“Atəşgah”
qoruğunda sərgi keçirilib
Əbülfəs
Qarayev: “Tarixi abidələrə,
milli-mədəni dəyərlərə hörmət etmək
hər kəsin vətəndaşlıq borcu
olmalıdır”
Ölkəmizdə
tarixi abidələrə dövlət
qayğısı günbəgün artır. Elə bu diqqətin nəticəsidir ki,
Suraxanı rayonundakı “Atəşgah” tarixi-memarlıq abidəsi
də yenidən qurularaq turistlərin və
xalqımızın ziyarətgahına çevrilib.
“Həftə
içi”nin məlumatına görə, 18 aprel beynəlxalq
tarixi abidələr və yerlər günü münasibətilə
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı
ilə “Atəşgah”da sərgilər təşkil edilib. Həmin
sərgidə qədim xalçalar, mis məmulatları, gümüşü
kəmərlər, yəhər, yüyən, qara
çıraq, qayaüstü rəsmlər
qədim ipəklər, qədimi xalça
toxuyan xanalar və tarixi kitablar, rəssam Xəzər
Nəbiyevin təmiz təbii neftlə çəkilmiş
Bakı kompozisiyasından ibarət sənət əsərləri,
eləcə də gənc rəssamların əl işləri
nümayiş etdirilib.
Yüzlərlə paytaxt sakinlərinin iştirak etdiyi sərgidə
Milli Məclisin bir qrup deputatı da iştirak edib.
Mədəniyyət
və turizm naziri Əbülfəs
Qarayev, Suraxanı Rayon
İcra Hakimiyyətinin
başçısı İlqar Abbasov sərgilərdə nümayiş
etdirilən qədimi əşyalarla, nadir
incilərlə tanış olublar. Kitab sərgisində
tariximizi əks etdirən tarixi
kitabların içində tanınmış tədqiqatçı-
tarixçi Şakir
Qabıssanlının “İbrahim Peyğəmbər
və xalq mahnıları”, “Muğamat və İbrahim
Peyğəmbər”, eləcə də “Bəşəriyyət
başlanğıcını haradan götürüb” kitabları sərgi
iştirakçılarının diqqətini daha çox cəlb edib.
Sərgi
ilə tanışlıqdan sonra mədəniyyət
və turizm naziri Əbülfəs
Qarayev çıxış edib. Nazir
çıxışında bildirdi ki, beynəlxalq tarixi abidələr
və yer günü
Azərbaycanın müasir tarixinə bayram kimi daxil
olacaq: “Artıq öz
qədim tarixi, mədəniyyəti ilə
seçilən Azərbaycan beynəlxalq konvensiyalara
qoşulub. İlk dəfə
olaraq, beynəlxalq tarixi
abidələr gününü burada “Atəşgah” qoruğunda
qeyd edirik. “Atəşgah”
qoruğunun yenidən təmir və bərpa
olunması prezident İlham
Əliyevin təşəbbüsü ilə həyata keçirilib. Biz burada aparılmış yeni
qazıntılara nəzarət edirdik.
Vaxtaşırı “Atəşgah”a gəlib qoruqda
aparılan tikinti və qazıntı
işləri ilə maraqlanırdım. Bir metr
yarım yerin dərinliyində
qazıntı işləri aparıldı.
Arxeoloqlarımız əsrlər boyu insanlar tərəfindən yaratdığı
bu mədəni irsi nəinki
qoruyub saxlayırlar, həm də onu aşkar edərək
xalqımıza sübut edirlər. Bir sözlə, ölkəmizin tarixinə
hörmətlə yanaşaraq, Azərbaycan
tarixinə şərəf gətirən böyük
addımlarını atırlar. Bunun da nəticəsində neçə qədim yeni qoruqlar təşkil olundu”.
Əbülfəs
Qarayev mədəni irsimizin
dünya ictimaiyyətində təbliği
ilə məşğul olduqlarını da
söyləyib. Onun sözlərinə
görə, xalqımızın mədəni irsi
ilə yanaşı, qeyri-mədəni irsi
də bir nümunədən ölçülür: “Azərbaycan
muğamı, aşıqları, Azərbaycan tarı, Novruz Bayramı da artıq
dünyada təbliğ olunur.
Heydər Əliyev Fondunun prezidenti,
millət vəkili Mehriban Əliyeva bu sahəyə böyük
diqqət göstərir. O, qədim incəsənət və xalq yaradıcılıq növlərini
özümüzə qaytardı. Xalq bu incə qədim nümunələri
yaradıbsa, deməli, bu xalq
böyük hörmətə və diqqətə
layiq bir xalqdır”.
Nazir yeni bərpa olunan Qarabağ muzeyinin
Avropanın ən yaxşı müzeyləri sırasına daxil olduğunu da söyləyib. Onun
sözlərinə görə, siyahıda olan
6308 tarixi abidə Azərbaycanın qədim
nümunələrini əks etdirir: “Son dövrlərdə 1700 tarixi
abidə aşkarlanıb və bununla
bağlı tədqiqat işləri aparılır. Yeni arxeoloji
qazıntılar nəticəsində yeni
abidələr, tarixi faktlar
aşkarlanır”.
Əbülfəs
Qarayev bəzi hallarda
mədəniyyət tariximizə, milli adət-ənənələrimizə
qarşı laqeydsizlik və hörmətsizlik
edildiyini də diqqətə
çatdırıb. Xüsusilə də gəncləri bu məsələlərdə ehtiyatlı olmağa çağıran nazir
deyib ki, tarixi abidələrə, milli-mədəni dəyərlərə
hörmət etmək hər kəsin vətəndaşlıq
borcu olmalıdır: “Biz
doğma xalqımızın
keçmişinə hörmətlə yanaşmalıyıq.
Nazirlik kimi biz bu istiqamətdə öz işimizi görürük, keçmişdən qalan mədəni mirasları qoruyub
və ictimaiyyətə təbliğ edirik
və edəcəyik. Hələ bizi gələcəkdə
yeni aşkar olunacaq tarixi abidələr
gözləyir”.
Nazir
çıxışını bitirdikdən sonra
mədəni irsinin təbliğində
xidmətləri olan bir
qrup şəxsi mükafatlandırıb.
Mərasim incəsənət ustalarının konserti
ilə başa çatıb.
Qələndər
Xaçınçaylı
Həftə içi.- 2013.- 20-22 aprel.-
S.16.