“Su qıtlığı olan
kəndlərdəki problemin həlli
təkcə bizdən asılı deyil”
Köçəri Həsənov: “Azərbaycanda 3050-yə
yaxın kəndin 1/3-də içməli su problemi var”
Son zamanlar
Bakıətrafı yaşayış məntəqələrindən
bəzilərində, bölgələrdə, xüsusilə
də əksər kəndlərdə su
qıtlığının yaranması tez-tez gündəmə
gətirilir. Çünki sözügedən məkanların
su təsərrüfatlarının idarə edilməsində
yaşanan problemlər həmişə ictimai
narazılığa və narahatlığa rəvac verir. «Həftə
içi»nin «Şənbə qonağı» rubrikasının
qonağı olan «Azərsu» ASC sədrinin müavini
Köçərli Həsənov ilə bu və digər məsələlərə
aydınlıq gətirməyə
çalışırıq.
- Əvvəlcə su təchizatı və
kanalizasiya sistemlərinin yenidən qurulması ilə
bağlı 2013-cü ildə başa çatacaq layihələr
və yeni planlar barədə ətraflı məlumat verməyinizi
xahiş edirik.
- Quba şəhərinin
su təchizatı və kanalizasiya sistemlərinin yenidən
qurulması layihəsini 99 faiz başa
çatdırmışıq və yaxın vaxtlarda istismara
veriləcək. Həmin şəhərdə yeni su və kanalizasiya xətlərinin çəkilişi,
su anbarlarının tikintisi,
«Smartkart» tipli
sayğacların quraşdırılması və digər
proseslər artıq yekunlaşıb. Bu il Naftalan şəhərində
su təchizatı və kanalizasiya
sistemlərinin yenidən qurulmasına başlanılıb.
2013-cü ildə «Azərsu» ASC-nin mərkəzi
laboratoriyasının yeni inzibati
binası istifadəyə veriləcək. Yaxın
vaxtlarda Şirvan-Muğan
su kəmərindən Şirvan
şəhərinin 4-5 min nəfərədək
sakini olan yeni yaşayış massivinə ilk dəfə içməli suyun
verilməsi planlaşdırılır. 20 kilometrdən
artıq hissəsinin tikintisi artıq başa çatdırılan Şirvan-Muğan
qrup su kəmərinin böyük bir hissəsinin tikintisi bu il başa
çatdırılacaqdır. İslam İnkişaf Bankının
ayırdığı kredit hesabına Astara, Gədəbəy, Daşkəsən, Samux və Tərtər şəhərlərinin
su təchizatı və kanalizasiya
sistemlərinin yenidən qurulmasına, Bakıda «Azərsu»yun
yeni binasının tikintisinə də bu il başlanacaq.
-
Ölkənin içməli su təchizatının
xəyali xəritəsinə baxanda belə
bir təəssürat yaranır ki, «Azərsu»yun bütün
güc və fəaliyyəti yalnız
Bakıya və Abşerona, qismən də
rayon mərkəzlərinə yönəlib. Bəs kənd yerləri?
-
Xeyr, mən belə deməzdim. “Azərsu” bölgələri də yaddan
çıxarmır. Ölkə başçısı
qarşımızda tələb qoyub ki, ilk növbədə
Bakı şəhəri və Abşeron rayonu, eyni zamanda,
rayon mərkəzləri və şəhərlər
fasiləsiz, dayanıqlı və keyfiyyətli içməli
su ilə təmin edilməlidir.
Növbəti mərhələdə kənd və qəsəbələrin
problemlərini həll edəcəyik. Hazırda Azərbaycanda
3050-yə yaxın kəndin 1/3-də içməli su problemi mövcuddur.
Bu problemləri qısa müddətdə
çözmək mümkün deyil. Həmin kəndlərin müəyyən
qisminin içməli su
probleminin həlli üçün
Ekologiya və Təbii Sərvətlər
Nazirliyi modul tipli sutəmizləyici qurğular
tikib və bir
neçə 100 min insanın içməli
su təchizatı həll edilib.
Təkcə ötən il «Azərsu» Ağdam, Ağcabədi, Tərtər,
Xızı, Lerik, Yardımlı, Ağcabədi,
Gədəbəy, Füzuli və
Masallı rayonlarında su probleminin
həlli üçün 35 artezian quyusu
qazdırıb. Görülmüş tədbirlər
nəticəsində 30 mindən artıq vətəndaşın
problemini həll edə bilmişik.
Bu il isə investisiya layihələri əsasında həyata
keçirilən tədbirlər nəticəsində 70-dən
artıq kəndin su probleminin
həlli ilə məşğul olacağıq.
-
Regionlardakı, xüsusilə də
kənd yerlərindəki su probleminin həlli «Azərsu»dan nə dərəcədə
asılıdır?
-
Elə kəndlər var ki,
onların içməli su məsələsi
ilə yerli bələdiyyələr, rayon icra hakimiyyətləri
məşğul olur. Bəzi kəndlərdə
isə yerli sakinlər özləri
özlərini içməli su ilə təmin
edirlər. Su qıtlığı olan kəndlərdəki problemin
həlli təkcə bizdən asılı deyil.
Lakin biz beynəlxalq təcrübəyə
malik şirkətlərin iştirakı
ilə su təchizatı və kanalizasiya sistemlərinin müasir
standartlara uyğun
yenidən qurulması üçün
2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla «Master Plan»
hazırlayırıq. Həmin plana əsasən,
2035-ci ilə inkişaf nəzərə
alınmaqla bütün ölkə
üzrə, o cümlədən, kəndlərdə
də içməli su problemi
öz həllini tapacaq.
-
Bakıətrafı
yaşayış məntəqələrində hələ də
içməli suyu pulla
alırlar. Bu problemin
həlli üçün hansı
addımlar atılır?
-
Haqlısınız. Bu gün
Bakının şərq hissəsindəki qəsəbələrin
bir qismində mərkəzləşdirilmiş
qaydada içməli su
təchizatı sistemi yoxdur.
Əhali quyu sularından və yaxud pulla alır. Bunun həlli üçün
də işlər görülür. «Azərsu»
Ceyranbatanda yeni qurğu tikməyə başlayıb. Bu qurğudan
Ceyranbatan-Balaxanı-Ramana-Zirə və Pirallahı istiqamətinə
magistral su xəttinin
çəkilişi və kanalizasiya şəbəkəsinin
yaradılması prosesi davam
etdirilir. Bu ilin yayınadək Bakının 10-dan
artıq qəsəbəsinin içməli su
ilə təmin edilməsi planlaşdırılıb. Hazırda 30-a yaxın qəsəbədə işlər
gedir və bu qəsəbələrin
hər biri içməli su
ilə fasiləsiz təmin olunacaq.
Ümumilikdə Bakının şərq hissəsində yaşayan 500 mindən artıq insanın
içməli su təchizatı
yaxşılaşacaq.
-
Bir az da suyun keyfiyyətindən
danışaq: Bakıda qaynadılmamış, yəni çiy suyu niyə
içmək olmur?
-
Bu məsələdə
anlaşılmazlıq var. Bakıdakı
bəzi vətəndaşlarda xof
yaranıb ki, çiy
su sağlamlığa ciddi
ziyan vura bilər. Amma bu yanlış fikirdir. Çünki biz suyun keyfiyyətini daim yoxlayırıq və əhaliyə verdiyimiz suyun keyfiyyəti
DÜST standartlarına tam uyğundur.
24 saat fasiləsiz içməli su ilə təmin etdiyimiz
abonentlər suyun kefiyyətindən
razıdırlar. Amma suyun qrafiklə verildiyi vaxtlarda, qəzalar zamanı və digər hallarda problem ola
bilər. Bu yaxınlarda
paytaxtın «Qaraşəhər»
adlanan ərazisində
yaşayan sakinlər bizə müraciət etdilər ki, onların evlərinə neftli su gəlir.
Dərhal araşdırmalara başladıq. Öyrəndik ki, xətdə qəza baş verib və təzyiqlə
vurulan su neftli ərazidə çirklənərək yenidən
kəmərə qayıdıb.
Biz həmin problemi
dərhal həll etdik. Amma binaların damlarında
və ya daxilində quraşdırılmış
çənlərində uzun
müddətə saxlanılan
su keyfiyyətini itirir. Adətən suyun verilməsində
fasilə yarananda məhz bu çənlərin
suyundan istifadə olunur. Amma belə hallarda
yaşanan problemlərə
görə məsuliyyət
bizim deyil, həmin çənlərin
sahiblərinin üzərindədir.
Bundan əlavə, zirzəmilərdəki,
binadaxili və mənzildaxili xətlərin
köhnə olması,
onların istismar müddətinin bitməsi
və digər problemlər də içməli suyun keyfiyyətinə təsir
göstərə bilər.
Bu gün Bakı
şəhərində 8 mindən
artıq çoxmərtəbəli
binalar var və onların əksəriyyəti keçmiş
SSRİ dövründə, yəni 1950-60-cı illərdə
tikilib. Həmin binaların zirzəmilərindəki
su xətlərinin böyük əksəriyyəti
də hazırda istismara yararsızdır.
Təbii ki, belə xətlərlə
verilən suyun keyfiyyətində problem ola bilər. Ancaq biz bu ildən etibarən
zirzəmilərdəki su
xətlərinin dəyişdirilməsinə
də başlamışıq.
Bu yolla həmin
binalardakı içməli
suyun keyfiyyətini yüksəldəcəyik.
- Bakıda binaların üzərindəki
su çənlərinin
sökülməsi birmənalı
qarşılanmadı. Bir çoxları
qəza vəziyyətlərində
ehtiyat fond rolunu oynayan su çənlərinin
sökülməsini düzgün
hesab etmirlər.
Sizin bu fikirlərə
münasibətiniz necədir?
-
Fasiləsiz içməli su ilə təmin
olunmayan ərazilərdə çənlərin
sökülməsini «Azərsu» heç vaxt gündəmə gətirməyib. Paytaxtın Yasamal, Binəqədi,
Nərimanov, Nəsimi, Sabunçu və
Suraxanı rayonlarında həyata keçirdiyimiz
texniki tədbirlər nəticəsində
2012-ci ildə 370 min nəfərdən
artıq insanı 24 saat içməli su ilə fasiləsiz təmin etmişik.
Ümumilikdə isə bu gün
Bakı şəhərində su alan əhalinin 60 faizindən çoxu
24 saat su ilə təmin
edilir. Biz yalnız həmin
abonentlərin yaşadıqları binalardakı su çənlərinin sökülməsi məsələsini
qaldırmışıq. Bu günədək
minlərlə çəni ləğv etmişik.
Lakin
fasiləsiz su ilə təmin edilməyən
binaların damlarında və pilləkənlərin
yanlarında quraşdırılmış çənlərin
də ləğvini istəyirik. Çünki
çənlərə sular sayğacdan keçmədən axır və
onların qeydiyyatı aparılmır. Üstəlik, bəzi hallarda nəzarətsiz qaldığından
çənlərdən daşıb axan sular kanalizasiyaya tökülür. Bu da israfçılıq deməkdir. Ona görə də biz
belə çənlərin sökülməsini istəyirik. Yerli mənzil istismarı sahələri də
«sökülmə əməliyyatı»nın
aparılmasında maraqlıdırlar. Hələ 2000-ci ildə
Bakıda zəlzələ baş verəndə
Fövqəladə Hallar Komissiyası tərəfindən
MİS-lərə və icra hakimiyyətlərindən
ünvanlanan məktublarda bu
cür çənlərin ciddi təhlükə mənbəyinə çevrildiyi qeyd olunmuşdu. Hətta «Bakı
Lift-təmir» İstehsalat Birliyi
də dəfələrlə bəyan edib
ki, liftlərin maşın şöbələrinin
üstündə və lift
şaxtalarının yanında su çənlərinin
qoyulması lift təsərrüfatının
inkişafına ciddi problemlər
yaradır. Bəzən çənlərə nəzarət
edilmədiyindən su daşır və
liftə axır. Nəticədə elektrik
avadanlıqları, naqillər və sair
islanır. Bütün bunlar
onu göstərir ki, su çənlərinin ləğvi
israfçılığın qarşısının
alınması və təhlükəsizlik baxımından
mütləq lazımdır. Ancaq biz mənzillərdə, məsələn,
hamamlarda su çənlərinin
qoyulmasını vacib sayırıq. Çünki su kəmərlərində
qəza baş verəndə, xətlərdə
təmir işləri aparılanda müəyyən müddətə
suyun verilməsi dayandırıla bilər.
Təbriz
Vəfalı
Həftə içi.- 2013.- 20-22 aprel.-
S.11.