Təhsilə nəzarət sistemi dəyişir

 

Bundan sonra təhsil alanların biliyi Təhsil Nazirliyinin deyil, Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada qiymətləndiriləcək

 

Nazirlər Kabineti "Orta ixtisas təhsilinin dövlət standartı və proqramı"nda dəyişikliklər edilməsi haqqında qərar verib. Dəyişikliyə əsasən, tələbələrin biliyinin attestasiyasının, o cümlədən, yekun attestasiyasının aparılması qaydaları Təhsil Nazirliyi deyil, Nazirlər Kabineti tərəfindən müəyyənləşdiriləcək. Başqa sözlə, pedaqoji prosesin təşkili, tədris planlarının hazırlanması və təsdiqi orta ixtisas təhsili müəssisələri tərəfindən həyata keçirilir. Fənn proqramları və metodik təminatla bağlı tövsiyələr Təhsil Nazirliyi, təlimin nəticələrinin qiymətləndirilməsi və monitorinqin aparılması qaydaları Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir.

Bundan başqa, Nazirlər Kabineti "Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"ni də dəyişib. Dəyişikliyə əsasən, təhsil alanlar artıq Təhsil Nazirliyinin deyil, Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada biliyinin yenidən qiymətləndirilməsini tələb edə biləcəklər. "Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları"na dair dəyişiklikdə isə Akkreditasiya Komissiyasının səlahiyyəti artırılıb. Belə ki, Akkreditasiya Komissiyasına ümumtəhsil fənləri üzrə təhsil alanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının) nəticələrini təhlil etmək, yerlərdə dəqiqləşdirmə aparmaq, buraxılış qruplarında (siniflərində) təhsil alanların bilik səviyyəsini qiymətləndirmək, nəticədə təhsilin məzmununun və mütəxəssis hazırlığı səviyyəsinin dövlət təhsil standartlarının tələblərinə uyğunluğunu müəyyənləşdirməkdən səlahiyyəti verilib.

Təhsil Nazirliyinin akkreditasiya şöbəsinin əməkdaşı Zakir Məmmədov bu dəyişikliklərin əsas mahiyyətini və məqsədini "Həftə içi"nə şərh edərkən deyib ki, əslində hökumətin bu qərarı ilə nazirliyin hansısa səlahiyyəti əlində alınmayıb. Onun sözlərinə görə, Təhsil Nazirliyi akkreditasiya qaydalarının daim təkmilləşdirilməsində maraqlıdır. Bu düzəliş də ümumi təkmilləşdirmənin tərkib hissəsidir. Düzəliş isə ondan ibarətdir ki, bundan sonra Təhsil Nazirliyi təhsil alanların ümumtəhsil fənlərinin imtahan nəticələrini deyil, yekun qiymətlərinin təhlilini aparacaq. Yəni keyfiyyəti müəyyənləşdirən zaman buraxılış imtahanlarının təhlili deyil, ayrı-ayrı fənlər üzrə yekun qiymətlərin təhlili həyata keçiriləcək.

 

Yeni dəyişikliyə TQDK-nın da təsiri olub

 

Nazirlik rəsmisi bu dəyişikliyin həm də orta məktəblərdə buraxılış imtahanlarının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına həvalə edilməsindən irəli gəldiyini də bildirib. Onun sözlərinə görə, bununla bağlı TQDK sədri Məleykə Abbaszadənin Təhsil Nazirliyinə təklifləri gəlmişdi: "Biz bütün bu təklifləri nəzərə alaraq akkreditasiya qaydalarına müəyyən düzəlişlərin edilməsi ilə bağlı Nazirlər Kabinetinə müraciət etdik. Çünki akkreditasiya prosesində təhsil alanların biliyinin qiymətləndirilməsi əsas elementlərdən biri sayıldığından burada qeyri-müəyyənlik qalmamalı idi".

Zakir Məmmədov Azərbaycanın təhsil müəssisələrində akkreditasiyanın hansı formada aparıldığına da aydınlıq gətirib. Onun sözlərinə görə, təhsil müəssisələrinin təhsil prosesinin təşkilinin, müəssisənin maddi-texniki bazasının, təhsil proqramlarının, kadr potensialının, maliyyə resurslarının və təhsil infrastrukturunun qəbul olunmuş dövlət standartlarına uyğunluğunu müəyyən etmək məqsədilə aparılır: "Təhsil müəssisələrində təhsilin keyfiyyətinə dövlət-ictimai nəzarət forması kimi akkreditasiyanın əsas məqsədi vətəndaşların təhsil hüquqlarının və təhsil müəssisələrinin fəaliyyətinin dövlət standartlarının tələbləri səviyyəsində qurulmasını təmin etməkdən ibarətdir.

Xatırladaq ki, təhsil müəssisəsinin akkreditasiyası hər 5 ildən bir Təhsil Nazirliyinin müəyyənləşdirdiyi qrafik üzrə həyata keçirilir. Yeni yaradılmış təhsil müəssisəsinin, eləcə də fəaliyyətdə olan təhsil müəssisələrində yeni təhsil proqramlarının akkreditasiyası ilk buraxılış olduqdan sonra həyata keçirilir. Təhsil müəssisəsinin akkreditasiyası onun keçirilməsinin təşkili, təhsil müəssisəsinin özünütəhlili, akkreditasiya komissiyasının araşdırma aparması, akkreditasiya haqqında arayışın hazırlanması və təhsil müəssisəsinin statusu müəyyən edildikdən sonra müvafiq keyfiyyət sənədinin - sertifikatın hazırlanması mərhələlərindən ibarətdir

Zakir Məmmədov deyir ki, təhsil müəssisəsini akkreditasiyadan keçirmək üçün Təhsil Nazirliyi mütəxəssislərdən ibarət komissiya yaradılır. Onun sözlərinə görə, bu komissiya bir ay müddətində təhsil müəssisəsinin hesabatını yerində araşdırır və sonuncu kursda təhsil alanların biliyinin attestasiyasını keçirir: "Attestasiya zamanı tələbələrin buraxılış işlərinin nəticələrinin təhlilinə də xüsusi diqqət yetirilir. Bundan sonra komissiya təhsil müəssisəsinin hesabatı ilə öz araşdırmalarının nəticələrini tutuşduraraq təhsil müəssisəsinin fəaliyyəti barədə yekun arayış hazırlayır. Arayış tanış olmaq üçün təhsil müəssisəsinin rəhbərinə verildikdən bir həftə sonra Təhsil Nazirliyinin Akkreditasiya şöbəsində aidiyyəti olan digər şöbələrin rəhbərlərinin və akkreditasiya komissiyası üzvlərinin iştirakı ilə onun ilkin müzakirəsi keçirilir. Yekunda isə Akkreditasiya Şurası dövlət təhsil standartlarının tələblərinə uyğun hazırlanmış və təhsil nazirinin təsdiq etdiyi meyarlar əsasında təhsil müəssisəsinin statusunu müəyyən edir, onun tam şəkildə və ya ayrı-ayrı təhsil proqramları üzrə akkreditasiyadan keçib-keçməməsi barədə qərar qəbul edir".

   Nazirlər Kabineti bizdən yuxarı orqandır, biz də...

   Zakir Məmmədov Nazirlər Kabinetinin sözügedən qərarının ictimaiyyət arasında Təhsil Nazirliyinin səlahiyyətlərinin məhdudlaşdırılması kimi dəyərləndirilməsinin başadüşülən olmadığını da söyləyib. Onun sözlərinə görə, "Təhsil haqqında" yeni qanun qüvvəyə minməzdən əvvəl bu və digər məsələləri nazirlik müəyyənləşdirirdi: "Amma qanun qüvvəyə minəndən sonra hansı məsələlərin Nazirlər Kabinetinin müəyyənləşdirməsi dəqiqləşibsə, biz məcburuq nümunəvi əsasnamədə buna uyğun dəyişikliklər aparaq. Bir sözlə, Nazirlər Kabineti bizdən yuxarı orqandır və biz də həmin orqanın müəyyənləşdirdiyi qaydalarla işləyirik".

   Hansısa təhsil qurumunun gələcək taleyini Akkreditasiya Komissiyasına həvalə etmək olma

   Azərbaycan Müəllimlər İnstitutunun rektoru, millət vəkili Aqiyə Naxçıvanlı isə hansısa təhsil qurumunun gələcək taleyinin Akkreditasiya Komissiyasına əvalə olunmasının tamamilə əleyhinədir. Millət vəkili "Həftə içi"nin əməkdaşı ilə söhbətində bildirib ki, tələbələrin biliyini həmin ali məktəbdən başqa heç kim obyektiv qiymətləndirə bilməz: "Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nə edilən dəyişikliyə görə, təhsilalanlar artıq Təhsil Nazirliyinin deyil, Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada biliyinin yenidən qiymətləndirilməsini tələb edə biləcəklər. Düzdür, bununla bağlı konkret qaydalar müəyyənləşdirilməyib. Amma mən ali məktəb tələbələrinin hansısa əlavə qurum tərəfindən biliyinin yenidən qiymətləndirilməsinin tamamilə əleyhinəyəm. Belə çıxır ki, ali məktəblər öz tələbələrinin biliyini düzgün qiymətləndirmir. Əslində isə tələbənin savadının hansı səviyyədə olmasını təhsil aldığı ali məktəbdən başqa heç kim bilməz. Ümumilikdə isə mən hansısa təhsil qurumunun gələcək taleyinin Akkreditasiya Komissiyasına həvalə olunmasının tamamilə əleyhinəyəm. Çünki biz ötən il akkreditasiyadan keçəndə həmin Komissiya tərəfindən o qədər lazımsız suallar aldıq ki, özümüzbezdik. Görün, bu Komissiyanın səlahiyyətlərinin artırılması ilə ali məktəblər daha hansı lazımsız suallara tuş gələcəklər?".

   "Hələ ki, danışmaq tezdir"

   Dövlət Sosial-İqtisad Kollecinin direktor müavini Teymuraz Əfəndiyev isə sözügedən dəyişikliyin detalları barədə danışmağın tez olduğunu bildirib. Onun sözlərinə görə, "Orta ixtisas təhsilinin dövlət standartı və proqramı"nda dəyişikliklər edilməsi haqqında qərarda artıq tələbələrin biliyinin attestasiyasının, o cümlədən yekun attestasiyasının aparılması qaydaları Təhsil Nazirliyi tərəfindən deyil, Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilməsi öz əksini tapıb: "Amma bildiyimə görə, bundan sonra təhsil müəssisələrinin attestasiyasının hansı formada aparılacağı həhəlik dəqiqləşdirilməyib. Biz yalnız müvafiq dəqiqləşdirmədən sonra hansısa fikir bildirə bilərik".

   Ötən il təmsil etdiyi təhsil müəssisəsinin Təhsil Nazirliyi tərəfindən akkreditasiyadan keçirildiyini vurğulayan direktor müavini tələbələrin biliyinin qiymətləndirilməsi zamanı test üsulundan istifadə edildiyini bildirib: "Attestasiya zamanı Təhsil Nazirliyinin nümayəndələri tələbələrə suallar paylayaraq həmin sualların cavabında biliklərini qiymətləndirdilər. Akkreditasiya prosesində həm də kollecin maddi-texniki bazasının hansı səviyyədə olması araşdırıldı və yekun olaraq bizə müsbət rəy verildi".

 

 

Sevinc

 

Həftə içi. – 2012. – 18 oktyabr. – S. 6.