"Eurovision-2012": informasiya təhlükəsizliyinə hazırıqmı?

 

Azərbaycanda dövlət orqanları, ictimai təşkilatlar və media qurumlarının internet saytının dağıdılması son iki günün ən çox müzakirə olunan mövzularından birinə çevrilib. Ölkəmizə qarşı kütləvi kberhücumdan sonra ictimai narazılıq və narahatlıq daha kütləvi xarakter almağa başlayıb. Söhbət isə ölkəmizin virtual aləminə qarşı müharibənin hər an aparıla biləcəyi məsələnin yaratdığı şokdan gedir. Hələlik aidiyyəti dövlət qurumları tərəfindən araşdırmalar aparıldığından konkret nəticələr bəlli deyil. Amma xoşagəlməz və sensasion hadisənin yaratdığı ciddi rezonansın mənfi təsirləri hələ də davam etməkdədir. Artıq ölkə ictimaiyyətində nəinki fərdi, hətta rəsmi dövlət saytlarının da hər an dağıdıla biləcəyi barədə məlumatlar yayılır. Hətta bu ilin may ayında Bakı şəhərində keçiriləcəyi gözlənilən "Eurovision-2012" mahnı yarışması ərəfəsində də Azərbaycana qarşı haker hücumlarının təşkil ediləcəyini və bu kampaniyanın daha ciddi fəsadlarla yadda qalacağını iddia edənlər də var.

 

"Azərbaycan üçün böyük siqnal"

 

Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyalarının İnstitutunun direktoru Rasim Əliquliyev "APA"ya açıqlamasında bildirib ki, heç bir sayt haker hücumundan sığortalanmayıb. Hətta dünyanın aparıcı ölkələrinə mənsub olan çox mühüm saytlar da dağıdılır. Bu virtual məkanın, informasiya müharibəsinin gətirdiyi təzahürlərdir: "Təəssüfləndirici hal odur ki, Azərbaycanda mühüm dövlət orqanlarının saytlarına hücum edilib. Bunlara qarşı tədbir görmək və mütəxəssis araşdırması aparmaq lazımdır".

O qeyd edib ki, haker hücumları müəyyən provayderlər vasitəsilə təşkil edilir: "İndidən kimisə günahlandırmaq istəmirəm. Bu məsələ tam araşdırılmalıdır. Bu təhlükənin hansı ip ünvanlardan, hansı ölkələrdən, hansı ölkələrdə fəaliyyət göstərən provayderlər tərəfindən həyata keçirilməsini aydınlaşdırmaq mütəxəssislər üçün çətin deyil. Bu təhlükənin mənbəyi ilə bağlı tədbirlər görmək artıq müvafiq dövlət qurumlarının işidir. Amma bu hadisə Azərbaycan üçün böyük bir siqnaldır".

Rasim Əliquliyev bildirib ki, elektron dövlət formalaşdıqca, veb saytlarımızın, elektron dövlətin ayrı-ayrı komponentlərinin təhlükəsizliyinin qorunmasına böyük əhəmiyyət verilməlidir. Çünki təhlükəsizlik təmin olunmayanda belə hallar ortaya çıxır. Onun sözlərinə görə, hazırda elektron hökumət vasitəsilə əhaliyə müxtəlif elektron xidmətlər göstərilir: "Hansısa veb saytın sıradan çıxması sadəcə həvəskar məsələ deyil, bu, artıq dövlət hakimiyyət orqanının öz funksiyasını yerinə yetirə bilməməsinə gətirib çıxarır. Buna görə də bu məsələ diqqəti bir daha ölkədə milli informasiya təhlükəsizliyi sisteminin mexanizmlərinin qurulmasına yönəldir. Düzdür, ölkədə bununla bağlı işlər aparılır. Azərbaycan, eyni zamanda, kibercinayətkarlığa qarşı konvensiyaya qoşulub".

Rasim Əliquliyev onu da vurğulayıb ki, informasiya təhlükəsizliyi dövlətin milli təhlükəsizliyinin əsas komponentlərindən biridir: "Bu hadisə artıq bizim qarşımızda mühüm vəzifə qoyur ki, biz informasiya təhlükəsizliyinin təmin olunması üçün müxtəlif səviyyələrdə işlər aparmalıyıq, anti-virus, anti-haker proqram məhsullarının tətbiq olunması, Beynəlxalq Standartlaşdırma Təşkilatı tərəfindən qəbul edilmiş informasiya təhlükəsizliyinə dair standartların Azərbaycan tərəfindən qəbul edilməsi, müvafiq qurumlar tərəfindən onun hüquqi statusa gətirilməsi o deməkdir ki, Azərbaycan dövlət qurumlarının veb-saytları yaradılarkən həmin standartların tələblərinə uyğun iş görmək lazımdır. Veb saytlar informasiya təhlükələrinə qarşı dözümlü olmalıdır. İnformasiya təhlükəsizliyi zaman keçdikcə audit olunmalıdır. Başqa sözlə, veb saytların informasiya təhlükəsizliyi idarə olunmalıdır".

 

"Hökumət rəsmi açıqlama verməlidir"

 

"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə hesab edir ki, Azərbaycan hökumətinin yaranmış acınacaqlı vəziyyətlə bağlı rəsmi açıqlama verməsi daha məqsədəuyğundur. Həddən artıq ciddi xarakter aldığından Nazirlər Kabineti bu məsələyə ciddi reaksiya verməlidir: "Söhbət isə bu cür kiberhücumların baş verməməsindən və təkrarlanmamasından gedir. Başqa sözlə, bu hadisələrin hansı səbəblərdən baş verməsi, müqəssirlərin cəzalandırılıb-cəzalandırılmayacağı, analoji olayların təkrarlanmaması üçün hansı addımların atılacağı və s. məsələlər barədə rəsmi mövqe bildirilməlidir. Yəni "Bu hadisə nə üçün baş verib?", "Hücuma məruz qalan dövlət orqanlarının saytlarının serverləri daxildə, yoxsa xaricdə yerləşir?", "Bu serverin üzərində yerləşən, hücuma məruz qalan saytları peşəkarlar, yoxsa həvəskarlar hazırlayıb?" kimi suallara dövlət səviyyəsində cavab verilməlidir. Bütün bunlar gündəmə gətirilməlidir. Hesab edirəm ki, informasiya təhlükəsizliyinin qorunması üçün ən müasir proqram təminatından, avadanlıqlardan, kabellərdən və başqalarından istifadə olunması diqqət yetirilməsi vacib olan məsələlərdəndir".

 

İnformasiya təhlükəsizliyi ciddi məsələdir

 

"Eurovision-2012" mahnı yarışması ərəfəsində kiberhücumların baş verə bilmə ehtimalına isə həmsöhbətimiz belə münasibət bildirdi: "Biz buna daha çox bizim daxili problemimiz - milli informasiya təhlükəsizliyinin qorunması problemi kimi yanaşmalı və bu məsələnin həlli istiqamətində addımlar atmalıyıq. Ona görə də adıçəkilən mahnı müsabiqəsi zamanı belə bir addım atmaq fikrinə düşənlər ola da bilər, olmaya da. Bu, bizim üçün əhəmiyyətsizdir. Ən əsas məsələ odur ki, Azərbaycanın milli informasiya mühiti, virtual məkanı təhlükə qarşısında qalıb. Biz məsələyə bu kontekstdən yanaşıb problemin həllinə çalışmalıyıq".

Osman Gündüz bildirib ki, bir gündə 40-dək dövlət orqanının saytının yoxa çıxması çox ciddi məsələdir. Onun sözlərinə görə, əgər adi gündə bu cür hadisə baş verirsə, müharibə zamanı onlar bizim virtual məkanı tam çökdürə bilərlər: "Belə bir təhlükə bizi hər an gözləyə bilər və bunun təkrarlanmaması üçün zəruri tədbirlər görülməlidir. Dövlət qurumları öz səlahiyyətlərindən istifadə edərək rəsmi orqanların saytlarının dayanıqlığını yoxlamaq üçün audit aparmalıdırlar. Bundan sonra başqa profilaktik addımlar atılmalıdır".

 

Nazirlik bəyan edir...

 

Haker müdaxilələrinə münasibət bildirən rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə isə deyib ki, artıq vəziyyət nəzarətə götürüb, təhlillərin aparılmasına və lazımi əlavə mühafizə tədbirlərinin görülməsinə başlanılıb. Onun sözlərinə görə, müdaxilənin formaları, onlar barədə dərhal KİV-lərə elektron məktubların göndərilməsi, müxtəlif coğrafi məkanlardakı mənbələrdən həyata keçirilməsi bunun məqsədli xarakter daşıdığını göstərir: "Lakin ölkədə internetin istifadəsinin təşkili, saytların yaradılması, onların mühafizəsinin təşkili üzrə görülmüş işlər sayəsində ciddi fəsadlar yaranmayıb. Hazırda müdaxilə olunmuş saytların fəaliyyəti bərpa edilib və işlək vəziyyətdədir. Hakerlərin fəaliyyəti gündəlik olaraq müxtəlif ölkələrdə baş verir və biz belə halları pisləyir, onların hüquqazidd olduğunu bildirir, belə əməllərdən çəkinməyə çağırırıq. Hazırda baş vermiş faktın ətraflı araşdırılması aparılır və onlar əsasında beynəlxalq təcrübəyə əsasən müvafiq addımlar atılacaq. Görülmüş işlər barədə ictimaiyyət əlavə məlumatlandırılacaqdır".

 

 

Təbriz Vəfalı

 

Həftə içi.- 2012.- 18 yanvar.-S. 5.