“Yazdığımız
romanı özümüzdən başqa heç kəs
oxumur“
"Yenidən
Mir Cəlal Paşayev, Süleyman Rəhimov, Bayram Bayramov, Mirzə
İbrahimov kimi yazıçılar yetişməyəcək"
Onun
yaratdığı "Addımlar" Ədəbi Birliyi
Qarabağ bölgəsində ilk ədəbi məclislərdən
sayılırdı. Şücaət, Dəmirçi Abbas,
Nüşabə Məmmədli, İsa Sevər, Bahar Bərdəli
kimi tanınmış şair və yazıçıları
məhz "Addımlar"ın bir yerə
toplamışdı. "Kərbala", "Peyğəmbər"
və "Qəflət oyanış" romanları onu ədəbi
mühitdə xeyli məşhurlaşdırdı. Xüsusilə
də "Kərbala" və "Peyğəmbər"
romanı onun oxucu dairəsini xeyli genişləndirdi.
Çağdaş
ədəbiyyatımızda ilk dini-tarixi roman olan "Kərbəla"nın
müəllifi, Azərbaycan Yazıçılar Birliyinin
üzvü, tanınmış yazıçı Mir Cəfər
Seyidov "Həftə içi"nin suallarını
cavablandırır:
-
Bildiyimizə görə, 12-dən çox əsərin
müəllifisiniz. Amma bunların arasında dini əsərlər
daha çoxdur. Bu, nədən irəli gəlir?
-
Özümü həmişə Mirzə Cəlil ədəbi
məktəbinin nümayəndəsi hesab etmişəm. Bir
sözlə, Mirzə Cəlili
yaradıcılığından qaynaqlanaraq, "Futbol" adlı ilk satirik
hekayəni yazdım. Sovet dönəmində 300-dən
çox felyetonum çap olunub. Mən özüm peyğəmbər
nəslindənəm, Seyid Mir Əkbər Ağanın nəvəsiyəm.
Babam Mirəkbər Ağanın qəbri Bərdə rayonunun
İmirli kənd qəbiristanlığında ziyarətgaha
çevrilib. Mən ən çox Füzulini, dünya
filosoflarını, eləcə də "Quran"ı oxuyub
mütaliə etmişəm. Eləcə də sovet
dövründə müsəlman ölkələrində
baş verən hadisələr məndə qəfil
oyanış yaratdı. Bu əsərlər sanki, mənim
gözümü açdı və hiss etdim ki, bizim meyar
saydığımız öldürücü satira heç də
yeganə yol deyil. Mənə elə gəlirdi ki, satira
adamları tərbiyə etməkdən daha çox onu sarsıdır. Anladım ki,
yazıçı sözü ciddi deyəndə insanların
qəlbinin kövrək tellərinə toxunaraq məqsədinə
daha tez nail olur. O vaxt biz Cənubi Azərbaycan üzərində
köklənmişdik, mütaliəmizi Xəlil Rza, Məmməd
Araz, Bəxtiyar Vahabzadə kimi ədiblərdən
alırdıq, onların məktəbini keçmişdik.
1988-ci ildən ermənilərin bu xəyanəti məni
tamamilə dəyişdirdi. Düşündüm ki,
yaradıcılığımda inqlab etməliyəm. Ən
çox öz soy-kökümə qayıtdım. Eləcə
də müsəlman ölkələrində baş verən
hadisələr məni dini mövzuda əsərlər
yazmağa vadar etdi. 60 ildə çağdaş ədəbiyyatımızda
dini-tarixi roman olan "Kərbala"nı yazdım. Roman əvvəlcə
3000 tirajla çap olundu və kitabxanalarda satıldı.
Ardıcıl 3 dəfə təkrarən,
hər dəfə 3000 tirajla romanım çap olunaraq
böyük oxucu kütləsi qazandı. Sonra Peyğəmbərimiz
Həzrəti Məhəmmədə hücumlar başlayanda,
karikaturalar çəkiləndə artıq mən
"Peyğəmbər" romanına
başlamışdım. Əsərdə açıq şəkildə
bəyan etdim ki, sonuncu din İslamdır. Bəşəriyyətin
nicat yolu İslamdadır, bu Allahın hökmüdür.
- Əksər
yazıçılar sizin kimi, ədəbiyyata şeirlə gəlib. Sizcə, niyə?
Bunun səbəbi nədir?
-
İnsan yeniyetmə dövründə duyğusal olur. Yaşa
dolduqca o hisslər əriyir, ağıl üstünlük təşkil
edir. Şeir hisslər, duyğusaldır. Sonradan hiss etdim ki, nəsrdə
fikirlərimi daha aydın deyə bilərəm. Şair olmaq
üçün anadan gərək şair doğulasan.
Şairlik həm də dünyanın poetik dərkidir. Amma mən
dünyanı nəsrdə daha çox dərk edirəm.
-
Düz 20 ildən çoxdur ki, kənd həyatından bədii
əsərlər yazılmır. Bədii əsərlər
yazan yoxdur, yoxsa yazıçı?
-
Həyat ən çox indi şəhərdə qaynayır,
yazıçı da həmişə özünü qaynar
mühitə atır. Əslində bu, mənim mövzum deyil.
Mənim mövzum bəşəridir. Yəni insanların istər
şəhər, istər kənd olsun, öz soy-kökünə,
milli ənənələrə bağlılığı
artıq bizim həyat tərzinə çevrilmiş İslam ənənələrinə
bağlılıqdır. Mən kosmopolit fikirli bir adamam, milli
dəyərləri, milli təəssübkeşliyi gözləmək
lazımdır. Amma İslamda millətdən daha çox
ümmət anlamı var, müsəlman müsəlmanın
qardaşıdır. Başqa dinlərə hörmət də
İslamda öz əksini tapıb.
-
IX-XX əsrlərin
yazıçıları bu gün yetişmir, sanballı əsərlər
ortaya qoyulmur. Sizcə, buna səbəb nədir?
-
Heç olmayacaq da. Yenidən Mir Cəlal Paşayev,
Süleyman Rəhimov, Bayram Bayramov, Mirzə İbrahimov kimi
yazıçılar yetişməyəcək. İndi
cild-cild yazılmış qalın romanı oxumağa həvəs
qalmayıb. Artıq ədəbiyyat kölgədə
qalıb. İndi isə yazıçılar kitabdan daha
çox ssenari yazmağa üstünlük verir. Kütləvi
surətdə yazıçı olmaq, şair olmaq kimi qəribə
bir tendensiya yaranıb. Amma vaxt gələcək ki, əsl ədəbiyyat
seçiləcək və görünəcək. Təkcə
mütəxəssislərin
deyil, xalqın həmişə ədəbiyyata ehtiyacı
olub və olacaq da. Son zamanlar nəsil şəcərələri,
memuar ədəbiyyatı da ciddi ədəbiyyatın üstünə
kölgə salıb.
-
Özünüzü
yazıçı bolluğu içərisində sıxılımış kimi təsəvvür
edirsinizmi?
-
Çox sıxılıram. Ona görə ki, təbliğat
düzgün aparılmır. Çünki bədii dəyəri
olmayan əsərlər üstünlük təşkil edir.
Yazıçının sanbalı, ölçüsü
kitab mağazalarında satılan kitabla
ölçülür. Bütün dünyada ədəbi
meyar budur. Kitabı satılmayan yazıçı nəyə
görə əsər yazmalıdır? Ən pisi odur ki, indi
Azərbaycanda oxucu auditoriyası və kitab mağazaları
azalıb. Son 20 ildə təbliğat düzgün
aparılmır. Günahı bir qurumda, bir nəfərdə
axtarmaq lazım deyil. Bəlkə də bu dövrün,
zamanın sərt tələbindən, qaydalarından
irəli gəlir.
- Bu
gün ədəbiyyatımızda yeni cərəyanlar, qollar yaranıb. Bu, nə
dərəcə də məqsədəuyğundur?
-
Hazırda ateizm təbliğ edən zümrələrdən
biri də şair və yazıçılardır. Mənim zənnimcə
pornaqrafik, erotik əsərlər yazmaq, elə bil kanalizasiyadan
yazmaq kimi bir şeydir. Axı, bizim milli mədəniyyətimiz,
ədəbiyyatımız var. Son dövrlərdə
yazılmış bəzi əsərlər ədəbiyyatımızı
eybəcərləşdirir.
-
Gənc yazarlara münasibətiniz
necədir?
-
Ən dəhşətlisi odur ki, indiki gənc yazarlar yeni cərəyanları
öz adlarına çıxmaq istəyirlər. Halbuki
onların indi dediyi fikirlər çoxdan deyilib. Rus və
ingilis dilində əsərlər oxuyub onları
özününküləşdirmək heç də yenilik
deyil. Tanıdığım gənc yazarlar var, amma onları
izləyə bilmirəm.
- Sizcə,
bu gün ədəbiyyatımızı oxucunun gözündən
salan nədir? Nə çatmır ədəbiyyatımızda?
-
Ədəbiyyatımızda ən böyük
çatışmazlıq oxucu auditoriyasıdır.
Yazdığımız romanı özümüzdən
başqa heç kəs oxumur. Son 20 ildə ciddi ədəbi
hadisəyə səbəb olan əsər də
ortalığa qoyulmayıb. "Qarabağ!",
"Qarabağ!" deyib göz yaşları
axıdırıq. Amma Qarabağla bağlı sanballı bir əsərimiz
yoxdur. Bu sahədə publisistika ədəbiyyatı on qat
üstələyib. Bunların hamısı ədəbiyyatı
oxucunun gözündən salır. Əsl ədəbi əsər
odur ki, dövrün gerçəkliyini, tarixi hadisəni əks
etdirir, cəmiyyətin o hadisəyə münasibətini
ortaya qoyur. Bizdə belə əsərlər yoxdur. Oxucu isə
oxumaq istədiyi əsəri tapmayanda kitabdan qaçır.
Qələndər
Xaçınçaylı
Həftə içi.- 2013.- 17 aprel.- S.8.