Oxucunu
bir araya gətirən “Gəzən kitabxana“
10 min yazılı, 5 min elektron nəşrdən
ibarət kitablar 15 regionda yayılacaq
Kitab bilik xəzinəsidir.
Bu bilik xəzinəsinə baş vuran hər kəs nitqin və
dünyagörüşün inkişaf etdirilməsində
kitabın, mütaliənin böyük əhəmiyyəti
olduğunu anlayır. Bu günlərdə Gənclər və
İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər
Təşkilatları İttifaqının (ATGTİ) dəstəyi
ilə maraqlı layihənin təqdimatı olub. "Gəzən
kitabxana" layihəsi Dünya İqtisadi Forumunun Qlobal Gənclər
Birliyinin "Cənubi Qafqaz və Mərkəzi Asiya 2020-ci ilə
baxış" mövzusunda Bakıda keçirilən beynəlxalq
forumun rəsmi açılışı zamanı təqdim
olunub.
"Həftə
içi" layihənin özəllikləri ilə
maraqlanıb. Məlum olub ki, "Gəzən
kitabxana"nın əsas məqsədi gənclərin kitab
oxumağa həvəsini artırmaqdır. Tələbələrin,
xüsusən də region gənclərinin istəyi ilə
reallaşdırılan bu layihənin ideyası da elə gənc
tələbələrdən gəlib. Kitablar isə tələbələr
arasında aparılan sorğu əsasında seçilib.
Seçimdə həm də ən oxunaqlı və tələbata
uyğun kitablar nəzərə alınıb.
Layihənin ən
maraqlı tərəflərindən biri odur ki, "Gəzən
kitabxana"dakı kitabların əksəriyyəti pulla
alınıb. Səyyar kitabxanada yer alan kitabların bir qismi isə
ATGTİ-yə hədiyyə olunanlardır. Kitabxanada həm Azərbaycan,
həm də dünya klassiklərinin eyni adlı əsərlərindən
bir neçə nüsxə mövcuddur. Eyni zamanda kitabxanada
Azərbaycan dilində yazılan xarici ədəbiyyatlar yer
alıb. Bir sözlə, səyyar kitabxananın səliqə
ilə hazırlanmış rəfləri arasından istənilən
maraq dairəsinə uyğun kitab tapmaq mümkündür.
Kitabxana 15 regionu "gəzəcək"
ATGTİ-nin
icraçı direktoru İradə Dadaşova "Həftə
içi"nin əməkdaşı ilə söhbətində
deyib ki, Bakıda keçirilən beynəlxalq forumdakı təqdimatdan
sonra "Gəzən kitabxana" layihəsi böyük
marağa səbəb olub. Onun fikrincə, layihənin
icrasından sonra kitab oxumağa marağı olan gənclərin
işi daha da asanlaşacaq. Bu layihə 1 il davam edəcək və
ilkin olaraq ölkəmizin 15 regionunu əhatə edəcək.
10 min kitab və 5 min elektron nəşrin olduğu kitabxana səyyar
fəaliyyət göstərəcək və kitabsevərlər
nəşrləri pulsuz əldə edəcəklər. Həmsöhbətimiz
qeyd edib ki, hansısa bir sənəd qoymaqla kitabı əldə
etmək mümkün olacaq. Ancaq kitab 10 gün müddətində
qaytarılmalıdır: "Həmin müddətdə gənclər
gəlib bu imkandan istifadə edə bilərlər. Belə ki,
onlar müvafiq bir sənəd qoyacaqlar və kitabları
götürəcəklər. 10 gün sonra isə kitabı
qaytaracaqlar. Çünki 15 gündən sonra kitabxana növbəti
rayona getməlidir. Ancaq oxucu sayı və marağından
asılı olaraq vaxt artırıla bilər".
"Qapımız hər kəsə açıqdır"
İradə
Dadaşova onu da əlavə edib ki, kitabxanada 3 dildə nəşrlər
var və 8 bölmə fəaliyyət göstərir. Onun
sözlərinə görə, "Gəzən
kitabxana"da elmi və bədii ədəbiyyat, həm də
tədrislə bağlı kitablar var. Azərbaycan, rus və
ingilis dillərində olan bədii ədəbiyyatları həm
də onlayn yükləmək mümkün olacaq. Belə ki,
"Gəzən kitabxana"da yaradılmış xüsusi
proqramda nəşrlərin elektron kataloqu yerləşdirilib.
Odur ki, kitabları elektron variantda əldə etmək istəyənlərə
də belə bir imkan yaradılacaq. Bundan başqa, səyyar
kitabxanaya surətçıxaran aparat qoyulub və istəyənlər
kitabın surətini çıxarıb əldə edə biləcəklər.
Kitablardan tək
gənclər deyil, orta və yaşlı nəslin nümayəndələri
də yararlana biləcəklər. ATGTİ-nin icraçı
direktoru bildirir ki, bu kitabxananın təşəbbüskarları
gənclər olsa da, onun imkanlarından bəhrələnmək
istəyənlərə yaş məhdudiyyəti qoyulmayacaq:
"Qapımız hər kəsə açıqdır, kitab
oxumaq istəyən istənilən şəxsə şərait
yaradacayıq. Səyyar kitabxanada hətta kiril əlifbası
ilə yazılan kitablar da var. Beləliklə, latın
qrafikası ilə oxumağa çətinlik çəkənlər
həmin kitablardan istifadə edə biləcəklər".
Qeyd edək
ki, "Gəzən kitabxana"nın ilk səfəri aprelin
sonunda Gəncə şəhərinə olacaq. Hər bir rayon
və şəhərə getməzdən əvvəl həmin
regionların mərkəzi yerlərində məlumatlandırıcı
plakatlar asılacaq. Layihənin sonunda hansı regionda və
hansı kitaba daha çox maraq olduğu müəyyənləşdiriləcək.
Atif Sarıxanlı
Həftə içi.- 2013.- 16 aprel.- S.8.