Nəsibə Zeynalovanın "Qayınana" möhürü

 

O, hamının yaddaşında Qasımın nakam məhəbbəti Solmaz kimi qalıb. Lakin artıq onu səhnəmizin ən gənc və gözəl "qayınana"sı da adlandıra bilərik. O, özü də xalqımızın sevimli "qayınanası" Nəsibə xanım Zeynalovanı əvəz etməyin mümkünsüz olduğu qənaətindədir. Onu efirdə görməyə adət etsək də, səhnəni daha çox sevdiyini bildirdi. Fikrini isə Mark Zaxarovun sözləri ilə əsaslandıraraq, dahi aktyorlar seriallarda deyil, səhnələrdə yetişir dedi. Söhbət gözəl və istedadlı aktrisamız Sənubər İsgəndərlidən gedir. Onunla söhbətimiz də kinolarımız və rol aldığı "Qayınana" serialından oldu. 

- Əvvəlcə, 65 yaş senzinin aktyorlara da tətbiqinə münasibətinizi bilmək istərdik?

- Aktyora yaş senzinin qoyulmasının mən də qəti əleyhinəyəm. Əgər aktyor hələ də tamaşaçılar üçün maraqlıdırsa, yaşın buna heç bir dəxli yoxdur. Hazırda gənc aktyorlar arasında səhnə ilə vidalaşmalı olanları daha çoxdur. Bəzən 30 yaşı aktyorun edə bilmədiyini 50-60 yaşındakı aktyorlarımız edir.

Yaradıcı insanların iki doğum tarixi olur. Biri onların həyata gəldiyi tarixdirsə, digəri yaradıcılığa gəldiyi tarixdir. Belə sayıb-seçilən insanların bir gün əlbəttə ki, həyatları hər kəs kimi sona çatacaq. Ancaq onların yaradıcılıqlarının bitdiyi tarix yoxdur. Aktyor səhnədən uzaqda yaşaya bilməz, məhv olar. Onları doğma evləri kimi sevdikləri səhnədən ayırmaqla isə bu məhvi, mənəvi ölümü daha da tezləşdirmək düzgün deyil.

- Müsahibələrinizin birində bildirmisiniz ki, rejissor, dramaturgiya qıtlığı aktyorun yaradıcılığında sükut yaradır. Sizcə bu gün bu qıtlıq aradan qalxıbmı?

- Belə demək mümkündürsə, bu gün bizim teatrda rejissor eksperimenti aparılır. Hələ ki, bu "eksperimentlərin" nə ilə nəticələnəcəyini proqnozlaşdırmaq mümkün deyil. Ümidvaram ki, yaxşı olacaq.

- "Təzə nəsil arasında ümid bəslədiyim aktyorlar və rejissorlar çox azdı" demisiz. Bu gün çəkildiyiniz "Qayınana" serialının rejissoru və demək olar, aktyorların əksəriyyəti gənclərdən ibarətdir. Onlardan necə, razısınızmı?

- "Qayınana" serialı üçün çox ciddi kastinq aparılıb. Elə bunun nəticəsidir ki, serialda çox istedadlı aktyor heyəti bir araya gəlib. Qeyd etdiyiniz kimi, həm rejissor, həm də aktyor heyətinin əksəriyyəti gənclərdən ibarətdir. Bu gənclər kifayət qədər istedadlı, çalışqan, işinə qarşı məsuliyyətli və eyni zamanda, tələbkar şəxslərdir. Çox sevinirəm ki, bu cür həyat dolu, çalışqan və mehriban bir qrupla çalışıram. Bir vaxtlar gənclərin əksəriyyəti müğənniliyə daha çox meyil göstərirdilər. Bu rahat pul qazanmaq üçün bəlkə də ən asan vasitədir. Ancaq indi vəziyyət bir qədər dəyişib. Son vaxtlar cəmiyyətin teatr, milli kinoseriallara olan tələbatının artması kəskin şəkildə hiss olunur. Nəhayət, bu problemin həllinə dövlət səviyyəsində də diqqət yetirildi. Dövlətin bu sahəyə ayırdığı vəsait və göstərdiyi qayğının nəticəsidir ki, bu gün vaxtilə müğənniliyə meyil edən gənclərin əksəriyyəti indi aktyor olmağa can atırlar. Bu çox yaxşı göstəricidir. Bu gün aktyor olmağa can atanların sayı istənilən sayda olmasa da, inanıram ki, yaxın vaxtlar ərzində bu göstərici bizim istədiyimiz həddə çatacaq. Bu artım təbii ki, rejissorların, ssenaristlərin də peşəkarlığına təsirsiz ötüşməyəcək. Bütün bunlar da gələcəkdə tamaşaçıların istedadlı rejissor və aktyorların maraqlı işlərinin şahidi olacağımıza şərait yaradacaq.

- Sovet dövründə çəkilən filmlər hazırda da öz təsir gücünü itirməyib. Ancaq indiki filmlər üçün bunu demək bir qədər çətindir. Sizcə, aktyorlarımız güldürməyi bacarmır, yoxsa problem ssenaridədir?

- Əgər ssenari mükəmməl deyilsə, rejissor istedadsızdırsa, aktyor tamaşaçını necə güldürə bilər axı?! Sovet dönəmində bizim "Dəli Kür"ümüz, "Şərikli çörək"imiz, "O olmasın, bu olsun"umuz, "Bizim Cəbiş müəllim"imiz kimi filmlərimiz olanda, inanın ki, heç türklərin üzə çıxarılası bir filmi yox idi. Təəssüf ki, indi əksinədir. Biz irəliyə getməkdənsə, geriyə addımladıq. Heç yerimizdə saymağı da bacarmadıq ki, ən azından sadaladığım filmlərdən yenə çəkək. Biz arada yaranmış boşluqdan istifadə edə bilmədik. Ona görə də tamaşaçı bu gün bizim seriallara deyil, Kann kimi möhtəşəm festivallardan səsi gələn türk seriallarına üstünlük verir. Ümid edək ki, bizim filmlərimiz də festivallarda iştirak edəcək və mükafatlara layiq görüləcək.

- Ümumiyyətlə, bu gün milli teleməkanda yayımlanan yerli seriallara münasibətiniz necədir?

- Seriallar demək olar ki, hələ başlanğıc mərhələsindədir. Bu səbəbdən də məncə, bu barədə danışmaq və tərif-tənqid bildirmək hələ tezdir. Bu gün bu istiqamətdə atılan bütün addımlar 2-3 ildən sonra öz bəhrəsini verəcək.

Ancaq istənilən halda əməyə hörmətsizlik etmək olmaz. Ola bilər seriallarda çatışmayan cəhətlər var. Ancaq ən azından kimsə bu filmlərin ərsəyə gəlməsi üçün cəhd edir. Axı bunu da nəzərə almalı və dəyərləndirməliyik! İlkin iş nadir hallarda möhtəşəm olur. Müəyyən zamana ehtiyac var. İnanıram ki, yaxın gələcəkdə seriallarımızın da, filmlərimizin də səviyyəsi istədiyimiz qədər mükəmməl olacaq.

- Maraqlıdır, "Qayınana"ya çəkilməyiniz necə baş tutdu və dəvət kimin tərəfindən gəldi?

- Bilirsiniz ki, filmin çəkilişlərini "Xəzər" televiziyası aparır. Elə dəvət də həmin telekanaldan gəldi. Bu mənim üçün gözlənilməz bir təklif oldu. Düzü, çox təəccübləndim də. Ancaq qeyd edim ki, o qədər də götür-qoy etmədən razılıq verdim. Əgər bu rola məni uyğun görüblərsə, niyə dəyərləndirməyim?!

- Səhnəmizin ümummilli qayınanası Cənnət xaladan sonra eyni rolu canlandırmaq nə dərəcədə məsuliyyətlidir? Sizcə, Sənubər İsgəndərlidə bu, alındı?

- Əvvəla qeyd edim ki, bunlar bir-birindən fərqlənən tamamilə fəqli rollardır. Tamaşaçı da bilməlidir ki, bunlar eyni rol deyil. Görkəmli sənətkarımız, xalqımızın sevimli "qayınanası" Nəsibə xanım Zeynalova bu rola elə bir möhür vurub ki, inanmıram bundan sonra kimsə onun "qayınanalığını" əvəz edə bilsin. Sənubər İsgəndərlidə bu qayınanalığın necə alındığını isə tamaşaçılar özləri desin...

- Bu günə qədər çəkildiyiniz filmlərlə, hazırda baş rolunu canlandırdığınız serialı necə müqayisə edərdiniz?

Mən oynadığım rolları müqayisə etməzdim. Etsəm belə, yalnız janr və obraz fərqi baxımından müqayisə edərdim. Hər bir rolun öz tələbləri yeri var.

Ancaq mən səhnəni hər şeydən daha çox sevirəm. Mark Zaxarovun bir gözəl sözü var. O deyir ki, dahi aktyorlar seriallarda deyil, səhnələrdə yetişir. Bu həqiqətən də belədir. Heç bir efir, serial və ya film səhnənin yerini əvəz edə bilməz.

- "Kişi sözü"nün Solmazını Afətə qədər gətirən yol...

- Aradakı boşluq uzun oldu. Bu yol kifayət qədər uzun olsa da, istədiyim kimi olmadı. Hazırda əksər aktyor və aktrisalarımızın da vəziyyəti eynən bu cürdür...

- Afət rolunu yaradıcılığınızdakı sükutu pozmaq üçünmü qəbul etdiniz, yoxsa bu rol məhz Sənubər İsgəndərli üçün idi?

- Hər iki versiya ilə də razılaşmıram. Çünki dediklərinizin heç biri filmdə çəkilməyimə səbəb olan versiyalardan deyil. Maraqlı olduğu üçün çəkilməyə razılıq verdim.

 

 

Nigar İxtiyarqızı

 

Həftə içi.- 2012.- 19 yanvar.-S.8.