Dədə Süleyman: “Harama yaraşır bu yubiley?!“
"Komissar xəstəlik adı ilə mənə hərbə yararsız olduğum barədə qırmızı rəngli
hərbi bilet verdi"
Sadə insanlar arasında qazandığı
hörməti, xeyirxahlığı,
sadəliyi onu lap cavan yaşlarından məşhurlaşdırıb. Üstəlik də xalqın
milli-mənəvi dəyər
nümunələrindən olan muğamların ifaçısı, cəfakeşi,
müdafiəçisi və
keşikçisi olasan.
Bütün bunlar ona hələ 40-45 yaşlarından
"dədə" adını
qazandırıb. İndi hər
kəs cavanı da, qocası da, müəllimi də, tələbəsi də "dədə"
deyə müraciət
edir Süleyman Abdullayevə.
Ömrünün 75-ci pilləkənini
də geridə qoyan Dədə Süleyman muğam ustası olmaqla bərabər, xoş və ağır günlərində el-obasının
içərisində olmağı,
xalqının və vətəninin ağır
məsuliyyətini çiyinlərində
daşımış və
daşımağa hazır
olan ustad sənətkarlardandır. O, indinin özündə də yaşının bu vədəsində cəbhə
bölgəsində əsgərlər
arasında olmaqdan yorulmur.
Tanınmış muğam ifaçısı, xanəndə
Süleyman Abdullayev
"Həftə içi"nə
müsahibəsində indiyədək
heç yerdə səsləndirmədiyi xatirələrindən,
şahidi olduğu hadisələrdən danışıb.
- Sizə "Dədə" deyə müraciət edirlər. Niyə?
- Yekəlik çıxmasın,
qazandığımı tək
yeməmişəm, xalqıma
xərcləmişəm, imkansız
adamlara maddi kömək durmuşam. 300-dən çox imkansız gəncin toyunu təmənnasız eləmişəm. Üstəlik pul da yazdırmışam.
Görünür, bu keyfiyyətlərimə
görə məni
"Dədə" deyə,
çağırırlar.
- Bu sənətə
gəlməyinizdə daha
çox kimin dəstəyini təsirli sayırsınız?
- Seyid Şuşinski 1959-cu ildə Füzulidə olarkən soruşur ki, burada istedadlı
uşaq varmı? Rəhmətlik Ağabala Abdullayev
cavab verir ki, Seyid, sənin
toy elədiyin Qoçəhmədli
kəndində istedadlı
bir uşaq var. Onda mən 10-cu sinifdə oxuyurdum. Bir də gördük məktəbin həyətinə
"UAZ" gəldi. Sürücü məktəbin
direktoru Şahin müəllimin yanına gəlib dedi ki, məni Seyid
Şuşinski göndərib,
Süleymanı onun yanına aparmalıyam. Direktor icazə verdi,
məni Seyidin yanına aparanda Füzuli Mədəniyyət
Evinin qabağında çoxlu adam gördüm. Hamı Seyidi görməyə
gəlmişdi. Maşından
düşdüm, sürücü
qolumdan tutub ağ geyimli,
nurani bir kişinin yanına apardı. Seyid məni görüb "əyləş!" dedi.
Sonra soruşdu ki, heç mahnı bilirsən? Dedim bilirəm. Rəhmətlik Qulu Əsgərovun
"Bəyənmir məni"
mahnısını və
Xan Əminin "Şahnaz" muğamını
bir avaz oxudum. "Bəsdi, mənə səs lazımdır, o da səndə var. 10-cu sinfi bitirən kimi Bakıya - yanıma gələrsən" dedi.
Orta məktəbi bitirəndən
sonra Bakıda yaşayan qardaşım və bacım məni Seyidin yanına apardılar.
Onun tövsiyəsi ilə Asəf Zeynallı adına
Musiqi Texnikumuna imtahan verdim. Bundan sonra mənim muğam sənətinə
gedən yolum açıldı.
- Deyilənə görə Seyid Şuşinski ilə müəllim-tələbə münasibətindən
başqa yaxın dostluğunuz da olub...
- Mənim Seyidlə bağlı o qədər
xatirələrim var ki! Hələ 4-cü kursda oxuyarkən
Hərbi Komissarlıqdan
çağırış vərəqəsi gəldi.
Seyid bunu eşidən kimi məni texnikumun yaxınlığında
yerləşən Hərbi
Komissarlığa apardı.
İçəri girən kimi
köməkçiyə müraciətlə
"Komissara de ki, Seyid gəlib" - deyib qapının ağzında dayandı.
Aradan bir dəqiqə keçməmiş komissar
bayıra çıxdı.
Seyidin qoluna girib bizi
kabinetinə dəvət
etdi, çay gətizdirdi. Seyid komissara dedi ki, bu uşaq
mənim sonuncu tələbəmdir, məktəbi
bitirənədək onu
əsgərlikdən saxlatdırın,
səsi bata bilər. Komissar gülə-gülə cavab
verdi ki,
Ağa, qardaşıma
toy edirik, sabah bu uşağı da götürüb toya gələrsiniz. Əgər uşağın səsi xoşuma gəlsə, onu əsgərlikdən saxlatdıracağam. Bu söhbəti komissar anasına da danışıbmış. Toyda Seyid oxuyanda
komissar ayağa durub dostlarına dedi ki, hərə
100 manat şabaş yığıb Seyidin cibinə qoysun. Elə də etdilər. Məclisin ortasında komissar Ağadan mənim oxumağımı xahiş
etdi. Ağa işarə elədi
ki, bir seygah
oxuyum. İfam hamının xoşuna
gəldi. Bu anda anası komissara yaxınlaşıb dedi ki, əgər bu uşağı əsgərlikdən saxlamasan
südümü sənə
halal etmərəm. Komissar xəstəlik adı ilə mənə hərbiyə yararsız olduğum barədə qırmızı
rəngli hərbi bilet verdi.
Texnikumu bitirib təyinatımı
ucqar bir rayona göndərirdilər.
- Çoxlu qastrol səfərlərində,
festivallarda iştirak etmisiniz. Sizin üçün bunların
arasında ən yaddaqalanı hansıdır?
- 1969-cu ildə Türkiyədə
Beynəlxalq Musiqi Festivalı keçirilirdi.
Böyük bir stadionda təşkil olunan həmin festivala qatıldım. SSRİ-dən bizə rus rəhbərlik edirdi. Hər çıxış üçün 5 dəqiqə
vaxt müəyyənləşdirmişdilər.
Festivalda Ukraynadan və Rusiyadan gələn uşaqların
rəqslərinə əsas
yer verildiyindən bizə rəhbərlik edən rus mənə
dedi ki, muğam oxuma, rəqsarası fasilə zamanı mahnı oxuyub tamaşaçıların
başını qatarsan.
Nəhayət, adımı elan
etdilər və səhnəyə çıxıb
təxminən 5 dəqiqə
oxudum. Stadionda əyləşənlər gurultulu alqışlarla
"Süleyman!", "Süleyman!"
deyib məni alqışladılar. Vəziyyət
belə olanda muğamı oxumağa razılıq verməyən
rus fikrini dəyişdi və dedi ki, muğam
da oxu. Beləliklə, 5 dəqiqənin əvəzinə
30 dəqiqə mahnı
və muğamlarımızı
ifa etdim. 12 gün davam
edən festivalın sonunda yenə də qalib oldum.
Mən kubok, diplom və
hədiyyələrlə vətənə
qayıtdım. Hələ o vaxtlar Azərbaycanın bütün bölgələrinə
gedib zəhmətkeşlər
qarşısında maraqlı
konsert proqramları ilə çıxış
edirdik. Bir ay ərzində 15 konsert verməliydik və bunun da müqabilində
250 manat maaş
alırdıq. Əhsən
Dadaşov, Həbib Bayramov, Habil Əliyev, Aftandil İsrafilov, Hacı Məmmədov, Məmmədağa
Muradov kimi korifey sənətçilərlə
çiyin-çiyinə toylara,
konsertlərə, dünyanın
müxtəlif ölkələrinə
qastrollara gedirdik.
- Əməyinizə verilən qiymət sizi qane edir?
- Ötən il
sentyabr ayının
14-də "Əməkdar artist" adına layiq görüldüm. Təsnif və
muğamlarım "Qızıl
Fond"da saxlanılır.
"Qarabağ Xanəndələri" albomuna
mənim də ifalarım düşüb.
Rəhmətlik Heydər Əliyev
özü mənimlə
şəxsən maraqlanıb.
Bir dəfə görüb ki, fəxri adlar siyahısında mənim adım yoxdur, dərhal onun göstərişilə
adım təqaüdlər
siyahısına salınıb.
Yeri gəlmişkən, Seyran Səxavət "Bəhanə"
romanını mənim
həyatıma həsr
edib. Həyatda gileyli deyiləm,
buna da şükür.
Yeni Yasamalda, "Qanlı göl"ün kənarında sahəsi
30 kvadratmetr olan həyət evində yaşayıram.
- Ömrünüzün 75-ci baharını
yaşayırsınız. Yubileyiniz dövlət
səviyyəsində keçiriləcəkmi?
- (Qəlyanına bir qullab vurub köks
ötürür.) Mənim harama yaraşır
bu yubley?! Torpaqlarımız işğal altındadır,
ata-anamın qəbiri
düşmən tapdağına
çevrilib. Mən burda
necə dəbdəbəli
yubiley keçirim?!
Ölməsəm, sağ qalsam,
əgər torpaqlarımız
işğaldan azad olunarsa, onda yubileyimi doğulduğum Qoçəhmədli kəndində
keçirəcəyəm.
- Deyəsən, Qarabağ müharibəsində də
döyüşçülərlə birgə səngərlərdə
olmusunuz...
- Qarabağ müharibəsində
cəbhə bölgələrində
olurdum. Amma döyüşlərdə iştirak etməmişəm.
Ağdərə, Ağdam,
Füzuli, Cəbrayıl,
Murov döyüşləri
zamanı ifalarımla
döyüşçüləri ruhlandırırdım, onlar
silahla, mən səsimlə döyüşürdüm.
Bir gün səsim Füzuli camaatının dadınsa çatdı.
Batalyon komandiri Bəylər Hüseynov
"Fantamaz" ləqəbi
ilə tanınan erməni dığasına
zəng edib dedi ki, döyüşü
saxlayın, camaat zəmilərini biçib
qurtarsınlar. "Fantamaz" ipə-sapa yatmırdı. Cəld qabağa
yeriyib mikrofonu komandirin əlindən alıb bir avaz
muğam oxudum.
"Fantamaz" səsimdən
tanıyıb dedi ki, Dədə, oxudun, çox sağ ol, sənin
xətrinə atəşi
dayandırırıq.
- Son dərəcə sadə və səmimi adam təsiri
bağışlayırsınız. Bu qədər sadəlik
nədən irəli gəlir?
- Sadəlik Allah vergisidir. Ədabaz adammdan zəhləm
gedir. Səhnədə olanda həmişə
həyəcan keçirmişəm,
elə indinin özündə də.
Hər səhnə mənim üçün bir imtahandır. Bütün gün
Allahıma dua edib yalvarıram ki, Qarabağımız qansız-xətasız azad
edilsin, gedim Şuşada, Ağdamda, Füzulidə, Kəlbəcərdə
konsert verim.
Qələndər Xaçınçaylı
Həftə içi.- 2013.- 11 aprel.- S. 8.