Endirimli kitab yarmarkası

 

Flarmoniya bağında görüşən kitabsevərlər sevimli yazarlarının kitablarını endirimlə əldə etdi

 

Kitab insanı tərbiyə edir və onun müti kütlə ilə rabitəsini kəsib daxili mühacirətə göndərir. Bir vaxtlar isə Azəri gənclər ilə kitab arasında rabitə tamamilə kəsilmiş. Son bir neçə il öncəyədək ölkədə kitaba marağın kəskin şəkildə azalması ilə bağlı həyəcan təbili çalınırdı. Bu gün isə müti kütlə ilə rabitəsini kitablarla kəsənlərin sayı artıb. Tez-tez təşkil edilən kitab yarmarkaları, artmaqda olan bukinist mağazaları və ora olan oxucu axınlı göstərir ki, bir vaxtlar gənclərlə mütaliə arasındakı dərin uçurum tədricən məhv olub.

Müstəqillik günü ilə əlaqədar təşkil edilən ən unikal tədbirlərdən biri də elə məhz kitablarla bağlı oldu. Bu gün cəmiyyətin mütaliə edən kəsiminin yeganə görüş yeri Flarmoniya bağı idi. "Müstəqilliyimiz əbədidir" mövzusunda kitab yarmarkasının Flarmoniya bağında təşkil edilməsi bütün kitabsevərlərlə yanaşı, yazarları da bir araya toplamışdı.

Belə ki, oktyabrın 18-də Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinın təşkilatçılığı ilə Dövlət Müstəqilliyi Gününə həsr olunmuş "Müstəqilliyimiz əbədidir" mövzusunda kitab yarmarkası keçirildi.

Yarmarka Filarmoniya bağında saat 10:00-dan başlayaraq axşam saat 18:00-dək davam etdi. Yarmarkada Bakıda fəaliyyət göstərən 40-a yaxın nəşriyyat evi iştirak edidirdi. Burada həmçinin, uşaq incəsənət məktəbləri şagirdlərinin əl işlərindən ibarət satış-sərgi də təşkil olunmuşdu.

 

"Yazar masası"nın qonaqları və ya oxucularla görüş

 

Yoldan keçən hər kəsin marağəna səbəb olan və açıq havada təşkil olunmuş bu yarmarkanın məqsədi əhalinin kitaba marağını artırmaq, gənc nəslin şəxsiyyət kimi formalaşmasında kitabın əhəmiyyətli rol oynadığını diqqətə çatdırmaq və müstəqillik dövründə nəşriyyatlarda çap olunan kitabları nümayiş etdirməkdir.

Yarmarkaya gələnlərin sayından və kitab piştaxtaları qarşısında yaranmış izdihamdan da hiss etmək olurdu ki, vətəndaşlar belə yarmarkaların təşkilində maraqlıdırlar. Açıq havada təşkil olunan yarmarkada siz istədiyiniz növ kitabı müsiqi sədaları altında rahatlıqla əldə edə bilərsiniz. Yarmarkada hər növ kitabın satışına rast gəlmək mümkün idi. Burada Azərbaycan dilinə tərcümə edilmiş xarici ədəbi nümunələrlə yanaşı, Rus, İngilis və Türk dillərində olan kitabların da satışı həyata keçirilirdi. Həmçinin yarmarkada dərsliklər, magistraturaya qəbul kitabları, testlər, uşaq ədəbiyyatı, kulinariya, psixoloji dərsliklər, dini nəşrlər, jurnallar, hər dildən tərcümə edilmiş ən yeni bədii ədəbiyyat nümunələri də var idi. Xüsusilə diqqət çəkən ədəbi nümunələr isə yerli yazarlarımızın "ən yeni ədəbiyyat" silsiləsindən olan kitabları idi.

Yarmarkada iştirak edən 40-a yaxın nəşriyyat evindən hər biri alıcılara təqdim etdikləri kitabları 10-15 faiz endirimlə təklif edirdilər.

Səhər saat 10:00-dan başlayan yarmarka 18:00-a qədər davam etdi. Yarmarkada oxuculara öz sevimli yazarları ilə görüşmək kitablarını imzalatmaq fürsəti tanınmışdı. Tədbirdə "Yazar masası" da təşkil olunmuşdu ki, burada da oxucular Kamal Abdulla, Aqil Abbas, Əjdər Ol, Sabir Rüstəmxanlı, Çingiz Abdullayev yanaşı, "Ən yeni ədəbiyyat" müəlliflərindən Pərviz, İlqar Fəhmi, Şərif Ağayar, Aqşin Yenisey, Xalid Kazımlı, Günel Mövlud, Qan Tural, Nərmin Kamal, Kənan Hacı, Qismət, Sevinc Pərvanə, Sevinc Çılğın, Xuraman Hüseynzadə, Cəlil Cavanşir, Mirmehdi Ağaoğlu, Sayman Aruz "Birinci kitab" seriyası müəlliflərindən Mirmehdi Agaoğlu, Yeganə Cansail, Lamiyə Mərdan, Ayxan Eyvaz, Ziyad Quluzadə, Fərhad Məmmədov, Fidan Novruz, Rufət Əhmədzadə kimi yazarlarla görüşmək imkanı əldə etdilər.

 

"Əli Nino" "Qanun" qarşısında izdiham

 

Yarmarkada xüsusilə "Qanun" Nəşrlər Evi və "Əli və Nino" kitab mağazaları şəbəkəsinin piştaxtaları oxucu axınına məruz qalmışdı. Hər dildə və mövzuda kitabların satışı və nəşri ilə oxucuların marağına səbəb olan hər iki kitab stendinin qarşısında müxtəlif yaş təbəqəsindən olan oxuculara rast gəlmək olardı.

Təşkil olunan yarmarka ilə bağlı fikirlərini "Həftə içi" qəzeti ilə bölüşən "Əli və Nino" kitab mağazalar şəbəkəsinin rəhbəri Nigar Köçərli belə tədbirlərin təşkil olunmasının həm oxucular, həm də kitab mağazaları üçün olduqca gözəl fürsət olduğunu dedi. Əlavə edir ki, belə yarmarkaları istirahət günlərində təşkil edilməsi daha məqsədəuyğun olardı: "Bu yarmarka müstəqillik günü ilə əlaqədar təşkil edilib. Bu səbəbdən iş gününə təsadüf edir. Ancaq düşünürəm ki, istirahət günündə olması daha məqsədəuyğun olardı. Şənbə və ya bazar günləri hər kəsin - tələbələrin və işləyən vətəndaşların da bu yarmarkalarda iştirak etmək imkanı olur".

"Qanun" Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlu da "Həftə içi"nə bildirdi ki, kitab yarmarkasının təşkili həm də oxuculara sevdikləri kitabları bir qədər ucuz qiymətə əldə etmək imkanı da verir. Yarmarkanın şəhərin mərkəzində və açıq havada keçirilməsi də olduqca maraqlı və müsbət haldır: "Hətta bu yarmarkadan xəbəri olmayanlar da izdihamı görüb ayaq saxlayaraq kitablarla tanış olur. Bu həm oxucu sayını artırır və kitab mağazalarının da işinə təsir edir".

"Yazar masası"nın qonağı olan yazıçı və millət vəkili Aqil Abbas da öz oxucuları ilə belə bir məkanda və açıq havada görüşməyin ayrı zövq olduğunu dedi: "Bu tədbir həm də yazarlara öz oxucularını tanımaq fürsəti yaradır. Müstəqillik günündə belə tədbirin təşkilindən gözəl nə ola bilər ki".

 

 

Nigar İxtiyarqızı

 

Həftə içi.- 2012.  -19 oktyabr.  –S. 9.