Turizmin ləng inkişafının sirri 

 

20 illik müharibə şəraiti, reklam bazarının zəifliyi turizmin inkişafını ləngidən əsas səbəblər sırasındadır

 

Dünya İqtisadi Forumunun "Səyahət və turizm. Rəqabət davamlılığı indeksi 2013" hesabatına əsasən, Azərbaycan dünyanın 140 ölkəsi arasında 78-ci yeri tutur. Azərbaycana gələn turistlərin sayının az olması ilə yanaşı, ölkə əhalisinin çox hissəsi istirahət üçün xarici ölkələrə üz tutur. Bu isə turizm sektorunda qiymətlərin yüksək, xidmətin səviyyəsinin aşağı olması ilə əlaqələndirilir.

 

Ekspertlər bildirirlər ki, turizm sektorundakı ən ciddi problemlərdən biri də turizm günlərinin azlığı ilə əlaqədardır. Çünki turizm şirkətləri əsasən yay mövsümündə və bir neçə ay ərzində fəaliyyət göstərir. İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) eksperti Gülnar İsmayılova "Həftə içi"nə açıqlamasında deyib ki, bəzən turizm şirkətlərinin müştəriləri aldatması da bu sektorun inkişafına ciddi maneələr yaradır. Onun sözlərinə görə, turizm şirkətləri qiymətləri süni şəkildə aşağı salır və bu zaman müştəri ona vəd edilən xidmətlərin reallıqla üst-üstə düşməməsinin, xidmətlərin reklam çarxlarında göstəriləndən aşağı səviyyədə olması ilə rastlaşır: "Ona görə də istehlakçıların hüquqlarının pozulması hallarına qarşı dövlət tərəfindən konkret qanunlar tətbiq olunmalıdır. Bu kimi problemlərlə müştərilərin qarşılaşmaması üçün əvvəlcədən sifariş müqavilələri bağlanmalı, müqavilədə otelin kateqoriyası, nəqliyyatın növü, yemək sistemi və digər xidmətlər haqqında informasiya yazılmalıdır".

Ekspert turizmlə bağlı peşə standartlarının hazırlanmasını da vacib hesab edir. Onun fikrincə, Azərbaycanda turizm fəaliyyətinin inkişaf etdirilməsi üçün ilk öncə turizm şirkətlərinin fəaliyyətinin sertifikatlaşdırılmasına dair normativlər hazırlanmalıdır: "Azad rəqabət şəraitini təmin etməklə qiymətlərin azalmasına nail olmaq, turizm marşrutlarının sayının artırılmasını və inkişafını təmin edəcək tədbirlər kompleksini hazırlamaq, bu sahədə xarici ölkələrin təcrübələrini araşdırıb öyrənmək və mümkün variantları Azərbaycanda tətbiq etmək vacibdir. Bu məsələdə xüsusilə regional səviyyədə ölkələrin, əsasən də qonşu dövlətlər olan Türkiyə və Gürcüstanın təcrübələrindən faydalanmaq lazımdir".

Gülnar İsmayılova bildirir ki, Türkiyə və Gürcüstanın turizm sektorunda xidmətlərin qiymətləri aşağı olması həmin ölkələrin bazar qiymətlərinin təsiri ilə formalaşıb. Belə ki, istehsal edilən məhsulların qiyməti Azərbaycanda olan məhsullardan aşağı qiymətədir. Onun sözlərinə görə, hər iki ölkədə turizm sektorunun inkişafı üçün mütəxəssislər tərəfindən bu sektorda fəaliyyət göstərən sahibkarlara xüsusi güzəştlərin verilməsi təklif olunur: "Buna görə də ölkəmizdə xidmət göstərən mehmanxana və mehmanxana tipli istirahət mərkəzlərinin fəaliyyətin vaxtaşırı yoxlanmalıdır. Onların göstərdikləri xidmət səviyyəsi üzərlərinə götürdükləri öhdəliklərlə müqayisə olunmalıdır. Eyni zamanda mehmanxana işçilərini təkmilləşdirmə kurslarına və ya treninqlərə yönəltmək də olar. Yalnız bütün bunların nəticəsində turizmi daha da inkişaf etdirmək mümkündür".

Xatırladaq ki, 2002-ci ildən etibarən isə hər il paytaxtımızda Azərbaycan Beynəlxalq Turizm Sərgisinin (AİTF) keçirilməsinin ənənə halını alması dövlətin ölkəmizdə turizm sənayesinin inkişafına necə böyük əhəmiyyət verməsini sübut edir. Bundan əlavə, indiyədək Azərbaycanın turizm potensialının zənginliyindən, bu sahənin imkanlarının genişliyindən bəhs edən materiallar dünyanın bir sıra böyük şəhərlərində - İstanbul, Berlin, Moskva, London, Əl-Küveyt, Kiyev, Tiflis, Daşkənd və digər şəhərlərdə keçirilən sərgilərdə nümayiş etdirilib. Amma bütün bunlar ölkənin turizm potensialından lazımınca istifadə üçün yetərli şərait yarada bilməyib. İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev Azərbaycanda turizmin ləng inkişafını bir neçə səbəblə əlaqələndirir. Onun sözlərinə görə, ən böyük səbəb inkişaf konsepsiyasının düzgün hazırlanmaması, regional inkişaf proqramlarında turizm potensialının öyrənilməməsidir.

Samir Əliyev Azərbaycanın 20 illik müddət ərzində müharibə şəraitində olmasını, reklam bazarının zəifliyi və islam ölkəsi olmağımıza görə yaranan fobiyaların da ölkəyə turist axınının azalmasına səbəb olduğunu düşünür. Onun sözlərinə görə, məhz bu mənada turizmin inkişafına mane olan birinci və əsas məsələ Qarabağ problemidir: "Cünki müharibə şəraiti ölkədə turizmin inkişafına böyük təsir göstərir. Həm Qarabağ problemi dünya üzrə tanıtdırılır deyə bu sahəyə dövlətin diqqəti zəifləyir, həm də Azərbaycana gəlmək istəyən turistlər ölkəmiz haqqında məlumat almaq istədikdə Qarabağ müharibəsi problemini eşidir və beləliklə turist kimi fikrindən daşınır. Çünki turist problemdən qaçır, o eşitsə ki, istirahətə getmək istədiyi ölkədə problem var, istər-istəməz ehtiyatlanacaq".

Bununla belə, ekspert hesab edir ki, reklam bazarı bir qədər genişləndirilsə, rəqabət mühiti yaradılsa, Azərbaycanda turizm sektoru indiki vəziyyətdən çıxa bilər. Onun sözlərinə görə, bu sahəni inkişaf etdirmək üçün təkcə xarici yox, yerli investorların da maraqları nəzərə alınmalıdır: "Yəni bazarda rəqabət mühiti yaradılmalıdır ki, investor istədiyi bölgənin turizm potensialından istifadə edərək ora investisiya yatırıb öz biznesini qura bilsin. Bu, həm turizmin inkişafını sürətləndirər, həm də dövlətin turizm xidmətlərindən gəlirlərini artıra bilər".

 

 

Təbriz Vəfalı

 

Həftə içi.- 2013.- 12 aprel.- S.8.