Türkiyədən eşitmişik. Nə vaxtsa bu səsi daha yaxından eşitmək Bakıya da qismət olacaq?

- İnanın ki, bu sual mənə hər gün verilir. İnşallah bir gün qismət olsa, mütləq Bakıda da konsert proqramı ilə çıxış edəcəm. Nəinki Bakıda, Azərbaycanın bütün bölgələrində konsert verməyə hazıram. Təki bu işləri təşkil edən firmalar da bu barədə bir dəfə düşünsünlər.  

- Balaban musiqisinin səsi bizə hüznlə yanaşı, həm də Əlixan Səmədovu xatırladır. Bəs, Əlixan Səmədov adı Türkiyəyə Azərbaycanı xatırladacaqmı?

- Türkiyədə hər zaman mənim adımın qarşısında "Azərbaycanlı sənətçi" sözü olar. Mən bununla fəxr edirəm. Yaşadığım müddətdə bu həmişə belə davam edəcək. "Ayrılarmı könül candan?!

- Son olaraq, balabanın səsini haralardan eşitmək istərdiniz?

- Xəritədə balabanın səsi gələn ölkələri şəhərləri işıqlandırsınlar. istəyirəm ki, bu xəritəyə baxarkən hər yanın işıqlandığını görüm. Dünyada balabanın səsi gəlməyən eşidilməyən məkan qalmasın. İndiyə qədər yarısına qədər gəldim.

 

 

Nigar İxtiyarqızı

 

Əlixan Səmədov

 

Həftə içi.-2012.-10 oktyabr.-S.8.