Özünü Tanrının xoşbəxt bəndəsi adlandıran sənətkar

 

  Sənətə çox adam gəlir, xalqın etimadını qazansa da, qısa zaman kəsiyində tez parlayıb, tez də sönür. Səbəb belələrinin bir sənətkar kimi özünün yolu olmamasıdır. Əsl sənətkarlar isə tez şöhrət tapmağa çalışmır, belələri sənət aləmində öz yolunu tutub həyatda bir sənətçi kimi qala bilsin. Xalq artisti Bilal Əliyev də öz yolu və istedadı ilə seçilən, məlahətli səsi sayəsində milyonların qəlbinə yol tapmış sənətçilərdəndir.

  Beləliklə, "Seçilənlər " rubrikasının budəfəki qonağı tanınmış müğənni Bilal Əliyevdir. Özünü "Tanrının xoşbəxt bəndəsi" adlandıran Xalq artisti sənət yolundan danışarkən deyir ki, fitri istedadının olduğunu təxminən 6-7 yaşlarında hiss edib. Musiqiyə hədsiz meyil göstərdiyindən orta məktəbdə dərslərinə fikir verməzmiş. Amma sonradan başa düşüb ki, savadlı olmaq üçün oxumaq lazımdır: "Sonralar dərslərə hazırlaşmağa başladım. Həmçinin Salyan Rayon Mədəniyyət Evinin nəzdindəki musiqi dərnəyinə gedib nağara çalmağı öyrəndim. 12 yaşımda isə Bakıya gəlib 6 nömrəli musiqi məktəbində nağara sinfinə daxil oldum və oranı fərqlənmə diplomu ilə bitirdim. Mən ritmi nağara ilə öyrəndim. Yadımdadır, kəndimizdə keçirilən toy şənliyinin birində korifey sənətçilər Aşıq Şakir, Aşıq Pənah, Aşıq Valeh, Aşıq Bilal da iştirak edirdi. Toy yekunlaşan vaxt həmin sənətkarlar təklif etdilər ki, "bəy tərifi"ni mən aparım. Boyum çox balaca olduğundan ayağımın altına kətil qoydular ki, məclis iştirakçıları məni görə bilsinlər. Və başladım oxumağa, hamı mənə heyrətlə qulaq asırdı".

  

   Həyat yolunu 5-10 dəqiqəyə dəyişdi

  

   Xalq artisti maraqlı bir əhvalat da danışır. Deyir ki, nağara sinfində oxuyarkən bir gün müəllimi Azər Əliyev 5-10 dəqiqəlik otaqdan çıxıb. Qayıdanda içəridə kiminsə, məlahətli səslə oxuduğunu eşidib həmin oxuyanın kim olduğunu soruşub. Bilal Əliyev "mən", - deyə cavab verən kimi Azər müəllim dərhal pianino arxasına keçərək ona yenidən oxumağı təklif etdi: "Bir neçə mahnı oxuyandan sonra dedi ki, mən imkan vermərəm sən nağara çalasan. O, məni bəstəkar Ələkbər Tağıyevin yanına gətirdi. Ələkbər Tağıyev mənim ifama qulaq asdıqdan sonra hər gün onun yanına gəlib məşq edəcəyimizi söylədi".

   Gənc Bilal Ələkbər Tağıyevdən dərs almaqla yanaşı, Müəllimlər Evinin nəzdində Ağasaleh Abbasəliyevin rəhbərlik etdiyi "Arzu" özfəaliyyət kollektivində iştirak edib. Bundan sonra Bilal Əliyev "Oxu tar" respublika müsabiqəsinin möhtəşəm şəkildə 3 dəfə qalibi olub. Deyir ki, o vaxtlar Ələkbər Tağıyev bəstələdiyi mahnıları onun üzərində məşq edərdi: "Mən qalib diplomumu bəstəkara göstərdim . O, mənim artıq püxtələşdiyimi görüb, "Təranə" Xalq Çalğı Alətləri Ansamblında çıxış etməyimi məsləhət bildi".

   Təhsilini artırmaq üçün Asəf Zeynallı adına Musiqi Texnikumunda ustad-sənətkar Hacıbaba Hüseynovdan muğamın sirlərini öyrənən Bilal Əliyev oranı 1986-cı ildə fərqlənmə diplomu ilə bitirib. Dediyinə görə, 1981-ci ildə respublikada keçirilən "İstedadlılar axtarıram" müsabiqəsinin qalibi olub. Həmin müsabiqədə "Segah", "Niyə gəlməz oldun?" "Sarı bülbül" mahnılarını ifa edib: "Bu müsabiqədə tamaşaçıların alqış sədaları məni çox heyrətləndirdi. Bu günə qədər tamaşaçıların qədər alqışları olsa da, o alqış heç vaxt yadımdan çıxmaz. 1984-cü ildə "Oxu tar" müsabiqəsinin qalibi olarkən yekun konsertdə Rəşid Behbudov münsiflər heyətinə üz tutub dedi ki, hamı əla oxudu, amma Bilalın səsi bir dənədir".

  

   "Qızıl Fond"da saxlanan səslər

 

   Həmsöhbətimiz deyir ki, hazırda onun ifa etdiyi 70-dən çox muğam xalq mahnıları "Qızıl Fond"da saxlanılır. Həm Mədəniyyət İncəsənət Universitetinin kütləvi rejissorluq fakültəsinin məzunu olan Bilal Əliyev söyləyir ki, "El gücü" assosiasiyasının təsis etdiyi "El atası" Qızıl Fond Nişanı Azərbaycanda cəmi iki nəfərə - ona Arif Babayevə verilib.

   Bəzən onu televiziyalara dəvət etdiklərini bildirən Xalq artisti deyir ki, telekanallar ondan tanınmış sənətçilərdən müsahibələrdən çox ifalarına üstünlük verməlidir. Tanınmış sənətkar xatirələrindən söz açaraq deyir ki, Heydər Əliyev adına Sarayda keçirilən konsertdə ulu öndərə həsr olunmuş bir mahnı ifa etməyə icazə verilmişdir. Heydər Əliyevin özünün iştirak etdiyi həmin konsertdə "Azərbaycan" mahnısını ifa edən Bilal Əliyev səhnə arxasına keçib: "Səhnə arxasında rejissor həyəcanla bildirdi ki, səsin ulu öndərin çox xoşuna gəlib, onun arzusu ilə yenidən səhnəyə çıxıb ikinci bir mahnını da ifa etməlisən. Həmin tədbirdə Rusiyanın prezidenti Putin iştirak edirdi. İfam onun da çox xoşuna gəldi dedi ki, sizin səsiniz çox gözəldir, bülbültək xoş avazınız var. Eləcə Türkiyənin prezidenti Əhməd Necar Sezər səsimə böyük qiymət verərək demişdir ki, şarkılarınız çox gözəldir".

   Xatırladaq ki, Bilal Əliyev həm də ictimai fəaliyyətlə məşğuldur. Belə ki, hazırda o "İdeal" Sülhün Təbliğatı Fondunda Mədəniyyət İncəsənət Departamentinin sədridir. Müasir dövrün milli bəşəri düşüncəyə malik yeni nəslin formalaşmasını tələb etdiyini deyən həmsöhbətimiz bildirir ki, bu ideya ulu öndər Heydər Əliyevin siyasətindən irəli gəlir: "Onun qlobal siyasətinin formulunda ümumbəşəri sülh, azərbaycançılıq, türkçülük, müasirlik islamçılıq ideyası əsas yer tutur. Heydər Əliyevin "Əmin-amanlıq şəraitində yaşamaq istəyirik" ideyası vətəndə sülh, dünyada sülh konsetual modeli" bizim devizimizdir fəaliyyətimizi bu istiqamətdə müəyyənləşdirmişik. Biz Azərbaycanın zəngin mədəniyyət incəsənət irsini, onun etnoqrafiyasını geniş yayacağıq. Bunun üçün bölgələrdə ictimaiyyətlə görüşlər, sərgilər, konsert proqramlarını müəyyən etmişik".

 

 

  Qələndər Xaçınçaylı

 

  Həftə içi .- 2012.- 12 sentyabr.- S. 7.