Vətəndaşların
hüquqi savadını necə artırmalı?
Ekspertlər
hesab edirlər ki, bu məsələdə həm vətəndaşın,
həm də dövlətin üzərində böyük məsuliyyət
düşür
Bu
gün Azərbaycanda vətəndaşların demokratik və
daha sərbəst mühitdə yaşaması
üçün kifayət qədər qanunlar mövcuddur.
Amma etiraf etməliyik ki, bu qanunlarının mövcudluğuna
baxmayaraq, məhz vətəndaşların hüquqi cəhətdən
savadsızlığı, onların qanunlardan xəbərsiz
olması mütəmadi olaraq hüquq pozuntularına yol
açır. Hətta elə hallar da olur ki, bəzən vətəndaş pozulmuş
hüquqlarının bərpası üçün hansı
dövlət qurumuna müraciət etməli olduğunu belə
bilmir. Nəticədə vətəndaşın göndərdiyi
hansısa şikayət məktubu və ya ərizə aylarla
dövlət orqanlarının qeydiyyat şöbəsində
«gəzdikdən» sonra geriyə qayıdır.
Bəs görəsən, vətəndaşların
hüquqi savadının artırılması
üçün hansı tədbirləri həyata keçirmək
olar? Ümumiyyətlə, vətəndaş hansısa quruma
şikayət xarakterli məktub göndərərkən
mütləq hüquqşünasların köməyindən
istifadə
etməlidirmi?
Konstitusiya
Araşdırmaları Fondunun rəhbəri Əlməmməd
Nuriyev məsələyə münasibət açıqlayarkən
deyib ki, son illərdə ölkəmizdə hər bir sahədə,
o cümlədən, hüquq sahəsində ciddi islahatlar
aparılır: «Son dövrlərdə bölgələrdə
yeni məhkəmələr yaradılıb, hakimlərin və
vəkillərin sayı artıb, o cümlədən,
hüquq sahəsində beynəlxalq standartlara cavab verən
normativ-hüquqi baza formalaşdırılıb. Təbii ki,
bu işlərin həyata keçirilməsində əsas hədəf
vətəndaşların hüquq və
azadlıqlarının daha etibarlı müdafiəsidir. Bu
istiqamətdə ən mühüm vəzifələrdən
biri də hüquqi maarifləndirmədir. Amma etiraf etməliyik
ki, vətəndaşlar hüquqi maarifləndirməyə o qədər
də meyilli deyillər. Problemlə rastlaşdıqda qanuna
müraciət edib maddəyə baxmaqdansa, kortəbii şəkildə
harasa müraciət edirlər. Belə halda problemlər yaranmağa
başlayır. Sözsüz ki, vətəndaş öz
hüququnu biləndə nə dövlət üçün,
nə də məhkəmə üçün heç bir
problem yaranmır».
Aidiyyəti
qurumların üzərinə məsuliyyət
düşür
Ekspert
həmçinin vurğulayıb ki, vətəndaşların
hüquqi cəhətdən maariflənməsi
üçün aidiyyəti dövlət qurumlarının da
üzərinə müəyyən məsuliyyət
düşür: «Bu gün Azərbaycanda vətəndaşların
hüquq və azadlıqlarını təmin edə biləcək
kifayət qədər qanun var. Lakin təkcə
qanunların qəbulu qarşıya qoyulan vəzifələrin
həyata keçirilməsi üçün kifayət etmir. Əsas
məsələlərdən biri də insanların bu qanunlar
haqqında təsəvvürünün, məlumatının
olmasıdır. Xüsusilə qeyd etməliyəm ki, Azərbaycanın
beynəlxalq aləmə inteqrasiyası prosesində çoxlu
sayda yeni hüquqi münasibətlər yaranır, köhnə
münasibətlər bu günün tələblərinə
cavab vermir. Bu mənada, əhalinin hüquqi maarifləndirilməsi
istiqamətində daha böyük işlər görülməlidir.
Düzdür, bu sahədə müəyyən fəaliyyət
həyata keçirilir. Prezident İlham Əliyevin
2011-ci ilin dekabrında təsdiq etdiyi "Azərbaycan
Respublikasında insan hüquq və azadlıqlarının
müdafiəsinin səmərəliliyini artırmaq sahəsində
Milli Fəaliyyət Proqramı"nda da hüquqi maarifləndirmə
məsələsi öz əksini tapıb. Bu çox
vacib amildir. Çünki hüquqi maarifləndirmə
bütün məsələlərin sivil qaydada, məhkəmə
yolu ilə həyata keçirilməsini zəruri edir. Digər tərəfdən qeyd edim ki, Azərbaycan
Konstitusiyasının 12-ci maddəsinə əsasən, insan
hüquq və azadlıqlarının, Azərbaycan
Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin
təmin edilməsi dövlətimizin əsas məqsədidir.
Bu məqsədi həyata keçirmək üçün həm
təkmil qanunlar qəbul edilməklə yanaşı, həm
də həmin qanunların işlək mexanizmi
olmalıdır. Lakin bəzən qanunlar arasında ziddiyyətlərin
olması hansısa normanın praktikada tətbiqinə müəyyən
çətinliklər doğurur, istər-istəməz həmin
norma ilə rastlaşan insanlarda suallar yaranır. Ona görə
də vətəndaşların hüquqi maarifləndirilməsi
işində aidiyyəti dövlət qurumlarının üzərinə
böyük məsuliyyət düşür».
«Maarifləndirmə
orta məktəblərdən başlamalıdır»
Məsələ
ilə bağlı fikirlərini bölüşən
hüquqşünas Azay Qasımov isə deyib ki, bütün
insanlarda hüquq düşüncəsini inkişaf etdirmək
çətin məsələdir. Bu baxımdan vətəndaşlar
hansısa hüquqi problemlərlə üzləşdikdə,
hansısa dövlət qurumuna şikayət və ya ərizə
göndərdikdə mütləq hüquqşünaslarla məsləhətlənməlidirlər:
«Hüquq düşüncəsi çətin məzmunlu bir
sahə hesab olunur. O, həm fərdi,
qrup halında, prosessual, həm də hakim olan və olmayan və
s. formada ola bilər. Bura
ictimai münasibətlərin hansı sahəsinin hüquqi tənzim
etməyə ehtiyacının olması, onun hansı yolla tənzim
edilməsi, fəaliyyətdə olan hüquq
normalarının qiymətləndirilməsi, onların tətbiqinin
effektliliyi, hüququn inkişaf perspektivləri daxildir. Ümumbəşəri tələb və
maraqların artması, cəmiyyət və dövlətlərin
qarşılıqlı əlaqələri ümumbəşəri
hüquq düşüncəsi elementlərinin
yaradılmasına gətirib çıxarır. Mükəmməl hüquq düşüncəsi,
habelə, şəxsiyyətin yüksək ümumi və
hüquq mədəniyyətini göstərir, onu müxtəlif
hüquq münasibətlərinin yararlı
iştirakçısı edir. Amma bu
düşüncəni bütün vətəndaşlarda
inkişaf etdirmək çətin məsələdir».
Hüquqşünas
öz açıqlamasında etiraf edib ki, bu gün məhz cəmiyyətimizdə
vətəndaşların hüquqi savadsızlığı
ucbatından uğursuz nikahların sayı artır,
insanların əmək, istirahət, sağlamlıq və digər
hüquqları pozulur: «Əslində sözügedən məsələdə
hansısa dövlət strukturunu günahlandırmaq da
yersizdir. Çünki ilk növbədə vətəndaş
özü hüquqlarının müdafiə və
qorunmasında maraqlı olmalıdır. Bəzi
ekspertlərin fikrincə, ölkə əhalisinin hüquqi
savadsızlığı bu sahənin orta məktəblərdə
zəif tədrisi ilə bağlıdır. Yəni ümumtəhsil müəssisələrində
hüquqi biliklərin verilməsi məsələsi diqqətdən
kənarda qaldığından həyata addım atan gənc
addımbaşı səhvlərə yol verir. Nəticədə vətəndaşların
hüquqi savadsızlığı kütləvi xarakter daşıyır
və həyata keçirilən maarifləndirmə işlərinin
də effekti olmur. Ümumtəhsil məktəblərində
hüquqi biliklərlə bağlı ümumi
anlayışların tədrisi olduqca zəruridir. Cəmiyyətin hüquqi savadsızlığı
onda ifadə olunur ki, insanlar adi problemlərin həllində aciz
qalırlar. Ya da elə situasiyalar baş
verir ki, məhz zərərçəkən tərəfin
hüquqi savadsızlığı ona yardım etmək
imkanlarını çətinləşdirir. Yəni məsələ məhkəmə müstəvisinə
çatanda aydın olur ki, zərərçəkənin məlumatsızlığı
onu qurbana çevirib. Zənnimcə, cəmiyyətdə
bu cür mənfi halların aradan qaldırılması
üçün ilk növbədə maarifləndirmə orta
məktəblərdən başlanmalıdır. Belə olan təqdirdə ictimaiyyət arasında həyata
keçirilən hüquqi maarifləndirmənin də effekti
olacaq».
Hazırda vətəndaşların
hüquqi savadının artırılması istiqamətində
müəyyən tədbirlərin həyata keçirildiyini
xatırladan ekspert deyib ki, bu biliklərin bazası
olmadığından aparılan maarifləndirmənin effekti
çox aşağıdır: «Bu tədbirlərin effektinin
olması üçün bu sahəyə aid konkret dərslik
tərtib olunmalıdır. İnsan
hüquqları və hüquq elminin əsasları tədris
olunmalıdır. Eyni zamanda, ümumiləşdirilmiş
dərsliyə konstitusiyadan 15 - 20 maddə, mülkü
hüquqdan isə ailə və əmək hüququ kimi məsələlər
daxil edilməlidir. Yüksək effektə nail olmaq
üçün təkcə dərslik kifayət etmir, həmçinin
bu dərsi tədris edən mütəxəssis məsələsi
önəmli olmalıdır. Orta məktəblərdə
Azərbaycan Respublikasının konstitusiyası fənnini
tarix müəlliminin tədris etməsi bu sahədə
biliyin, nəticənin artıq nə dərəcədə
effektli olmasından, olacağından xəbər verir.
Bu sahənin ixtisaslaşmış kadrlara həvalə
olunması da həmçinin gözlədiyimiz nəticəni
verməyə yardımçı ola bilər».
Sevinc
Bu yazı Azərbaycan Respublikası
Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə
dəstəyi əsasında hazırlanıb.
Həftə içi.- 2013.- 18 aprel.- S.6.