Əsrin
müqaviləsi"nin 18 yaşı tamam
oldu
Bu gün ümummilli lider Heydər Əliyevin
müstəqil Azərbaycanın həyatında çox
önəmli rol oynayan və şah əsərlərindən
sayılan "Əsrin müqaviləsi"nin
imzalanmasının 18-ci ili tamam olur. 1994-cü il sentyabrın
20-də Bakıda Gülüstan sarayında Xəzərin Azərbaycan
sektorundakı "Azəri", "Çıraq",
"Günəşli" yataqlarının dərin su
qatlarındakı neftin birgə işlənməsi haqqında
"məhsulun pay bölgüsü" tipli müqavilə
imzalandı. Müqavilə öz tarixi, siyasi və beynəlxalq
əhəmiyyətinə görə "Əsrin müqaviləsi"
adlandırıldı. Bu müqavilədə dünyanın 8
ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya,
Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı)
13 ən məşhur neft şirkəti (Amoko, BP, MakDermott,
Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Ekson, Türkiyə Petrolları,
Penzoyl, İtoçu, Remko, Delta) iştirak etdi. Məhz bu
müqavilə "Yeni neft strategiyası"nın əsasını
qoydu. Müqaviləyə əsasən ümumi təmiz gəlirdən
Azərbaycanın payına 80%, sərmayəçilərin
payına 20% düşür. 1999-cu ilin dekabrında Azərbaycanın
"mənfəət nefti" ilə doldurulmuş ilk tanker
dünya bazarlarına çıxarıldı. Həmin ildən
başlayaraq Azərbaycan dünyanın enerji təhlükəsizliyinin
təminində çox önəmli rol oynamağa
başlayıb. Bunun məntiqi nəticəsi olaraq sonrakı
illərdə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi Ərzurum kəmərlərinin
inşası uğurla reallaşdı.
İndi isə Avropanın enerji təhlükəsizliyində
xüsusi əhəmiyyətə malik Transanadolu qaz xətti
layihəsinin reallaşdırılması istiqamətində
işlər aparılır. Bu tarixi olaya ən yüksək
qiyməti məhz ümummilli lider Heydər Əliyev verib. O
deyirdi: "Əsrin müqaviləsi ilə qoyduğumuz təməl
XXI əsrdə Azərbaycan xalqının inkişafı, firəvan
həyatı, müstəqil Azərbaycan dövlətinin
suverenliyinin daha da möhkəmlənməsi üçün
gözəl imkanlar yaradır və inanıram ki, XXI əsr
müstəqil Azərbaycan dövləti üçün ən
xoşbəxt dövr olacaq".
Azərbaycanın enerji nəhənginə çevrilməsində
xarici ekspertlərin də fikirləri maraqlıdır.
Sankt-Peterburqda yerləşən Müasir Yaxın Şərqin
Öyrənilməsi İnstitutunun aparıcı analitiki
Aleksandr Sotniçenko "Həftə içi"nə
açıqlamasında bildirib ki, "Əsrin müqaviləsi"
ilk növbədə Azərbaycanın sosial-iqtisadi problemlərinin
tez bir zamanda həllinə imkan verdi. Bununla yanaşı həmin
müqavilə Bakının enerji ehtiyatları sayəsində
beynəlxalq aləmdə nüfuzunun və avtoritetinin xeyli
güclənməsinə şərait yaratdı: "Azərbaycan
bu müqavilə nəticəsində qazandığı
imkanları uğurla istifadə edərək
iqtisadiyyatını daha da müasirləşdirməli,
müasir infrastruktur və sənaye kompleksi yaratmalıdır.
Azərbaycan güclü dövlətə çevriləcəyi,
möhkəm özülə əsaslanan iqtisadi və sosial
sahələrdə nailiyyətlər qazandığı,
dünyada açıq sərhədlər və mehriban
qonşuluq prinsiplərinə sadiq müsbət imic
qazandığı təqdirdə işğal olunmuş ərazilər
problemi öz-özünə həllini tapacaq". Ekspert Azərbaycanın
bütün bunlara qısa bir zamanda nail ola biləcəyini
düşünür: "Yaxın vaxtlarda belə bir Azərbaycanın
yaradılması prosesinin başa çatması tamamilə
realdır".
Avropa Siyasəti Mərkəzinin analitiki,
tanınmış avropalı ekspert Amanda Pol "Həftə
içi"nə eksklüziv açıqlamasında bildirib
ki, "Əsrin müqaviləsi" Azərbaycanın enerji
sektorunun inkişafında mühüm dönüş nöqtəsi
sayılır. Bu müqavilənin imzalanması ilə Qərblə
Azərbaycan arasında enerji sahəsində tərəfdaşlığın
möhkəm özülü qoyuldu. Hazırda Azərbaycan
AB-nin və bölgənin enerji təhlükəsizliyinin təmini
sahəsində sadəcə vacib yox, çox vacib tərəfdaşdır:
" Azərbaycan tək Xəzər qazı üçün
açar deyil. Azərbaycan həm də AB üçün Mərkəzi
Asiyanın zəngin qaz ehtiyatlarına bir qapıdır. AB Azərbaycanla
bu sahədə güclü əməkdaşlıq qurmaqla
özü üçün bütünlükdə azad enerji
ehtiyatları və təhlükəsizlik tədbirləri əldə
etmiş olur". Ekspert vurğulayır ki, Xəzər
hövzəsindən Avropa bazarlarına mavi yanacağın
axını tezləşdirilməlidir. Bu baxımdan rəsmi
Bakı və Şahdəniz konsorsiumunun mavi yanacaq nəqlinə
dair qərarı çox mühümdür.
Strateji və Beynəlxalq Araşdırmalar mərkəzinin
eksperti, məşhur rusiyalı politoloq Sergey Markedonov isə
bizimlə söhbətində bildirib ki, Azərbaycan enerji təhlükəsizliyi
sahəsində tək Avropa üçün yox, ABŞ
üçün mühüm dövlət sayılır.
Bakı Avropa ilə iqtisadi sahədə çox ciddi əməkdaşlıq
qura bilib. Energetika AB-nin Azərbaycanla bağlı siyasətinin
əsas prioritetidir. Markedonov vurğulayıb ki, bu amil Azərbaycanın
beynəlxalq mövqelərinin güclənməsinə də
imkan verir.
Girəsun Universitetinin beynəlxalq münasibətlər
bölümünün sədri, Orta Asiya
Araşdırmalar İnstitutunun direktoru Abbas Karaağaclı
"Həftə içi"nə açıqlamasında
vurğulayıb ki, Azərbaycanın enerji ehtiyatları Orta
Asiya, Fars körfəzi və digər mənbələrin yerləşdiyi
bölgələrlə müqayisədə Avropaya daha
yaxın məsafədə yerləşir. Coğrafi mühit
bu yaxınlığı daha da asanlaşdırır: "Həmçinin
müstəqillik qazandıqdan sonra Azərbaycan Avropayla daha
sıx siyasi və iqtisadi münasibətlər qurmağı
bacarıb. ATƏT, Avropa Şurası kimi təşkilatların
fəal üzvünə çevrilib, AB ilə sıx əlaqələri
mövcuddur". Ekspertin qənaətincə, azad bazar
iqtisadiyyatı və demokratiya yoluyla uğurla irəliləyən
Azərbaycan siyasi baxımdan da Avropaya yaxınlaşır:
"Məhz bu səbəblərdən önümüzdəki
yaxın vaxtlarda bütün sahələrdə, özəlliklə
enerji sektorunda Azərbaycan və AB münasibətlərində
böyük sıçrayışlar gözlənilir".
Azad Əliyev
Həftə içi .- 2012.- 20 sentyabr.-
S. 1;3.