Muzeylərdə qalan tarix
Hacı Zeynalabdin muzeyə
çevrilmiş malikanəsində 300 minədək maddi mədəniyyət
nümunəsi saxlanılır
Milyonçu Hacı Zeynalabdin
Tağıyevin hansı şəraitdə, necə evdə
yaşadığı çoxları üçün maraq kəsb
edir. Əksəriyyət hesab edir ki, belə bir milyonçu
hamı kimi adi bir mənzildə yaşaya bilməzdi...
Elə
bu maraqla da yolumuzu tanınmış messenatın vaxtilə
malikanəsi olmuş indiki Tarix Muzeyindən saldıq.
İçəri daxil olan kimi ayağımıza bahil
("selofan" ayaqqabı) geyməyi və
çantamızı şkafa qoymağı
tapşırdılar. Bu, muzeyə gələn hər kəs
üçün bir qaydadır. Burada hər bir şey tarixin
nümunəsi olduğu üçün göz bəbəyi
kimi qorunur.
Muzeyin
Bakının ən gözəl memarlıq abidələrindən
olan binası 1895-1896-cı illərdə, o vaxtlar şəhərin
baş memarı vəzifəsini daşıyan polşalı
İosif Qoslavskinin layihəsinə əsasən tikilib. Məşhur
sahibkar və xeyriyyəçi Hacı Zeynalabdinin
yaşayış mülkü olan bu sarayda 1920-ci ildən bəri
fasilələrlə muzey fəaliyyət göstərir. Təxminən
bir il sonra muzey qapılarını
tamaşaçıların üzünə açır.
Prezident
İlham Əliyevin göstərişi ilə 2004-2007-ci illərdə
əvvəlki görkəmi saxlanılmaqla muzey əsaslı təmir
olundu. Hazırda 92 yaşlı bu muzeydə 6 şöbə,
1 laboratoriya, 12 fond, 4 qrup və kitabxana fəaliyyət göstərir.
Hazırda burada tariximizi özündə yaşadan 300 minədək
maddi mədəniyyət nümunəsi qorunur. Muzeyin
kitabxanasında isə əsasən XIX-XX əsrin əvvəllərində
çap olunmuş 80 mindən artıq nadir jurnal, kitab, və
qəzet nüsxələri toplanıb.
Muzeyin
birinci mərtəbəsində, qədim və orta əsrlərə
aid əşyaların əhatəsində insan bir anlıq da
olsa, özünü Atropatın, İsgəndərin
hökmranlıq etdiyi dövrdə
yaşadığını zənn edir. Burada insan kəllələri,
kurqan qəbirlərin kabusu, saxsı qablar, döyüş ləvazimatları
sanki addım-addım adamı təqib edir. Muzeydə hətta
elə əşyalar var ki, onların heç yaşı da bəlli
deyil. Bura ibtidai daş, tunc və erkən dəmir dövrləri,
qədim və orta əsr dövlətlərini əks etdirən
nümunələrlə də zəngindir.
Tağıyevin şahlara layiq 9
otağı
Hacı
Zeynalabdin Tağıyevin yaşayış mülkündə
yerləşən Milli Azərbaycan Tarixi Muzeyində 9 otaqdan
ibarət Tağıyevin özü üçün xatirə
muzeyi də yaradılıb. Xatirə muzeyinə daxil olan
otaqların, əşyaların, mebelin bərpası ilə məşğul
olan Azərbaycan və İtaliya mütəxəssisləri
Tağıyevin ailəvi fotoalbomu əsasında otaqların əvvəlki
görkəmini bərpa edə biliblər. Muzeydə Hacı
Zeynalabdinin iş kabineti, Şərq zalı, kitabxana, bilyard
otağı, yemək otağı, məlumat otağı, Sona
xanım Tağıyevanın bəzək otağı - buduar,
yataq otağı, təmizlik otaqları fəaliyyət
göstərir.
Xatirə
muzeyinin ekspozisiyası Tağıyevin iş kabinetindən
başlayır. Kabinet özünün sadə gözəlliyi
ilə seçilir. Onun divarları qırmızı
ağacdan düzəldilmiş panellərlə və
naxışlı tünd yaşıl divar kağızı ilə
bəzədilib. Burada bilavasitə Hacının özünə
məxsus kitab şkafı, yazı stolu, kreslo, stul və
dolabla yanaşı köhnə ailəvi fotoalbom əsasında
hazırlanmış digər əşyalar da var. Kitab
şkafında Rusiya imperiyasının qanunlar toplusu, məlumat
kitabları, ensiklopediyalar saxlanılır.
Yazı
stolunun arxasındakı divarda milyonçunun şəkil
kolleksiyasından Nadir şah Əfşar və Fətəli
şah Qacarın, solda isə II Nikolayın və onun
xanımı Aleksandra Fyodorovnanın portretləri
asılıb. Kabinetin pəncərələri ilə üzbəüz
divarda isə rəssam Ayvazovskinin "Dənizdə
fırtına" adlı əsəri asılıb.
Hacının İran şahı Müzəffərəddinlə
görüşünü əks etdirən portret və ev
sahibinin yaşadığı günlərdə olduğu kimi
əvvəlki yerində asılıb. Yazı stolu ilə
üzbəüz Tağıyevin portretini görmək olar.
Burada Zeynalabdinin təltif edildiyi bütün medal və ordenlərdə
əks olunub. Onların arasında Rusiyanın "Müqəddəs
Stanislav" ordenləri, "Səyinə görə"
üç qızıl medal, İranın "Şiri
xurşid" ordeni, Buxara Qızıl Ulduzu var.
Tavanına Quran ayələri
yazılan zal
Hacının
iş kabinetindən Şərq zalına keçmək
mümkündür. Sarayın iki ən böyük zallarından
biri olan, qədim oriyental ornamentlərini özündə birləşdirən
Şərq zalı gözəlliyi və möhtəşəmliyi
ilə seçilir. Burada qəbullar, rəsmi müşavirələr
və təntənəli mərasimlər keçirilib.
Qapıları qoz, fıstıq, armud ağaclarından
hazırlanmış Şərq zalı xüsusi zövqlə
bəzədilib. Buraya şəbəkəli stollar, stullar,
royal, kreslolar qoyulub. Zalın tavanına Quran ayələri
yazılıb. Bu yazı və bəzəklərə 9
kiloqram qızıl işlədilib. Nəhəng
çil-çıraq və güzgülərin üzərindəki
bralar zalı işıqlandırmaqla bərabər, onun
gözəlliyini daha da artırır. Pəncərələrin
bədənnüma şüşələrində
Tağıyevin ərəb hərfləri ilə adı və
soyadı yazılıb.
Sütunlu
tağların altından keçərək Tağıyevin
kitabxanasına daxil olmaq olar. Kitabxanada ağ rəngli,
yumşaq, ipək oturacaqlı mebel dəsti, iki taxta stol,
stullar və kreslolar, kitab şkafları yerləşdirilib.
Kitab şkaflarında Rusiya imperiyasının qanunlar
topluları saxlanılır. Kitabxananın sağında yerləşən
qapı bilyard otağına aparır. Otağın
ortasında bilyard stolu qoyulub. Buradakı arxası
hündür gön-dəri divan, kreslolar istirahət
üçün nəzərdə tutulub.
Növbəti
otaq isə Tağıyevin ikinci həyat yoldaşı Sona
xanıma məxsus olub. Sona xanımın kiçik qonaq
otağı öz gözəlliyi və orijinallığı
ilə o birilərindən fərqlənir. Tavan fiqurlu
güzgülü lövhəciklərdən quraşdırılıb,
divarlar rəngarəng naxışlarla bəzədilib. Otaq bəzən
güzgülü zal da adlandırılır. Mərkəzdə
orijinal dəyirmi divan yerləşir. Onun üstündə
lampa üçün yer var. Burada həmçinin
dördguşəli naxışlı stollar, yumşaq kreslolar
və stullar da qoyulub.
Muzeydə
mərhum milyonçunun iki hissədən ibarət yataq
otağını bir-birindən şəbəkəli taxta
arakəsmə ayırır. Birinci hissədə
yuxarısı hündür, naxışlı ikiyataqlı
çarpayı və trümo yerləşir. İkinci hissədə
isə kiçik və dəyirmi stol, divan, kreslolar,
stullar qoyulub.
Tarix muzeyində
gördüklərimiz bir
yazıya sığışmayacaq
qədər çoxdur. Keçmişimizi
özündə yaşadan
bu muzeylə daha yaxından tanış olmaq üçün cəmi 5 manatdan keçməyə dəyər.
Axı, Hacı Zeynalabdin Azərbaycanımızın
inkişafına milyonlar
yox, bəlkə də milyardlar xərcləyib!
Nigar İxtiyarqızı
Həftə içi.-2012.-13-15
oktyabr.-S.11.