"Kim olduğumu bilməmişəm"
Onun "Azərbaycan gəncləri" qəzetində,
"Ulduz" və "Azərbaycan" jurnallarında o qədər
şeirləri çap olunub. Özü də böyük əksəriyyəti
məhəbbət mövzusunda idi. Hələ 1968-70-ci illərdən
istedadlı şair kimi imzasını tanıda bilmişdi
Tofiq Xəlil. Haqqında yazı yazmağa hazırlaşanda
öyrəndik ki, şairliyi ilə bərabər həm də
respublikanın ən tanınmış, öz peşəsini
mükəmməl bilən dünyaşöhrətli uşaq
həkimidir. Minlərlə körpə uşaqları həyata
qaytarıb, ümidini itirən analara ümid verib, gözlərində
işıq yandırıb.
Beləliklə, "Seçilənlər"
rublikasının budəfəki qonağı
tanınmış şair və həkim, "Qızıl Qələm"
mükafatı laureatı Tofiq Xəlildir. Özü də
deyir ki, xoşbəxtlik hər adama qismət olmayan ilahi
payıdır. Çoxları kimi o da hesab edir ki, hər adamın
üzünə də tanrı öz qapısını
açmır, onun sevgisinə, xoşbəxtliyin zirvəsinə
çata bilmir. Zirvə deyəndə bəzən adamlar onun
saçının ağlığını, keçdiyi həyat
yolunu başa düşür.
Tofiq Xəlil kimi ziyalılarımız elə
yaradıcılığa başladığı dövrdən,
həyatı dərk edən andan həyat onu ucalığa
aparıb. İki ömür yaşayır - şair və həkim.
Deyir ki, bəzən həkim ömrü onun şair
ömrünü, eləcə də əksinə, şair
ömrü həkim ömrünü əvəzləyir. Amma
həkim ömrü onun həyatında daha üstün
mövqeyə malikdir. Çünki Tofiq Xəlil bir həkim
kimi peşəsini çox sevir. Sözə nə qədər
hörmətlə, ona müqqəddəs kimi yanaşırsa,
o həkim sənətinə də elə yanaşır. Hər
iki sənət insanlara şəfa gətirir. Həkimlər
insanlara cismani sağlamlıq verdiyi kimi, şairlər də mənəvi,
ruhi sağlamlıq gətirir.
Xalq şairləri Bəxtiyar Vahabzadə, Fikrət
Qoca, Əliağa Kürçaylı, Nüsrət Kəsəmənli,
İbrahim Göyçaylı kimi şairlərlə bir cərgədə
duran və bu gün ömrünün 65- ci baharını
yaşayan Tofiq Xəlil boylanıb geriyə baxır və
keçən ömrünü kitab vərəqləri kimi səhifələyə-səhifələyə
deyir: "Əmim Bələd Nəsirov məşhur həkim
olub. Fin, alman və yapon müharibələrinin
iştirakçısı olub. Həkim sənətinə məndə
həvəsi anam yaradıb, o mənə böyüyəndə
əmim kimi həkim olmağı arzulayardı".
Şairlik isə Tofiq Xəlilin içindən gəlir.
Dediyinə görə, hələ doğulduğu Hacıqabul
rayonunda 13 saylı dəmir yol orta məktəbinin 3-4-cü
sinfində təhsil alarkən yazdığı şeirlər
məktəbin divar qəzetində, "Göyərçin"
və "Pioner" jurnallarında, "Azərbaycan
pioneri" qəzetində dərc olunub.
"Həyat əyri
güzgüdür..."
Müsahibimiz deyir ki, SSRİ dövründə indiki
kimi açıq-aydın fikir söyləmək, şeir
yazmaq olmurdu və yazanların da aqibəti göz
qabağında olurdu. Ona görə
də şeirlərimizdə ən çox
sözaltı ifadələri işlədirdik: "Yəni fikrimizi oxucuya
dolayısı yolla
çatdırırdıq. Tələbəlik illərində
belə bir ifadə işlətmişdim
"Həyat əyri güzgüdür, heç kəsi olduğu kimi göstərmir". Demək istəyirəm
ki, bu gün
həmin o istedadlılar qayğıdan uzaq düşüblər. Ümumiyyətlə,
xeyirxah və istedadlı insanlar
heç vaxt birləşə
bilmirlər. Çünki həyatda həmişə
köməksiz olublar. Maksim
Qorkinin bir kəlamında
deyilir ki, xeyirxahlar, bədxahlardan birləşməyi
öyrən. "Həyat əyri güzgüdür, heç
kəs də olduğu kimi
görsənmir", bu fikri
mən tələbə vaxtı demişəm, istedadlılar
istedadsızların, xeyirxahlar isə bədxahların
həmişə qurbanına çevrilib.
İndiki dövrdə qəribə "müdir modeli" əmələ
gəlib. Həmin bu adamlar
efirlərə çıxıb düzlükdən, haqq və ədalətdən, bir
sözlə həqiqətdən, kişilikdən, qeyrətdən
dəm vururlar. Amma
rüşvətxor, əliəyri, ədalətsiz, haqqı
tanımayan elə onların özləridir".
Tofiq Xəlil "Mən bir şair kimi
özümü gözə soxmamışam, heç Azərbaycan
Yazıçılar Birliyinin üzvü də deyiləm",
- deyir. Onun fikrincə, şöhrət, ad dalınca qaçan
şairlərdən olmayıb: "Şöhrət mənə
yaxınlaşsa da, nədənsə mən
ondan uzaq olmağa çalışmışam. Əsrlər
boyu belə olub.
İstedadlı yazarlar həmişə
gendə qalıb. Amma illər keçəndən sonra
zaman onu xəlbirindən
ələyib üzə çıxardıb. 1971-ci ildə akademik Bəkir Nəbiyev yazdığı
"Özünütənqid və Ədəbiyyatşünaslıq"
kitabının lirika 71-ci bölməsində
mənim yaradıcılığıma böyük
qiymət verərək məni "üfüqdə
görünən gəncliyin bayraqdarı"
adlandırmışdı".
Həmsöhbətimiz müəllifi olduğu "Fələstinli"
şeirinin hətta dərslik kimi istifadə olunan kitaba
düşdüyünü də söyləyir və bu
şeirdən bir bəndi xatırlayır:
Körpə dünyaya gəlməyə qorxar,
Hara gəlsin, yaşamağa
vətəni yox.
Qoca dünyada
ölməyə qorxar,
Necə ölsün, torpağı,
kəfəni yox.
Dediyinə görə, bu şeiri Azərbaycan
üçün yazıb. Amma o dövrdə çap eləmədiyindən
məcburiyyət qarşısında adını dəyişib
"Fələstinli" qoyub. Tofiq Xəlil torpaqlarımızın əsrlər
boyu parça-parça
doğrandığını, bu gün də bölünərək kiçildiyini ürəkağrısı ilə
söyləyir: "Bizi yandıran təkcə
Qarabağ dərdi deyil.
Azərbaycan bütövlükdə dərd, od
içindədir".
Ardınca da
özünün yazdığı "Qarabağ" şeirindən bir
parça deyir:
Qarabağım, qarabaxtım,
Düşmən gəlirdi
mən hara baxdım?
Qarabağım, qarabaxtım,
Döşümə qanqal,
qərənfil taxtdım.
Tofiq Xəlil deyir ki, nə yazıbsa, Azərbaycan
xalqı, sadə insanlar üçün yazıb: "Haqq mənim
sözümdür. Şair
olan kəs gərək sözün
böyüklüyünü, hikmətini,
qüdrətini qoruya bilsin.
Çünki müqqəddəs
"Qurani-Kərim", eləcə də səmavi kitablar da sözlə
yazılıb. Əsrlər ötüb keçir, dövlətlər dəyişir, amma səmavi kitablarda yazılan sözün hikməti, dəyərli kəlamları
olduğu kimi
qalır, insanların şüurunda daha da dərin iz buraxır".
Həmsöhbətimiz söyləyir ki, vaxtilə
şeirləri bir çox xalqların dillərinə tərcümə
edilərək çap olunurdu. Amma dediyinə
görə, heç vaxt
şöhrət dalınca qaçmayıb, heç
bir fürsətdən istifadə etməyib:
"Tanrı üzümə min yol qapı açıb, amma
bəxtim o qapılardan baxıb
qaçıb. Yazıçılar Birliyinin
üzvü olmaq həvəsində
deyiləm, vallah niyəsini heç özüm də
bilmirəm. Vaxtında mənə çox
təkliflər olub, amma
mən özümü azad
hiss etmişəm, kommunist
kölgəsindən həmişə qaçmışam. Elə
buna görə də SSRİ
dövründə zəhmi ağır olan
bu birliyin üzvü olmaq istəməmişəm".
Tofiq Xəlil hesab edir ki, istedadlı yazar
üçün Yazıçılar Birliyinin üzvü
olmaq indiki dövrdə elə də əhəmiyyət
daşımır: "Gərək səni xalq tanısın,
kifayət qədər oxucun olsun. Bunun üçün də
təbliğatın olmalıdır, ilk öncə elə
şeir yazmalısan ki, insanlar ondan bəhrələnə
bilsin".
"Keçmişə güllə
atsan..."
Tanınmış şair onu da deyir ki, istedadlı gənclərimiz
çoxdur. Amma dünənini, keçmişini bəyənmirlər.
Tofiq Xəlilin gənclərə tövsiyəsi odur ki, keçmişə
arxa çevirməsinlər. Onlar keçmişə boylansınlar ki, sabahımızı görə və ədəbiyyatımızda
da o milliliyi
qoruyub saxlaya bilsinlər:
"Qərbə çox da
üz tutub, onların
ədəbiyyatına çox da meyil göstərməsinlər.
Vaxtilə filosof Hidro yazırdı ki,
Şərq bəşəriyyətin uşaqlıq dövrüdür. Əslində bütün elm və mədəniyyət
hamısı dünyaya Şərqdən
gəlib. İntihab dövrü
də elə Şərqdən başlayıb.
İbn-Sinanın "Tibbin
qanunları" kitabı 400 il
avropalı həkimlərin stolüstü
kitabı olub. Eləcə də Azərbaycan
şairi Nizami Gəncəvinin
yazdığı "Leyli Məcnun" əsərindən
çox sonra məzmunca
eyni olan Şekspr "Romeo və Cülleto" əsərini yazdı. Yəni
Qərb yazarları Şərqə üz
tuturdu. Bu gün hər şey tərsinə
olub. Gərək milliliyimizi
unutmayaq".
Həmsöhbətimiz bu yerdə "Keçmişinə
güllə atsan, gələcək səni topa tutar" məsəlini
xatırladır. Dediyinə
görə, həm də yazarlarımıza dövlət
qayğısı olmalıdır: "Bu gün kitablar oxunmur. Rəhmətlik yazıçı Əlibala
Hacızadə deyərdi ki, kitabın
kitabı bağlanıb. Bu bağlı
yolları açmaq lazımdır. Bu gün məni bir şair kimi
millətimin taleyi və gələcəyi
narahat edir. Heç də hər şey
ekranlarda deyildiyi kimi deyil".
"Azərbaycan
ədəbiyyatı üçün təhlükə..."
Müsahibim deyir ki, bu gün Azərbaycanda ədəbi
mühit parçalanıb. O, ədəbiyyat adamları,
şairlər arasında xırda qruplaşmalara
işarə edərək bunu Azərbaycan
ədəbiyyatı üçün böyük təhlükə
saydığını bildirir: "İndi elə bir dövr yaranıb ki, ancaq maddi imkanı olanlar kitab çap
elətdirir. Təəssüf ki, çox istedadlı yazarlarımız
imkansızlıqdan çap oluna bilmirlər. Əvvəllər elə bilirdim ki, istedadın varsa, başınla divarı yarıb keçə
bilərsən. Ancaq başına elə vururlar ki, divarın dibində
oturub qalırsan. Bu gün şairlərimiz də siyasiləşib.
Şairlərimiz öz şeirlərində
siyasilikdən çox fəlsəfəyə
üstünlük verməlidirlər".
Tofiq Xəlil bildirir ki, fəlsəfə olan yerdə ədəbiyyat
da var, böyük siyasət də. Amma onun fikrincə, yaradıcılığı
siyasətə qurban vermək olmaz: "Şairlik Allah vergisidir, Allahın
göndərdiyi vəhdir".
Qələndər
Xaçınçaylı
Həftə içi.- 2012.- 28-30 yanvar.-
S. 14.