Texniki baxışa yeni
baxış
Bu məsələ ilə
bağlı mövcud qanunvericiliyə edilən
dəyişiklik müsbət qiymətləndirilir
Xəbər
verdiyimiz kimi, bir neçə gün
öncə ölkə prezidenti tərəfindən
«Yol hərəkəti haqqında» qanuna nəzərdə tutulan
dəyişikliklər təsdiqlənib. Qeyd
edək ki, bu dəyişiklik
Azərbaycanda nəqliyyat vasitələrinin texniki
baxışdan keçirilməsi qaydaları ilə
bağlı bir sıra yenilikləri nəzərdə
tutur.
Dəyişikliklərə
əsasən, tramvayların və trolleybusların,
traktorların, həmçinin meşə və kənd təsərrüfatında
istifadə edilən digər mexaniki nəqliyyat
vasitələrinin, hüquqi və fiziki şəxslərin ümumi
istifadədə olan küçə-yol
şəbəkəsində istismar üçün nəzərdə tutulmayan texnoloji nəqliyyat vasitələrinin,
mühərrikinin işçi həcmi 50
kub/sm-dən az və konstruktiv
maksimal sürəti saatda
50 kilometr və daha az olan digər mexaniki nəqliyyat vasitələrinin, hüquqi və fiziki şəxslərin
yarış məqsədli idman nəqliyyat
vasitələrinin və avtobuslara texniki baxış ildə bir
dəfə keçiriləcək. Həmçinin
icazə verilən maksimum kütləsi
3,5 tondan artıq olan yük avtonəqliyyat vasitələrinə, təhlükəli
yüklərin daşınması üçün
xüsusi təyinatlı texniki
təhlükəsizlik üzrə uyğunluq
sertifikatı olan nəqliyyat vasitələrinə
texniki baxış birillik
nəzərdə tutulur.
Hüquqi və
fiziki şəxslərə məxsus olan (Azərbaycan
Respublikası Silahlı Qüvvələrindən və digər
birləşmələrdən başqa) və mühərrikinin
işçi həcmi 50 kub/sm və daha çox, konstruktiv
maksimal sürəti saatda 50 kilometrdən artıq olan
bütün tipli, markalı və modelli mexaniki nəqliyyat
vasitələrinin, onların qoşqularının və
yarımqoşqularının istehsal olunduqları vaxtdan
dörd il keçdikdə – iki ildə bir dəfə, istehsal
olunduqları vaxtdan on il keçdikdə ildə bir dəfə
texniki baxışdan keçirilməsi təklif olunur.
Bəs
görəsən, bu məsələ ilə
bağlı mövcud qanunvericiliyə edilən
dəyişiklik necə qiymətləndirilir? Ümumiyyətlə,
bu istiqamətdə hansısa dəyişikliyə
ehtiyac var idimi?
Məsələyə
münasibət bildirən İqtisadi Tədqiqatlar
Mərkəzinin sədri Qubad İbadoğlu deyib ki, yeni dəyişiklikləri
müsbət qiymətləndirir. Onun
sözlərinə görə, ilk dəfə
olaraq bu təşəbbüslə
ötən ilin sentyabrında onun sədrlik etdiyi təşkilatlara
Sabit Bağırovun rəhbərlik etdiyi Bazar
İqtisadiyyatına və Sahibkarlığın
İnkişafına Yardım Fondu
çıxış edib: “O zaman biz dövlət
orqanlarının təmsilçiliyi və QHT-lərin geniş iştirakı ilə ictimai
müzakirə təşkil etdik. Sabit Bağırov digər ölkələrin
təcrübəsi əsasında Azərbaycanda bu sistemin təkmilləşdirilməsi
yollarını araşdırdı və təqdimat etdi. Sonra da
bir qrup QHT adından
prezidentə müraciət hazırladıq və təkliflərimizi
göndərdik. Təkliflərimizi həmçinin Baş Dövlət Yol Polis İdarəsinə də göndərdik.
Hazırda təkliflərimizin bir hissəsinin
nəzərə alınması təbii ki,
bizi qane edir və buna görə
də bu işdə əməyi olanlara minnətdarıq. Amma
hesab edirik ki, bu istiqamətdə
müzakirələr davam etməlidir. Çünki bu, həmin
sahədə islahatın başlanğıcıdır. Bu sahədə daha geniş islahat imkanları
mövcuddur. Biz həmçinin
təklif edirik ki, bu sistem mərkəzləşdirilmiş
qaydada fəaliyyət göstərməli
deyil, onun
funksiyalarının bir hissəsi özəl
bölməyə verilməlidir. Müasir
standartlara cavab verən
və texniki xidmət imkanları yüksək
olan özəl təmir müəssisələri
də lisenziya əsasında texniki baxışı həyata keçirmək
səlahiyyətlərinə malik
olmalıdırlar”.
3 ay müddətinə təkliflər hazırlanacaq
Qubad İbadoğlu həmçinin deyib
ki, sərəncamla Nazirlər Kabineti üç ay müddətində qanunların
uyğunlaşdırılmasına dair təkliflərini
hazırlayacaq və gözlənilən dəyişikliklər
ondan sonra qüvvəyə
minəcək: “Dəyişikliklər əsasən bir istiqamətdə maşınların istismar ilindən asılı olaraq
texniki baxışın müddətinin fərqləndirilməsini
əhatə edir. Belə ki, dəyişikliklər qüvvəyə minəndən
sonra şəxsi minik
avtomobillərinin istehsal olunduqları vaxtdan dörd il keçdikdə - iki ildə
bir dəfə, istehsal
olunduqları vaxtdan 10 il
keçdikdə ildə bir dəfə texniki baxışdan keçirilməsi nəzərdə
tutulur. 4 ilə qədər istehsal ili olanlar
isə ümumiyyətlə, texniki
baxışdan keçməyəcək. Son
nəticədə bu məqsədlə hər
il bu prosedurları
müxtəlif vasitələrlə keçən bir qrup avtomobil
sahiblərinin həm rəsmi, həm də qeyri-rəsmi xərclərinin
azalmasına gətirib çıxaracaq”.
İslahatlar davam
etdirilməlidir
Azərbaycan Texniki
Universitetinin avtomobil
daşımaları və yol hərəkətinin
təşkili kafedrasının müdiri
Sülhəddin Gözəlov da məsələyə
münasibət açıqlayarkən yeni
dəyişikliklərin xüsusi əhəmiyyət
kəsb etdiyini vurğulayaraq
deyib ki, bu addım texniki
baxışa yeni
baxış imkanları yaradır. Onun
sözlərinə görə, mövcud
dəyişiklik xüsusilə yeni avtomobil sahiblərini əlavə xərclərdən
azad edib: «Biz hesab edirik ki, bu
vaxtında atılmış addımdır. Çünki
bütün inkişaf
etmiş ölkələrdə analoji təcrübədən istifadə edilir və indiyədək də bu təcrübənin ancaq
müsbət tərəfləri müşahidə edilib. Amma
düşünürəm ki, bununla bağlı islahatlar
davam etdirilməlidir. Belə ki, texniki baxış sisteminin təşkili və idarəolunması
dövlət inhisarından çıxarılmalıdır. Lakin bu yöndə işlər
tədricən aparılmalıdır. Tutaq
ki, bu iş
Azərbaycanda yüksək servis xidməti
göstərən avtomobil dillerlərinə
həvalə edilə bilər. Nəticədə texniki baxış zamanı yaranan
uzun növbələr də
müşahidə olunmaz».
Sülhəddin
Gözəlov bununla bağlı hökumətə
təkliflər paketi təqdim etdiklərini
də deyib. Onun
sözlərinə görə, əgər hökumət həmin
təklifləri nəzərə alarsa, o zaman bu
istiqamətdə daha geniş
islahatların şahidi olacağıq: «Güman edirəm ki,
hökumət həmin təklifləri dəyərləndirərək
texniki baxışla bağlı bütün narahatlıqları aradan qaldıracaq».
Avtomobillərə
yaşına uyğun «birka»
vurulacaq
Yeni
qaydaların tətbiqlənməsindən sonra
təzə və köhnə avtomobillərin necə müəyyənləşdiriləcəyinə
gəlincə, ekspert bildirib
ki, Respublika Dövlət
Yol Polisi İdarəsində
ölkəyə idxal olunan
bütün avtomobillərlə
bağlı məlumatlar var. Həmin məlumatlarda
avtomobilin nə vaxt istehsal olunduğu, ölkəyə
nə vaxt idxal edildiyi barədə bilgilər
toplanılır: «Bu baxımdan təzə
və köhnə avtomobilləri müəyyənləşdirmək
çətin olmayacaq. Bundan
başqa, yeni dəyişikliyə
hər bir avtomobillərə yaşına
uyğun birka vurulacaq. Nəticədə yol
polisləri avtomobilin təzə istehsaldan buraxılıb-buraxılmadığını
asanlıqla müəyyənləşdirə biləcəklər».
Ekspert İlham Məsiyev isə bu
sahənin özəl şirkətlərə və avtomobillərə
xidmət üzrə ixtisaslaşmış dilerlərə
verilməsini hazırkı dövr üçün mümkünsüz
hesab edir. Onun sözlərinə görə, özəl
şirkətlər lazımi texniki avadanlıqlarla
təchiz olunmalarına baxmayaraq,
onların bu baxış xətt üzrə
və kütləvi şəkildə həyata keçirmək
imkanları məhduddur: "Sovet
dövründə avtobazalarda "TO"
xətləri vardı. Avtomobilin bütün sistemi həmin
xətdə ardıcıl olaraq
yoxlanılırdı və maşın texniki
baxışdan keçirdi. Hazırkı avtomobil şirkətlərində və dillerlərdə
belə imkanlar yoxdur. Ona görə də bu təşəbbüsü
Azərbaycan reallığında həyata keçirmək mümkünsüzdür».
Ekspert hesab edir ki,
texniki baxış ayrı-ayrı şirkətlərə
və dillerlə verilərsə, onlar
avtomobilləri vaxtında texniki
baxışdan keçirmək imkanına malik
olmayacaq və bu da sürücülər arasında böyük narazılıqlara səbəb olacaq: "Texniki
baxışdan keçmək üçün
əvvəldən vaxt təyin
olunmalıdır. Çünki həmin
şirkət öz zəmanətində olan avtomobilin təmirini
dayandırıb digər avtomobilin texniki müayinəsini aparmayacaq".
Onun
fikrincə, texniki baxış prosesinin hansısa başqa
quruma verilməsi heç
nəyi dəyişdirməyəcək: "İnsan
faktoru varsa, servislərdə
də bu problemlər mümkündür.
Məncə, neqativ halları aradan qaldırmaq üçün
sistemdəki problemləri həll etmək lazımdır. Məsələn,
növbəlilik yaranmasın deyə texniki
baxış üçün əvvəlcədən
vaxt müəyyənləşdirilə,
ödənişlərin həyata keçirilməsi isə internet vasitəsilə aparıla bilər".
Sevinc
Bu yazı Azərbaycan Respublikası
Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında
hazırlanıb.
Həftə içi.- 2013.- 20-22 aprel.-
S.12.