"Oxuduqlarım muğam haqqında təsəvvürlərimi alt-üst elədi"

 

Valeh Rəhimov: "Muğam Allah tərəfindən ərmağan olunmuş ciddi musiqi janrıdır"

 

... Onda milli musiqiyə maraq və meyl hələ uşaq yaşlarından olub. Anası Sara xanım dövrünün gözəl qarmon ifaçısı kimi tanınırmış. Elə ifaçılığın sirlərinə də ilk dəfə anasının qarmonunda öyrənib. "Anam evdə olmayanda qarmonda onun çalğısını təqlid edirdim. Anam bir də baxıb gördü ki, onun öyrəndiyi "Cahargah" dəsgahını artıq müxalif şöbəsinə qədər çalıram" deyir.

Beləliklə, "Seçilənlər" rubrikasının budəfəki qonağı, tanınmış tarzən, əməkdar artist, Milli Konservatoriyanın müəllimi Valeh Rəhimovdur. Müsahibimiz musiqi aləminə gəlişini xatırlayarkən məşhur qarmon ifaçısı Musa Həsənovun dərnəyinə yazıldığını söyləyir: "Mən ondan qarmonun, eləcə də Muğamın sirlərini öyrəndim. Lakin bu da uzun sürmədi. Bakı Şəhər Pioner Evində fəaliyyət göstərən tar dərnəyinə yazılaraq 3 il orada təhsil aldım".

Valeh Rəhimov 1976-cı ildə Bakı Şəhər 1 saylı Uşaq Musiqi Məktəbini bitirərək Asəf Zeynallı adına Musiqi Məktəbinin tar şöbəsinə daxil olub. Dediyinə görə, o vaxt xalq artisti Bəhram Mənsurov bir gün onu çağırıb tarda ifasına qulaq asır. Bu zaman gənc Valehin üslubunu görüb ifa tərzini harada, kimdən və necə öyrəndiyini soruşub: "Belə cavab verdim ki, sizin ifalarınızı çox dinləmişəm. Təklif etdi ki, daha nə çala bilərsən, bir söz demədən tarı götürüb, "Nəva-müşapur" muğamını çaldım. Çox təəccübləndi və dedi ki, ondan dərs almadan bütün muğamları ifa edə bilirsən? Həmin gündən o, məni öz sinfinə götürdü. Mən ondan Mənsurov üslubunu çox düzgün və səhi öyrəndim".

Əməkdar artist deyir ki, hələ Asəf Zeynallıda təhsil alarkən, məşhur tarzən Əhməd Bakıxanovdan muğamın sirlərini geniş şəkildə öyrənməyə başlayıb: "2003-cü ildə Siyavuş Kəriminin təklifi ilə Milli Konservatoriyada ali musiqi təhsili aldım. Sonra Bakı Musiqi Kollecində və Milli Konservatoriyada muğamın tədrisi ilə məşğul oldum. Həm də klassik poeziyaya, məntiqə, əruz elminə yiyələnməyə çalışdım. Yaqub Məmmədov, Hacıbaba Hüseynov, Əlibaba Məmmədov, Arif Babayev, Canəli Əkbərov, Alim Qasımov, Ağaxan Abdullayev kimi korifey sənətçiləri tarda müşayət etmişəm. Televiziya kanallarında Muğam eksperti kimi çıxış etmişəm. 2009-cu ildə isə əməkdar artist adına layiq görüldüm".

 

"Muğam da səmavi kitablar kimidir"

 

Müsahibimiz çoxları kimi o da vaxtilə muğamın ümumi Şərq xalqlarının təfəkkür məhsulu olduğunu düşünürmüş. Amma nədənsə, bu məsələ onu çox düşündürürmüş: "Hərdən öz-özümə soruşurdum ki, Şərq xalqlarının peşəkar musiqiçiləri nə vaxt bir yerə yığışıb muğam yaradıblar? İndiki yaşımda bu sualın özü və cavabı mənə gülünc gəlir. Oxuduğum kitablar, maraqlandığım sahələr, əruz, klassik ədəbiyyat, məntiq, tarix, eləcə də İslam dini muğam haqqında bütün təsəvvürlərimi alt-üst elədi. Hətta muğama qarşı qənaətim də dəyişdi. Çünki, "Qurani-Kərim"in əlimaidə (Açıq süfrə) surəsindəki 27, 28, 29, 30-cu ayələr göstərdi ki, muğam heç də bizim düşündüyümüz kimi deyil, hətta çox professional musiqiçilərin təfəkkür məhsulu ola bilməz. Muğam da səmavi kitablar kimi, bizə Allah tərəfindən ərməğan olunmuş çox ciddi bir musiqi janrıdır. Lakin daha sonralar, bir çox Şərq xalqlarının muğam janrı, onların termologiyası və inkişaf prinslərini öyrəndikcə qənaətlərim duruldu. Hazırda muğamla bağlı risalələr, tədqiqat əsərləri daim məni öz cazibəsində saxlayır".

Əməkdar artist muğamın tarixindən danışarkən 1960-cı ildə Babilistan ərazisində aparılmış arxeoloji qazıntılar nəticəsində tapılmış gil lövhələr üzərindəki mixi yazıları, əlində tar və saz tutmuş ustad şəkilləri, Qobustan qayalarındakı yallıları, bayatıları və qədim tayfaların adlarını da xatırladır. Onun fikrincə, bütün bunlar muğamın ən azı 13 min il tarixə malik olduğunu sübut edir: "Muğamlarda Novruzla bağlı guşə və şöbələrin qorunması, Əfşar, Qacar tayfa adlarının musiqidə təcəssümü, musiqimizdə "Şikesteyi-Fars", "Boz Bayatı", "Kuçik", "Büzürk" və digər təbiət hadisələrinin musiqidə təsəvvürü onun çox qədimliyindən xəbər verirdi".

 

Muğam haqqında qanun qəbul olunsa...

 

Valeh Rəhimov onu da deyir ki, son illərdə keçirilən muğam müsabiqələri və festivalları muğamın Azərbaycana məxsus olmasını bir daha sübut edir. Onun sözlərinə görə, son illər bu sahədə ümidverici proseslər sürətlə inkişaf edir: "Lakin Muğamın özü, onun ifaçılığındakı fəlsəfi xüsusiyyətlər bir qədər yaradıcılıqdan geri qalır. Düşünürəm ki, "Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında" qanun layihəsi qəbul olunsa, bunun çox böyük əhəmiyyəti olacaq. Çünki bütün Şərq ölkələrində və onların arxivlərində olan Muğam haqqında risalələr, qədim kitablar ilk növbədə Azərbaycana gətirilib, onların tərcümə edilməsi nəzərdə tutulur. Bu isə çox zəngin olan Muğam janrını tədqiq edib, onun daxili, fəlsəfi keyfiyyətlərini üzə çıxarmasında çox əhəmiyyətli rol oynayacaq. Bununla da muğamın inkişaf etməsində çox böyük istiqamət götürülüb".

Tanınmış musiqişünas muğamın inkişafını əngəlləyən məsələlərdən də narahatlığını ifadə edir. Onun fikrincə, bu sahədə ən ciddi problem odur ki, təqlidçilik və bir-birini təkrar etmək kimi qorxulu xüsusiyyətlər muğamın fərdi inkişafının qarşısını alır: "Muğam daxili keyfiyyətləri onun fəlsəfi və irfani xüsusiyyətlərini ehtiva edir. Bunun üçün gözəl səsli ifaçılara diqqət yetirməli, onlara Muğamın əruzluq xüsusiyyətləri dəqiq aşılamalı, müxtəlif bəhr ölçülərinə malik olan ifanı, qəzəl nümunələrini öyrətməklə, fərdi ifada buna nail olmaq lazımdır. Bu təkcə xanəndələrə deyil, eləcə də tar, kaman, qanun, balaban və ney ifaçılarına da şamil edilməlidir. Xanəndələr qabal elminə də mükəmməl yiyələnməlidirlər. Musiqiçilərin təbiri ilə desək, əli ilə ağzı düz gəlməlidir".

Valeh Rəhimov hesab edir ki, muğam əsrlərin qloballaşma və modelləşmə problemlərini arxada qoyub. Onun fikrincə, yenidən onu müasir modelləşmə amilləri ilə yükləmək lazım deyil: "Bu, ilk növbədə muğam janrının əleyhinə və ziyanınadır. İfaçılarımız təkcə müasir tarzənlərin deyil, Qurban Pirimov, Mənsur Mənsurov, Əhməd Bakıxanov, Bəhram Mənsurov, Həbib Bayramov kimi sənətkarların məktəblərinə söz ilə yox, əməliylə yiyələnməlidirlər. Ancaq bu şəkildə Muğam yaradıcılığı inkişaf edib".

 

"Qeyri peşəkar musiqiçilər meydan aşıb"

 

Ustad tarzən ANS-də "Kommerton", İTV-də "Xalq mahnıları və təsniflər", "Muğam" albomunda, eləcə də Güney Azərbaycan telekanalında bütün dünyaya yayımlanan Muğam dərsi verilişlərinə ekspert kimi dəvət olunduğunu deyir. Müsahibimiz təklif edir ki, telekanallarda maarifləndirici muğam dispotları təşkil etməlidir. Onun fikrincə, bu müzakirələr istər-istəməz muğamların inkişafında, zənginləşməsində və saflaşmasında çox böyük rol oynaya bilər: "Telekanallarda muğama geniş yer verilməklə yanaşı onların xronoloji ardıcıllıqla geniş izahına yer verilməlidir. Onsuz da bədxah qonşularımız hər bir kiçik ehtiyatsızlığımızdan çox məharətlə istifadə edərək, musiqimizin bütün janrlarını, eləcə də musiqi alətlərini mənimsəməyə çalışırlar. Efirdə aparılan praktiki işlər əgər bütün dünyaya yayımlanarsa, onlar ermənilər üçün dünyanın siyasi arenasında meydan açmağa imkan verməz. Bununla da, musiqimizin, ədəbiyyatımızın, muğamlarımız bizə məxsus olmasını hər addımda sübut edər. Musiqişünaslara yaxşı bəllidir ki, bu gün qeyri-peşəkar musiqiçilər və muğam biliciləri üçün çox böyük meydan açılıb. Artıq bu sahədə xeyli ədəbiyyatlar yazılıb. Yaxşı olardı ki, bu ədəbiyyatı yazan şəxslər ən azı musiqi alətinin birində ifa etməli, Azərbaycandakı muğam məktəblərini dəqiq öyrənməli, Azərbaycan əruzunun əsaslarını bilməli, klassik poeziyadan xəbərdar olmalı, heç olmasa, İslam fəlsəfəsinə azacıq da olsa, bələd olmalı və mütəmadi korifey sənətkarlarla görüşüb, maariflənməlidirlər".

 

 

  Qələndər Xaçınçaylı

 

  Həftə içi.- 2012.- 11 yanvar.- S. 7.