"Azərbaycanda özümü rahat hiss edirəm"

   

     O, 6 aydan çoxdur ki, Azərbaycanda yaşayır. Həyat yoldaşı Bakıda təklif olunan işi qəbul etməsəydi, yəqin ki, Azərbaycanda yaşayacağını heç ağlına da gətirməzdi. Özünün ifadəsi ilə desək, Azərbaycan əsl musiqi, sənət ölkəsi olduğundan burada yaşamaq onun üçün çox rahatdır.

     Türkiyənin tanınmış klassik musiqi ifaçısı Oya Ergün "Həftə içi" qəzetinin qonağı olub. O, əməkdaşımızla söhbətində musiqi sənətinə gəlişi, bu sahədə əldə etdiyi uğurlar, gələcək planları və digər məsələlərdən danışıb: 

   - Oya xanım, musiqi ilə nə vaxtdan məşğul olursunuz?

    - Mən uşaqlıqdan musiqi ilə böyümüşəm. Babam hüquqşünas olsa da, gözəl kaman çalırdı. Mən də kaman çalmağı ondan öyrənmişdim. Amma mahnı ifa etməyə daha çox can atırdım. Elə bu həvəslə konservatoriyanın musiqi bölməsinə daxil oldum. Daha sonra təhsilimi davam etdirmək üçün Hollandiyaya üz tutdum və 10 ilə yaxın orada yaşadım. Hollandiyada çoxlu konsertlər vermişəm, opera səhnəsində baş rollar oynamışam.

    - Həyat yoldaşınızla tanışlığınız nə zamandan başladı? Ümumiyyətlə, ailə ilə sənəti bir arada tutmaq çətin deyilmi?

    - Məni həyat yoldaşımla Hollandiyada yaşaya-yaşaya beyin cərrahı olan ortaq dostumuz tanış etdi və bir-birimizə çox uyğun olduğumuzu söylədi. Xeyli vaxt onunla yazışdıq və Türkiyəyə qayıdanda tanışlığımız baş tutdu və evləndik. O ki qaldı ailə ilə sənəti bir arada tutmağın çətin olub-olmamasına, bu məsələdə özümü şanslı saya bilərəm. Çünki həyat yoldaşım musiqiyə aşiq birisidir və mənim ən böyük heyranımdır. Amma etiraf etməliyəm ki, evləndikdən sonra məsuliyyət daha da böyüdüyündən sənətlə ailəni bir arada tutmaq asan olunmur. Bunun üçün əzmkarlıq və dözüm nümayiş etdirmək lazımdır.

     - Holladiyadan başqa digər Avropa ölkələrində layihələriniz olubmu?

     - İndiyədək Avropanın demək olar ki, əksər ölkələrində konsetlərim təşkil olunub. Düzünü desəm, bu konsertlərin sayı da yadımdan çıxıb. Amma onu qeyd edim ki, ildə ancaq 10 konsert proqramı ilə çıxış etməyə razılıq verirəm. Çünki hazırda 3 yaşında bir övladım var və bütün səfərlərə onu da özümlə aparıram. Konsertləri isə bir prodüser mərkəzi təşkil edir. Həmin prodüser mərkəzi ilə rəsmi müqaviləm var və həmin kompaniya konsertlə bağlı təkliflərini mənə bildirdikdən sonra seçim aparıram. Ən son konsertim isə bu ilin mayında Amsterdamda oldu.

     - Altı aydan çoxdur ki, Bakıda yaşayırsınız. Buralar necədir, alışa bildinizmi?

     - Azərbaycan eynən Türkiyə kimidir. Daha doğrusu Azərbaycan insanı, Türkiyə insanı kimidir. Şərtlər fərqli olsa da, insanların təbiəti eynidir. İnsanları yardımsevər, qonaqpərvər, mehribandır. Bu baxımdan heç bir problemimiz yoxdur. Bir məqamı da deyim ki, həyat yoldaşıma Azərbaycandan iş təklifi gələndə mənim də fikrimi soruşdu, gəlmək istəyib-istəmədiyimi öyrəndi. Dedim ki, Azərbaycan əsl musiqi, sənət ölkəsidir. Burda özümü rahat hiss edərəm və qərar verdim ki, Azərbaycana gəlirəm. Həmin vaxt universitet müəllimi idim. Müəllimlikdən ayrıldım və Azərbaycana gəldim. İstanbul Barosunda solistliyimə davam edirəm və ancaq konsertlərə gedirəm. Təəssüf ki, İstanbul Barosunda operalara qatıla bilmirəm. Azərbaycanda musiqi sənəti güclü olduğu üçün bundan sonra fəaliyyətimi burda davam etdirəcəyəm.

    - Bəs, Bakıya gəlməzdən öncə Azərbaycan musiqisi ilə tanışlığınız vardımı?

     - Əlbəttə, Azərbaycan musiqisini çox yaxşı tanıyırdım. Bu yaxınlarda hazırladığım diskdə də Azərbaycan mahnılarından biri yer alacaq, adı "Nazəndə sevgilim"dir. Eyni zamanda "Hardasan" adlı bir xalq mahnısı da mənim diskimdə yer alacaq. Bundan əvvəl Hollandiyada bir diskim işıq üzü görmüşdü. Azərbaycanda isə bu ilk albomum olacaq. Bundan başqa, azərbaycanlı millət vəkili Qənirə Paşayevanın sözlərinə yazılmış mahnını da ifa edəcəyəm. Bir məsələni də deyim ki, Bakıya gəlməmişdən öncə bəzi Azərbaycan musiqiçiləri ilə tanışlığım da var idi. 2005-ci ildə Hollandiyada konsert verirdim. Daha doğrusu böyük bir konsertin bağlanış mərasiminin solisti idim. Orda sizin iki böyük bəstəkarınızla tanış oldum. Bunlardan biri Firəngiz Əlizadə, digəri isə Cavanşir Quliyev idi. Tofiq Quliyevi çoxdan tanıyırdım. Oqtay Kazımini də dinləmişdim. Firəngiz xanımla münasibətimiz çox yaxşıdır. Bura gəldikdən sonra onun Bəstəkarlar İttifaqının sədri olduğunu da öyrəndim və görüşümüz də olub. Firəngiz xanım mənə iki əsərini təqdim edib və onların üzərində işləyirəm. Təəssüf ki, məşqlərdən sonra Firəngiz xanımla görüşmək imkanımız olmayıb. Eyni zamanda, Cavanşir Quliyev də ifa etmək üçün mənə "Bayatılar" mahnısını verib. Bundan başqa, Azərbaycanda Filarmoniya ilə artıq əməkdaşlığa başlamışam və Murad Adıgözəlzadəylə çox sıx münasibətlərim var. Yəqin ki, gələcəkdə uğurlu işlərə imza atacağıq.

     - Siz Azərbaycanın önəmli sənət adamlarının adını çəkdiniz. Bəs, Bakıda konsert vermək planlarınıza daxildirmi?

     - Əlbəttə. Bakıya ilk dəfə gələndə sizin Əməkdar artist Tünzalə Ağayeva ilə konsertimiz oldu. Bu ayın 15 filarmoniyada konsertimiz olmalı idi. Yeni səfirimiz gəlmədiyinə görə bu konsertin də vaxtı dəyişdirildi. Amma konsert məsələsi gündəmdədir. Bundan başqa, oktyabrın 29-da Türkiyə Cümhuriyyətinin quruluşu ilə bağlı Mahnı Teatrında konsertimiz olacaq. Yavaş-yavaş çalışmalarım başlayır. Buranın da musiqi həyatına yavaş-yavaş alışıram. Digər tərəfdən, Azərbaycanda duet ortağı olaraq kişi müğənni axtarıram. Əgər tapa bilsəm, konsertlərimdə duet ortağım olaraq bir-iki parça da ifa edəcəyəm.

     - Məşqləri harada edirsiniz?

     - Öz evimdə.

      - Bəs, qonşularınız səs-küyə narazılıq etmirlər?

     - Biz burada hündürmərtəbəli binada yaşayırıq. Evimiz çox genişdir. Qonşularımla da çox yaxşı münasibətlərim var. Hətta məşqlər zamanı onlar deyirlər ki, imkan yaradın biz də izləyək. Yəni qonşularım səs-küyə etiraz etmirlər.

     - Maraqlıdır, azərbaycanlı sənətçilərdən kimlərin səsini bəyənirsiniz?

      - Əslində burada hər bir sənətçinin çox gözəl səsi var. Amma sizin muğam ifaçılarından Alim Qasımovun səsinə vurğunam. Onun ifasını ilk dəfə Belçikada eşitdim və heyran oldum.

      - Səhv etmirəmsə, Azərbaycan telekanallarının birində proqram aparmağı da nəzərdə tutursunuz. Televiziya sahəsinə marağınız hardandır?

      - Əslində bu yaxınlarda "Xəzər" radiosunda musiqi proqramı hazırlayacağam. Proqramın adı "Oya kimi" olacaq. Türkcə pop-musiqisi yayımlayacağam. Mən əslində opera müğənnisiyəm, amma proqramım pop-musiqisinin gözəl və müasir nümunələrini yayımlamaqla məşğul olacaq. Hazırda proqramın məşqləri gedir və səhv etmirəmsə, oktyabrın 1-dən radio efirində olacaq. Proqram həftədə 5 dəfə saat 15:00-dan 17:00-dək yayımlanacaq. Sizin də dediyiniz kimi palanlarda televiziya proqramı aparmaq da var. Bu təklif mənə "Xəzər" televiziyasının rəhbərliyindən gəldi və mən də qəbul etdim. Hələ ki, bu məsələ layihə şəkilindədir və əgər bəyənilərsə, yanvar ayında proqram formatında efirdə olacaq. Bu proqram uşaqlarla bağlı olacaq və verilişdə psixoloji məsələlər ətrafında söhbətlər aparılacaq.

      - İndi biz şöhrətin, populyarlığın sənəti öldürdüyü bir dövrdə yaşayırıq. Sizcə, əsl musiqi şöhrət qalib gələ biləcəkmi?

    - Hər sənətkarın öz tutumu, öz dünyagörüşü var. Şöhrətə çatdıqdan sonra bəzi sənətkarlar öz tutumlarından artıq şöhrət qazandıqları üçün başlarını itirirlər. Bəzən sənətçidən başqa şeylər tələb olunur. Bu isə enerji bütünlüyünü pozur. Ancaq şöhrətin zirvəsində olduğu halda, sənətçi kimliyini qoruyan sənətkarlar da var. Məsələn, klassik musiqidə belə insanlar çoxdur. Bethoven, Motsart kimi insanlar özlərini bütünlüklə musiqiyə həsr etdikləri üçün şöhrət onları maraqlandırmır. Bir çox musiqiçilər var ki, onlara şöhrət mane olmur. Amma populyar musiqidə belə şeylər olur. Bizdə Sertab Erenerin hər albomunda hökmən bir neçə əsl sənətə aid musiqi olur. Bundan başqa, bizdə Timur Selçuk adlı sənətçi də var ki, əsl sənətlə məşğuldur. O möhtəşəm sənətkardır. Həm pop-musiqi ilə həm də klassik musiqi ilə məşğul olur. Sertap Erenerin həm səsi, həm də onun üçün bəstələnən musiqilər çox gözəldir. Amma elə musiqilər var ki, bu gün dinlənilir, diskotekalarda səsləndirilir, amma gələcəyə qala bilməyəcəklər.

 

 

     Sevinc Osmanova

 

    Həftə içi .- 2012.- 27 sentyabr.- S.8.