Maddi mədəniyyət
nümunələrimiz farslaşdırılır
"Dünyanın bir çox ölkələrindəki
kitabxanalar, muzeylər və digər yerlərdə Azərbaycana
aid əlyazmalar, maddi-mədəniyyət nümunələri
var. Onların surətlərinin Azərbaycana gətirilməsi
Mədəniyyət və Turizm Nazirliyi, AMEA və digər
strukturların planlarında var".
Bunu mətbuata açıqlamasında Azərbaycan
Milli Elmlər Akademiyası (AMEA) Əlyazmalar İnstitutunun tərcümə
və informasiya şöbəsinin müdiri Fərid Ələkbərli
bildirib. Onun sözlərinə görə, Berlin şəhər
kitabxanasında Nizami Gəncəvinin çoxsaylı əlyazmaları
var. Həmçinin, orada 15-16-cı əsrlərə aid Azərbaycan
əlyazmaları saxlanılır: "Onların kifayət qədər
yaxşı surətləri bizdə yoxdur".
Fərid Ələkbərli deyib ki, Almaniyanın Berlin
şəhərindəki Ferqamon Muzeyi və İslam İncəsənət
Muzeyində də kifayət qədər Azərbaycana aid əlyazma,
həm də tariximizə aid eksponatlar var: "Orada Azərbaycana
aid silah nümunələri, məişət əşyaları,
xalçalar var. 15-16-cı əsrlərə, Səfəvilərə
aid dəbilqələr, qalxanlar, nizələr var. Amma təəssüf
ki, orada onların heç biri Azərbaycana aid eksponat kimi qeyd
edilmir. Onların hamısı İrana aid edilir və qərbi-şimali
İran, fars nümunələri kimi göstərilir: "Mən
Almaniyada olduğum zaman bu məsələləri həmin
muzey əməkdaşlarının diqqətinə
çatdırdım. Bildirdim ki, burada fars sözü yersizdir.
Dedim ki, İran yazırsınız yazın, amma bunlar Azərbaycan
xalçalarıdır və türk mənşəli insanlar
tərəfindən toxunulub". Şöbə müdiri əlavə
edib ki, Britaniya Muzeyində də Azərbaycan tarixinə aid əlyazmalar,
silahlar, məişət əşyaları və xalçalar
saxlanılır: "Şeyx Səfi xalçasını
bilirik ki, Albert muzeyindədir. Amma Britaniya Muzeyində
saxlanılan əşyalar haqqında geniş məlumatlar
mövcud deyil. Orada mən Ağqoyunlu hökmdarı Uzun Həsənə
aid dəbilqə aşkar etmişəm. Bu dəbilqədə
də Uzun Həsən fars hökmdarı kimi təbliğ
olunur. Orada olduğum zaman Uzun Həsənin Azərbaycan
hökmdarı olduğunu da onların diqqətinə
çatdırdım. Onlar da söz vermişdilər ki, bu məsələyə
baxacaqlar". Bundan başqa, Londonda Aqaxan Kolleksiyasında da
Orta Əsr Azərbaycan miniatürçülərinin gözəl
əsərləri saxlanılır: "Onların bir
çoxunun surətləri Azərbaycanda yoxdur. Bəzi şəkillər
var, amma keyfiyyətsizdir. Onlar nəşr olunan albomlardan
çəkilib ki, bu da keyfiyyətsizdir".
Fərid Ələkbərli deyib ki, onların da surətlərinin
əldə edilməsi vacibdir. Onun sözlərinə görə,
Avstriyanın Vyana Kitabxanasının arxivində də kifayət
qədər Azərbaycan əlyazmaları var. Orada orta əsr
Azərbaycan müəlliflərinin kitabları
saxlanılır. O İrlandiyada fəaliyyət göstərən
kitabxanalarda da Azərbaycana aid əlyazmaların çox
olduğunu açıqlayıb: "Xəmsə nümunələri
var. Orada da onlar gözəl miniatürlərlə bəzədilib".
Fərid Ələkbərli deyib ki, kitabxana və muzeylərin
əməkdaşlarına bildirilməlidir ki, bunlar birbaşa
Azərbaycana aiddir və orada ölkəmizə aid olduğu
qeyd edilməlidir. Həmçinin, həmin nümunələrin
Azərbaycana aid olması sadəcə, etiraf
olunmalıdır: "Bunu biz tələb etməli, onların
kataloqunu tərtib etməliyik. Həmin kataloqlar da onlara verilməlidir".
F.Ələkbərli həmin nümunələrin Azərbaycana
aid olmasının fakt kimi sübut etməyin heç də
çətin olmadığını söyləyib: "Məsələn,
götürək xalçanı. Xalça toxumaq sənəti
türk tayfalarına aiddir. Farslarda ənənəvi
xalça toxumaq sənəti olmayıb. Həm də farslara
aid xalçaların naxışları, ornamentləri fərqlənir.
Əgər bu xalçalar Təbriz, Urmiya, Gəncə, yaxud
Şamaxıda toxunubsa, onu necə Azərbaycana aid
olmadığını söyləmək olar?"
Fərid Ələkbərli başqa bir misal da gətirib. O qeyd edib
ki, xalçanın hansı əyalətdə
toxunması göstərilməlidir:
"İranda şərqi
və qərbi Azərbaycan əyalətləri
var. Orada da yaşayan azərbaycanlılardır.
Ona görə də burada Azərbaycanın adının çəkilməməsi
düzgün deyil.
Yəni bunu sübut etmək də bir o qədər də çətin deyil".
Nigar İxtiyarqızı
Həftə içi.- 2012.- 19 yanvar.- S.
5.