Azərbaycan gömrüyü
mədəni irsin keşiyində
Gömrük
Xidməti general-mayoru Qambay Əliyev: "Gömrük xidməti
əməkdaşları qədim və qiymətli tarixi-mədəniyyət
abidələrinin ölkəmizin ərazisindən
çıxarılmasının qarşısını almaqla
yanaşı, həm də maddi-mənəvi dəyərlərin
təbliği sahəsində yaxından iştirak edirlər"
Bu gün Azərbaycanın
Gömrük Xidməti əməkdaşları milli-mənəvi
dəyərlərimizin qorunmasında üzərilərinə
düşən vəzifəni uğurla yerinə yetirirlər.
İndiyədək Gömrük Xidməti işçiləri
tərəfindən tarixi-mədəni sərvətlərimizin
qaçaqmalçılıq yolu ilə Azərbaycandan
çıxarılmasının qarşısı müvəffəqiyyətlə
alınıb və bu istiqamətdə işlər hazırda
da uğurla davam etdirilir. Azərbaycan gömrükçülərinin
20 illik yubileyi ərəfəsində müsahibimiz Dövlət
Gömrük Komitəsi "Azərterminalkompleks"Təsərrüfat
Hesablı Xarici İqtisadi Birliyinin direktoru, gömrük xidməti
general-mayoru Qambay Əliyevdir.
- Qambay müəllim, əvvəlcə
istərdik ki, Azərbaycan gömrüyünün 20 illik
yubileyi ərəfəsində rəhbərlik etdiyiniz qurumun əldə
etdiyi nailiyyətlərə toxunasınız. Bu illər ərzində
hansı uğurlara nail olmusunuz?
- Məlumdur ki, Azərbaycanın
XX əsrin sonlarında müstəqillik əldə etməsi
onun tarixində yeni bir mərhələnin
başlanğıcı olub. Milli sərvətimiz olan müstəqilliyimizin
dönməz xarakter alması, ümummilli lider Heydər Əliyevin
uzaqgörən siyasəti dünya dövlətləri cərgəsində
Azərbaycanımızın özünə layiqli yer
tutmasında mühüm rol oynayıb. 1993-cü ilin ikinci
yarısından etibarən Azərbaycanın yüksələn
xətlə inkişafı, onun suverenliyinin təmin edilməsi
ölkədə aparılan uğurlu gömrük siyasətilə
də bilavasitə bağlıdır. Belə ki, ölkəmizdə
qısa bir zamanda gömrük işinin təkmilləşdirilməsi,
gömrük orqanlarının maddi-texniki və
normativ-hüquqi bazasının möhkəmləndirilməsi,
ümumdünya gömrük sisteminə inteqrasiyası istiqamətində
uğurlu addımlar atılıb.
Təbii ki,
bütün bu proseslərə Dövlət Gömrük Komitəsinin
struktur bölməsi "Azərterminalkompleks" Təsərrüfat
Hesablı Xarici İqtisadi Birliyinin əməkdaşları da
gərgin əmək sərf ediblər. Qeyd edim ki, birlik öz
fəaliyyətini Dövlət Gömrük Komitəsi tərəfindən
təsdiq olunmuş əsasnaməyə və birlik üzrə
təsdiq edilmiş iş planına uyğun quraraq xeyli
müsbət nəticələr əldə edib.
Məhz bu
uğurların tərkib hissəsi olaraq birlik daxili vəsaitlər
hesabına inzibati binanın tikilməsinə nail olub. 2007-ci
ildə 4 mərtəbədən ibarət
yardımçı təsərrüfat sahələri daxil
olmaqla inzibati bina fəaliyyətə başlayıb.
Binanın daxilində Heydər Əliyev Xatirə Muzeyi və
DGK-nin Gömrük Tarixi Muzeyinin filialı yaradılıb.
- Bildiyimiz qədər
bu birlik həm də müəyyən təbliğati işlərlə
də məşğuldur. Maraqlıdır, ötən il
hansı təbliğati və təşviqatı işlərlə
məşğul olmusunuz?
- Ümumiyyətlə,
2011-ci ildə birliyin təşviqatçı və təbliğatçı
missiyası daha da zənginləşib. Birlik Dövlət
Gömrük Komitəsinin göstərişləri əsasında
ümumdünya və respublika səviyyəsində
keçirilən tədbirlərin təşkilatçısı
və icraatçısı olub. Məsələn, ötən
ilin yanvarında Bakı şəhərindəki Muzey Mərkəzində
Dövlət Gömrük Komitəsinin
tapşırığına görə birliyin təşkilatçılığı
ilə "Narkomaniyaya YOX deyək!" plakat və foto
müsabiqəsinin yekun sərgisi keçirilib. Tədbirin
sonunda iştirakçılara müxtəlif mükafatlar təqdim
edilib. Fevral ayında isə Argentina Respublikası Federal Gəlirlər
üzrə Dövlət Administrasiyasının dəvəti
ilə bu ölkəyə səfər zamanı Buenos-Ayresin
"Alvear Palace" hotelində "Argentinada Azərbaycan
Gömrüyü Günü" adı altında
keçirilən tədbirdə "Azərbaycan
gömrüyü bəşəri dəyərlər
prizmasından" adlı sərgi və "Azərbaycan
gömrüyü mədəni irsin keşiyində",
"Azərbaycan gömrüyünün tarixi təsviri sənətdə",
"Azərbaycan gömrüyü: tarixi ənənələr
və müasirlik", "Azərbaycan gömrük muzeyləri"
adlı kitabların təqdimatı keçirilib.
Səfər zamanı
Argentina Milli Kitabxanasına Dövlət Gömrük Komitəsi
tərəfindən nəşr edilən kitablar və Argentina
İncəsənət Muzeyinə isə Qarabağ və
Şirvan məktəbinə məxsus olan əl ilə
toxunmuş müasir xalçalar hədiyyə edilib. Ötən
il həm də Azərbaycanın Argentinadakı səfirliyinin
binasında Xocalı soyqırımı ilə bağlı
anım mərasimi təşkil edilib. Bu tədbirdə XX əsrin
ən dəhşətli faciələrindən biri olan
Xocalı qətliamı ilə bağlı məlumat verilib,
erməni vandalizminin törətdiyi bu ağır cinayətin
fəsadları barədə danışılıb. Mərasimdə
həmçinin Azərbaycan Mədəniyyət və Turizm
Nazirliyi tərəfindən hazırlanmış Xocalı qətliamından
bəhs edən "Dua" filmi iştirakçıların
diqqətinə çatdırılıb. Ötən ilin
yaddaqalan tədbirlərindən biri də iyunun sonu iyulun əvvələrində
Moskvada Ümumrusiya sərgi mərkəzinin ərazisində
Müstəqil Dövlətlər Birliyinin 20 illiyinə həsr
olunmuş "MDB-20 il: əməkdaşlığın yeni
üfüqləri" adlı sərgisi sayıla bilər. Tədbirdə
Azərbaycan, Belarus, Ukrayna, Moldova, Qazaxıstan,
Qırğızıstan, Türkmənistan, Tacikistan, Rusiya və
Ermənistanın nümayəndə heyətləri
iştirak ediblər. Sərgidə Azərbaycanda
informasiya-kommunikasiya texnologiyalarından bəhs edən stenddə
gömrük sahəsində Azərbaycanda tətbiq olunan
elektron xidmətlər haqqında məlumat da öz əksini
tapıb.
Bundan başqa, ötən
ilin dekabrın 12-də birliyin inzibati binasında fəaliyyət
göstərən "Heydər Əliyevin xatirə
muzey"ində Sabunçu rayonu Maştağa qəsəbəsinin
187 saylı məktəbin şagirdlərinin iştirakı ilə
ulu öndərin anım günü qeyd olunub. Həmin tədbir
çərçivəsində məktəblilər
üçün muzey ekspozisiyası üzrə ekskursiya
aparılmış, ümummilli liderin Azərbaycan
gömrük xidmətinin 5 illik yubiley tədbirindəki
çıxışı dinlənilib. Qonaqlar Heydər Əliyevin
müstəqillik illərindəki siyasi fəaliyyətindən
bəhs edən qısametrajlı filmə tamaşa etdikdən
sonra muzey kitabxanasında ulu öndərin həyat və fəaiyyətinə
həsr edilmiş kitablarla da tanış olublar. Həmin
gün birliyin əməkdaşları Kinoloji Xidmət Mərkəzinin
əməkdaşları ilə birlikdə Tədris Mərkəzində
təşkil edilmiş görüşdə ulu öndərin
xatirəsi anılıb, "Heydər Əliyevin xalqa həsr
etdiyi ömür" mövzusunda Bakı Dövlət
Universitetinin professoru, "Şöhrət" ordenli İsgəndər
Quliyevin məruzəsi dinlənilib və Heydər Əliyevin
həyat və yaradıcılığından bəhs edən
sənədli film nümayiş etdirilib.
- Bu gün Azərbaycan
gömrüyü həm də mədəni irsimizin
keşiyində layiqincə dayanır desək, yəqin ki,
yanılmarıq. Çünki gömrükçülərin
səyi nəticəsində hər il gömrük sərhədindən
qanunsuz keçirilməsinə cəhd göstərilən
yüzlərlə qiymətli mədəniyyət nümunələrimiz
aidiyyəti orqanlara təhvil verilir. Qambay müəllim, daha
çox hansı mədəniyyət nümunələrimizin
sərhəddən qanunsuz olaraq keçirilməsinə cəhd
göstərilir?
- Əgər belə
demək mükündürsə, ötən dövr ərzində
Azərbaycan Respublikasının gömrük sərhədindən
qanunsuz keçirilməsinə cəhd edilən yüzlərlə
qiymətli tarixi-mədəniyyət nümunələrimiz
gömrük işçiləri tərəfindən
saxlanılaraq qanuni sahiblərinə - muzey, kitabxana, məscid,
kilsə və digər aidiyyəti müəssisələrə
verilib. Qeyd edim ki, Azərbaycan gömrükçüləri
qədim və qiymətli tarixi-mədəniyyət abidələrinin
ölkəmizin ərazisindən
çıxarılmasının qarşısını almaqla
yanaşı, bu cür maddi-mənəvi dəyərlərin
təbliği sahəsində də yaxından iştirak edirlər.
Hələ 1997-ci ilin
mayında Naxçıvan Muxtar Respublikasının Sədərək
gömrükxanasında sərhəddən 189
xalçanın qanunsuz keçirilməsi cəhdinin
qarşısı gömrük işçiləri tərəfindən
alınıb. Dövlət Gömrük Komitəsinin
xahişi ilə Lətif Kərimov adına Azərbaycan
Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət
Muzeyinin mütəxəssisləri həmin xalçaların
ekspertizasını keçirmiş və qaçaqmal
partiyasına daxil olan əşyaların əksəriyyətinin
muzey əhəmiyyətli və əsasən XX əsrin birinci
yarısı və ortalarını əhatə edən
Qarabağ, Şirvan, Bakı, Quba, Qazax və başqa qruplara
aid müxtəlif ölçülü əl ilə
toxunmuş tətbiqi sənət əsərləri olduğu
müəyyənləşdirilib. Gömrük qaydalarına
uyğun olaraq həmin qaçaqmal dövlətin xeyrinə
müsadirə edildikdən sonra gömrükçülərin
təklifi ilə bu nəhəng sənət əsərləri
kolleksiyası əsasında Naxçıvanda Xalça Muzeyi
yaradıldı. Xalçalardan bir qismi isə Naxçıvan
Tarix Muzeyinin və Lətif Kərimov adına Azərbaycan
Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət
Muzeyinin ekspozisiyalarını bəzədi. Bundan başqa,
gömrükçülərin əvəzsiz olaraq verdiyi
xalçalar və digər maddi mədəniyyət nümunələri
hazırda "Şirvanşahlar Sarayı"
Tarixi-Memarlıq Qoruq-Muzeyində və Rüstəm Mustafayev
adına Azərbaycan Dövlət İncəsənət
Muzeyində saxlanılır.
Digər tərəfdən,
Azərbaycan gömrükçülərinin müsadirə
etdiyi mədəniyyət nümunələri sırasında
müxtəlif dinləri əhatə edən qiymətli
kitablar da əsas yer tutur. Məsələn, 2010-cu ildə Azərbaycan
gömrükçülərinin müsadirə etdikləri
İslam dininə aid 93 adda 6507 ədəd kitab Dini Qurumlarla
İş üzrə Dövlət Komitəsinə, 51 adda 1923
ədəd kitab isə Qafqaz Müsəlmanları İdarəsinə
bağışlanılıb. Əsasən 2000-ci illərdə
Türkiyə və İranda nəşr edilmiş bu kitablar
arasında Mədinə şəhərində nəşr
olunmuş "Qurani-Kərim" də vardır. Bundan
başqa, 2010-cu ildə Azərbaycan gömrük orqanları tərəfindən
müsadirə edilən 22 adda 79 ədəd dini kitab
Bakıdakı Müqəddəs Jen-Mironosets kilsəsinə təqdim
edilib. 2007-ci ildə isə Azərbaycan
gömrükçüləri tərəfindən müsadirə
edilən İsa peyğəmbərin dini və tarixi əhəmiyyətə
malik heykəli Roma Katolik kilsəsinin Azərbaycandakı
nümayəndəliyinə təqdim olunub. Eyni zamanda, 2008-ci
ildə ölkə sərhədindən qeyri-qanuni
keçirilməsinə cəhd göstərilərkən Azərbaycan
gömrükçülərinin müsadirə etdikləri dini
məzmunlu və yəhudi uşaqları üçün nəzərdə
tutulan "Sivoys Qaşem" adlı 100 ədəd kitab Quba
rayonunda dağ yəhudilərinin yaşadığı
Qırmızı Qəsəbədəki Sinaqoqa, eyniadlı
150 ədəd kitab isə Avropa Yəhudi Dini
İcmasının Azərbaycandakı nümayəndəliyinə
bağışlanılıb.
Yeri gəlmişkən
onu da xatırladım ki, Azərbaycan gömrükçüləri
tərəfindən müsadirə edilən qədim dini
kitablar və ikonaların aidiyyəti dini konfessiyaların
nümayəndələrinə təqdim olunması ilk dəfə
1999-cu ildə Dövlət Gömrük Komitəsində həyata
keçirilib. 2000-ci ildə isə 166 ədəd dini kitab
(XVII və XIX əsrlər) Bakıdakı Təzə Pir məscidinə,
91 ədəd dini məzmunlu qədim əlyazmalar, eləcə
də "Qurani-Kərim"in nadir nüsxələri və
Xristian dininə aid kitab (1875-ci il) və 6 ədəd ikona
aidiyyəti dini konfessiyaların nümayəndələrinə
bağışlanılıb.
Bundan başqa, Azərbaycandan
çıxarılmasına cəhd göstərilən və
gömrük orqanları tərəfindən müsadirə
edilən elmi-tarixi kitablar, o cümlədən qədim kitab və
əlyazmaların da aidiyyəti təşkilatlara
bağışlanması da artıq ənənəyə
çevrilib. Məsələn, 2007-ci ildə Azərbaycan
gömrükçüləri tərəfindən müsadirə
edilən cəmi 45 ədəd elmi-tarixi əhəmiyyətli
nadir kitablar Milli Elmlər Akademiyasının A.A.Bakıxanov
adına Tarix və Məhəmməd Füzuli adına Əlyazmalar
İnstitutlarına əvəzsiz olaraq verilib.
- Qambay müəllim,
bir qədər də Dövlət Gömrük Komitəsinin
Gömrük Tarixi Muzeyi barədə məlumat verərdiniz.
Bu muzeyin fəaliyyətə başlaması hansı zərurətdən
yarandı?
- Ümumiyyətlə,
Dövlət Gömrük Komitəsi öz fəaliyyətində
mədəni-maarif işinə xüsusi diqqət
ayırır. Hələ 2006-cı ilin martında Dövlət
Gömrük Komitəsinin Gömrük Tarixi Muzeyi
yaradılıb. 2007-ci ilin yanvarında isə məlumat
verdiyim kimi, Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks"
Təsərrüfat Hesablı Xarici İqtisadi Birliyin inzibati
binasında Gömrük Tarixi Muzeyinin bölməsi fəaliyyətə
başlayıb. Bu muzeyin yaradılmasında əsas məqsəd
Azərbaycan gömrük xidmətinin dünya gömrük
ailəsində tutduğu yeri, ötən illər ərzində
keçdiyi yolu və fəaliyyəti ətraflı
işıqlandırmaqdır. Ümumən, muzeylərə
şamil edilən meyarlarla yanaşı, Gömrük Tarixi
Muzeyi özünəməxsusluğu ilə də
seçilir.
Məlumdur ki, dünya
muzeylərini birləşdirən, onları eyniləşdirən
əsas amil ölkənin, millətin tarixini qorumaq və gələcək
nəsillərə çatdırmaqdır. Bu gün Azərbaycan
torpaqlarının 20 faizinin zəbt olunduğu şəraitdə,
eləcə də tariximizi saxtalaşdıranlara qarşı
mübarizədə muzeylər xalqın tarixinin qoruyucusu
rolunda ön planda durmağa layiqdir. Bu baxımdan, "Azərbaycanda
muzey işinin yaxşılaşdırılması
haqqında" ölkə prezidentinin 6 mart 2007-ci il tarixli sərəncamı
ölkə muzeylərinin inkişafında yeni təkan oldu.
Bu, Azərbaycan Gömrük Tarixi Muzeyinin muzeylər
sırasında müstəqil fəaliyyətinə də
imkan verdi. Gömrük Tarixi Muzeyi 2008-ci ildə Milli Muzeylər
Şurasına üzv seçilməklə Azərbaycanın
muzeyləri ailəsinə daxil oldu. Hazırda muzeyin
funksiyası çoxsahəlidir. Belə ki, həm
gömrüklə bağlı tarixi arxiv materialları
tapılır və araşdırılır, həm
ekspozisiyalar artırılır, arxiv sənədləri,
videoyazılar və fotoşəkillər fondu inkişaf etdirilir,
həm də müsadirə olunan incəsənət əşyalarının
qorunması təmin edilir və müxtəlif təqdimatlar
keçirilir.
- Bəs Gömrük
Tarixi Muzeyi apardığı axtarışlardan hansı
maraqlı nəticələr əldə edib?
- Bu
araşdırmalardan maraqlı birini qeyd edə bilərəm.
Məsələn, Gömrük Tarixi Muzeyi 2008-ci ildə
apardığı axtarışlar nəticəsində Azərbaycanın
məşhur mesenatı Hacı Zeynalabdin Tağıyevin
gömrük xidməti sahəsində gördüyü
işləri öyrənib. Arxiv materialları əsasında
məlum olub ki, 1889-cu ildə Bakı tacirlərinin xahişilə
şəhərdə gömrük anbarlarının binası
açılıb. Həmin ilin iyulunda Bakı
karantin-gömrük vilayətinin rəisi gömrük
yığımı departamentinin başçısına məktubla
müraciət edərək, Bakıda gömrük
anbarlarının yaradılmasının zəruri olduğunu
və zamanın yetişdiyini bildirib. Maliyyə Nazirliyi də
Tiflis şəhərində yerləşən baş qərargaha
müraciət edərək bildirib ki, Bakı tacirləri
tikintiyə yer və vəsait ayırıblar. Məsələ
müsbət həllini tapır. Ancaq Bakı tacirləri
arasında məhz Hacı Zeynalabdin Tağıyevin olması və
siyahıda öz imzası ilə təklifi dəstəkləməsi
bu strateji əhəmiyyətli və sonralar Bakını ticarət
mərkəzinə çevirən layihə baş tutur. Belə
ki, arxiv sənədləri araşdırılanda daha bir
maraqlı fakt əldə edilib: Bakı şəhər
başçısı rus çarı Pavel Mixayloviçə
müraciətində Hacı Zeynalabdin Tağıyevin layihədə
iştirakının çox əhəmiyyətli olduğunu
xüsusi vurğulayır. Öz növbəsində,
çarın cavab məktubu Azərbaycan xalqının
böyük oğlunun şəxsiyyətinə hörmət
və ehtiramını nümayiş etdirir.
Gömrük Tarixi
Muzeyi Azərbaycan gömrüyünün tarixinə dair hər
bir dəyərli materialı əldə etmək və
araşdırmaq istiqamətində səylərini indi də
davam etdirir. Eyni zamanda, Dövlət Gömrük Komitəsi
öz muzeylərinin fəaliyyətinə hərtərəfli
dəstək göstərir. Komitənin 2010-cu ildə nəşr
etdirdiyi "Azərbaycan gömrük tarixinə dair muzeylər"
adlı şəkilli kataloq da gömrük muzeylərinin
işinə göstərilən diqqətin bir nümunəsidir.
Kitabda Azərbaycandakı gömrük muzeyləri, onların
tarixi və fəaliyyətləri barədə ətraflı
məlumat verilir. Nəşrdə bildirilir ki, muzeylərin
eksponatları Azərbaycan gömrük xidmətinin tarixini
göstərən elmi mətnlərlə müşayiət
olunur. Bu materiallar DGK-nın sıx əməkdaşlıq
etdiyi Azərbaycan Milli Elmlər Akademiyasının davamlı
tədqiqat işlərinin nəticəsidir. Onu da qeyd edim ki,
Dövlət Gömrük Komitəsi mədəni irsin
qorunması sahəsindəki fəaliyyətindən bəhs edən
nəşrləri 1998-ci ildən bəri sistemli şəkildə
davam etdirir. İndiyədək bu qəbildən - "Azərbaycan
gömrüyü milli mənafelərin keşiyində",
"Azərbaycan gömrüyü mənəvi dəyərlərin
keşiyində", "Azərbaycan gömrüyü
dövlət mənafeləri keşiyində", "Azərbaycan
gömrüyü tarixi sərvətlərin keşiyində",
"Azərbaycan gömrüyü mədəni irsin
keşiyində", "Azərbaycan gömrüyü tarixi
təsviri sənətdə", "Azərbaycan
gömrüyü: tarixi ənənələr və
müasirlik" və digər kitablar nəşr edilib.
- Məlum olduğu
kimi, muzey eksponatları bəşəriyyət tarixi
haqqında əvəzolunmaz məlumatları qoruyub
saxlayır. Bu baxımdan Gömrük Tarixi Muzeyinin də
özünəməxsus missiyası var. Muzeyin əşyalarının
mühafizəsi necə təmin olunub?
- Sözsüz ki,
növündən, təyinatından asılı olmayaraq
kolleksiyalarda toplanmış hər bir əşyanın muzeylərdə
zədəsiz mühafizəsi, komplektləşdirilməsi,
elmi tədqiqat obyekti kimi öyrənilməsi, tədqiqi və
təbliği muzey işinin tərkib hissəsidir. Bu
baxımdan birliyin inzibati binasında yaradılmış
Dövlət Gömrük Komitəsinin Gömrük Tarixi
Muzeyinin filialı muzey kolleksiyasına müvafiq olaraq fond və
daimi ekspozisiyadan ibarət kompleks mühafizə
üçün nəzərdə tutulmuş otaqlarla təmin
edilib. Fond üçün ayrılmış kolleksiyanı təşkil
edən sənət əsərləri növünə
uyğun olaraq yerləşdirilib. Bundan başqa, muzeyin
temperatur-rütubət və bioloji rejimi,
işıqlandırma sistemi nəzarətdə
saxlanılır ki, bu da yarana biləcək təhlükənin
qarşısını alır. Korlanma amillərinin əşyaya
təsirini azaltmaq üçün muzeydə əşyalar
növlərə görə qruplaşdırılır,
saxlanma rejiminə riayət olunur. Eksponatların
saxlanılması müvafiq olaraq muzeyşünaslıq
qaydalarına, Azərbaycan Respublikası Mədəniyyət və
Turizm Nazirliyi tərəfindən təsdiq edilmiş "Muzey
sərvətlərinin və muzey kolleksiyasının
uçotu və mühafizəsinə dair Təlimat"a
istinad edilir. Eyni zamanda, muzeylərin və kolleksiyaların
fiziki mühafizəsi, eksponatların sərgilərdə
istifadəsi, tələb olunan rejimlərə ciddi riayət
olunması birlik tərəfindən tənzimlənir.
- Bəs Dövlət
Gömrük Komitəsi gömrük muzeylərinin fəaliyyəti
sahəsində dünya təcrübəsini necə, öyrənirmi?
- Əlbəttə,
biz bu istiqamətdə beynəlxalq əməkdaşlığa
önəm veririk. Məsələn, 2010-cu ilin sentyabrında
Dövlət Gömrük Komitəsinin nümayəndə heyəti
Böyük Lüksemburq hersoqluğuna səfər edərək,
burada Gömrük Muzeyləri Beynəlxalq
Assosiasiyasının (İACM) illik konfransı və ümumi
assambleyasında iştirak edib, eləcə də Şengen
Avropa Muzeyi ilə tanış olub. İACM-in illik konfransı
və ümumi assambleyasında iştirak zamanı Azərbaycan
tərəfi 2013-cü ildə nəzərdə tutulan
konfransı Bakıda təşkil etməyə hazır
olduğunu və bu tədbirin yüksək səviyyədə
keçirilməsi üçün bütün imkanların
olduğunu bildirib. Bundan başqa, tədbir zamanı "Azərbaycan
gömrük tarixinə dair muzeylər" adlı şəkilli
kataloq təqdim olunub, həmçinin "Azərbaycan
gömrük tarixinə dair muzeylər" adlı film
nümayiş etdirilib.
Ümumiyyətlə,
Dövlət Gömrük Komitəsi tərəfindən
dünyanın bir sıra ölkələrində -
Belçika Krallığında, İsveçrədə,
Vatikanda, Rusiya Federasiyasında, Avstriyada, Fransada sərgilər
təşkil edilib, bu sərgilərdə Azərbaycan
gömrüyünün tarixini özündə əks etdirən
müasir rəsm əsərləri, respublikamızın
gömrük orqanları tərəfindən müxtəlif
vaxtlarda saxlanılan, milli-mənəvi dəyər kəsb edən
əşyalar nümayiş olunub. Məsələn, 2010-cu ildə
Dövlət Gömrük Komitəsi BMT-nin Vyana bölməsində
cinayətkarlığın qarşısının
alınması və cinayət ədliyyəsi
komissiyasının 19-cu sessiyası çərçivəsində
"Azərbaycan gömrüyü mədəni irsin
keşiyində" adlı sərgi təşkil edib. Eyni
zamanda, Fransanın Strasburq şəhərində Avropa
Şurası Parlament Assambleyasının növbəti
sessiyası ərəfəsində Azərbaycan Respublikası
Xarici İşlər Nazirliyinin təşəbbüsü, eləcə
də Mədəniyyət Nazirliyinin və AŞ PA rəhbərliyinin
dəstəyilə "Azərbaycan gömrüyü mədəni
və dini irsin keşiyində" adlı sərgi, həmçinin
"Azərbaycan gömrüyü mədəni irsin
keşiyində" adlı kitabın təqdimat mərasimi
keçirib. Bir sözlə, bu istiqamətdə davamlı
olaraq işlər aparılır və bu işlər gələcəkdə
də davam etdiriləcək.
Sevinc Osmanova
Həftə içi.- 2012.- 25 yanvar.- S.1;3.