Zəlzələ
bölgəsinə ictimai diqqət
Deputatlar
Zaqatala-Balakən zonasında zəlzələdən zərərçəkən
seçicilərlə görüşür, siyasi partiyalar isə...
Oktyabrın 14-də Azərbaycanın
şimal-qərb bölgəsində baş verən təkanlardan
sonra Zaqatala, Balakən və Qax rayonlarının sakinlərinin
narahatlığı artıb. Belə ki, hər üç
rayonun icra hakimiyyətindən "Həftə içi"nə
daxil olan məlumata görə, bölgədə yaşayan əhalisi
tərəfindən yerli icra strukturlarına edilən
müraciətlərin sayı artıb.
Bəs, bu bölgədən Milli Məclisə
deputat seçilmiş şəxslər, ictimai təşkilatlar
və siyasi partiyaların rəhbərləri təbii fəlakət
bölgəsində yaşayan seçicilərin üzləşdiyi
problemlərlə maraqlanırlarmı? Zəlzələdən
ziyan çəkən vətəndaşlar seçdikləri
millət vəkillərinin, siyasi iddialarla ölkənin idarəedilməsində
iştirak etmək niyyətində olan partiyaların rəhbərlərinin
diqqət və qayğısını hiss edə bilirmi?
"Həftə içi"nin əməkdaşı
bu və ya digər məsələlərə aydınlıq
gətirmək üçün parlamentdə zəlzələ
bölgəsini təmsil edən deputatlar və siyasi hakimiyyətə
iddialı partiyaların bir neçəsinin rəhbəri ilə
əlaqə saxlayıb. Balakən rayonundan Milli Məclisə
üzv seçilən Rəbiyyət Aslanova bildirib ki, o,
hazırda Balakən rayonundadır. Onun sözlərinə
görə, yeraltı təkanlar nəticəsində rayon
icra hakimiyyətinə və onun özünə ünvanlanan
müraciətlərin sayı artıb. Rayon və kəndlərdə
yaşayan əhali arasında evlərinin təkan nəticəsində
dağıntıya məruz qaldıqları da bildirilib: "Mən
4 gündür ki, öz seçicilərimin yanındayam. Balakənin
zəlzələ nəticəsində zərərçəkən
bütün kəndlərində olmuşam. Hər bir evdə
öz seçicilərimlə ayrı-ayrılıqda
görüşmüşəm. Onların vəziyyəti ilə
maraqlanmışam. Bu gün mən Balakən rayonunda Yeni Azərbaycan
Partiyasının 20 illiyinə həsr olunmuş tədbirdəyəm.
Tədbir yekunlaşandan sonra da mənim kəndlərə səfərlərim
davam edəcək".
Rəbiyyət Aslanova onu da əlavə
edib ki, hər ay Balakən rayonuna yollanaraq öz seçiciləri
ilə görüşür. Onun sözlərinə görə,
son 4 gün ərzində qəza vəziyyətində olan evlərə
bilavasitə o özü baş çəkib: "Zəlzələ
nəticəsində zərər çəkənlərə
diqqət və qayğı bilavasitə ölkə
başçısı tərəfindən həyata
keçirilir. Rayonda müvafiq icra strukturları, Fövqəlada
Hallar Nazirliyinin əməkdaşları ilə birgə qəzalı
vəziyyət yaranan ərazilərə və evlərə
baxış keçirir. Təbii ki, bu proseslərdə mən
özüm də iştirakçı oluram".
Zərərçəkən şəxslərin
problemlərinin tezliklə həll ediləcəyini deyən
Milli Məclisin üzvü onu da bildirib ki, Balakən rayonuna
göndərilən yardımların və tikinti
materiallarının bölünməsində də
iştirakçı olub: "Səhər saat 9-dan, axşam
saat 11-dək mən evləri gəzib əhalinin şikayətlərini
dinləyirəm. Hazırda məndə 3100 ərizə və
müraciətlər var. Bütün bunlar
araşdırılır. Hər bir Balakən rayon sakini bilməlidir
ki, daim onların yanındayam və onlara yardım etmək və
qayğı göstərmək üçün
çalışıram".
Zaqatala rayonundan olan deputat, Milli Məclisin
Sosial Siyasət Komissiyasının üzvü Hikmət Atayev
isə zəlzələ baş verən gündən etibarən
seçicilərin arasında olduğunu söyləyir. Onun
sözlərinə görə, sonuncu zəlzələ
Zaqatalaya o qədər də təsir göstərməyib.
Mövcud problemlə bağlı ona
müraciət edənlərin sayının
artdığını deyən Hikmət Atayev onu da əlavə
edir ki, mayın 7-də baş verən zəlzələdən
sonra ona müraciət edənlərin sayı da durmadan
artmaqdadır. Onun sözlərinə görə, həmin
tarixdən indiyədək şifahi şəkildə Zaqatala sakinləri
arasında ona 500-ə yaxın müraciət edən olub:
"Yazılı şəkildə isə 235 müraciət
almışam və bunun 12-si son 3 gün ərzində
ünvanlanıb: "İnsanlar çox narahatlıq
keçirdilər. Böyük dağıntılar olmasa da,
bir çox evlərdə xırda çatlar əmələ
gəlib. Hansı evlər ki, təmirə ehtiyacı var onlar
təmir ediləcək. May ayında baş verən zəlzələdən
bir gün sonra ölkə başçısı burada oldu.
Ölkə rəhbərliyi tərəfindən bu sahəyə
diqqət var. Bilavasitə dövlət
başçısının göstərişi ilə qəzalı
vəziyyətdə olan mənzillər sökülərək,
yerində yeni mənzillər tikilir".
Qax rayonundan Milli Məclisə deputat
seçilən Azər Kərimliyə ünvanlanan
suallarımızı isə onun köməkçisi Nadir
Muxtarov cavablandırır. Onun sözlərinə görə,
bu həftə deputat sözügedən rayona baş çəkib
seçiciləri ilə görüşüb: "Qax
rayonunda dağıntılar olmasa da, qəzalı vəziyyətdə
olan evlərin sayı az deyil. Deputatları ilə
görüşən seçicilər tərəfindən
şifahi və yazılı müraciətlər də
gün keçdikcə artmaqdadır. Seçicilərlə
görüşlər davam edəcək. Qaxda da evlərin bərpası
məsələsinə başlanılıb. Çünki bu
Qaxa zərər verən ikinci zəlzələdir. Bundan əvvəlki
zəlzələnin də nəticələri aradan
qaldırılmaqdadır. Son zəlzələ ilə
bağlı isə rayon Fövqəlada Hallar Komissiyası və
yerli icra strukturları tərəfindən araşdırmalar
aparılır. Hazırda Qax rayonunda müraciətlərə
baxılır. Zəlzələ olan gündən etibarən
Qax rayonuna çadırlar gətirilərək, əhaliyə
paylanıb. Hazırda bütün müraciətlərə
diqqət var. Müvafiq məsləhətləşmələr
aparılır".
Deputatın köməkçisi onu da əlavə
etdi ki, Azər Kərimli Güllük, Zərnə, Tasmalı
və Turaclı kəndlərindəki seçiciləri ilə
görüşüb.
Siyasi partiyalara gəlincə, seçkilər
vaxtı seçicilərindən səs istəyən partiya
üzvlərinin biri də indiyədək zəlzələ
bölgəsinə baş çəkməyib. Müsavat
Partiyası sədrinin müavini Gülağa Aslanlı da təbii
fəlakət bölgəsində olmadığını
etiraf edir. Amma onun sözlərinə görə,
adıçəkilən bölgədə partiyanın
nümayəndəliyi olduğundan oradakı problemlərdən
də xəbərdardır: "Biz mütəmadi olaraq
sözügedən bölgə ilə əlaqə
saxlayırıq. Orada fəaliyyət göstərən
nümayəndəliyimiz tərəfindən işin
gedişatına nəzər yetirilir".
Pərvin
İsmayılova
Həftə
ici. – 2012.- 20-22 oktyabr. –S. 9.