Əhalinin
içməli su təminatı güclənir
Təbiətin
ölkəmizə bəxş etdiyi zəngin
sərvətlərə xüsusi
qayğı ilə yanaşmaq, belə misilsiz xəzinələri bəşəriyyətin
gələcəyi naminə qorumaq üzərimizə
düşən başlıca vəzifələrdəndir
Heydər
Əliyev
Məlumdur
ki, canlı aləmin varlığı su təminatı ilə
bağlıdır və su ilahi varlığın insanlara
verdiyi ən qiymətli nemətdir. Çünki su insan həyatı
üçün oksigendən sonra ən əhəmiyyətli
element sayılır. Araşdırmalara görə, insan yemək
yemədən həftələrcə yaşaya bildiyi halda,
susuz yalnız bir neçə gün yaşaya bilər. Hətta
qanın 92, sümüklərin 22, beynin və əzələlərin
isə 75 faizini su təşkil edir. Ona görə də su həyat,
sağlamlıq, təmizlik, paklıq, millətin genofondunun
sağlam təməl üzərində qurulması, kənd təsərrüfatının
inkişafı, ruzi və bərəkət deməkdir. Su həmçinin
bütün dövrlər üçün həyatın
başlanğıcı və davamlı inkişafı, həm
də milli tərəqqimizin təminatı sayılır.
Ölkəmizdə bu cür təminatın
yaradıcısı isə məhz ümummilli lider və ulu
öndər Heydər Əliyev olub. Çünki hakimiyyətdə
olduğu dövrlərdə onun diqqət və
qayğısı sayəsində su təchizatının yenidənqurulması
istiqamətində xeyli işlər görülüb,
çoxsaylı problemlər çözülüb.
1969-1982-ci
illərdə…
Keçmiş
SSRİ dövründə Azərbaycanda mövcud
su ehtiyatlarından rasional
istifadə edilməməsi, su
anbarlarının az olması, qonşu respublikalardan Kür və Araz
çaylarına çirkab və zəhərli
maddələrin axıdılması və ölkəmizin su təsərrüfatı sahəsində yaşanan çox ciddi problemlər Bakı
şəhərində və bölgələrdə içməli
su su
qıtlığı yaratmışdı. Keçən əsrin
əvvəllərində Şollar su kəmərinin tikilməsindən sonra Xaçmazdan çəkilmiş
iki su kəməri ilə
gətirilən və Ceyranbatan sutəmizləyici
qurğular kompleksində emal
olunan su tələbatı
ödəmirdi. Su ehtiyatları az olan
ərazidə yerləşən paytaxtda
1960-cı illərdə yeni-yeni
mikrorayonların, Günəşli və Əhmədli kimi iri yaşayış
massivlərinin salınması, zavod və
fabriklərin tikilməsi, çoxsaylı sənaye və istehsal sahələrinin yaradılması,
Bakıətrafı qəsəbə və kəndlərin
böyüməsi, eləcə də əhalinin sayının artması Abşeron
yarımadasında içməli suya tələbatı
xeyli artırmışdı. Bakıda və
bölgələrdə müasir standartlara cavab verən yeni su xətlərinin
çəkilməməsi üzündən keyfiyyətsiz sudan istifadə insanların
sağlamlığına böyük zərbə
vururdu. Amma 14 iyul 1969-cu ildə Azərbaycan
Kommunist Partiyası Mərkəzi Komitəsinin
birinci katibi və büro üzvü
seçilən Heydər Əliyevin rəhbərliyi ilə əhalinin
içməli suya tələbatının
ödənilməsi üçün kompleks tədbirlərin həyata keçirilməsinə
start verildi.
Xatırlatmaq
yerinə düşər ki, bu gün Sumqayıt şəhərinin,
Abşeron, Xəzər, Sabunçu
və Suraxanı rayonlarının müəyyən hissələrinə
verilən su Ceyranbatanda
emal olunur. Qeyd edək ki, 1951-57-ci illərdə
Abşeronun şimal-qərbindəki Dəvəyatağı
və Ceyranbatan göllərinin yerində
yeni anbar
yaradılıb. Böyük Vətən
Müharibəsindən əvvəl tikintisinə
başlanmış Samur-Dəvəçi kanalı Abşerona qədər uzadılıb. 1957-ci
ildə anbarın su ilə
doldurulmasına başlanıb. Azərbaycan SSR
Nazirlər Sovetinin 21 noyabr
1957-ci il tarixli 655
nömrəli və 2 iyun 1960-cı il tarixli 420 nömrəli
qərarları əsasında Ceyranbatan su anbarının yaxınlığında Ceyranbatan sutəmizləyici qurğular
kompleksi və magistral
su kəmərləri 3 mərhələdə
inşa edilib. Birinci mərhələ 1961-ci, ikinci
mərhələ 1966-cı, üçüncü
mərhələ isə məhz Heydər Əliyevin rəhbərliyi
ilə 1978-ci ildə işə salınıb. Amma
sənayenin inkişafı və əhalinin Bakıya
axını ucbatından Xaçmaz və
Ceyranbatandan Bakıya gətirilən su əhalinin və sənayenin tələbatını
ödəmirdi. Ona görə də mütəxəssislərin tədqiqatlarından
sonra Kür
çayının sahilində təmizləyici
qurğuların inşası və oradan
Bakıya kəmərlərin çəkilməsi layihəsi
təsdiqləndi. Əhalinin su təchizatının
dayanıqlılığını təmin etmək və təmizlənən suyu Bakı sakinlərinə
çatdırmaq üçün üçün Azərbaycan SSR Nazirlər Sovetinin qərarı əsasında və Heydər
Əliyevin təşəbbüsü ilə «xalq
tikintisi»nə çevrilən yeni bir layihə çərçivəsində
1969-cu ildə Hacıqabul rayonunun Kiçik Talış kəndi
yaxınlığında, Kür
çayının sahilində sutəmizləyici qurğular kompleksinin
inşasına və oradan Bakıya 2 ədəd
magistral kəmərin çəkilişinə
başlanıldı.
Bu yerdə xatırlatmaq
yerinə düşər ki, bir müddət əvvəl Hacıqabul rayonunda Şirvan-Muğan qrup su kəmərinin təməli
qoyulub. Kür-Bakı su kəmərlərindən biri
ilə nəql edilən su Hacıqabul, Şirvan, Salyan, Neftçala və Biləsuvar şəhərlərinin,
həmçinin Salyanda 41, Neftçalada
44, Biləsuvarda 23, Sabirabadda 13 kənd olmaqla ümumilikdə 121 kəndin tələbatını
ödəyəcək. Bu kəmərin
istismara verilməsi ilə 470 min insan keyfiyyətli və
fasiləsiz su ilə təmin olunacaq. Qeyd edək ki, Şirvan-Muğan qrup su kəməri layihəsinin
su mənbəyi olan Kür su kəmərləri
sisteminin tikintisi Heydər
Əliyevin sayəsində baş tutub. Məhz onun rəhbərliyi
ilə 1970-ci ilin sentyabrında birinci Kür Su Kəmərləri Sisteminin
1-ci, 1971-ci ilin sentyabrında isə 2-ci
növbəsi istifadəyə verilib. Hətta Abşeron
yarımadasının içməli su təchizatını
yaxşılaşdırmaq üçün
Heydər Əliyevin rəhbərliyi ilə ikinci
Kür Su Kəmərləri
Sisteminin tikintisi
haqqında qərar qəbul olunub. 1980-ci
illərdə inşa işlərinə
başlanılıb və 1984-cü, 1986-cı və
1988-ci illərdə Bakıya daha 3 magistral su kəməri
çəkilib. Kür su
kəmərləri sisteminin ikinci növbəsinin istismara
verilməsi ilə Günəşli və Əhmədli
yaşayış massivlərində müşahidə olunan su
qıtlığı aradan
qaldırılıb.
1993-2003-cü
illərdə…
1982-ci ilin sonunda SSRİ Nazirlər Soveti
sədrinin birinci müavini
seçilən və 1987-ci ilədək bu
vəzifədə çalışan Heydər Əliyev həmin
illərdə də ölkə iqtisadiyyatının, o cümlədən su təsərrüfatının
inkişafına daim diqqət və
qayğı göstərib. Lakin 1987-ci ildə Heydər
Əliyev tutduğu vəzifədən istefa etdikdən sonra
iqtisadiyyatın digər sahələri kimi
su təsərrüfatının
inkişafı da demək olar
ki tamamilə dayandı. Ölkə rəhbərliyinin
səriştəsizliyi və bu sahəyə
laqeyd münasibəti nəticəsində
su təsərrüfatı
üzrə aparılan işlərin sürəti və həcmi,
eləcə də də kapital
qoyuluşu azaldı, sistemlərin
istismarına ayrılan büdcə vəsaitinin həcmi xeyli aşağı düşdü.
Nəticədə mühüm dövlət
əhəmiyyətli obyektlərin saxlanılması,
istismarı, təmir-bərpası son dərəcə çətinləşdi.
Üstəlik, 1991-ci ildə öz
dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkə ərazisinin 20 faizdən çoxunun işğal
edilməsi, aqrar sənaye potensialına və
sosial sferaya15 milyard
ABŞ dolları həcmində ziyanın vurulması, 1 milyona yaxın insanın qaçqın və
məcburi köçkün
düşməsi iqtisadi vəziyyəti xeyli kəskinləşdirdi. 500 min nəfərdən artıq qaçqın və
məcburi köçkünün
Bakıya və Abşeron
yarımadasına pənah gətirməsi, çoxmərtəbəli
binaların inşası, yeni
yaşayış massivlərinin salınması, əhalinin
sayının artması içməli suya
olan tələbatı və su təsərrüfatındakı problemləri
daha da artırdı. Ancaq 1993-cü ildə Heydər Əilyevin ikinci dəfə ölkə rəhbərliyinə
gəlməsi vəziyyəti xeyli dəyişdi.
Su təsərrüfatının ölkə
iqtisadiyyatında, regionların sosial-iqtisadi
inkişafında böyük rol oynayacağını yaxşı dərk
edən Heydər Əliyev bu sahəni məhv
olmaqdan xilas etdi. Onun rəhbərliyi
ilə su təsərrüfatı öz
inkişafının yeni mərhələsinə
qədəm qoydu, bu
sahəyə diqqət və dövlət qayğısı bərpa
olundu. Mövcud su ehtiyatlarının potensialından daha səmərəli istifadə olunması
yolları və bu sahənin gələcək
inkişaf istiqamətləri müəyyənləşdirildi.
Heydər Əliyevin rəhbərliyi ilə su təsərrüfatında islahatlar
həyata keçirildi, bu
sahədə normativ-hüquqi baza yaradıldı. Ulu
öndərin böyük
qayğısını və beynəlxalq nüfuzunu,
eləcə də ölkədə yaranmış siyasi sabitliyi nəzərə
alan Dünya Bankı keçmiş SSRİ respublikaları arasında
ilk dəfə olaraq
yalnız Azərbaycan üçün
güzəştli kredit ayırdı və
88,7 milyon dollar məbləğində
kredit «Böyük
Bakının su təchizatı sisteminin yenidən qurulması layihəsi»nin
icrasına yönəldildi. Nəticədə
köhnəlmiş Kür və Ceyranbatan sutəmizləyici qurğular
kompleksi 1998-2002-ci illərdə yenidən
quruldu. 1998-2005-ci illərdə «Böyük Bakının su
təchizatı sisteminin yenidənqurulması
layihəsi» çərçivəsində Dünya
Bankının və Avropa Yenidənqurma və
İnkişaf Bankının
ayırdığı kredit
hesabına Ceyranbatan sutəmizləyici qurğular kompleksində yenidənqurma işləri
aparıldı və nəticədə orada
emal olunan suyun keyfiyyət göstəriciləri standartlara uyğunlaşdırıldı.
Onu da
bildirək ki, xalqımızın həyatı
üçün tarixi
əhəmiyyət daşıyan və Azərbaycanda icra edilmiş ən böyük infrastruktur
layihəsi sayılan Oğuz-Qəbələ-Bakı su kəmərinin ideya
müəllifi də Heydər Əliyev olub.
«Bakıya bol-bol su gətirəcəyik»
deyən ulu öndər paytaxtın
içməli su problemini
Oğuz-Qəbələ-Bakı su kəməri
vasitəsilə aradan
qaldırmağın mümkün olduğunu bilirdi. Hətta 2002-ci ilin dekabr ayında keçirilən geniş müşavirədə Heydər Əliyev
şimal-qərb bölgəsinin saf bulaq sularının Bakıya gətirilməsinin
vacibliyini vurğuladı və Oğuz-Qəbələ
zonasının yeraltı sularından istifadə olunması ilə
bağlı göstərişlərini verdi.
Bu
tapşırığa əsasən araşdırmalara
başlanıldı. Amma ömür
vəfa etməsə də, Heydər Əliyev
dünyasını dəyişsə də, onun
ən böyük arzularından biri sonradan həyata keçdi. 2005-ci ilin
sentyabrında keçirilmiş
müşavirədə ölkə prezidenti
İlham Əliyevin verdiyi
tapşırıqlara əsasən,
Bakı şəhərinin keyfiyyətli su
ilə təmin edilməsi üçün
çəkiləcək Oğuz-Qəbələ-Bakı su kəmərinin layihəsi hazırlandı.
2007-ci ilin martında Oğuz
rayonunda dövlət
başçısının təməlini qoyduğu
bu kəmər 2010-cu il
dekabrın 28-də istismara verildi. Məhz Heydər Əliyevin ideya müəllifi olduğu
Oğuz-Qəbələ-Bakı su kəməri
ilə hazırda özüaxımlı rejimdə verilən su paytaxt əhalisinin 60
faizdən çoxunu icməli su ilə fasiləsiz təmin edir.
İçməli
su təchizatı sektorunun
inkişafı ilbəil sürətlənir
Su təsərrüfatı
sahəsində təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş uğurlu siyasət
hazırda dövlət başçısı İlham
Əliyev tərəfindən davam etdirilir. Məhz bu
uğurların nəticəsidir ki,
ölkə ərazisində su
ehtiyatlarının məhdudluğuna və şirin
su ehtiyatlarının həcminə
görə Cənubi Qafqazın ən «kasıb» dövləti
olmasına baxmayaraq, Azərbaycan
hazırda adambaşına düşən suyun
miqdarına görə dünyanın bir çox ölkələrindən irəlidədir.
Onu da qeyd
edək ki, bölgələrin su-kanalizasiya infrastrukturları 1950-70-ci illərdə
yaradılıb və onların əksəriyyəti istismar müddətini başa
vurub. Amma regionların inkişafı məqsədilə
ölkənin kiçik şəhərlərinin
və rayon mərkəzlərinin su təchizatı və kanalizasiya
sistemlərinin yenidən qurulması ilə bağlı sənədlərin
qəbulu və icrası böyük uğurlara, parlaq və
şanlı tarixə yol açıb.
Bildirək
ki, indiyədək beynəlxalq maliyyə
təşkilatları ilə 1 milyard 277 milyon dollardan artıq məbləğdə
kredit sazişləri imzalanıb və həmin
müqavilələr üzrə işlərə
başlanıb. Hazırda 38 rayonda, 350-dən
çox kənddə su
və kanalızasiya layihələrinin icrası davam etdirilir.
İnanırıq ki, sözügedən layihələrin
icrası uğurla başa
çatdırılacaq, əhaliyə verilən və veriləcək
su Ümumdünya Səhiyyə
Təşkilatının standartlarına uyğun
olacaq, vətəndaşlar fasiləsiz,
keyfiyyətli və dayanıqlı içməli su ilə təmin ediləcək.
Təbriz
Vəfalı
“Azərsu”
ASC-nin “Azərbaycanın içməli su təchizatı sektorunun
inkişafında ümummilli lider Heydər Əliyevin rolu”
mövzusunda keçirdiyi
müsabiqəyə təqdim etmək üçün
Həftə içi.- 2013.- 18 aprel.- S.7.