"Eurovision" açarı Azərbaycanda...
Avropa musiqisinin ürəyi Bakıda döyünəcək
Eldar Qasımov və Nigar Camal Almaniyada təşkil
olunan "Eurovision 2011" mahnı müsabiqəsində qələbə
qazanmaqla Azərbaycanın qarşısına bir sıra
öhdəliklər və vəzifələr qoymuş oldular.
Final mərhələsindən dərhal sonra keçirilən
mətbuat konfransında müsabiqənin icraçı
produseri Jan-Ola Sandın müsabiqəsinin şərtlərini
nümayəndə heyətimizə təqdim etməsi də
ölkəmizdə eyniadlı müsabiqənin
hazırlıqlarına start verilməsi demək idi. Xatırladaq
ki, müsabiqə ilə əlaqədar bu il ölkəmizə
43 ölkənin iştirakçıları ilə
yanaşı, həm də 10 minlərlə turist gələcəyi
gözlənilir.
Həm ölkəmizin, həm də bütün
avropanın bu yarışmadan gözləntiləri
çoxdur. Müsabiqədən üzüağ
çıxacağımıza əminik. Bunu "Eurovision-2012"
İşçi Qrupunun rəhbəri Adil Kərimli
saytların birinə verdiyi açıqlamada da təsdiqləyib.
O, müsabiqəyə hazırlıq prosesinin çox
uğurla getdiyini bildirib. Əlavə edib ki, Bakıda
keçiriləcək "Eurovision-2012" mahnı
müsabiqəsi bütün Avropa auditoriyasının və gələn
qonaqların ürəyincə olacaq. Və budur, artıq
"Eurovision" qapımızın astanasındadır...
Ölkəmizdə təşkil olunacaq müsabiqəylə
əlaqədar xarici KİV nümayəndələri,
"Eurovision" müsabiqəsinin təşkilatçıları
öz fikirlərini bildiriblər. "Eurovision" layihəsinin
rəhbəri Yan Ola Sand açıqlamalarının birində
ötən illərdə müsabiqəyə qatılmayan
ölkələrin builki yarışmada iştirakı
yaxşı göstərici olduğunu bildirib. Onun sözlərinə
görə, bu həm də Azərbaycanda keçiriləcək
yarışmaya marağın yüksək olduğuna işarədir:
"Hazırlıqlar yüksək səviyyədə
aparılır. Müsabiqə ilə bağlı gözəl
ideyalar irəli sürülüb. Mən inanıram ki,
müsabiqə çox möhtəşəm keçəcək".
Nümayəndə heyətləri üzrə menecer
Tahir Əliyevin fikrincə isə Eurovision səhnəsində
Azərbaycan öz mədəniyyətini, Avropaya
inteqrasiyasını yüksək səviyyədə əks
etdirəcək bir şou göstərəcək. Müsabiqənin
Azərbaycan üçün əlverişli fürsət
olduğunu deyən qonaqlar hazırlıqların yüksək
səviyyədə aparıldığını bildiriblər.
"Brainpool" TV-nin rəhbəri Jörg Grabosch isə
bildirib ki, müsabiqənin Bakıda keçirilməsi Azərbaycan
üçün böyük fürsətdir ki, öz mədəniyyətini,
ölkəsini Avropaya, bütün dünyaya tanıtsın. Əlavə
edib ki, çoxları Azərbaycanın Avropaya
yaxınlığından, onun gözəl mədəniyyətinin
olmasından xəbərsizdir: "Deyərdim ki, builki
Eurovision yarışması indiyədək keçirilən
müsabiqələrin ən möhtəşəmi
olacaq".
"Eurovision"-nun tədbirlər və kommunikasiya
rəhbəri Sietse Bekker bildirib ki, müsabiqəyə
hazırlıq böyük əmək və məsuliyyət
tələb edir: "Bunun üçün təşkilatçıların
üzərinə daha çox iş düşür. Lakin
Bakı müsabiqəyə uğurla hazırlaşır. Təşkilati
işlər də öz qaydasındadır."
Hazırlıqlar barədə xarici ölkələrdə
də məlumatlar yayımlanır.
EBU-nun kommunikasiya koordinatoru Jarmo Siim fanat ordusunu ətraflı
məlumatla təmin etmək üçün
çalışdıqlarını qeyd edib: "Eurovision
mahnı müsabiqəsi bizim gündəlik işimizdir. Biz əsasən
müsabiqəyə hazırlıqlarla bağlı internetdə
məlumatlar yerləşdiririk. Bunu daha çox sosial şəbəkələr
vasitəsilə həyata keçiririk".
"Eurovision" açarı Bakı
merinin əlində
Dünəndən etibarən "Eurovision-2012"
müsabiqəsi ilə əlaqədar olaraq Bakıda bir
neçə təntənəli mərasim keçirilib. Tədbir
"Buta Palace"da təşkil olunub. Müsabiqənin
açar təqdimetməsi, təmsil olunan ölkələrin
yarımfinal mərhələləri üzrə
püşkatması və Eurovision Mahnı Müsabiqəsi
2012-nin loqo və şüarının prezentasiyası da
eyniadlı məkanda keçirilib.
Müsabiqənin əsas mərasimlərindən olan
açar təqdimetmə mərasimində "Eurovision
2011"ə ev sahibliyi etmiş Düsseldorf şəhərinin
meri Dirk Elsbers "Eurovision" mahnı müsabiqəsinin rəmzi
açarını Bakı Şəhər İcra Hakimiyyətinin
başçısı Hacıbala Abutalıbova təqdim edib. Bununla da Bakı
"Eurovision 2012"yə ev
sahibliyini rəsmən
qəbul etmiş olub.
Açar təqdimetmə mərasimindən sonra
"Eurovision-2012"də yarımfinallarda iştirak edəcək
37 ölkə arasında püşkatma təşkil olunub. Həmçinin
"Böyük beşliyin" (Fransa, Almaniya, İtaliya,
İspaniya, Böyük Britaniya) və keçən ilki
müsabiqənin qalibi olan Azərbaycanın hansı
yarımfinalı yayımlayacağı və səsvermədə
iştirak edəcəyi də müəyyən olunub.
Yarımfinal mərhələlərində iştirak
edən ölkələrin "Eurovision 2012"də
çıxış ardıcıllığı isə mart
ayında nümayəndə heyətləri rəhbərlərinin
görüşü zamanı keçiriləcək
püşkatma nəticəsində bəlli olacaq.
Tədbirin vacib məqamlarından biri
"Eurovision" mahnı müsabiqəsi 2012-nin
konsepsiyasının təqdimatı olub. Möhtəşəm
"Eurovision" axşamında Azərbaycanın ev sahibliyi
edəcəyi müsabiqənin loqo və şüarı
açıqlanıb. "Eurovision-2012"nin ilk təntənəli
tədbirində Avropa Yayımları Birliyinin nümayəndələri
də iştirak edib. Mərasimin gedişində 6
iştirakçı ölkə ilə canlı
bağlantı da olub.
Təqdimetmə mərasimi çərçivəsində
xarici jurnalistlərlə mətbuat konfransı da
keçirilib. Əlavə edək ki, tədbir keçirildiyi
gündən etibarən "eurovision.az" saytı da istifadəyə
verilib.
"Evrovision" loqosunda Azərbaycan
bayrağı
Azərbaycanın bu müsabiqəyə ev sahibliyi ilə
bağlı keçirilən təntənəli mərasimdə
iştirak etmək üçün müsabiqənin
2004-cü il qalibi Ruslana, 2009-cu il qalibi Aleksandr Rıbak və
2010-cu il qalibi Lena Mayer paytaxta qonaq gəliblər.
Tədbirdə "Buta Palace" səhnəsində
Azərbaycana Eurovision qalibiyyəti gətirən Eldar
Qasımov və Nigar Camal, 2009 və 2010-ci illərdəki təmsilçilərimiz
Aysel Teymurzadə və Safurə Əlizadə ilə
yanaşı, Aleksandr Rıbak, Ruslana və Lena Mayer də
çıxış edib.
Qeyd edək ki, 2004-cü ildən etibarən
"Eurovision" mahnı müsabiqəsinin içərisində
ev sahibliyi edən ölkənin bayrağı əks
olunmuş ürək şəkilli logosu var. Buna baxmayaraq, hər
il ev sahibi olan ölkə həmin loqoya dəstək olaraq
öz loqosunu, başqa sözlə, müsabiqənin
konsepsiyasının bədii təsvirini təqdim edir.
Azərbaycan 2011-ci ilin mayında Düsseldorfda
keçirilən Eurovision Mahnı Müsabiqəsində qələbə
qazanaraq Avropanın məşhur yarışmasına ev
sahibliyi hüququ əldə edib. Mayın 22 və 24-də
"Eurovision 2012"nin yarımfinal, 26-da isə final mərhələsi
keçiriləcək. Müsabiqənin qaydalarına əsasən,
5 ölkə - Almaniya, Fransa, Böyük Britaniya, İtaliya və
İspaniya, eləcə də ötənilki müsabiqənin
qalibi kimi Azərbaycan birbaşa final mərhələsində
çıxış edəcək.
Sonda onu da qeyd edək ki, "Eurovision-2012"
mahnı müsabiqəsinin harada keçirilməsi artıq rəsmi
olaraq təsdiqlənib. Avropa Yayım Birliyinin nümayəndələri
və Məşvərət Qrupu müsabiqənin Bayraq
Meydanında inşa olunan "Baku Crystall Hall" sarayında
keçirilməsinə qərar veriblər.
Nigar İxtiyarqızı
Həftə içi.- 2012.- 26 yanvar.- S.
8.