“Heydər Əliyev
və Azərbaycan iqtisadiyyatı“
Onun
hakimiyyətə yenidən qayıdışı ölkə
sənayesində inkişaf bumu yaradır
Bu
gün Azərbaycanda həyata keçirilən
düşünülmüş iqtisadi strategiya ölkəmizin
dünya dövlətləri içərisində özünəməxsus
inkişaf yoluna görə fərqlənməsinə səbəb
olub. Məhz davamlı islahatlar konsepsiyasına əsaslanan
makroiqtisadiyyatın genişşaxəli sosial siyasətlə
paralel şəkildə qarşılıqlı əlaqələndirilməsi
Azərbaycanın regionun və Avrasiya məkanının ən
etibarlı ölkə kimi nüfuzunun güclənməsinə
böyük imkanlar yaradıb.
Sözsüz
ki, Azərbaycan bu inkişafa, qazanılan nailiyyətlərə
mərhum prezident Heydər Əliyevin hakimiyyətə
qayıdışından sonra imza atıb. Çünki Heydər
Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrü
- 1969-1982-ci illər Azərbaycanın quruculuq salnaməsinə
ən parlaq səhifələr kimi daxil olub. Baş verən dəyişikliklərin
miqyasına, iqtisadi və sosial sahələrdə aparılan
dərin struktur islahatlarının xarakterinə, xalqın
maddi rifah halının keyfiyyətcə yeni mərhələyə
keçirilməsinə görə bu dövr Azərbaycanın
yeni tarixinə qızıl hərflərlə yazılıb.
Məhz Heydər Əliyevin səyi ilə SSRİ hökuməti
Azərbaycanla əlaqədar, respublikada xalq təsərrüfatının
hərtərəfli yüksəlişi və intensiv
inkişafını nəzərdə tutan beş xüsusi qərar
qəbul etdi. Azərbaycan xalqı üçün, həqiqətən,
tarixi əhəmiyyət daşıyan bu mühüm qərarlar
1970-1980-ci illər arasında və daha sonrakı perspektivdə
ölkənin sosial-iqtisadi inkişafının əsas istiqamətləri
üzrə kompleks məsələləri müəyyənləşdirdi.
Bu
gün tam əminliklə söyləmək olar ki, Azərbaycanın
dövlət suverenliyi və iqtisadi müstəqilliyi, sistemli
şəkildə artan xarici iqtisadi əlaqələri,
dünya iqtisadiyyatına get-gedə daha dərindən
inteqrasiya olunması hələ 1969-1982-ci illərdə təməli
qoyulmuş xalq təsərrüfatı potensialına əsaslanır.
Çünki həmin dövrdə sənayenin dinamik yüksəlişini
təmin etmək üçün iqtisadiyyatda struktur siyasətinin
prinsipial şəkildə yeni istiqamətləri işlənib
hazırlandı. Bu istiqamətlər sənayenin qabaqcıl və
mütərəqqi sahələrinin, ilk növbədə
maşınqayırma kompleksində, kimya və neft
kimyasında, əlvan metallurgiyada texniki cəhətdən
yeniləşmə və yenidənqurma prosesləri ilə
eyni vaxtda neft və qaz hasil edən, neft emal edən sənayenin,
energetikanın, qara metallurgiyanın və dağ-mədən
sənayesinin genişlənməsini nəzərdə tuturdu.
Azərbaycanın
təşəbbüsü ilə ümumittifaq səviyyədə
qəbul olunmuş qərarlarla elmi-texniki tərəqqi əsasında
respublikanın sənaye bazasının inkişaf etdirilməsində,
sənayenin strukturunun təkmilləşdirilməsində, iri
cihazqayırma, radiotexnika, elektrotexnika, dəzgahqayırma və
avtomobil sənayesi müəssisələrinin
yaradılmasında, fəaliyyətdə olan zavodların yenidən
qurulmasında və genişləndirilməsində yeni mərhələnin
başlanğıcı qoyuldu. Həmin qərarlar respublika ərazisində
sənaye müəssisələrinin yerləşdirilməsi
işinin köklü surətdə
yaxşılaşdırılmasında böyük rol
oynadı, şəhər və rayonların kompleks
inkişafına, əmək ehtiyatlarından səmərəli
istifadə edilməsinə, xalqın rifah halının
yaxşılaşmasına kömək göstərdi.
Bu
gün Azərbaycan iqtisadiyyatının inkişafını təmin
edən bir çox istehsal obyektləri həmin dövrün məhsuludur.
Neft sənayesinin iqtisadi inkişafdakı rolunu müdrikliklə
nəzərə alan Heydər Əliyev ötən əsrin
70-ci illərində bu sahənin dinamik inkişafına nail
olaraq, neft-kimya sənayesinin tamamilə modernləşdirilməsini
təmin etdi. Həmin dövrdə neft sənayesinin
inkişafında tamamilə yeni mərhələ
başlanaraq, bu zəngin milli sərvətin Azərbaycanın
rifahına xidmət edən vasitəyə çevrilməsi
prosesinin əsası qoyuldu. Yeni yataqların kəşfiyyatı,
qazılması, işlənməsi, mütərəqqi
texnologiyalardan və üsullardan istifadədə yeniliklər
də məhz Heydər Əliyevin təşəbbüskarlığı
nəticəsində mümkün oldu.
1993-
cü ildən etibarən isə mərhum prezidentin yenidən
hakimiyyətə qayıdışı ölkə
iqtisadiyyatının yeni inkişaf mərhələsinə qədəm
qoyması ilə nəticələndi. Belə ki, Heydər Əliyevin
uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində,
ağır ilkin şərtlərə baxmayaraq, 1995- ci ildən
başlayaraq ölkəmizin sosial-iqtisadi inkişafı və
dünya təsərrüfat sisteminə inteqrasiyası sahəsində
çox böyük nailiyyətlər əldə olundu. Ən
böyük nailiyyət isə ondan ibarətdir ki, bu dövrdə
ölkəmizdə aparılan müstəqil dövlət
quruculuğu prosesində iqtisadi islahatların və
inkişafın mahiyyət etibarı ilə yeni bir modeli - Azərbaycan
modeli yarandı.
Təqdirəlayiq
haldır ki, iqtisadi inkişafın ilkin mərhələsində
ölkəmizdə bu modelin gerçəkləşməsinin
rəsmi bazası kimi bir çox irimiqyaslı siyasət sənədləri
qəbul olunaraq ayrı-ayrı sahələrin inkişafı
daha da sürətləndirildi. Məsələn, bu dövr ərzində
həyata keçirilən iqtisadi islahatların rəsmiləşdirilməsi
baxımdan digər bir istiqamət kimi 1993-cü ildə təsdiq
edilmiş ``Azərbaycanda Sahibkarlığın İnkişafı (1993-1995)``
adlı Dövlət Proqramını qeyd etmək olar.
Çünki 1993-cü ilə qədər ölkədə
sahibkarlıq sektoru istiqamətində ciddi islahatların həyata
keçirilməməsi və sistemsiz epizodik tədbirlərin
ardınca belə bir proqramın qəbul edilməsi və onun
həyata keçirilməsinə başlanması bu sahədə
nisbi uğurların əldə edilməsinə imkan
yaratdı. Belə ki, məhz məhrum prezident Heydər Əliyevin
gərgin əməyi sayəsində ölkədə fəaliyyət
göstərən kiçik və orta sahibkarların sayı
çoxaldı, onların xarici iqtisadi fəaliyyəti
genişləndi. Bunun nəticəsi olaraq 1995-2008-ci illərdə
sənaye sahəsində əhəmiyyətli nəticələr
əldə edilməyə başlandı. Beləliklə, əvvəllər
xarici ölkələrdən idxal olunan bir çox malların
müəyyən qisminin artıq Azərbaycanda istehsal
olunmağa başlanması daxili bazarımızın zənginləşməsinə,
idxaldan asılılığımızın demək olar ki,
aradan qalxmasına imkan yaratdı.
Bütün
bunlar sənayedə işgüzar fəallığın
artmasına, kiçik sahibkarlığın inkişafına
güclü təkan verdi. Məhz vaxtilə mərhum dövlət
başçısı Heydər Əliyev tərəfindən
həyata keçirilən və hazırda ölkə
prezidenti İlham Əliyev tərəfindən uğurla davam
etdirilən "açıq qapı" siyasətinin nəticəsidir
ki, indi Azərbaycanda xarici və müştərək müəssisələrinin
sayı 3 dəfə artıb. Hazırda sənaye səhəsində
63 dövləti təmsil edən 200-ə yaxın xarici
investisiyalı müəssisə fəaliyyət göstərir,
minlərlə yeni iş yerləri açılıb. Yeni
formalaşan təsərrüfat strukturlarının nəzərə
çarpacaq dərəcədə artması, kiçik
sahibkarlığın genişlənməsi və dinamik
inkişafı, fiziki şəxslərin sahibkarlıqla məşğul
olması qeyri-dövlət sektorunun rolunun getdikcə
artması ilə müşayiət olunur.
Xüsusi
vurğulamaq yerinə düşər ki, Heydər Əliyevin
elmə əsaslanan inkişaf strategiyasının ən vacib tərkib
hissəsi müasir Azərbaycanın bütün
uğurlarının rəhni sayıla biləcək neft
strategiyasıdır. Düzdür, əksər hallarda ölkənin
uğurlu neft strategiyasının təməlinin 1994-cü
ilin sentyabrında imzalanmış "Əsrin müqaviləsi"
ilə qoyulduğu vurğulanır. Bu tarix və
imzalanmış sənəd olduqca əhəmiyyətlidir və
ölkənin iqtisadi, sosial inkişafı, siyasi
uğurlarının səbəblərindəndir. Lakin mərhum prezident Heydər Əliyevin
neft strategiyasının bünövrəsi daha erkən
dövrdə qoyulub. Buna misal kimi, hazırda mərhum prezidentin
adını daşıyan və onun təşəbbüsü
ilə məhz Bakıda qurulmuş Dərin Özüllər
zavodunu göstərmək olar. Bu zavodun inşasına 1978-ci
ildə başlanılaraq 1984-cü ildə istismara verilir. Bu
unikal zavod daxili tələbatı ödəməklə
yanaşı, artıq XX əsrin son onilliyində Şimal dənizində
BP şirkəti üçün sifarişlər yerinə
yetirirdi.
Dərin
Özüllər zavodunun işə düşməsilə Azərbaycanda
dəniz şəraitində neft istehsalı strategiyası dəyişdi.
Əvvəlki illərdə tələb edilən kilometrlərlə
uzanan estakadaların inşasından imtina etmək
mümkün oldu. Bununla da həm inşaat və istismar xərcləri
köklü surətdə azaldı, həm də ekologiya və
sağlamlıq üçün risklər minimuma endirildi.
Praktiki olaraq, Heydər Əliyevin təşəbbüsü və
gərgin əməyi nəticəsində Azərbaycan
Respublikasının neft strategiyasında yeni texnoloji və
iqtisadi dövr başlandı.
Beləliklə,
məhz Heydər Əliyevin gerçəkləşdirdiyi və
ya reallaşması üçün zəmin
hazırladığı bu əvəzolunmaz strategiya sayəsində
Azərbaycan dövləti hazırda "inkişaf nərdivanı"nın
ən yüksək pilləsində addımlayır. Bu gün
Azərbaycan Dünya İqtisadi Forumu kimi möhtəbər tədbirlərə
ev sahibliyi etməklə özünün Qafqazda lider ölkə
olduğunu bir daha sübut etdi. Bütün bunlar göstərir
ki, mərhum prezident Heydər Əliyevin müəyyənləşdirdiyi
dərin siyasət hazırda layiqincə davam etdirildiyindən
gələcəkdə Azərbaycanı daha böyük
iqtisadi uğurlar gözləyir.
Sevinc
Osmanova
Yazı
İqtisadi İnkişaf Nazirliyi tərəfindən KİV
nümayəndələri arasında elan edilmiş
yaradıcılıq müsabiqəsinə təqdim edilir.
Həftə içi.- 2013.- 17 aprel.- S.7.