Kəndlərin
qazlaşdırılması başa çatır
Son iki
ildə Xəzər rayonunda 511 kilometr uzunluğunda müxtəlif
diametrli qaz xətti çəkilərək istismara verilib
"2011-2013-cü
illərdə Bakı şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nda
yaşayış məntəqələrinin
qazlaşdırılması prioritet vəzifə kimi
qarşıya qoyulub. Hazırda proqram çərçivəsində
Bakı və ətraf qəsəbələrə yeni qaz xətləri
çəkilir, köhnəlib sıradan
çıxmış qaz təsərrüfatlarında yenidənqurma
işləri aparılır.
"Həftə
içi"nin əməkdaşı Xəzər rayonunun uzun
müddət təbii qaz
çarışmazlığından əziyyət çəkən
kənd və qəsəbələrindəki vəziyyəti
öyrənmək üçün həmin rayonda sadə
insanlarla və yerli qurumların nümayəndələri ilə
görüşüb. Məlum olub ki, son 6 ayda rayonun
yaşayış sahələrinin təbii qaz təchizatının
yaxşılaşdırılması üçün
müvafiq layihələr həyata keçirilib. Nəticədə
rayon ərazisində 511 kilometr uzunluğunda müxtəlif
diametrli qaz xətti çəkilərək istismara verilib. Eləcə
də 110 ədəd qaztənzimləyici şkaf və 210 ədəd
fərdi tənzimləyici quraşdırılıb. Belə
ki, 2011-2012-ci illərdə Mərdəkan, Şüvələn,
Binə, Hövsan qəsəbələrində,
Atçılıq və Albalıq yaşayış massivlərində,
Qala, Zirə, Türkan, Şağan kəndlərində,
Donuzçuluq Sovxozu ərazisində yeni qaz xətləri
çəkilib. Hazırda isə Hövsan Sovxozunda 14380 p/m,
Qala kəndində 8326 p/m yeni qaz xətinin çəkilişi
davam etdirilir. Onu da öyrəndik ki, yeni qaz xətlərinin
istifadəyə verilən yaşayış məntəqələri
arasında Şüvələn qəsəbəsi ərazisində
yerləşən Hacı Mövlan bağları, Pirallahı
qəsəbəsi də var. Türkan qəsəbəsindəki
"Bağ sahələri" massivi, Dübəndi
bağlarının bir hissəsi, Şüvəlan qəsəbəsinin
"Yeni Sahə" massivi, Buzovna qəsəbəsinin
"Albalı" bağlarının bir hissəsi, Mərdəkan
qəsəbəsinin "Dənizkənarı
bağları" isə hələ də
qazlaşdırılmayıb. Ancaq bu yaşayış sahələrində
də yeni qaz xətlərinin çəkilişi nəzərdə
tutulub.
11 qəsəbədə
işlər davam edir
Xəzər
Rayon Qaz İstismar Sahəsinin baş mühəndisi Ramiz
Hüseynov isə "Həftə içi"nin əməkdaşı
ilə söhbətində bildirib ki, Dövlət Proqramı
çərçivəsində 11 qəsəbə üzrə
təmir tikinti və yenidən qazlaşma işləri həyata
keçirilir. Onun
sözlərinə görə, 1957-1963-cü illərdən bəri
çəkilmiş və yararsız hala düşmüş
köhnə yeraltı qaz xətləri artıq yenisi ilə əvəz
edilir: "Yerüstü polad borularla yeni qaz xətlərinin
çəkilişi ardıcıl olaraq aparılır. Ötən
il rayon üzrə 46500 abonent olduğu halda, hazırda bu rəqəm
artırılaraq 54000 çatdırılıb. Bu isə
qısa müddət ərzində7000 abonentin evinə əlavə
qaz xəttinin çəkilişi və "Smartkart" tipli
sayğacının quraşdırılması deməkdir.
Yalnız Pirallahı qəsəbəsində
"Smartkart" tipli sayğacların
quraşdırılması mümkün deyil. Çünki qəsəbə
adada yerləşdiyindən həmin kartlar korroziyaya tez
uğrayır. Bu səbəbdən də adıçəkilən
qəsəbədəki evlərə mexaniki sayğaclar
quraşdırılır".
Müsahibimiz
onu da deyir ki, ümumilikdə Pirallahıda sovet dönəmindən
istifadə olunan 3500-dən artıq köhnə sayğac
yenisi ilə əvəz olunub. Onun sözlərinə görə,
2000-ci ildən 2007-ci ilədək
quraşdırılmış və istismar müddəti
başa çatmış müxtəlif növdən olan qaz
sayğaclar daha müasir sayğaclarla əvəz olunur.
Hazırda davam edən bu işlərin hamısı Azərbaycan
Respublikası Dövlət Neft Şirkətinin dəstəyi
və "Azəriqaz" İstehsalat Birliyinin nəzarəti
altında həyata keçirilir: "Ötən ildən bu
işlərə cəlb olunmuş 9 podratçı təşkilat
tərəfindən istismara verilən polad borularda rənglənmə
işləri aparılır. Tənzimləyicilərin və
sayğacların quraşdırılması bir pəncərə
layihə sistemi üzrə aparılır. Xəzər Qaz
İstismar Sahəsinin Qəza-Bərpa Xidməti və Təmir-Tikinti
Sahəsi qaz xətlərinin qoşulmasında, yeni tənzimləyicilərin
quraşdırılmasında və fərdi qaz xətlərinin
çəkilməsində bütün gücləri ilə
işləyir. Bu işlərdə
istifadə olunan mal-materiallar "Azəriqaz" tərəfindən
təmin olunur".
Hər ay 900-dək qaz oğurluğu
faktı
Baş
mühəndis Xəzər rayon əhalisinin mavi yanacaqla təminatı
işlərinin tələbata uyğun
aparıldığını söyləyib. "Məqsədimiz
ölkə başçısının
tapşırığına uyğun işləri səmərəli
və keyfiyyətli həyata keçirməkdir" deyən
Ramiz Hüseynov əlavə edib ki, Xəzər Rayon Qaz
İstismar Sahəsinin rəhbərliyi rayon icra hakimiyyətinin
nümayəndələri ilə birlikdə yerlərdə əhali
arasında kütləvi görüşlər keçirərək
sakinlərin problemləri ilə maraqlanır, ortaya
çıxan çətinliklərin qısa müddət ərzində
həllinə çalışırlar. Onun sözlərinə
görə, hazırda qış və yaz mövsümündə
rayon Qaz İstismar Sahəsinin tələbatına uyğun qaz
rejimi tətbiq olunur. Bu isə "Azəriqaz"ın rəhbərliyi
ilə razılaşdırılır: "Yalnız müəyyən
dövrlərdə xətlərin qaz təminatı
dayandırılır. Bu isə çəkilmiş yeni qaz xətlərinin
mənbəyə qoşulması ilə bağlıdır.
Lakin zəruri hallarda yaranan məhdudiyyətlər də əvvəlcədən
planlaşdırılmış təmir və yenidənqurma
işlərinə əsaslanır və bu barədə rayon
icra hakimiyyətinə məlumat verilir".
Bununla belə,
hər bir bölgədə olduğu kimi, Xəzər rayonunda
da sayğacdankənar istifadə olunan, vətəndaşlar tərəfindən
qaz oğurluğu hallarına tez-tez rast gəlinir. Ramiz
Hüseynov bildirir ki, sayğaclara abonentlər tərəfindən
müdaxilə halları da aşkarlanır və bunlar cərimə
aktlarında öz əksini tapır. Onun sözlərinə
görə, bu cür vətəndaşların qanunsuz qaz xətləri
kəsilərək onlar qanuni qazdan istifadə etmək
üçün istifadə etdiyi mavi yanacağın pulunu
ödəməklə həyata keçirilir: "Qaz
oğurluğu istixanalarda və sənaye obyektlərində də
aşkarlanır. Amma biz mütəmmadi olaraq reydlər və
yoxlamalar keçirməklə qaz itkisinin və qaz
oğurluğunun qarşısını almağa
çalışırıq. Hətta bu yoxlamalar zamanı
rayon ərazisində hər ay 600-900-ə qədər qaz
oğurluğu aşkarlanır, onlara cərimə aktları
yazılaraq normativə uyğun dəymiş ziyan ödənilir".
Hazırda
Dövlət Proqramı çərçivəsində
rayonun kənd və qəsəbələrinin təbii
yanacaqla təminatı sahəsində mühüm tədbirlərin
görüldüyünü deyən baş mühəndis əsas
layihələrin başa çatmaqda olduğunu deyir. Onun
sözlərinə görə, ilin sonunadək nəzərdə
tutulan qazlaşdırma layihələri tam şəkildə həyata
keçiriləcəyi təqdirdə növbəti
qış Xəzər rayonunun kənd və qəsəbələrinin
qaz təchizatında heç bir çətinlik yaranmayacaq.
Qələndər
Xaçınçaylı
Həftə içi.- 2013.- 16 aprel.- S.7.