Tarixçi-tədqiqatçı
mükafatlandırıldı
Vaqif Rüstəmov "Xalqın
nüfuzlu ziyalısı" fəxri diplomuna layiq
görülüb
Tanınmış tədqiqatçı,
muzeyşünas Vaqif Rüstəmov mədəniyyət, təhsil
və mətbuat sahəsində göstərdiyi xidmətlərə
görə, Azərbaycan Kütləvi İnformasiya Vasitələri
İşçiləri Həmkarlar İttifaqı Rəyasət
Heyətinin qərarı ilə "Xalqın nüfuzlu
ziyalısı" fəxri diplomuna layiq görülüb.
Yanvarın 8-də keçirilən mükafatlandırma mərasimində
KİV İşçiləri Həmkarlar İttifaqı Rəyasət
Heyətinin sədr müavini, filologiya üzrə fəlsəfə
doktoru Davud Dəmirli çıxış edərək Vaqif
Rüstəmovu qabaqcıl müəllim, fəal ictimaiyyətçi
kimi tanıdığını deyib.
Onun sözlərinə görə, hazırda Vaqif
Rüstəmovun pedaqoji təcrübəsi orta ixtisas məktəblərində
təbliğ olunur: "Vaqif müəllim hələ
1980-cı illərdə İmişli Tarix
Diyarşünaslıq Muzeyinin direktoru vəzifəsində
işləyərkən bir qrup elm və incəsənət
xadimləri ilə birlikdə rayona səfər etmişdik. Biz
orada tarix muzeyinə baxanda heyran qaldıq. Vətənimizə,
tariximizə bağlılıq göz qabağında idi. Həm
də onun apardığı və tariximizi əhatə edən
ekskursiyası bu gün də gözümün önündədir.
O, uzaq keçmişimizdən müasir dövrümüzə
qədər tariximizi çox gözəl şərh edərək
keşməkeşli yollarımızı, milli mədəniyyətimizin,
etnoqrafiyamızın hər bir sahəsini böyük sevgiylə
bizə təlqin edirdi. Mən muzeydəki eksponatların sənədlərinin,
tarixi materiallarının xronoloji ardıcıllıqla şərhini
dinləyərkən hiss edirdim ki, gec-tez biz müstəqilliyimizi,
suverenliyimizi əldə edəcəyik. Artıq o dövrdən
30 ilə yaxın bir vaxt keçir. Vaqif müəllim bu
gün də mətbuat sahəsində elmi tədqiqat işlərini
geniş şərh edir. Bu narahat və yorulmaz insan həm təhsilimizə,
həm də tariximizə nikbinliklə baxır, o, öz ənənəsini
bu gün də mətbuatda işıqlandırır. Biz Vaqif
müəllimin təhsildə ictimaiyyətçi-müəllim
kimi xidmətlərini, mətbuat səhifələrində
yazılarını nəzərə alaraq
"Xalqımızın nüfuzlu ziyalısı" fəxri
diplomuna layiq gördük".
Yeni Azərbaycan Partiyasının Suraxanı rayon təşkilatının
sədr müavini Fərman Rəsulov isə mərasimdəki
çıxışında Vaqif Rüstəmovu geniş
dünyagörüşünə malik, biliyi və
intellektualı dərin hörmət qazanmış tədqiqatçı
olduğunu deyib: "Onun məktəb və rayon tədbirlərində
bir ictimaiyyətçi kimi xidmətləri
böyükdür. Bir partiya üzvü kimi dövlətimizin
siyasətini geniş şərh etmək bacarığı
Vaqif müəllimdə yüksəkdir. Hər dəfə
elmi-kütləvi, siyasi tədbirlərdə
çıxış edərkən bizim yaddaşımızda
nüfuzlu ziyalı kimi qalır. Ona bu adın verilməsi həqiqətən
də təqdirəlayiqdir. Biz onunla fəxr edirik".
Sonra "Xalqın nüfuzlu ziyalısı" fəxri
diplomu Vaqif Rüstəmova təqdim olunub. Tanınmış tədqiqatçı
ona verilən mükafata görə KİV İşçiləri
Həmkarlar İttifaqı Rəyasət Heyətinin sədri,
yazıçı-ilahiyyatçı Oqtay Salamzadəyə və
onun müavini filologiya üzrə fəlsəfə doktoru
Davud Dəmirliyə, eləcə də tədbir
iştirakçılarına öz dərin minnətdarlığını
bildirib.
Qələndər
Xaçınçaylı
Həftə
içi.- 2012.-10 yanvar.- S. 7.