Tükənən
sərvətlərimizi necə qoruyaq?
Daş karxanalarında mişar
daşı ehtiyatı tükəndikdən sonra
evimizi hansı materiallarla
tikəcəyimiz bəlli deyil
Dünyada neft və qaz ölkəsi
kimi tanınan Azərbaycanın təbii sərvəti
təkcə karbohidrogen ehtiyatlarla
məhdudlaşmır. Respublikamız zəngin yeraltı və
yerüstü təbii sərvətlərə,
qeyri-filiz yataqlarına, tikinti
materialları, yeraltı şirin, mineral, termal və yodlu-bromlu sənaye suları yataqlarına malikdir.
Bu
təbii sərvətlərin içərisində tikinti materialları yataqları xüsusi yer tutur. Ən azı o səbəbdən
ki, təsərrüfatın
inkişafı, əhalinin yaşayış şəraitinin təşkili
və yaxşılaşdırılması tikinti
materialları sənayesi olmadan mümkün deyil.
Bunların arasında tikinti-inşaat
materiallarının əsasını təşkil edən daş, qum və gil yataqlarının tikinti
sektoru üçün
xüsusi əhəmiyyəti var. Hazırda Azərbaycanda mişar
daşı yataqları əsasən Bakının Qaradağ rayonu ərazisində,
Mərdəkan qəsəbəsində, Füzuli
və Naftalan, Ağdamın Şahbulaq kəndi, Qazaxın Daş
Salahlı, Zəyəm kəndlərində yerləşir. Ancaq bir həqiqət də
var ki, bu
təbii sərvətlərin hamısı tükənən
ehtiyatdır.
Bəs,
tikintidə geniş istifadə olunan mişar daşı
ehtiyatı nə qədərdir? Bu tükənən
sərvət ölkəmiz üçün
neçə il kifayət edəcək? Bu ehtiyat tükəndikdən
sonra bu tikinti materialına tələbat nəyin
hesabına ödəniləcək? Aidiyyəti qurumların mişar daşına alternativ
tikinti materialları da
istifadəyə dair hansısa təklifləri
varmı?
600-700
milyon kubmetrlik ehtiyat
“Həftə
içi”nin əməkdaşı
bu və ya digər suallara aydınlıq gətirərkən məlum
olub ki, ölkədə
mişar daşı ehtiyatının nə
vaxt tükənəcəyi barədə proqnoz hesablama belə yoxdur. Ekologiya və Təbii
Sərvətlər Nazirliyinin şöbə
rəisi Eyzangül Qəmbərova bildirib ki, hazırda Azərbaycanın
müxtəlif ərazilərində 600-700 milyon
kubmetr həcmində mişar
daşı ehtiyatı var. Bu
ehtiyatlar isə Böyük
Qafqazda, Kiçik Qafqazda, əsasən də Abşeron
regionunda yerləşir. Onun
sözlərinə görə, istənilən xammalın sənaye
tələbatını bilmək üçün
ona olan illik tələbat öyrənilməlidir: “Amma bu barədə
araşdırmalar yoxdur”.
Nazirlik rəsmisi
bildirib ki, Azərbaycanın
daş karxanalarında
çıxarılan mişar daşı
ehtiyatının nə vaxt tükənəcəyi
də bəlli deyil. Onun
sözlərinə görə, bu barədə
proqnoz hesablamalar
olmadığından konkret məlumat vermək
çətindir: “Gələcəkdə mişar
daşına alternativ hansı materialdan istifadə ediləcəyi barədə
də hansısa proqram və yaxud tədqiqatları yoxdur”.
Xatırladaq
ki, Azərbaycanda daş
karxanalarından səmərəli istifadəyə dair ilk və sonuncu tədbirlər planı 2003-cü ilə
təsadüf edir. Belə ki,
həmin il iyunun 13-də
“Abşeron yarımadasında təbii daş yataqlarının səmərəli
istifadəsi və inkişafı Dövlət Proqramı
(2003-2006-cı illər)” təsdiq edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İqtisadi İnkişaf Nazirliyi ilə
birgə icra etməli olduğu
proqramda göstərilir ki,
son dövrlərdə tikinti
materialları yataqlarının istismarı sahəsində bir sıra nöqsanlara yol verilib. Belə
ki, Abşeronda fəaliyyət
göstərən mexanikləşdirilmiş iri
daş karxanalarının
parçalanması nəticəsində pərakəndəlik
yaranmış, texniki, texnoloji,
təhlükəsizlik, əməyin mühafizəsi, ekologiya və ətraf mühitin
mühafizəsi tələblərinə məhəl qoyulmadan aparılan istismar
işləri nəticəsində qiymətli əhəng
daşı yataqları son dərəcə
səmərəsiz istifadə olunub. Məlum olub ki,
müvafiq tullantıların sement və əhəng istehsalında, yol tikintisində yararlı xammal
kimi istifadəsi mümkün
olduğu halda Abşeron daş
karxanalarında kəsilən dağ
kütləsinin təxminən 50 faizə qədəri
yararsız material kimi
atılıb.
Nə
proqnoz var, nə də…
İqtisadi İnkişaf Nazirliyinin mətbuat
katibi Abbas Əliyev də
“Həftə içi”nə açıqlamasında daş karxanalarındakı ehtiyatla
bağlı hansısa proqnozun
olmadığını təsdiqləyib. Ancaq
onun fikrincə, bu, heç də o demək deyil ki, tikintidə
yalnız mişar daşından istifadə
edilir və belə getsə, bu material tükənə
bilər: “Azərbaycanda mişar
daşının tükənəcəyi ilə bağlı
narahatlıq yoxdur. Çünki
zaman ötdükcə tikintidə daha çox müasir və yüngül
materiallardan istifadə artır. Dünyada müəyyən tikinti
materiallarını əvəz edə bilən yüngül
və daha dayanıqlı materiallar
istehsal edən müəssisələr
açılır və bu iş davam edir.
Azərbaycanda da son
dövrlər yüngül və
dayanıqlı tikinti materialları
hazırlayan yeni müəssisələr
yaradılıb”.
Ölkədə
mişar daşına olan
illik tələbata gəlincə, Abbas Əliyev belə bir
hesablamanın olmadığını deyir.
Amma o əmindir ki, tikintidə mişar
daşından əvvəlki dövrlərdəki kimi geniş istifadə edilmir: “İndi mişar daşı daha müasir materiallarla əvəzlənir.
Məsələn, yeni hündürmərtəbəli
binalar əsasən beton
dayaqlarla və kərpiclə tikilir. Ticarət obyektlərində də daha çox yüngül konstruksiyalar
işlənir. Yəni zaman keçdikcə
tikintidə daha müasir
inşaat materiallarından istifadə
artır və bunun üçün
də sahibkarlar belə müəssisələrin
sayını genişləndirir”.
Əmlak
bazarı üzrə ekspert Nüsrət İbrahimov isə, Azərbaycanda mişar daşına olan orta illik tələbatdan xəbərdardır.
Onun sözlərinə görə, il ərzində ölkədə orta hesabla 62-63 milyon ədəd, yaxud 1 milyon kubmetr mişar daşından istifadə olunur.
Nüsrət
İbrahimov bildirib ki, Azərbaycanda ilk qazobeton istehsalçısı olan
«AAC» MMC mişar daşından fərqli və
müasir daş
istehsalına başlayıb və hazırda bu
məhsullardan da tikintidə istifadə edilir. Ekspertin sözlərinə
görə, mişar daşı ilə
müqayisədə xeyli yüngül
çəkiyə malik bu
daşlar əsasən yuxarı mərtəbələrdə
ümumi konstruksiyanın çəkisini azaltmaq üçün
istifadə edilir.
Azərbaycanın
bəzi daş karxanalarının səmərəsiz
şəkildə istismar edildiyini
deyən ekspert mişar
daşı çıxarılan süxurlar
nəm olmamalıdır: “Ancaq bəzi karxanalarda buna əhəmiyyət
verilmir. Ona görə
də daşın çoxu
qırıntılar şəklində itkiyə gedir”.
Atif Sarıxanlı
Həftə içi.- 2013.- 11 aprel.- S.7.