"Ağ
ölüm"ə qurban gedənlər...
Bəşəriyyətin
əsas problemlərindən biri kimi xarakterizə edilən
narkomaniya problemi təəssüf ki, Azərbaycandan da yan
keçməyib. Düzdür,
sözügedən problem bir sıra ölkələrlə
müqayisədə Azərbaycanda o qədər qlobal xarakter
almasa da, ümumilikdə ölkəmiz də insan həyatı
üçün təhlükə mənbəyinə
çevrilən bu bəla ilə üz-üzədir.
Narahatedici
məqam ondan ibarətdir ki, aparılan profilaktik mübarizə
tədbirlərinə rəğmən Azərbaycanda narkomaniya
problemi, narkotik maddələrə aludəçilərin
sayında artım tendensiyası müşahidə edilir.
Bəs yeniyetmə, gənc və hətta
yaşlı insanlar arasında da narkomaniyaya meyilin səbəbi
nədir? Ümumi bəlaya çevrilən
bu xəstəliklə ölkəmizdə hansı formada
mübarizə aparılır? Və
insanlar bu vasitələrdən həvəs xatirinə istifadə
edir, yoxsa psixoloji durum buna səbəb olur? Bunu
araşdırmağa çalışdıq... Hazırda
Azərbaycanda 27 mindən çox narkotik istifadəçisi
var. 2011-ci ilin sonunadək olan məlumatlara görə, həmin
20 min nəfərin 80 faizi damar daxili narkotik istifadəçiləridir.
Qeydiyyata alınan narkotik istifadəçilərinin
70 faizdən çoxu 30 yaşdan yuxarı olan şəxslərdir.
Ümumi qeydiyyata alınanlardan 600-dən
çoxu isə qadındır. Səhiyyə
Nazirliyi yanında Narkoloji Mərkəzin həkim-narkoloqu Asif Məmmədli
mətbuata açıqlamasında qeydiyyatda olan narkotik istifadəçilərinin
sayının heç də reallığı özündə
əks etdirmədiyini bildirib. Onun fikrincə,
əslində bu rəqəm daha böyükdür. Asif
Məmmədli deyir ki, bütün dünyada belə qəbul
olunub ki, narkomanların, alkoqolik və toksikomanların əhali
arasında həqiqi sayını tapmaq üçün bu rəqəmin
arxasına əlavə bir sıfır əlavə olunur:
"Bu nöqteyi-nəzərdən yanaşsaq, Azərbaycanda
270 min nəfərə yaxın narkotikada asılı olan
şəxslər var. Təkzibolunmaz şəkildə demək
olar ki, narkotik maddələri qəbul edənlərin sayı
artmaqdadır. Üstəlik, ən xoşa gəlməyən
cəhətlərdən biri də odur ki, bu xəstəlik gəncləşməyə
doğru gedir". Azərbaycanda narkotik
istifadəçilərinin arasında bütün təbəqələrdən
olan insanlar var. Lakin ən çox 20 yaşından sonra bu xəstəliklərə
tutulanlara rast gəlmək olar. Narkoloji Mərkəz
isə insanların etibarını qazanmaq üçün mərkəzdə
qeydiyyata düşənlərin anonimliyini tam təmin edir.
Savadsızlıq, işsizlik, asudə vaxtların
bolluğu...
Narkomaniya əsasən
gənclik dövründə başlanır və bir çox
hallarda elə gənclik dövründə də narkotik aludəçisinin
ölümü ilə nəticələnir. Yəni narkotik qurşanmanın ən təhlükəli
vaxtı gənclik dövrüdür. Gənc
yaşlarda narkotik vasitənin toruna düşənlərdə
orqanizmin zəifləməsi, bədənin arıqlaması və
fiziki gücün düşməsinə gətirib
çıxarır. Həmçinin,
orqanizmin zəhərlənməsi daxili orqanların - qaraciyər
və böyrəyin zəhərlənməsinə səbəb
olur. Gənc narkomanlarda ən geniş
yayılmış xəstəlik hepatitdir. Ümumiyyətlə, gənclər arasında
narkomanlığın yayılmasının səbəbləri
savadsızlıq, işsizlik, işsizlikdən doğan asudə
vaxtların bolluğudur. Azyaşlı
uşaqların və gənclərin narkomaniyaya
qurşanması onların təhsildən yayınmasına,
ictimai həyatdan kənarlaşmasına, ətrafdakı
insanlara daha çox cinayətkar simasının
aşılanmasına və ən əsası,
sağlamlıqlarının zərbə altında
qalmasına səbəb olur. Bu insanları
narkotikə qurşandıranlar isə bir çox hallarda
narkotik vasitələrin ticarəti ilə məşğul
olan şəxslər olur. Həmin şəxslər hədə-qorxu
gəlmə və müxtəlif şirnikdirici vədlər
verməklə gənclərin narkotik və psixotrop maddələrdən
istifadə etməsinə nail olur, bununla da həmin gəncin həyatını
zəhərləmiş olurlar. Gənclərin
narkomaniyaya qurşanmasına digər səbəb isə
onların narkotik vasitələrə əyləncə vasitəsi
kimi baxmasıdır. Narkotikadan cəmi bir
dəfə istifadə etmək narkomaniyaya yol açmaq deməkdir.
Acınacaqlı hal odur ki, son dövrlər orta
məktəblərdə və universitetlərdə də
narkomaniyaya qurşananların sayı artmaqdadır.
Narkomanlıqla mübarizə üçün Rusiyanın bəzi
ali təhsil məktəbləri öz əsasnamələrinə
xüsusi bənd daxil etməyi təklif edirlər. Belə ki, əgər tələbə oxumaq istəyirsə,
məcburi narkoloji testdən keçməlidir. Azərbaycanda da Gənclər və İdman Nazirliyi
bu ümumbəşəri problemin qarşısını almaq
üçün gənclərin asudə vaxtının səmərəli
təşkili üçün tədbirlər həyata
keçirir. Lakin təşkil edilən tədbirlər
də bu bəlanın qarşısını almağa imkan
vermir.
"Şimal Balkan" xətti ilə gələn
ölüm...
Respublika
üzrə ən çox narkotik istifadəçiləri
Bakı və Sumqayıt şəhərlərində, habelə
cənub bölgəsindədir. Təkcə ötən
il Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən
1,5 tona yaxın müxtəlif növ
narkotik vasitə dövriyyədən
çıxarılıb. Narkomanlığa və narkotik vasitələrin
qanunsuz dövriyyəsinə qarşı mübarizə
üzrə Dövlət Komissiyasının İşçi
Qrupunun rəhbəri Araz Əliquliyev mətbuata
açıqlamasında qanusuz dövriyyədə olan narkotik
vasitələrin yalnız 30 faizinin hüquq-mühafizə
orqanları tərəfindən
saxlanıldığını, qalan 70 faizini isə istehlak
olunduğunu bildirib. Beynəlxalq arenada Azərbaycanın
üzərindən daşınan qaçaqmal tranzit xəttinin
"Şimal Balkan" marşrutu
adlandırıldığını deyən Araz Əliquliyev
bildirir ki, Azərbaycan Əfqanıstanda istehsal olunan narkotikin
təxminən 20 faizinin ötürülməsində tranzit
ölkə kimi çıxış edir. Bu
narkotik isə Azərbaycana İran vasitəsilə gətirilir.
Araz Əliquliyevin sözlərinə görə, Azərbaycanı
narahat edən ən gərgin zona İran sərhədidir:
"Qaçaqmalçılıq yolu ilə daşınan
narkotik vasitələrin 90 faizi İran vasitəsilə
daşınır. Konteyner
daşımalarında onun vasitəsilə narkotik maddələr
Azərbaycan üzərindən keçərək, digər
ölkələrə daşınır. Digər
tərəfdən, "Yaşıl sərhəd
zolaqlar"ından digər cinayət qrupları vasitəsilə
fərdi qaydada Azərbaycana daşınan narkotik vasitələrin
bir hissəsi elə Azərbaycanda qalıb istehlak edilir".
Bu gün Əfqanıstanda istehsal olunan narkotik
vasitələr İran vasitəsilə Azərbaycanın
işğal altındakı ərazilərinə keçirilir
və həmin ərazilərdən də Avropaya
daşınır. Bu gün "Şimal Balkan" xətti
üzrə hüquq-mühafizə orqanlarına məlum olan
130-dan yuxarı marşrut var. ABŞ Dövlət Departamentinin
dünyada narkotik maddələrin istehsalı və onunla
mübarizənin vəziyyətinə dair hesabatının Azərbaycana
aid hissəsində qeyd edilir ki, Azərbaycan Əfqanıstan və
İrandan Avropa və Rusiyaya narkotik vasitələr
daşınan vacib yollardan birinin üzərində yerləşir.
İldən-ilə də narkotik tacirləri
üçün Azərbaycanın əhəmiyyəti daha da
artır.
"Narkomanları həbs etməklə iş bitmir"
Regional Psixologiya Mərkəzinin
baş psixoloqu Dəyanət Rzayev narkomaniyanın sağalmayan
xroniki xəstəlik olduğunu bildirdi: "Hər kəs qəbul
etməlidir ki, narkoman xəstə insandır. Bu
xəstəlikdən əziyyət çəkən
insanın özü ilə də mübarizə
aparılmalıdır. Narkotikdən istifadə
edən hər hansı bir insan bunu öz iradəsi ilə də
tərgidə bilər, bu mümkün haldır. Lakin əvvəlcə bunu özü istəməlidir".
Psixoloqun sözlərinə görə, hər hansısa
narkomanın sərbəst şəkildə bu işlə məşğul
olmasında bizlərin də günahı var. Onun fikrincə,
biz onların bu işlə məşğul olmasına bir
çox hallarda göz yumuruq: "Polis işçiləri də
çox vaxt belə insanların daha sıx olduqları yerlərdə
onlara heç bir problem yaratmırlar. Əgər
buna polis özü şərait yaradırsa, deməli bundan xəbərdardır
və onu himayə edir. Bəzən polislər
narkomanları həbs etməklə işi bitmiş hesab edir.
Belə insanlar əvvəlcə məcburi şəkildə
müalicə olunmalıdır. Hər
hansısa narkomanı həbs etmək problemin həll yolu
deyil". Psixoloqun fikrincə, məktəb və
universitetlərdə cəmi bir saat narkomaniyanın zərərləri
haqqında danışmaqla problemi həll etmək olmaz:
"Narkomanları və narkotik vasitələri pisləməklə
heç nə həll olunmur. Profilaktik tədbirlər
demək olar ki, yox səviyyəsindədir. Azərbaycanda narkomaniya ilə bağlı maarifləndirmə
işləri artırılmalıdır". Psixoloq
ölkədə narkomanlığın artmasına səbəb
kimi bu problemlə ciddi məşğul
olunmadığını göstərdi: "Narkotik biznesi ilə
məşğul olan insanlar var. Bu biznes demək olar ki, ən
çox gəlir gətirən sahədir. Bir
çox insanlar sərbəst şəkildə bunun
satışı ilə məşğul olur. Bunlara qadağalar qoyulmadıqca, ciddi tədbirlər
görülmədikcə problemin həllindən də
danışmaq lazımsızdır". D.Rzayev
belə məsələlərdə dinin də güclü
rol oynadığını bildirdi.
"Narkomanlar cəmiyyətdə xəstə insan kimi qəbul
edilmədikcə..."
Tibb elmləri
doktoru Adil Qeybulla da bu gün Azərbaycanda narkomanların dəqiq
qeydiyyatının olmadığı fikrindədir. Onun
sözlərinə görə, statistikaya düşməyən
anonim müalicələr də var ki, onlar da narkomanların
sayını artırır: "Narkomaniyanın Azərbaycandakı
ümumi durumu ilə bağlı söz demək bir qədər
çətindir. Televiziya proqramlarında dəfələrlə
verilən proqramlar da sübut edir ki, hazırda ölkəmizdə
narkomanların sayı çoxdur. Ancaq buna
qarşı mübarizə o qədər də ciddi
aparılmır". Elmlər doktorunun fikrincə,
narkomanların anonimliyi saxlanmaq şərtilə onlara nəzarət
edilməli və bu ciddi şəkildə aparılmalıdır:
"Nə qədər ki, cəmiyyətdə narkomana xəstə
insan kimi baxılmayıb, bu şəkildə ona qarşı
mübarizə aparmaq da mümkün deyil. Belə
insanlar xəstə kimi qəbul edilməli və onların
müalicəsində də cəmiyyətin hər bir fərdi
iştirak etməlidir". Müsahibim deyir ki, narkomaniya
ilə mübarizə təkcə Hüquq-Mühafizə
Orqanlarının onları təqib etməsi ilə
yekunlaşmır: "Narkomaniya ilə mübarizə həm də
narkomanların sosial reabilitasiyası ilə bağlı ciddi tədbirlər
deməkdir. İlk növbədə
narkomanların müəyyən proqramlara cəlb olunmasına
çalışılmalıdır. Onlar
sosial təhlükəli formadan, sosial
faydalılığı əmsalı olan formaya keçirilməlidir.
Bundan başqa, bütün dünyada həyata
keçirilən müəyyən proqramlar var ki, Azərbaycan
da buna qoşulmalıdır". Adil Qeybullanın fikrincə,
narkomanlar cəmiyyətdə xəstə insan kimi qəbul
edilmədikcə, problemlə mübarizə də çətinləşəcək:
"Azərbaycanda bu tip insanlar cinayətkar kimi
qarşılanır və onlar ancaq təqib olunur. Təqib olunan insanın isə bu bəladan xilas
olması müşkül məsələdir. Yəni hazırda Azərbaycanda narkomanlarla mübarizə
üsulu o qədər də effektli deyil".
Yazı Azərbaycan Respublikası Prezidenti
yanında Kütləvi İnformasiya Vasitlərinin İnkişafına
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında
hazırlanıb.
İxtiyarqızı Nigar
Həftə içi.-
2012.- 28-30 yanvar.- S. 13.