Azərbaycan
Gömrük Xidməti İKT sahəsində böyük
uğurlar əldə edib
Yanvarın 30-u Azərbaycan Gömrük Xidməti əməkdaşlarının
peşə bayramıdır. Qeyd edək ki, düz 20 il bundan əvvəl
ölkəmizdə Dövlət Gömrük Komitəsi
yaradılıb. Amma o zamankı ictimai-siyasi vəziyyət bu
qurumun formalaşmasına imkan vermədiyindən Dövlət
Gömrük Komitəsinin inkişafı məhz mərhum
prezident Heydər Əliyevin adı ilə bağlıdır.
Çünki onun hakimiyyətə qayıdışından
sonra Azərbaycan Gömrük Xidməti mükəmməl
hüquqi bazaya, inkişaf etmiş infrastruktura malik olmaqla
ölkənin quru, hava və dəniz yollarında
respublikanın iqtisadi mənafeyini və təhlükəsizliyini
daha etibarlı şəkildə qorumağa başlayıb. Bu
gün Dövlət Gömrük Komitəsi öz fəaliyyətində
ən müasir informasiya texnologiyalarını tətbiq etməklə
işini uğurla davam etdirir. Azərbaycan Gömrük Xidmətinin
20 illik yubileyi ərəfəsində "Həftə
içi" qəzetinin müsahibi Dövlət Gömrük
Komitəsinin Statistika və İnformasiya Texnologiyaları
Baş İdarəsinin rəisi, gömrük xidməti
general-mayoru İqbal Babayevdir.
- İqbal müəllim, bu gün Azərbaycanda demək
olar ki, bütün sahələrdə elektron xidmətlərin
tətbiqinə başlanılıb. Sizin fikrinizcə,
hazırda mövcud hüquqi baza əhaliyə beynəlxalq
standartlara uyğun elektron xidmətlərin göstərməsinə
imkan verirmi?
- Ümumiyyətlə, beynəlxalq təcrübələrə
görə informasiya texnologiyalarının inkişafı
müasir cəmiyyətin formalaşmasına böyük təsir
göstərir və insanlara asanlıqla informasiya əldə
edilməsinə imkan yaradır. İnformasiya cəmiyyətinin
qurulması ictimai həyatın bütün sahələrində
müasir informasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqi
yolu ilə həyata keçirilir. Elektron hökumət,
elektron iqtisadiyyat, elektron ticarət, elektron təhsil, elektron
gömrük və s. digər sahələr üzrə
elektron xidmətlərin yaradılması informasiya cəmiyyətinin
əsasını təşkil edir. Hesab edirəm ki, Azərbaycan
Respublikasında informasiya cəmiyyətinin qurulması
üçün kifayət qədər mükəmməl
hüquqi baza formalaşıb.
Hüquqi bazanın əsasını isə
ümummilli liderimiz Heydər Əliyevin 17 fevral 2003-cü il
tarixli "Azərbaycan Respublikasının inkişafı
naminə informasiya və kommunikasiya texnologiyaları üzrə
Milli Strategiyanın (2003-2012-ci illər) təsdiq edilməsi"
haqqında sərəncamı təşkil edir. Sərəncamın
icrası və ondan irəli gələn vəzifələrin
həyata keçirilməsi informasiya-kommunikasiya
texnologiyalarının bütün sahələrdə tətbiqinə
geniş şərait yaradıb. Məsələn,
"Azərbaycan Respublikasında rabitə və informasiya
texnologiyalarının inkişafı üzrə 2010 - 2012-ci
illər üçün Dövlət Proqramı"nın
(Elektron Azərbaycan)" təsdiq edilməsi haqqında Azərbaycan
Respublikası Prezidentinin sərəncamı, Azərbaycan
Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli "Dövlət
orqanlarının elektron xidmətlər
göstərməsinin təşkili sahəsində bəzi tədbirlər
haqqında" fərmanı, "İnformasiya əldə
etmək" haqqında Azərbaycan Respublikasının
Qanunu, Elektron imza və elektron sənəd haqqında Azərbaycan
Respublikasının Qanunu, Elektron ticarət haqqında Azərbaycan
Respublikasının Qanunu, Azərbaycan Respublikasında
Milli Ödəniş Sisteminin inkişafı üzrə
2005-2007-ci illər üçün Dövlət Proqramı,
Azərbaycan Respublikasında 2005-2008-ci illərdə
"Elektron hökumət"in formalaşdırılması
üzrə Fəaliyyət Proqramı, Azərbaycan
Respublikasında kosmik sənayenin yaradılması və
inkişafı üzrə Dövlət Proqramı və s. sənədlər
mövcud hüquqi bazanın daha da təkmilləşdirilməsinə
imkan verib. Beləliklə də bu və ya digər
normativ-hüquqi aktlar əsasında dövlət
orqanlarının əhaliyə beynəlxalq standartlara
uyğun elektron xidmətlərin göstərməsinin əsas
prinsipləri müəyyən edilib və elektron xidmətin
platforması yaradılıb.
- Bəs Azərbaycanın gömrük xidmətində
İKT-nin inkişaf tarixi neçənci illərdən
başlayıb?
- Əgər gömrük xidmətində İKT-nin
inkişaf tarixinə nəzər salsaq görərik ki, bu xidmətdə
informasiya-kommunikasiya texnologiyalarının geniş miqyasda və
planlı şəkildə işlənməsi və tətbiqi
1995-ci ildən sonra başlanıb. 1995-ci ildən 1999-cu illərdə
korporativ şəbəkənin qurulması əsas prioritet
istiqamətlərdən biri kimi müəyyən edilib. Eyni zamanda qeyd etmək lazımdır ki, o zamanlar
gömrük orqanları arasında informasiya mübadiləsi
yalnız məlumatların fiziki olaraq toplanması və vahid
bazaya yazılması yolu ilə həyata keçirilirdi.
1999-cu ildən etibarən isə gömrük xidmətinin
İKT strategiyası artıq beynəlxalq standartlar səviyyəsində
qurulmağa başlanıb. Belə ki, BMT-nin
İnkişaf Proqramı və Azərbaycan Hökuməti
arasında həyata keçirilən "Azərbaycan
Respublikası Dövlət Gömrük Komitəsinin
Potensialının Gücləndirilməsi və Məlumatların
Ötürülməsi Şəbəkəsinin
yaradılması" layihəsi avtomatlaşdırılmış
idarəetmə sisteminin yaradılması sahəsində
gömrük xidmətinin inkişafına olduqca müsbət
təsir göstərib. Layihənin icrası nəticəsində
"on-line" rejimdə Dövlət Gömrük Komitəsi
və gömrük orqanları arasında birbaşa informasiya
mübadiləsi, həmçinin dövlət sərhəd
buraxılış məntəqələrinin şəbəkə
ilə əhatə olunması təmin edilib, həmçinin
radiokanallar və "frame-relay" texnologiyaları tətbiq
olunub.
2000-2009-cu illərdə isə gömrük işinin
avtomatlaşdırılması, biznes prosesin idarə
olunmasında kompyuter texnologiyalarından istifadə
olunması, gömrük prosedurları üzrə müvafiq
proqram təminatlarının işlənməsi və vahid məlumat
bazasının yaradılması istiqamətləri üzrə
layihələr reallaşdırılıb.
2009-cu ildən başlayaraq Dövlət Gömrük
Komitəsi İKT sahəsində yeni bir mərhələyə,
gömrük işinin avtomatlaşdırılmış idarəetmə
sisteminin WEB texnologiyası əsasında qurulması mərhələsinə
keçib. Bu
illərdə DGK-nın korporativ şəbəkəsi yeni
texnologiyalar əsasında yenidən fiber optik rabitə xətləri
əsasında qurulub, server sistemi tam yenidən
formalaşıb. Eyni zamanda, "Gömrük xidmətinin
Vahid Avtomatlaşdırılmış İdarəetmə
Sistemi (VAİS)" layihəsi işlənərək tətbiq
edilib. Qeyd edim ki, VAİS gömrük işində
gömrük prosedurlarının
avtomatlaşdırılması və elektron gömrük xidmətinin
təşkil edilməsi üçün hazırlanmış
idarəetmə sistemidir. VAİS bütün
gömrük işini əhatə edərək sərhəd
gömrük buraxılış məntəqələrində,
daxili gömrük orqanlarında və müvafiq icazə sənədlər
ilə təmin edən digər dövlət təşkilatlarında
inteqrasiyanı təmin edən sistemdir. Hazırda
VAİS bütün gömrük orqanlarında tətbiq edilir
və bütün gömrük prosedurları VAİS üzərindən
həyata keçirilir.
- Sözsüz ki, digər sahələrdə
olduğu kimi, gömrük sahəsində də İKT layihələrinin
tətbiqi xüsusi yanaşma tələb edir. Sizcə,
İKT layihələrinin işlənməsi və tətbiqi
üçün əsas hansı istiqamətlər inkişaf
etdirilməlidir?
- Doğrudur ki, başqa sahələrdə olduğu
kimi, gömrük sahəsində də İKT layihələrinin
tətbiqi üçün xüsusi yanaşma lazımdır.
Ümumiyyətlə,
hər hansı bir dövlət orqanında İKT layihələrinin
işlənməsi və tətbiqi üçün 5 əsas
istiqaməti inkişaf etdirmək zəruridir. Bu istiqamətləri
həmin təşkilatda "İKT-nin dirəkləri" də
adlandırmaq olar:
1. İKT-nin tətbiqi ilə bağlı siyasi iradə
2. İnfrastrukturanın inkişafı
3. Biznes prosesin təkmilləşdirilməsi
4. İnnovasiya layihələrinin tətbiqi
5. Potensialın gücləndirilməsi
Əgər bu istiqamətlərə
ayrı-ayrılıqda nəzər salsaq görərik ki, hər
biri çox vacibdir. Məsələn, siyasi iradə nəticəsində
İKT layihələrinin tətbiqi müvafiq qanunvericilik
bazası əsasında həyata keçirilə bilər. Bu
istiqamətdə hüquqi baza 2003-cü ildə ümummilli
lider Heydər Əliyev tərəfindən Milli
Strategiyanın təsdiq edilməsi müəyyənləşdirildi.
Sonra prezident İlham Əliyev 2003-cü ildə
Cenevrədə təşkil edilmiş İnformasiya Cəmiyyəti
üzrə Dünya Sammitində "Qara qızılı
insan qızılına, intellektual potensiala çevirək"
tezisini söyləməklə Azərbaycanda İKT-nin
inkişafı üzrə siyasi iradəni bir daha möhkəmlətdi.
İKT layihələrinin tətbiqi üçün əsas
şərtlərdən biri də infrastrukturun
inkişafıdır. Son dövrdə
bütün gömrük sistemi üzrə daxili və sərhəd
keçid məntəqələrində müasir binaların
tikilməsi, onların yüksək səviyyəli maddi texniki
avadanlıqlarla təmin edilməsi İKT layihələrinin tətbiqi
üçün əlverişli və dayanıqlı
avtomatlaşdırılmış sistemin
formalaşdırılmasına şərait yaradıb.
Hazırda bütün gömrük orqanlarını birləşdirən
müasir texnologiyalar əsasında qurulmuş gömrük
xidmətinin koorporativ şəbəkəsi fəaliyyət
göstərir. Bu şəbəkə gömrük
orqanları arasında yüksək keyfiyyətlə məlumatların,
səsin və videogörüntülərin ötürülməsini
təmin edir. Qeyd etmək lazımdır ki, Dövlət
Gömrük Komitəsində İKT layihələri
üçün infrastruktura tam formalaşıb. Həmçinin,
İKT layihələrinin tətbiqində biznes prosesin təkmilləşdirilməsi
də əsas istiqamətlərdən biridir. Məlumdur ki,
müstəqilliyimizi əldə etdikdən sonra bütün
sahələrdə olduğu kimi, gömrük sahəsində
də müstəqil siyasətimizə və qanunverici aktlara əsaslanan
yeni biznes prosesin yaradılması və işlənməsi zəruri
bir hal idi. Bu biznes proseslərin əsasında dövlət
orqanlarının fəaliyyət mexanizmi işə
salındı və nəticədə yüksək iqtisadi
göstəricilərə malik olan ölkəyə
çevrildik. Hazırda inkişafımızın yeni mərhələsi
- informasiya cəmiyyətinin formalaşması mərhələsi
başlanmış və elektron hökumətin qurulması
prosesi surətlə davam edir. Lakin mövcud olan biznes prosesi
elektron hökumətin tələblərinə uyğun olaraq
təkmilləşdirməsi zərurəti yaradıb. Bu sahədə
Gömrük Komitəsində genişmiqyaslı işlər
həyata keçirilir, beynəlxalq təcrübələr
öyrənilir. Azərbaycan Respublikasının yeni
"Gömrük Məcəlləsi" təsdiq edilmiş
və bu qanunverici akt əsasında yeni biznes proses
formalaşmaqdadır. Son zamanlar komitə sədrinin əmri ilə
30-a yaxın qeydiyyat jurnalları əlyazma formasından
elektron forma ilə əvəz edilib.
"Biznes-Gömrük" əməkdaşlığında
yeni prosedurlar işlənilib və şəffaflığın
təmin edilməsi üçün gömrük işinin
biznes prosesində təkmilləşdirmə işləri həyata
keçirilib.
Bundan başqa, İKT layihələri
özü özlüyündə yaradıla bilməz. Bu tipli
layihələrin tətbiqi və uzunömürlü
olması üçün müvafiq mühit
formalaşmalıdır ki, layihənin nəticəsi səmərəli
olsun. Bu mühiti formalaşdırmaq üçün innovasiya
tipli layihələr həyata keçirmək lazımdır. Məsələn, Dövlət Gömrük Komitəsində
"Bir pəncərə" sisteminin yaranması,
gömrük orqanlarına test üsulu ilə işə qəbul
olunma, beynəlxalq elmi-praktiki konfransların təşkili və
s. bu kimi layihələr İKT-nin tətbiqini
stimullaşdırır və zəruri bir layihə kimi
yaranmasını tələb edir.
İKT layihələrinin
reallaşdırılmasında həm də potensialın
gücləndirilməsi vacibdir. Kadr siyasəti isə
potensialın gücləndirilməsində ən əsas
faktorlardan biri hesab edilir. Potensialın gücləndirilməsi
istiqamətində həyata keçirilən layihələrdən
DGK-nın Regional Tədris Mərkəzinin yaranması,
gömrük xidmətinə
avtomatlaşdırılmış test üsulu ilə işə
qəbul olunma kimi layihələri misal göstərmək
olar. Dövlət Gömrük Komitəsi ilə
Ümumdünya Gömrük Təşkilatı ilə sıx
əməkdaşlıq edir və ÜGT-nin Regional Ofisinin
Bakı şəhərində açılması buna misal
göstərmək olar.
- Məlumdur ki, hansısa yeni layihənin
reallaşdırılması zamanı həm də zəruri
meyarlar müəyyənləşdirilir. Gömrük xidmətində
İKT layihələrinin tətbiq edilməsi
üçün əsas meyarlar nədən ibarətdir?
- Bu meyarlar layihənin məqsədinin
formalaşması, layihənin tətbiq və istismar şərtlərinin
müəyyənləşdirilməsi, layihənin tətbiq
zonası, əhatə dairəsi və mühitinin təyin
olunması, layihənin tətbiqində yarana biləcək
problemlərin və risklərin müəyyən edilməsindən
ibarətdir. Bu
meyarlara nəzər salsaq görərik ki, hər biri olduqca zəruridir.
Məsələn, layihənin məqsədi dedikdə burada
ticarətin asanlaşdırılması, subyektiv amillərin ləğv
olunması, məlumat mübadiləsinin operativliyi,
gömrük xidmətində şəffaflığın təmin
edilməsi əsas götürülür.
Gömrük işində İKT layihələrinin
yaradılma şərtlərini isə belə müəyyənləşdirmək
olar. İlk
növbədə sistem mövcud qanun çərçivəsində
fəaliyyət göstərməlidir. Sistem real
vəziyyətə uyğun olaraq layihələnməli, layihə
real olmalı və layihələndirmədə 4 əsas meyar
nəzərə alınmalıdır: ölkənin
qanunvericilik bazası, iqtisadiyyatı, coğrafi mövqeyi və
sərhədləri, habelə xalqın mədəniyyəti.
Bundan başqa, sistem texnologiyanın dinamik
inkişafına cavab verməlidir. Yəni sistem elə
qurulmalıdır ki, texnologiya inkişaf etdikcə müəyyən
dəyişiklik etməklə sistemi inkişaf etdirmək
mümkün olsun.
Onu da deyim ki, gömrük işində İKT layihələri
xüsusi texniki platforma üzərində qurulur. Əsas
platforma İKT infrastrukturasının inkişaf etdirilməsindən,
lokal informasiya platformasının, qlobal informasiya platformasının,
qərar qəbuletmə platformasının
yaradılmasından ibarətdir.
- Hazırda gömrük sahəsində həyata
keçirilən İKT layihələri hansı sahələri
əhatə edir? Ümumiyyətlə, gömrük
prosedurlarının avtomatlaşdırılması və
elektron gömrük xidmətlərinin təşkili məqsədilə
görülən işlər barədə nə deyə bilərsiniz?
- Bu gün gömrük sahəsində İKT layihələri
əsasən, mal və nəqliyyat vasitələrinin
qeydiyyatı və gömrük rəsmiləşdirilməsi,
gömrük əməliyyatları üzrə maliyyə fəaliyyətinin
tənzimlənməsi, gömrük sahəsində hüquqpozmalar
faktının qeydiyyatı, statistik məlumatların
formalaşması və analitik təhlilin aparılması,
müəssisələrdə resursların idarə edilməsi,
gömrük sistemində sənəd dövriyyəsinin təmin
edilməsi, gömrük məsələləri üzrə
ictimaiyyətin müvafiq informasiya və elektron gömrük
xidmətləri ilə təmin edilməsi sahələrini əhatə
edir. Bundan başqa, baytarlıq, fitosanitar və
sanitar-karantin xidmətləri, maliyyə və tarif dərəcələrinin
tənzimlənməsi və Xarici İqtisadi Fəaliyyətin
Əmtəə Nomenklaturası (XİFƏN), əqli mülkiyyət
hüquqlarının qeydiyyatı və nəzarəti,
xüsusi nəzarətdə olan malların gömrük təmizlənməsi,
hüquqpozma faktlarının qeydiyyatı, risklərin idarə
olunması, yol vergilərinin formalaşması və idarə
olunması, valyuta sərvətlərinin qeydiyyatı,
gömrük nəzarəti altında olan mal və nəqliyyat
vasitələrinin hərəkətinə nəzarət
"GPS naviqasiya", xarici ticarətin gömrük
statistikası və analitik təhlil, internet
resurslarının idarə olunması, gömrük rəsmiləşdirilməsi
üçün tələb olunan icazə sənədləri
və beynəlxalq yükdaşımalarda müyyən
edilmiş "Kvotalar" üzrə digər dövlət
orqanları ilə inteqrasiya sistemini əhatə edir. Ümumiyyətlə isə gömrük
prosedurlarının avtomatlaşdırılması və
elektron gömrük xidmətlərinin təşkili məqsədilə
Gömrük Komitəsində geniş miqyasda İKT layihələri
tətbiq edilir. Nəticədə
"Dövlət Gömrük Komitəsində İKT-nin yeni
inkişaf strategiyası" işlənərək komitənin
bu sahəyə cavabdeh olan baş idarəsində struktur dəyişikliyi
həyata keçirilib. 2010-cu ildə komitə sədrinin
əmri ilə baş idarədə "İnternet resurslarının
idarə olunması", "Sistem inteqrasiyası",
"Layihələrin idarə olunması",
"İnformasiya təhlükəsizliyi" və s. kimi yeni
şöbələr yaradılıb. Bir məqamı
da vurğulayım ki, son dövrdə komitə sədri tərəfindən
Gömrük Komitəsində İKT-nin tətbiqi ilə
bağlı 50-dən çox əmr və göstəriş
imzalanıb. Bunlardan xüsusilə "Gömrük
orqanlarının korporativ informasiya sistemlərində elektron
imzadan istifadə olunması haqqında", "Dövlət
sərhədinin buraxılış məntəqələrindən
keçirilən malların və nəqliyyat vasitələrinin
yoxlanılmasında "Bir pəncərə" prinsipinin
avtomatlaşdırılmış idarəetmə sisteminin tətbiqi
haqqında", "Azərbaycan Respublikası Dövlət
Gömrük Komitəsinin İnternet informasiya
resurslarının yaradılması haqqında", "Azərbaycan
Respublikası Dövlət Gömrük Komitəsinin yeni rəsmi
internet saytının yaradılması və istismara verilməsi
haqqında", "Dövlət Gömrük Komitəsində
kargüzarlıq işinin avtomatlaşdırılması
haqqında", "Malların gömrük rəsmiləşdirilməsi
və nəzarəti üzrə
avtomatlaşdırılmış idarəetmə sistemləri
haqqında", "Hüquqpozmalar faktının
qeydiyyatı haqqında", "BYD kitabçaları üzrə
məlumatların birbaşa avtomatik ötürülməsi
haqqında" və s. digər bu kimi əmr və göstərişləri
misal göstərmək olar. Digər tərəfdən, komitənin
informasiya resurslarının təhlükəsizliyini təmin
etmək və məlumatların daxil edilməsinə və
emalına hüquqi statusun verilməsi məqsədilə
2009-cu ildən Dövlət Gömrük Komitəsində
"Elektron imza və informasiya sistemlərinin təhlükəsizliyi"
sistemi tətbiq edilərək 2000 gömrük əməkdaşı
"Elektron açar" ilə təmin edilib. Bundan
başqa, komitə sədrinin müvafiq əmri ilə Dövlət
Gömrük Komitəsində kargüzarlıq işinin daha
da təkmilləşdirilməsi, onun müasir texnologiyalar əsasında
avtomatlaşdırılmış vahid sistem və forma əsasında
aparılması məqsədilə sənəd dövriyyəsinin
avtomatlaşdırılmış idarəetmə sistemi
bütün gömrük orqanlarında tətbiq edilir.
Gömrük sahəsində hüquqpozmalara
qarşı mübarizə sahəsində də informasiya
texnologiyaları geniş tətbiq edilir. Komitədə yaradılmış "Hədəf
Mərkəzi"nə bütün məlumatlar bazası və
yerli gömrük orqanlarının 800-ə yaxın
kamerası birləşdirilərək, daxili və sərhəd
keçid məntəqələrinin videomüşahidəsi
real vaxt rejimində həyata keçirilir. Hədəf mərkəzində
ölkə ərazisində gömrük nəzarəti
altında hərəkət edən nəqliyyat vasitələrinin
müəyyən edilmiş marşrutla gömrük təyinat
məntəqəsinə çatmasına nəzarət etmək
məqsədilə "İki gömrük orqanı
arasında daşınan mallara nəzarət GPS naviqasiya
sistemi" Dövlət Gömrük Komitəsində tətbiq
edilir. Layihənin nəticəsi olaraq
ölkə ərazisində gömrük nəzarəti
altında hərəkət edən 500 ədəd nəqliyyat
vasitəsinə, eyni zamanda, nəzarət etmək
mümkündür.
Bundan başqa, yeni yaradılmış "Mobil
qruplar"ın avtomobilləri kompyuter avadanlıqları,
video kamera qurğuları və "Mobil VAİS" proqram təminatı
ilə təchiz edilib.
Bir sözlə, hazırda ölkə prezidentinin 16
fevral 2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş
"Dövlət və yerli özünüidarə
orqanlarının aktlarının elektron informasiya sistemləri
vasitəsilə açıqlanması Qaydası"ndan, o
cümlədən 23 may 2011-ci il tarixli "Dövlət orqanlarının
elektron xidmətlər göstərməsinin təşkili sahəsində
bəzi tədbirlər haqqında" fərmanından irəli
gələn vəzifələr uğurla yerinə yetirilir.
Bununla əlaqədar komitə sədrinin 25 may 2011-ci il tarixli əmrinə
əsasən, Dövlət Gömrük Komitəsi sistemində
gömrük prosedurları və xidmətlərinin təkmilləşdirilməsi,
kağız sənədlərdən istifadənin məhdudlaşdırılaraq
elektron formada həyata keçirilməsi və biznes proseslərin
kağızsız texnologiya əsasında qurulması,
hazırlanmış hüquqi aktların layihələrinin
müvafiq dövlət orqanlarına razılaşdırmaya
göndərilməzdən əvvəl DGK-nın internet
saytında yerləşdirilməsi, eləcə də elektron
gömrük xidmətləri sahəsinin daha da genişləndirilməsi
və s. tədbirlər həyata keçirilir.
- İqbal müəllim, komitə bu sahədə əldə
etdiyi uğurları beynəlxalq tərəfdaşları ilə
bölüşürmü?
- Qeyd edim ki, Azərbaycan gömrük xidmətinin bu
sahədə əldə etdiyi uğurlar müxtəlif beynəlxalq
tədbirlərin müzakirə mövzusuna çevrilib. Bunun
nəticəsidir ki, Dövlət Gömrük Komitəsində
elektron gömrük xidmətləri üzrə həyata
keçirilən layihələrlə və DGK-nın İKT
strategiyası ilə tanış olmaq məqsədi ilə
Özbəkistan, Rusiya Federasiyası, Makedoniya və Argentina
gömrük xidmətlərinin nümayəndələri Azərbaycana
səfər ediblər.
Bundan başqa, gömrük işində informasiya sistemləri
və informasiya texnologiyalarının tətbiqi təcrübəsinin
öyrənilməsi və gömrük xidmətində
informasiya texnologiyalarının gələcək inkişaf
istiqamətlərinin müəyyən edilməsi məqsədilə
Dövlət Gömrük Komitəsi artıq
üçüncü ildir gömrük işində İKT
üzrə beynəlxalq elmi-praktik konfrans keçirir. Keçirilmiş konfranslarda gömrük
xidmətində informasiya-kommunikasiya texnologiyaları və
"e-Gömrük" xidmətləri, gömrük-biznes əməkdaşlığında
İKT-nın rolu və dövlət orqanlarında elektron xidmətlər
göstərilməsinin təşkili məsələləri
müzakirə olunub. Məsələn,
ötən il sentyabrın 12-13 tarixlərində
Bakıda - "Elektron gömrük xidmətləri: gələcəyə
baxış" mövzusunda III beynəlxalq elmi-praktik konfrans
keçirildi. Konfransda 25 ölkənin nümayəndəsi
daxil olmaqla, dövlət və qeyri-dövlət təşkilatlarından
300-dən çox nümayəndə iştirak etdi.
Dövlət Gömrük Komitəsi, eyni zamanda, gömrük
sistemində İKT-nin tətbiqi və
"e-Gömrük" layihələri ilə bağlı Azərbaycan
Respublikası Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyi, Milli Elmlər Akademiyasının Kibernetika
İnstitutu və Milli Elmlər Akademiyasının
İnformasiya Texnologiyaları İnstitutu ilə sıx əməkdaşlıq
edir. Bütün bunlar göstərir ki, komitə
bu sahədə əldə etdiyi uğurlarla kifayətlənmir
və gələcəkdə də uğurlarının
davamlı olması üçün mövcud İKT
strategiyasını ilbəil təkmilləşdirir.
Sevinc Osmanova
P.S. Gömrük Xidmətinin 20 illik yubileyi ərəfəsində
Azərbaycan Prezidenti İlham Əliyev bir qrup gömrük əməkdaşını
xüsusi rütbələrlə mükafatlandırıb. Xüsusi rütbə alanlar sırasında
Gömrük Komitəsinin Statistika və İnformasiya
Texnologiyaları Baş İdarəsinin rəisi İqbal
Babayev də var və ona gömrük xidməti general-mayoru
rütbəsi verilib. Bu münasibətlə
"Həftə içi" qəzetinin kollektivi İqbal
Babayevi təbrik edir və ona işlərində yeni-yeni
uğurlar arzulayır.
İqbal Babayev
Həftə içi.- 2012.- 27 yanvar.-
S.1;3.