Ekologiya, turizm, idman...
Gənclər və İdman Nazirliyi
"2012 - İdman ili"nə dair Tədbirlər Planı
hazırlayır
Azərbaycanın idman sahəsində son illər əldə
etdiyi nailiyyətlər göz qabağındadır. Yola
saldığımız ildə ölkəmiz idman sahəsində
böyük uğurlar qazandı. Nazirlər Kabinetinin 2011-ci
ilin sosial-iqtisadi inkişafının yekunlarına və
2012-ci ildə qarşıda duran vəzifələrə həsr
olunan iclası zamanı prezident İlham Əliyev Azərbaycanda
idmanın inkişaf etdirilməsinə və bu istiqamətdə
keçirilən tədbirlərə də toxunub.
Ölkə başçısı 2012-ci ildə sosial
infrastrukturların, o cümlədən olimpiya komplekslərinin
inşa ediləcəyini diqqətə çatdıraraq,
hazırda müasir tələblərə cavab verəcək
10 olimpiya kompleksinin inşa edildiyini, daha 3 kompleksin tikintisi
üçün isə hazırlıq işlərinin getdiyini
vurğulayıb. Prezident 2012-ci ildə Yay Olimpiya
Oyunlarının keçiriləcəyini də
xatırladaraq, ölkəmizin bu beynəlxalq tədbirə
ciddi hazırlaşdığını söyləyib. Onun
sözlərinə görə, 65 minlik böyük olimpiya
stadionu tikilir. Böyük gimnastika kompleksi, Bakı
"Kristal" İdman Konsert Kompleksini də bu sıraya aid
etmək olar. İlham Əliyev bütün bunlarla
yanaşı, 2012-ci ilin "İdman ili" elan edilməsi
haqda sərəncam da imzalayıb. Sərəncamda ölkədə
idmanın inkişafının ildən-ilə geniş vüsət
alması xatırlanaraq, Azərbaycan
idmançılarının müxtəlif səviyyəli
beynəlxalq yarışlarda 5 mindən artıq medala layiq
görüldüyü diqqətə
çatdırılıb.
Yeri gəlmişkən, Azərbaycan idman sahəsində
həyata keçirilən dövlət siyasətinin daha da
gücləndirilməsi, olimpiya hərəkatının
genişləndirilməsi və geniş coğrafi məkanda təbliğinin
təşkil edilməsi məqsədilə Bakı şəhərinin
2020-ci ildə XXXII Yay Olimpiya Oyunlarını keçirmək
üçün namizədliyini irəli sürüb. Ötən
ilin sentyabrında isə Beynəlxalq Olimpiya Komitəsi (BOK)
sözügedən yay Olimpiya Oyunlarına Bakının namizədliyini
təsdiq edib.
Dövlət başçısının
çıxışında qeyd etdiyi idman obyektlərindən
biri Bakı Olimpiya Stadionudur. Beynəlxalq səviyyəli bu
arenanın təməli ötən ilin iyunun 6-da qoyulub.
İlham Əliyevin də iştirak etdiyi təməlqoyma mərasimində
FİFA-nın prezidenti Yozef Blatter və UEFA prezidenti Mişel
Platini, eləcə də dünya futbol ictimaiyyətinin
görkəmli nümayəndələri, federasiya rəhbərləri,
futbol veteranları və digər qonaqlar qatılıblar. Belə
ki, paytaxtda öz müasir tikinti üslubu ilə fərqlənəcək
və xüsusi gözəlliyi ilə seçiləcək 65
min tamaşaçı yeri olan Bakı Olimpiya Stadionu bu tipli
müasir idman qurğuları sırasında özünəməxsus
yer tutacaq. Burada müxtəlif funksiyalı tribunaların,
qaçış zolağının və digər infrastrukturun
inşası nəzərdə tutulub. Daxili sahəsi 120,830
kvadratmetr olacaq stadionda tikinti işləri Beynəlxalq Tikinti
Standartına (İBC), UEFA və FİFA standartlarına və
Azərbaycanın inşaat normativlərinə uyğun
aparılacaq. Stadionun layihələndirilməsi ilə bağlı
ilkin işlərə 2008-ci ildən başlanılıb.
Millət vəkili Ağacan Əbiyev mətbuata
açıqlamasında bildirib ki, Azərbaycanda müxtəlif
idman növləri üzrə keçirilən yüksək səviyyəli
yarışlar artıq deməyə əsas verir ki, olimpiya
oyunlarına ev sahibliyi etmək iqtidarındayıq: "Azərbaycan
2020-ci il Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək
üçün namizədliyini irəli sürüb. Bunun
arxasında bizim təcrübəmiz, dövlətimizin
yüksək inkişafı və idmana göstərdiyi diqqət
dayanır. Bu bizə Azərbaycanın 2020-ci ildə olimpiya olyunlarını
keçirmək əzmində olduğuna inanmağa ciddi əsaslar
verir".
Millət vəkilinin sözlərinə görə,
Azərbaycan dünyanın nüfuzlu idman ölkəsidir:
"London Yay Olimpiya oyunlarında Azərbaycandan olimpiya
yarışlarında iştirak edəcək
idmançılarımızın sayı tam müəyyənləşməyib.
Çünki lisenziya yarışları bu ilin aprel-may
aylarına qədər davam edəcək. Möhtəşəm
idman tədbiri isə bu ilin 25 iyul-13 avqust tarixlərində
keçiriləcək. Hələlik 30-a yaxın lisenziya
qazanmışıq, amma fikrimcə, bu göstərici 40-dan
çox olacaq. Ümumiyyətlə, ölkəmizin olimpiya
yarışlarında göstəriciləri hər dəfə
artımla müşayiət olunur. Düşünürəm
ki, bu il Londonda qazanacağımız medalların sayı daha
çox olacaq".
Olimpiya çempionu Namiq Abdullayev düşünür
ki, prezidentin sərəncamı ilə 2012-ci ilin "İdman
ili" elan olunması ölkəmizdə idmana göstərilən
diqqətin nəticəsidir: "Bu hər bir idmançı
kimi mənim üçün də fəxrdir. Bu il həm də
London Yay Olimpiya Oyunları keçiriləcək.
İnanıram ki, ölkəmizə gələcək
medalların sayı hər kəsin ürəyincə
olacaq".
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin
rəhbəri Səmayə Məmmədova sözügedən
nazirliyin Nazirlər Kabineti ilə birgə Tədbirlər
Planı hazırlandığını bildirdi:
"Saytımızda idman təqvimi bölməsində
hansı idman tədbirlərinin keçiriləcəyi barədə
məlumatlar yerləşdirilir. Lakin sırf "İdman
ili" ilə əlaqədar hansı tədbirlər planı
hazırlanır və orada nələr nəzərdə
tutulur. Bu haqda nəsə demək üçün hələ
tezdir. Hazırda bunun üzərində iş gedir. Yaxın
günlərdə nazirliyin mətbuat konfransı keçirilməlidir.
Orada hər kəs üçün qaranlıq qalan məqamlara
aydınlıq gətiriləcək".
Sevda Zahidqızı
Həftə içi.- 2012.- 19 yanvar.- S.
7.