Keçmişimizi bu günə daşıyan sənətkar 

 

Usta Nəzər Əliyev: "Misgərlik sənətinə bu cür münasibət göstərməklə keçmişimiziitirmiş olarıq"

 

Azərbaycan xalqının qədim sənət nümunələrindən biri də misgərlikdir. Son dərəcə incə və çətin peşə sayılan bu sənət növü tədricən unudularaq sıradan çıxır. Belə ki, hazırda bu ağır yükü çiyinlərində daşıyan və onu yaşadaraq gələcək nəsillərə çatdıran sənətkarlar barmaqla sayıla biləcək qədər azdır. Belə sənətçilərdən biri də Lahıcda yaşayan usta Nəzər Əliyevdir.

 

"Həftə içi"nin əməkdaşı aprelin 18-də Suraxanı rayonundakı "Atəşgah" Tarixi-Memarlıq Qoruğunda Beynəlxalq Tarixi Abidələr və Yerlər Günü münasibətilə təşkil olunan sərgidə iştirak edən Nəzər Əliyevlə həmsöhbət olub. XVII-XIX əsrlərə aid gümüş pulları, gümüş kəmərləri nümayiş üçün sərgiyə gətirən Nəzər Əliyev bildirdi ki, hazırda onun Lahıcda 5 minə yaxın eksponatı var. Özünü Azərbaycanda misgərlik sənətinin ən layiqli davamçılarından hesab edən həmsöhbətimiz bildirb ki, bu sənətə məhəbbət ona irsən gəlib: "Biz nəsillikcə misgər olmuşuq. Babam da misgər olub, 3 qardaşım da bu sənətlə məşğul olur. Köhnə tarixi qədim əşyaları təmir edirik. Xüsusən də mis və gümüşlə bağlı əşyaları həm bərpa edirik, həm də onları yenidən düzəldik".

Gənclər arasında bu sənətə marağın azalmasından narahatlığını ifadə edən Nəzər Əliyevin fikrincə, misgərlik sənəti hələ ki, tək-tük adamların hesabına yaşayır. Onun sözlərinə görə, belə davam edərsə, tarixi çox qədim olan bu sənət itirilə bilər.

 

Qazancsız sənətdən ən böyük qazanc

 

Müsahibimiz misgərlik sənətinin çox incə və ağır olduğunu da söyləyir. Üstəlik bu sənətdə qazanc da yoxdur. Onun sözlərinə görə, bu sənətdən qazandığı ən böyük nailiyyət elə keçmişi özündə yaşadan misgərliyin sirlərini öyrənməsidir. Qədim dövrlərdə mis əşyalara əhalinin ehtiyacının çox olduğunu deyən usta Nəzər indi isə əksinə, bu sənətə və mis məmulatlarına tələbatının müqayisəolunmaz dərəcədə azaldığının fərqindədir. Halbuki mis qazanlarda bişirilən xörəklər sağlamlıq baxımından daha təhlükəsiz və dadlı olur: "Aliminium qazanda bişirilən plovla mis qazanda bişirilən plov arasında sanitargigiyenik baxımdan yerlə göy qədər fərq var. Mis qazanda bişirilən plovlarımız daha keyfiyyətli və daha dadlı olur. Xalqımız ucuzluğa qaçır, gedib xaricdə düzəldilmiş süni qablara üstünlük verirlər. Amma onlar düşünmürlər ki, "ucuz ətin şorbası olmaz" məsəli təsadüfən deyilməyib. Sünialiminium qablarda olan xörəklərin dadı və tamı da dəyişir. Həm də xörəklər həmin qablarda tez köhnəlir və tezxarab olur. Amma mis qablardakı xörəklər normal şəraitdə saxlandıqda uzun müddət qalır, dadını və keyfiyyətini qoruyub saxlayır".

Nəzər Əliyevin əl işləri arasında mis samovarlar daha çox üstünlük təşkil edir. O, son dərəcə keyfiyyətli olan samovarların birini 400 manata satır. Amma qiymək yüksək olduğundan alıcılar elə də çox deyil. Onun sözlərinə görə, dədə-baba samovarlarda qaynayan suyun rəngi də açıq, şəffaf olur. Səbəb isə odur ki, alüminium, dəmir və ya şirə çayniklərdən fərqli olaraq, mis samovarlar suyu təmiz süzür: "Bu samovarların girəcləri suda olan lazımsız maddələri özündə saxlayır. Suyun tamı dəyişmir, olduğu kimi də qalır. Sərgilərə gələn xarici vətəndaşlar misdən düzəltdiyimiz əşyalara, o cümlədən samovarlar daha çox maraq göstərirlər. Hətta bəziləri bu məişət avadanlıqlarından alıb öz ölkələrinə aparırlar. Sərgilərin birində milliyyətcə ingilis olan bir qonaq düzəltdiyim samovarı görüb çox bəyəndi".

 

İngilis həkimin məsləhəti

 

Nəzər Əliyev ixtisasca həkim olan ingilisin ona söylədiyi bir fikri də xatırlayır. Onun sözlərinə görə, ingilis deyib ki, indi insanlar ən çox böyrək və qara ciyər xəstəliyindən əziyyət çəkir. Bu xəstəliyə səbəb isə çaydanlarda qaynadılmış suyun keyfiyyətini itirməsidir. Ona görə ki, çaydanlarda su bir tərəfdən tam qaynamır, digər tərəfdən isə suyun tərkibində olan xırda qırıntıları, hissəcikləri tam süzmədiyindən, böyrəklərdə daşlar əmələ gətirir. Həmin o daşlar da böyrəyin zərif divarlarını zədələyərək onu sıradan çıxarır. Xəstə və zədəli böyrəklər qanı süzə bilmədiyindən qara ciyəri zədələyir.

Həmsöhbətimiz vurğulayır ki, misgərlik sənətinin inkişaf etdirilməsi üçün dövlət tərəfindən onlara heç bir qayğı göstərilmir. Bundan çox narahat olan usta hesab edir ki, plkənin imkanlı şəxsləri, aidiyyəti dövlət qurumları, müstəqil təşkilatlar, eləcə də adamları qədim tarixə malik misgərlik sənətin yaşaması üçün öz köməyini əsirgəməməlidir: "Axı, misgərlik sənəti bizim dədə-babadan miras qalmış qədim sənətdir. Bu, bizim keçmişimiz, əsl tarixi mədəniyyətimizdir. Biz keçmişimizi, tarixi irsimizi qoruyub saxlamalıyıq. Bu barədə indidən fikirləşməsək, sonra gec olacaq. Misgərlik sənətinə bu cür münasibət göstərməklə keçmişimiziitirmiş olarıq".

 

Əl işləri dünya sərgisində

 

Nəzər Əliyev bildirir ki, Azərbaycanın tarixi keçmişi mis qabların üstünə yazılan tarixi adlarla ölçülür. Onun fikrincə, bu, həm də bizim tarixi mədəniyyətimizi dünya ictimayiyyətinə çatdırır: "Sovet dövründə bu sənəti inkişaf etdirmək üçün lazım olan əşyaları, misi ala bilməzdilər, onları incidərdilər. İndi isə sərbəstlikdir, keçmişimizi dünyaya tanıtmaq üçün yaxşı imkan yaranıb".

Usta Nəzər özünün əl işləri olan gülqabı, simuzər, satun, sini, çuğun, qara çıraq, durna çırağı və digər misgərlik nəmulatlarını Argentina, Avstraliya, Kanada, MDB dövlətlərində keçirilən sərgilərdə də nümayiş etdirib. Bu qabların hər birinin üzərinə "Azərbaycan" və "Usta Nəzər Əliyev" sözlərini yazır: "İstər beynəlxalq, istərsə də ölkəmizdə keçirilən bütün sərgilərə qatılıram. Mən bu qabları, bu qədim əşyaları bərpa və yenidən düzəltməklə Azərbaycanın qədim mədəniyyətini dünyaya çatdırıram".

 

Qələndər Xaçınçaylı

 

Həftə içi.- 2013.- 20-22 aprel.- S.14.