“Deputat Sabir hələ də
Hamarkəndin dolanbac yollarının yolçusudur...”
"Hər
cavab - bir cümlə" rubrikasının növbəti qonağı
Xalq şairi, Dünya Azərbaycanlıları Konqresinin həmsədri,
millət vəkili Sabir Rüstəmxanlıdır...
- 2007-ci ildə "Hayanda itirdim ruhumu,
Allah!.." - deyən Sabir Rüstəmxanlı 2013-cü ilin
yazında ruhunu tapıbmı?..
- O
şeirdə əslində bütövlükdə cəmiyyətimizin
itən ruhundan söhbət getdiyindən mən də bu cəmiyyətin
bir üzvü kimi ruhumuzun itməsindən danışıram
və İnşallah, bir gün Qarabağ azad ediləndə,
Güney Azərbaycanla bütövləşəndə o
ruhumuzu qaytaracağıq...
- Hamarkəndin nahamar, dolanbac
yolları ilə məktəbə addımlayan balaca şagird
Sabir Bakının hamar yolları ilə parlamentə gedən
67 yaşlı deputat Sabir Rüstəmxanlını nədəsə
qınayardımı?..
- Şagird
Sabir deputat Sabiri heç nədə qınamazdı,
çünki 67 yaşlı deputat Sabir balaca Sabirin o təmiz
ruhunu özündə yaşadır və məhz deputat kimi də
hələ də Hamarkəndin dolanbac yollarının
yolçusudur...
- Ötən əsrin 60-70-ci illərində
tələbəlik keçmiş siyasətçilərin
çoxu həmin dövrdə "KQB"nin (SSRİ Dövlət
Təhlükəsizlik Komitəsi) seçilən,
yaxşı oxuyan tələbələrə əməkdaşlıq
təklifləri etdiyini söyləyirlər... Tələbə
Sabirə də belə təkliflər oldumu və o bunu necə
qarşıladı?
- Tələbə
Sabirə belə təkliflər yox, əksinə, ədəbi
dərnəklərdə söylədiyi bəzi şeirlərinə
görə təqib və təzyiqlər oldu və o da bunlara
duruş gətirib lazımi cavablarını verdi...
- 1988-ci ildən bəri mərhum Əbülfəz
Elçibəylə çiyin-çiyinə Azərbaycan Xalq
Hərəkatının liderlərindən olmusuz, 1991-ci ilin
avqustunda hətta milislə toqquşmada milli
azadlığımız uğrunda qanınız da
tökülüb, onun prezident olduğu dövrdə nazir
olmusuz... Sizcə, Elçibəyin özü ilə
apardığı ən böyük sirr hansıdır?..
- Məncə,
1993-cü ilin iyununda prezident kürsüsünü tərk
edib gizli şəkildə doğma kəndi Kələkiyə
getməsinin səbəbləri...
- Azərbaycan Xalq Cəbhəsi İdarə
Heyətinin üzvü olmuş bir siyasətçi kimi AXC-nin
əsas səhvini nədə görürsüz?
-
Hazırlıqsız hakimiyyətə gəlməsində...
- 1995-ci ildə mətbuat və informasiya
naziri vəzifəsindən istefanızın əsas səbəbi
nə oldu?
- Nazir kimi
mətbuatımızın inkişafı üçün
xeyli işlər görsəm də, deputatın həm də
yüksək vəzifə daşımasının qanunlara
uyğun olmamasından və iki kürsüdə göstərdiyim
fəaliyyətdən istədiyim keyfiyyət və səmərəni
ala bilməyəcəyimi dərk etdiyimdən nazir vəzifəsindən
istefa vermək qərarına gəldim...
- Bəs keçmiş prezident Heydər
Əliyevin sizi layiq gördüyü "Şöhrət"
ordenindən niyə imtina etdiniz və bu imtina şöhrətinizi
artırdımı?
- O
addımı şöhrət üçün atmadım, sadəcə,
Qarabağ kimi torpağı işğal altında tapdanan, 1
milyon qaçqını-köçkünü olan bir ölkənin
şairi kimi "Şöhrət" ordenini qəbul etməyə
xəcalət çəkdim...
- Dünya Azərbaycanlıları
Konqresinin (DAK) həmsədrisiniz. Və həmin təşkilatın
əsas missiyalarından biri Quzey-Güney Azərbaycan
torpaqlarını bütövləşdirməkdir. Sizi bir
vaxtlar DAK-ı ikiyə bölməkdə
günahlandırdılar... Özü bölünən bir təşkilat
Azərbaycanı bütövləşdirə biləcəkmi?..
- DAK-ın
bölünməsinə səbəb Sabir Rüstəmxanlı
yox, tarix boyu Vətənimizi bölən qüvvələr və
onlara xidmət edən xəyanətkar tulalardır, amma
bütün bunlara baxmayaraq DAK-in fəaliyyətinə kölgə
salmaq, onun xalqımızın və torpaqlarımızın
bütövləşməsi istiqamətindəki mübarizəsini
bir an da səngitmək olmaz...
- Hüquqi baxımdan bizim olan
Qarabağı erməni işğalından azad edə
bilmiriksə, həm de-yure, həm də de-fakto bizim olmayan
Güney Azərbaycanın birləşdirilməsindən
danışmaq tez deyilmi?
- Xeyr, tez
deyil, axı ilk olaraq - iki əsr öncə Güney Azərbaycanı
itirmişik, buna görə də Qarabağın
azadlığı uğrunda mübarizə aparmaqla
yanaşı, Təbrizi, üstəlik, bir əsr öncə
itirdiyimiz İrəvanı, Göyçəni, Zəngəzuru
da və s. diqqət mərkəzində saxlamaq gərəkdir...
- Bir qərinədir müstəqillik,
son çıxışlarınızın birində qeyd
etdiyiniz kimi, bir sıra diplomatlarımız hələ də
Azərbaycan dilini bilmirlər... Kimdir günahkar?
-
Diplomatlarımız arasında öz vətənini, millətini
sevənlər olsa da, ötən yüzillikdə Bakıda rus
məktəblərinin çoxluğu və əksər
tanınmış, imkanlı ailələrin öz
övladlarını həmin məktəblərdə oxutması,
təəssüf ki, onların öz dillərini unudaraq rusca
düşünmələrinə, oxuyub-yazmalarına səbəb
olmuşdur...
- Şeyx Şamil deyir ki, ən təhlükəli
düşmən dost cildində olan düşməndir... Tarixən
Rusiya, İran, ermənilər üstümüzə
qılıncla, top-tüfənglə gəldilər, bəs
dost cildində gizlənən düşmənlərimiz kimdir?
- Zənnimcə,
dost cildində olan düşmənlərimiz müsəlman-türk
dünyasına ikili standartlarla yanaşan bəzi beynəlxalq
güc, qurum və dövlətlər, eləcə də
tamah, cəhalət, nadanlıq, hadisələrin mahiyyətinə
varmamaq ucbatından onların maraqlarının ifadəçisinə
və icraçısına çevrilmiş daxili qüvvələrdir...
- Rüstəm İbrahimbəyov deyir ki,
erməni xalqı bizimlə düşmən deyil, bəs Sabir
Rüstəmxanlı nə deyir?
- Azərbaycan
vətəndaşı saydığımız sadə
Qarabağ ermənilərinin hamısını düşmən
hesab etməyin düzgün olmaması və Rusiyada
soydaşlarımızla birgə işləyən ermənilərin
azərbaycanlılarla mehriban münasibət qurması kimi
gerçəkliklər baxımından Rüstəm
İbrahimbəyov məsələyə fəlsəfi
yanaşıb və bütövlükdə erməni
xalqını yox, sadə erməniləri əsrlərdir ki,
saxta "Böyük Ermənistan" ideologiyası ilə
yoldan çıxarıb Azərbaycana, Türkiyəyə
qarşı yönəldən, silahlandıran,
döyüşməyə vadar edən qüvvələri
düşmən hesab etməliyik...
- Millət vəkili olduğunuz doğma
Yardımlının hazırkı icra hakimiyyəti
başçısı Sevindik Hətəmovun rayondakı fəaliyyətindən
razısınızmı?
- Sabiq millət
vəkili, hamımızın yaxşı
tanıdığı Sevindik bəyin işindən çox
razıyam, çünki o, gecə-gündüz
Yardımlı üçün əlindən gələni etmək
üçün fəaliyyət göstərir, ən əsası,
camaatın içindədir, camaatla dil tapıb və
özü də dağlıq rayonda böyüyüb
boya-başa çatdığına görə
Yardımlının problemlərini gözəl bilir və
onları həll etməyə çalışır...
- "Yenə kənd yolunda
yapayalnızım" deyən Sabir bəyin şəhər
yollarında çiyin-çiyinə addımladığı
dostları çoxdu yəqin?
- Təəssüf
ki, belə deyil, çünki şair, yazıçı, sənət
adamı nə qədər böyük mühitdə olsa da,
min-min insanın içində də dost məclislərinə,
əyləncələrə qurban verilməsi mümkün
olmayan öz dünyasının toxunulmazlığını
daim qorumağa çalışır və bu mənada mən
də üzərimdə Azərbaycan boyda bir oxucu sevgisi hiss
etsəm də, hələ də o kənd yolundakı
yalnızlığımı, tənhalığımı
qoruyub saxlamağı bacarmışam...
- Ahıl yaşınızın
astanasında yeni bir "Ömür kitabı" yazmaq
fikriniz yoxdur ki?
- Yəqin
indi yazsam da o, əvvəlki "Ömür kitabı"
olmayacaq, onun davamı olmayacaq, çünki o zaman düşmənlər
bizə sözlə hücum edirdilər, biz də sözlə
cavab verirdik, bu gün isə zor, silah gücünə
torpaqlarımızı işğal ediblər, bunun da
cavabını ilk növbədə silahla vermək lazımdır...
- Söhbət gəzir ki, siz də
prezidentliyə namizədliyinizi vermək fikrindəsiniz... Özünüzü
Azərbaycan prezidenti kimi görürsünüzmü?
-
Özümü Azərbaycan prezidenti kimi görürəm,
amma indiki məqamda iqtidarın imkanlarının bizimkindən
qat-qat üstün olması səbəbindən prezident
seçilmək çətin olduğundan və bir dəfə
prezidentliyə namizəd təcrübəsinə malik
olduğumdan nəticəsi əvvəlcədən bəlli
olan işlərlə məşğul olmaq istəmirəm...
- Şeirlərinizin birində
deyirsiz ki, qiyamət yaxınlaşır, Azərbaycanda qiyamətin
yaxınlaşmasının hansı əlaməti aşkar
görürsünüz?..
- Həmin
şeirdə sırf dünyanın məhvindən yox,
dünyada və Azərbaycanda mənəvi dəyərlərin
aşınması baxımından qiyamətin
yaxınlaşmasından bəhs edilir və millətimizə
xas kişilik, mərdlik, öz sözünün yiyəsi
olmaq, halallıq, başqasının malına göz dikməmək
və s. kimi dəyərlərin itməsi, mədənin beyinə,
ruhun maddiyyata tabe olması və s. qiyamətin daha aşkar əlamətləri
kimi göstərilir...
Sultan Laçın
Həftə içi.- 2013.- 13-15 aprel.-
S.7.