Komitə sədri Venesiya Komissiyasının rəyini dəyərləndirib

 

Rəbiyyət Aslanova: "Azərbaycan müsəlman Şərqində dünyəvi dövlət quran ilk respublika olub"

 

"Avropa Şurası Venesiya Komissiyasının Azərbaycanın "Dini etiqad azadlığı haqqında" qanuna verdiyi rəyə dövlət rəsmiləri, müvafiq strukturlar, o cümlədən, Milli Məclisin İnsan hüquqları Komitəsinin sədri kimi bizöz münasibətimizi bildirmişik. Eyni zamanda, məsələ dini etiqad və hisslər kimi olduqca həssas sahədən getdiyi üçün ictimai rəydə yalnış yönləndirmə cəhdlərini nəzərə alaraq münasibətimizi bir qədər geniş aspektdən izah etməyə ehtiyac duyuruq".

Bunu Milli Məclisin (MM) İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova deyib. Onun sözlərinə görə, dini etiqad azadlığı ilə bağlı qanunlar dünyəvi dövlətlərin təcrübəsidir. O qeyd edib ki, dünyəvi dövlət Azərbaycan xalqının ən mühüm nailiyyətidir: "Hazırkı dövrdə bütün Avropa dövlətləri, eləcə də, bir sıra Cənub-Şərqi Asiya dövlətləri dünyəvi dövlətlərdirlər. Reallıq belədir ki, Şərq-müsəlman ölkələrinin böyük bir qismində dünyəvi dövlət meyarları müxtəlifdir. Buna görə də Şərqdə dünyəvi dövlətçilik problemi özü ayrıca bir tədqiqatın mövzusudur. Qürur doğurucu məqamdır ki, Azərbaycan bu məkanda-müsəlman Şərqində dünyəvi dövlət quran ilk respublika olub. Məhdudiyyətlərdən danışılır, bəlkə də çoxları da bilmir ki, "məhdudiyyət" Avropa Konvensiyasında tətbiq edilən hüquqi termindir. Dini etiqad azadlığının məhdudlaşdırıla biləcəyi məqamlar konkret olaraq Avropa Konvensiyasında vurğulanıb və qanuna edilən mütərəqqi dəyişikliklər yalnız bu məqsədlə edilir və ediləcək". R.Aslanovanın qeyd etdiyinə görə, mədəniyyətlərarası dialoqun təşviqində Azərbaycanın gördüyü işlərlə müqayisə ediləcək ikinci bir təcrübə demək olar ki, yoxdur: "İradlara baxsaq orada "icazəsiz dini fəaliyyətin qarşısını almaq üçün cərimələr, dini qruplardan toplantı keçirmək üçün hökumətdən icazə almaq tələb olunması" və sairəni görərik. Dünyanın hansısa dünyəvi ölkəsində bundan fərqli hallar varmı? İstərdim ki, cəmiyyətimiz bir daha Venesiya Komissiyasının Azərbaycanda "Dini etiqad azadlığı haqqında" qanunda məhdudiyyət adlandırdığı və verdiyi əsas tövsiyələrə nəzər salsın və bu barədə aydın təsəvvürləri olsun. Onlar belədir, yəni, vətəndaşlığı olmayan şəxslərin və xarici vətəndaşların dini təbliğat aparmasına qadağanı aradan qaldırmaq; dini baxışları səbəbindən hərbi xidmət keçməkdən imtina edən şəxslərə alternativ mülki xidmət keçmək imkanı yaratmaq; dini icmalara daha çox muxtariyyət hüququ tanımaq; dini icmaların dövlət qeydiyyatında alınması sistemində islahatlar aparmaq, dövlət qeydiyyatı üçün lazım olan sənəd və məlumatların dəqiqləşdirilməsi; dini icmanın ləğv edilməsini tənzimləyən qaydalara dəyişikliklər etmək, ləğv olunmaq və digər sanksiyalarla üzləşən dini icmaların apelyasiya vermək hüququnu təmin etmək; İslam dininə aid ayin və mərasimlər yalnız Azərbaycanda təhsil almış vətəndaşlar tərəfindən həyata keçirilə bilər" maddəsini çıxarmaq; vətəndaşı xarici dövlətə dini təhsil almağa göndərmək üçün müvafiq icra hakimiyyəti orqanından razılıq almaq tələbini ləğv etmək". Millət vəkili daha sonra bildirib ki, Venesiya Komissiyasınin rəyində iradlardan biri də alternativ hərbi xidmətlə bağlıdır: "Gəlin məsələnin kökünə baxaq. Avropa Şurası 2000-ci ildə əsas hüquqlar haqqında Xartiya qəbul edib. Bu sənədin 10-cu maddəsi dini etiqad azadlığının təminatını əks etdirir. Maddənin 2-ci bəndində novasiya əlavə edilərək ilk dəfə "milli qanunvericiliklərə uyğunlaşdırılmış şəkildə, dini etiqad əsasında hərbi xidmətdən imtina etmək hüququ" ifadəsini tapıb. Yəni, cəmi 10 il əvvəl bir əlavə edilib və o zaman artıq 10 ildən çox idi ki, Azərbaycan işğalçı müharibəyə məruz qalmışdı. Necə deyərlər, şərhə ehtiyac yoxdur. Amma hər halda bu əlavədə milli qanunvericiliklərə uyğun şəkildə ifadəsinin vurğulanması da əhəmiyyətli sayılmalıdır. Bu baxımdan, Azərbaycan müharibə şəraitində yaşayan dövlət kimi öz mövqeyini milli praktikadan çıxış edərək bildirir. Azərbaycan müharibə vəziyyətində yaşayır. İşğal altında olan torpaqlarımızda minlərlə məscidlər və dini inanc yerlərimiz. Şuşadakı "Gövhərağa" məscidi darmadağın edilib. Bu azmış kimi ölkəmizdəki tolerantlıq mühitindən sui-istifadə edərək, dini etiqad adı ilə Azərbaycan dövlətçiliyinə qarşı təxribat, konstitusion əsaslara qəsd cəhdlərinin qarşısını ala biləcək əlavə və dəyişiklikləri dini etiqad azadlığının məhdudlaşdırılması kimi qələmə vermək subyektivlik və qərəzdir".

 

 

Həftə ici. – 2012.  – 23 oktyabr. – S. 4.