Azərbaycanın 5 min illik dövlətçilik tarixi var» 

 

Hacı Həsənov: «Gülüstan və Türkmənçay müqavilələrinə bu gün yenidən baxmaq mümkün deyil»

 

Son vaxtlar İran ictimaiyyətinin bəzi ünsürləri, hətta parlamentin bəzi deputatları Azərbaycan Respublikasının İrana birləşdirilməsi məsələsini gündəmə gətirirlər. Yeri gəlmişkən, bu ittihamlar Güney Azərbaycanla bağlı Bakıda tədbir keçiriləndən sonra daha geniş yayılıb.

 

Bəs Azərbaycanın tarixçi-alimləri bu müstəvidə nə düşünürlər? Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun “Azərbaycanın yeni tarixi” şöbəsinin müdiri, tarix elmləri üzrə fəlsəfə doktoru Hacı Həsənovla söhbətimizin məqsədi də elə bu məsələyə aydınlıq gətirmək idi. Müsahibimiz ittihamlara cavab olaraq Azərbaycan dövlətçiliyinin tarixini dəqiq faktlarla açıqladı.

- Azərbaycan dövlətçiliyinin tarixi 5 min ildir və bu torpaqlarda ilk dövlət qurumları hələ eramızdan əvvəl 3-cü minilliyin birinci yarısında yaradılıb. İlk dəfə Aratta, həmin minilliyin ikinci yarısında isə Kuti və Lullubi adlı dövlət qurumları meydana çıxıb. Eramızdan əvvəl 9-cu əsrdə Manna quldarlıq dövləti, e.ə 4-cü əsrin sonlarında isə Cənubi Azərbaycan ərazisində Atropatena, şimalda Albaniya yaranıb. Əlbəttə, müxtəlif vaxtlarda Azərbaycan ərazisində formalaşmış dövlətlərin fəaliyyətinə fasilə verilib. Azərbaycan zaman-zaman Sasanilərin, ərəblərin və digər imperiyaların tərkibinə daxil olunsa da, əslində bu uzun çəkməyib. Yəni Azərbaycan torpaqlarında dövlətçiliyin olmadığı dövrlər çox qısa olub. Məsələn, ərəblərin hücumu nəticəsində bizim eranın 705-ci ilində Albaniya dövləti süquta uğrasa da, təxminən 150 il sonra Kür çayının şimalında Şirvanşahlar dövləti yaranıb. Şirvanşahlarla yanaşı, eyni zamanda, 9-11 əsrlərdə Azərbaycan torpaqlarında, cənubda Sacilər, Salarilər, Kür və Araz çayları arasında Şəddadilər və sair dövlətlər təşəkkül tapıb. 12-ci əsrdə – 1136-cı ildə isə Azərbaycanın görkəmli siyasi xadimi Şəmsəddin Eldənizin başçılığı altında yeni bir qüdrətli dövlətin – Eldəgizlər dövlətinin əsası qoyulub ki, bu da 1225-ci ilədək mövcud olub. Yeri gəlmişkən, bu dövlətin ərazisinə Cənubi Qafqazın əksər bölgələri, eləcə də indiki İranın böyük bir hissəsi, hətta İraq torpaqları daxil idi. Sonradan Xarəzmşahların hücumu nəticəsində Eldənizlər dövləti xəritədən silinsə də, Kür çayının şimalında Şirvanşahlar dövləti qalmaqda davam edib. Monqolların üçüncü yürüşündən sonra isə Azərbaycan torpaqlarında Elxanilərin – Hülakilərin dövləti meydana çıxıb. Bu dövlətin yaradıcıları monqollar olsa da, qısa vaxt ərzində sülalə türkləşib və müsəlmanlaşıb, xüsusilə Qazan xanın hakimiyyəti illərində dövlətin idarəedilməsində azərbaycanlılar böyük rol oynamağa başlayıblar. Burada Fəzlullah Rəşidəddin kimi dövrün böyük siyasətçisini misal göstərmək lazımdır. Amma 14-cü əsrin ortalarında Hülakilərin süqutundan sonra ortaya çıxan Cəlairilər dövlətinin ömrü çox da uzun olmayıb. Bundan sonra – 15-ci əsrin ilk yarısında 1410-1467-ci illərdə Qaraqoyunlular dövləti mövcud olub, 1467-ci ildə isə böyük siyasətçi Uzun Həsənin başçılığı altında çox qüdrətli bir Azərbaycan dövləti - Ağqoyunlular meydana çıxır. Onu da deyim ki, bu dövlət hətta o dövrdə dünyanın ən qüdrətli imperiyası sayılan Osmanlı dövləti ilə rəqabət aparıb.

- Azərbaycan dövlətçiliyində Səfəvilər özünəməxsus yer tutur...

- Azərbaycan tarixində ən qüdrətli dövlət kimi Səfəvilərin adını çəkməmək olmaz. Bu dövlətin əsası 1501-ci ildə Şah İsmayıl Xətai tərəfindən qoyulub və 1736-cı ilədək - 235 il ərzində fəaliyyət göstərib. Amma təəssüf ki, Səfəviləri Azərbaycan dövləti kimi qəbul etməyənlər var. Məsələn, Azərbaycan və Türkiyə alimlərinin iştirakı ilə bu yaxınlarda Bakıda «Şah İsmayıl və Sultan Səlim» mövzusunda keçirilən tədbirdə türkiyəli qonaqlardan biri 15 dəqiqəlik məruzəsi zamanı cəmi bircə dəfə Azərbaycanın adını çəkdi. Amma Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, millət vəkili Yaqub Mahmudov onun cavabını yaxşı verdi. O, misal da çəkdi ki, İsmayıl Xətai hələ Gülüstan qalasını mühasirədə saxlayarkən ona xəbər çatdırırlar ki, cənubdan Əlvənd Mirzə böyük ordu ilə gəlir. İsmayıl əyan-əşrəfindən soruşur ki, «sizə Gülüstan qalası lazımdır, yoxsa Azərbaycan taxt-tacı?». Şah İsmayıl Xətainin qurduğu Səfəvilər dövlətinin Azərbaycana aid olmasına şübhə yeri yoxdur. O, özü əsl azərbaycanlı idi, dövlətin idarəçiliyi, ordu azərbaycanlıların əlində idi, Azərbaycan dili dövlət, ordu və saray dili idi, Şah əsərlərini də azərbaycanca yazırdı. Şah İsmayıl hakimiyyəti illərində dövlətin ərazisini çox genişləndirib. O vaxt Səfəvilər dövlətinə Azərbaycanla yanaşı, Gürcüstanın bir hissəsi, Dağıstanın cənubu, İranın böyük ərazisi, Orta Asiya və Beynəlnəhreynin bəzi bölgələri daxil edilmişdi.

- Bir vaxtlar Səfəvilərlə bağlı da təzadlı iddialar səslənməkdəydi…

- Tarixdən məlumdur ki, Səfəvi hökmdarları özlərini müxtəlif ölkələrin, o cümlədən, İran şahı da elan edirdilər. Amma bu o demək deyil ki, onlar iranlıdırlar. Səfəvilər dövlətində şah da azərbaycanlı idi, əyanları da. Sarayda Azərbaycan dilində danışıblar və sair. Necə ki, Rusiya çarları da özlərinə titullar götürərdilər. Məsələn, Finlandiyanın böyük knyazı, Polşa hökmdarı, Ukrayna getmanı və sair. Amma həmişə onlar Rusiya çarı olaraq qalıblar. Səfəvilərdən sonra qurulan Nadir şahın imperiyası kimin idi, Nadir şah kim idi – o da azərbaycanlıdır. Onun imperiyasına Azərbaycanla yanaşı, İran, İraq, Əfqanıstan, Orta Asiyanın bir hissəsi, Dağıstan, Gürcüstan və s. daxil idi. Hətta Hindistana yürüş edib, qələbəylə qayıdan da məhz Nadir şah olub.

- Azərbaycan çox sayda xanlıqlara da bölündü və həmin feodallıqları da dövlət adlandırmaq mümkündürmü?

- Nadir şahdan sonrakı dövrdə yaranan çoxsaylı xanlıqlar da Azərbaycana məxsus dövlət quruluşlarıdır. Əslində xanlıq deyəndə çox da adi görünməsin, onlar da dövlətlərdir. Dövlətin nəyi olmalıdır – sərhədi, ordusu, özünün pulu var, idarəetmə sistemi mövcuddur və sair. İndi kimlərsə deyirlərsə ki, Azərbaycan dövləti olmayıb, bu qəbuledilən deyil. XIX əsrin ortalarında sonuncu Azərbaycan dövlətinə - İlisu sultanlığına 1844-cü ildə son qoyulduqdan 74 il sonra – 1918-ci ildə elan olunan Azərbaycan Demokratik Cümhuriyyəti azərbaycanlıların dövləti deyilmi? Bugünkü Azərbaycan Respublikası da beynəlxalq səviyyədə mövcud sərhədləri daxilində tanınıb və qəbul olunub. O cümlədən, İran da daxil olmaqla həmsərhəd ölkələrin hamısı Azərbaycanın dövlətçiliyini tanıyır, əlbəttə Ermənistanı çıxmaq şərtilə. Bu gün Azərbaycanın heç bir dövlətə ərazi iddiası yoxdur və bütün ölkələrin müstəqilliyini tanıyır, sərhədlərinin toxunulmazlığını qəbul edir. O cümlədən, nə Dərbəndə ərazi iddiası irəli sürürük, nə Borçalıya, nə də Cənubi Azərbaycana. Amma buna baxmayaraq, biz öz tariximizin sahibiyik və hər zaman onu araşdıracağıq. Yəni istər şimali, istərsə də Güney Azərbaycanın tarixini mütləq öyrənməyə davam edəcəyik. Biz Təbrizin, Ərdəbilin, Urmiyanın, Zəncanın tarixini öyrənəcəyik, İrəvanın, Borçalının, Dərbəndin tarixini araşdıracağıq, amma bütün bunlar o demək deyil ki, biz həmin torpaqların daxil oduğu ölkələrə ərazi iddiası irəli sürürük.

- Bir az da Gülüstan və Türkmənçay müqavilələrinin ortaya çıxmasından danışaq...

- Bilirsinizmi, 1813-cü il oktyabrın 12-də imzalanmış Gülüstan müqaviləsi və 1828-ci il fevral ayının 10-da bağlanmış Türkmənçay sazişi iki böyük imperiyanın razılaşmasıdır. Bu sazişlərə əsasən Azərbaycanın şimal torpaqları Romanovların idarə etdiyi Rusiyaya, cənubu isə Azərbaycan-türk əsilli Ağaməhəmməd şah Qacarın əsasını qoyduğu dövlətə birləşdirilib. Amma şimal torpaqlarına iddialı olan 130 illik Qacarlar səltənəti bu müqaviləni bağlamağa məcbur edilməklə bir növ Rusiyanın Azərbaycan torpaqları üzərində sahibliyini təsdiqlədi.

- Bu gün həmin müqavilələrə yenidən baxmaq mümkün deyil?

- Gerçəklik budur ki, hazırda həmin müqaviləni imzalayan tərəflərin heç biri mövcud deyil. Yəni nə Romanovlar sülaləsi mövcuddur, nə də Qacarlar səltənəti. Bu gün Azərbaycanın İrana birləşdirilməsini istəyənlərin fikirləri absurddur. Çünki 86,6 min kvadratkilometr sahəsi olan Azərbaycan Respublikasının ərazi bütövlüyü Ermənistan istisna olmaqla dünyanın bütün ölkələri tərəfindən tanınır və qəbul edilir. Əgər Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü tanıyan bir dövlətin sıravi vətəndaşı, hətta vəzifəli şəxsi ərazi iddiası irəli sürən bəyanatlar səsləndirirsə, bu, həmin dövlətin qanunlarına böyük hörmətsizlikdir.

- İranlıların iddiasına qalsa, ötən əsrlərdə İngiltərə dünyanın böyük hissəsinə ağalıq edib, hətta ABŞ da onun müstəmləkəsi olub. Belə çıxır ki, bu gün London ABŞ-a, Hindistana, Kanadaya, Avstraliyaya – dünyanın yarısına ərazi iddiası irəli sürməlidir? Yaxud da Osmanlının varisi olan Türkiyə bütün Yaxın Şərqi öz torpağı hesab etməlidir?

- Bu cür tələblər haqlı sayılırsa, onda gərək Makedoniya da İran torpaqlarına iddialı olsun, çünki qədimdə oranı zəbt eləmişdi. Mənə elə gəlir ki, birləşmə söhbətini ortaya atanların müasir beynəlxalq qayda-qanunlardan, çağdaş siyasi-ictimai vəziyyətdən xəbərləri yoxdur. Bir zamanlar Latın Amerikasının sahibi olan İspaniya bu gün Kataloniya vilayətini öz ərazisində saxlamaqda çətinlik çəkir. Yaxud da bayaq dediyiniz Britaniya, dünyanın yarısına nəzarət edirdi, indi Şimali İrlandiya və Şotlandiyanı güclə saxlayır.

- Maraqlıdır ki, birləşmə söhbətini niyə məhz Təbriz və ya Urmiya ictimaiyyətinin bəzi ünsürləri səsləndirir?..

- Hər bir xalqın içində belələrinə rast gəlmək mümkündür. Elə götürək Azərbaycanı: bəyəm bizim aramızda Əkrəm Əylisli kimiləri yoxdurmu? Yəni bu milli məsələlərdə çoxdan sınaqdan çıxarılmış, emosional hisslərə təsir göstərmək baxımından öz mövqeyinə daha çox əsas yaratmaq məqsədilə tətbiq olunan siyasi gedişdir. Burada Azərbaycana qarşı azərbaycanlının, Rusiyaya qarşı rusun, İngiltərəyə qarşı ingilisin və sair dili ilə çıxış etmək məsələsi var. Ümumiyyətlə, kiminsə söylədiyi belə səbatsız fikirləri ciddi qəbul etmək lazım deyil. Çünki onların tarixdən və siyasətdən xəbərləri yoxdur. İrana gəldikdə, bu ölkə Azərbaycanın cənub qonşusudur, orada on milyonlarla soydaşımız yaşayır, uzun əsrlər boyu bu bölgələrdə yaşayan xalqlarımızı tarixi dostluq telləri bağlayır. Düşünürük ki, bəzi bədxahların bu münasibətlərə xələl gətirmək cəhdləri heç bir nəticə verməyəcəkdir.

 

 

Vüsal Tağıbəyli

 

Həftə içi.- 2013.- 18 aprel.- S.2.