“Hələ
də özümü Ədalət Nəsibovun şəyirdi
sayıram”
Aşıq
Ədalət Dəlidağlı: «Sazdan-sözdən
başı çıxmayanın sazına «Aşıq filankəs»
yazdırdığını görəndə əsəbiləşirəm»
Son
zamanlar «saxta» aşıqların Azərbaycanın efir məkanında
«at oynatması» ustad sənətkarların, el
aşıqlarının səbir kasalarını əməlli-başlı
daşırıb. “Həftə içi”nin «Səmimi söhbət
rubrikası»nın qonağı olan Əməkdar incəsənət
işçisi Aşıq Ədalət Dəlidağlı da
SMS-lər yolu ilə aşıq seçilənlərin və
sponsorlar vasitəsilə telekanallara yol tapanların bir nömrəli
düşmənidir. «Saxta» aşıqların aşıq sənətinə
ləkə, aşıqlığın gələcək faciəsi
adlandıran ustad sənətkar ölkə ictimaiyyətini
onlara qarşı mübarizə aparmağa səsləyir.
- Deyilənlərə
görə, ustad sənətkar Aşıq Ədalət Nəsibovun
şərəfinə adınızı
Ədalət qoyublar. Doğrudurmu?
-
1967-ci ildə Kəlbəcərin Yellicə kəndində
anadan olanda atam Hacıbaba müəllim qonaqlıq verirmiş.
Həmin qonaqlığa atamın indiki Tərtər rayonunda
yaşayan qohumu Aşıq Vəli də gəlibmiş.
Qonaqlıq vaxtı Aşıq Ədalətin səsyazısı
olan valı qrammafona qoyublar. Onun sazda ustalıqla ifa etdiyi
havanı dinlədikdən sonra Aşıq Vəli atama deyib
ki, oğlunun adını Ədalət qoy. Atam da onun
sözünü yerə salmayıb və adımı Ədalət
qoyub. Aşıq sənətinə maraq mənə irsən
keçmədir. Ata babam Əliş Qurbanov öz
dövrünün mahir saz ustalarından biri olub. Dayım da,
dayım oğlanları da sazı peşəkarlıqla
çalırdılar. Şairlik istedadım isə ana babamdan
yadigar qalıb. Anamın atası İsmayıl Kamaloğlu
tanınmış şair olub. Aşıq sənətini,
aşıq havalarını o qədər çox sevirdim ki,
uşaq yaşlarımda onları saatlarla dinləməkdən
yorulmurdum. Hətta səhərdən axşamadək,
axşamdan səhərədək vallardakı aşıq
havalarına qulaq asırdım. Aclığı, susuzluğu,
yuxusuzluğu vecimə almırdım. Ona görə də
anam yemək-içməyimi yanıma gətirir və məni
zorla yedirdib-içirdirdi. Saz havalarından o qədər həzz
alırdım ki, nə yediyimi, nə içdiyimi belə
bilmirdim. Sonra qərar verdim ki, saz çalmağı öyrənəcəm.
Vallara qulaq asa-asa oradakı havaları Əliş babamın
sazında çalmağa başladım. 1-ci sinfi bitirdikdən
sonra Kəlbəcər rayon mərkəzinə
köçdük. 2 saylı şəhər orta məktəbində
fəaliyyət göstərən saz dərnəyinə
üzv yazıldım. Həmin dərnəyin rəhbəri
görkəmli el sənətkarı Cəmşid Allahverdinin
qardaşı, el şairi İdris müəllim idi. Qısa
müddətdən sonra saza-sözə, aşıq sənətinə
bağlılığım, fitri istedadım İdris müəllimin
diqqətini cəlb etdi və o, mənə böyük etimad
göstərdi. Mən də bu etimadı doğrultmaq
üçün üzərimdə çox
çalışdım. Orta məktəblər və rayonlar
arasında keçirilən musiqi festivallarına qatılaraq dəfələrlə
qalib oldum, fəxri fərmanlara və diplomlara layiq
görüldüm. Rayon səviyyəsində keçirilən
bütün konsertlərdə iştirak etdim. 4-cü sinifdə
oxuyanda Kəlbəcər rayonundakı Dədə Şəmşir
adına Mədəniyyət Evinin direktoru Əliş Quliyev məni
Gənc Uşaq Aşıqlar Ansamblına qəbul etdi. 5 il Əliş
Quliyevdən aşıq sənətinin incəliklərini
öyrəndim. Sonra Əliş müəllim məni Gənc
Aşıqlar Ansamblının üzvü seçdi. Həmin
dövrdə Cəmşid Allahverdi mənə aşıq sənəti
üzrə dərs verdi. O zamanlar həm rayonumuz, həm
zonalar, həm respublika üzrə, həm də bir çox
xarici ölkələrdə keçirilən bir sıra
festivalların qalibi olaraq müxtəlif mükafatlara layiq
görüldüm. Bu günədək bir çox xarici
ölkələrdə keçirilən konsertlərə də
qatılmışam.
-
Aşıqların sinələri həmişə sözlə
dolu, beyinləri xatirələrlə zəngin olur...
-
Xatirələrim çoxdur, onların hamısını
danışmaqla bitməz. Amma bəzilərini nəql etmək
istəyirəm. 1989-cu ildə İsraildə keçiriləcək
festivala getməyə hazırlaşırdım. Həmin vaxt
anam qəfil xəstələnmişdi. Həm də ermənilərin
soydaşlarımızı öz ata-baba yurdlarından didərgin
salmaları, Qarabağ hadisələrinin başlaması
üzündən Kəlbəcərdə ciddi narahatlıq
yaranmışdı. Ona görə də təyyarənin
Bakıdan İsrailə uçmasına 3-4 saat qalmış
atam məni Kəlbəcərə qaytardı. 1989-cu ildə
58 nəfərlik nümayəndə heyəti ilə birlikdə
İraqa getmişdik. Mehmanxanada 16 gün Ədalət Nəsibovla
bir otaqda qaldıq. Bir dəfə səhər yeməyindən
xeyli əvvəl ustad sənətkar dedi ki, sazı
götür bir hava çal. Mən «Ustaddan əvvəl
çalmaq günahdır» deyəndə Aşıq Ədalət
«Bərəkallah kamalına» dedi. Bir dəfə onun
«Başlıtel» havasını çaldım. Çox bəyəndi.
Üzümdən öpdü. Dedi ki, hər axşam
yatmamışdan əvvəl mənə bir hava çalarsan.
Mən də mehmanxanada qaldığımız günlərdə
hər axşam saz havaları çalırdım. Ədalət
Nəsibov söz verdi ki, məni özünə şəyird
götürəcək. 1993-cü ildə bu ustad sənətkarın
şəyirdi oldum və 5 il ondan dərs aldım.
- Son
zamanlar aşıqların müsabiqə və SMS yolu ilə
seçilməsi dəbə düşüb. Bu məsələyə
münasibətiniz necədir?
-
Dövlət başçısı İlham Əliyev
başda olmaqla, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan
Aşıqlar Birliyi, «Aşıq Şəmşir» Mədəniyyət
Ocağı İctimai Birliyi ölkəmizdə aşıq sənətinin
yüksək səviyyədə inkişafına xüsusi
qayğı və diqqət göstərir. Aşıq sənəti
tam sərbəst şəkildə inkişaf etdirilir. Bunu
danmaq cinayətdir. Amma bəzi məsələlər məni
çox ciddi narahat edir. Keçmiş SSRİ dövründə
aşıqları tanınmış saz-söz
ustadlarının, el aşıqlarının təmsil
olunduğu münsiflər heyətindən ibarət bədii
şura seçirdi. Həmin vaxtlarda yalnız çətin
sınaqlardan və imtahanlardan üzüağ
çıxanlar aşıq kimi qələmə verilirdi.
Müasir dövrümüzdə aşıqların
müsabiqə və SMS vasitəsilə seçilməsinə,
bir-iki saz havasını çalmağı öyrənmiş
şəxslərin telekanallarda, konsertlərdə və digər
tədbirlərdə ustad sənətkar, el
aşığı kimi təqdim edilməsinə
acığım tutur. Hətta sazdan, sözdən başı
çıxmayanın sazına «Aşıq filankəs»
yazdırdığını, sponsor hesabına efirə
çıxdığını görəndə çox əsəbiləşirəm.
- Bəs,
əsl aşıq necə olmalıdır? O, hansı keyfiyyət
və cəhətlərinə görə seçilməlidir?
-
İnsan gərək anadangəlmə aşıq olsun. Yəni
mükəmməl və peşəkar aşıq olmaq
üçün insanda Allah vergisi olan fitri istedad və dərs
alacağı ustadın əsl sənətkar olması əsas
şərtdir. Əsl aşıq poeziyanı, dastanı, təcnisi,
dini, doğma dilini və sair bilməlidir. Aşıq sənətinin
atası sayılan və aşıqlığın nizamnaməsini
yaradan Aşıq Ələsgər deyirdi ki, əsl
aşıq ağıllı-kamallı, mərifətli-qanacaqlı,
həqiqət carçısı, təmiz qəlbli, aqil
olmalı, ədəbini gözləməli,
danışığına, davranışına, hərəkətlərinə
fikir verməli, nəfsini qorumalıdır. Yəni 1-2 hava
çalmaqla aşıq olmaq mümkün deyil. Ona görə
də aşıq sənətinə hörmət və ehtiram
bəsləyən hər kəsdən xahiş edirəm ki, bu
cür insanlara qarşı barışmaz mövqe tutsunlar.
Çünki belələri aşıq sənətinin
adına ləkə gətirir, bu sənətin gələcəyini
faciəyə sürükləyirlər. Aşıq sənətinə
marağı olanlara da məsləhət görürəm ki,
bu sənəti ustad sənətkarlarımızdan öyrənsinlər.
-
Deyirlər, aşığı da el dolandırar. Amma son
zamanlar aşıqları toylara az çağırırlar. Sizcə, niyə?
-
Əvvəllər xeyir işlər üçün
mağarlar, çadırlar qurular və aşıqlar
çağırılar, orada dastanlar, rəvayətlər
söylənilərdi. Amma indi şadlıq saraylarında,
restoranlarda keçirilən məclislərdə dastanları,
rəvayətləri dinləmək istəyənlər yoxdur.
Belə məclislərə çağırılan
aşıqlar maksimum 2-3 mahnı çalarlar. Digər tərəfdən,
hər çağırılan məclisə getmək də
olmaz. Gərək elə məclisə gedəsən ki, orda səni
başa düşən olsun.
- Bu sənəti
öyrətdiyiniz şəyirdləriniz varmı?
-
Əfqan, Qalib, Oruc, Şəhriyar, Pərviz və digər
istedadlı şəyirdlərim var. Mən aşıq sənətinə
mükəmməl yiyələnmişəm. Amma
özümü hələ də Ədalət Nəsibovun
şəyirdi sayıram.
-
Bəzi aşıqlar
haqqında rəvayətlər söylənilir. Sizin
haqqınızda da rəvayət varmı?
-
Bəli, var. Əsl aşıq rəvayətsiz olmaz. Amma rəvayət
həqiqi olmalı, yalana yol verilməməlidir.
- Gələcək
planlarınız barədə nə deyə bilərsiniz?
-
Bakıda şəxsi solo konsertimi keçirmək istəyirəm.
Bunun üçün Mədəniyyət və Turizm Nazirliyinə,
Azərbaycan Aşıqlar Birliyinə,
«Aşıq
Şəmşir» Mədəniyyət Ocağı İctimai
Birliyinə müraciət edəcəyəm. Audio və video
disk buraxdırmağı düşünürəm. Milli
orijinallığı saxlamaq şərtilə əsl
aşıq klipi çəkdirəcəyəm. Onun
adını və mövzusunu hələlik gizli saxlayıram.
Bunlardan əlavə, dövlət tədbirlərində
iştirak etməyi də planlaşdırıram.
- «Səmimi
söhbət» rubrikasında oxucularımıza nələri səmimi
etiraf etmək istəyirsiniz?
-
Əlimdən pislik gəlmədiyi üçün səmimi
etiraf edəcəyim bir səhvim, günahım yoxdur. Amma
populyarlıq sözünə nifrət edirəm. Kimsə
«populyaram» deyəndə az qalıram dəli olam. Özümə
«populyar aşıq» deməyi qəbahət sayıram. Ağac
bar verdikcə başını aşağı dikir. İnsan
nə qədər məşhurlaşsa da, tanınsa da, şəxsiyyətini
və mənliyini həmişə qorumağa
çalışmalıdır. Dünyanın varı,
dövləti bu dünyada qalacaq. Sənəti heç vaxt
pula satmaq olmaz. Ustad sənətkarın sənətinin əvəzi
pulla ödənilə və satın alına bilməz. Ona
görə də dəvət olunduğum toyların sahibləri
ilə qiymət danışmıram.
Təbriz Vəfalı
Həftə içi.- 2013.- 6-8
aprel.- S.14.