«Düzünü
Allah bilər...»
Azərbaycanda siyasi şərhçi,
politoloq dedikdə ilk ağla gələn isimlərdən biri
məhz Vəfa Quluzadədir. O, hər bir jurnalistin
yaddaşında çox maraqlı müsahib kimi dərin iz
buraxmağı bacarır. Bu səbəbdən “Hər cavab –
bir cümlə” rubrikasının növbəti qonağı
diplomatiya, beynəlxalq siyasət sahəsində zəngin təcrübəyə
malik xarici siyasət üzrə sabiq dövlət
müşaviri, məşhur politoloq Vəfa Quluzadədir.
- Vəfa müəllim,
babalarınız sovet dövründə repressiyaya,
ata-ananız, nəsliniz məhrumiyyətlərə məruz
qalıb, siz isə çox maraqlı bir gündə - 21
dekabr 1940-cı ildə, yəni Stalinlə eyni gün və
ayda, özü də bu məşhur diktatorun ən asıb-kəsən
vaxtında doğulmusuz, xarakterinizdə diktatorluğa,
diktaturaya meyillilik hiss etmirsiz ki?
- Xeyr, mənim
dünyagörüşüm və tərbiyəm tamamilə
demokratikdir...
- Ərəb dilini gözəl
bilirsiz, iki il Bakıda radioda ərəbcə verilişlər
aparmısız, Misir, Əlcəzair kimi müsəlman-ərəb
ölkələrində xeyli müddət diplomat kimi
yaşayıb-işləmisiz... Müsəlman ibadətinə
maraq olubmu sizdə, yaxud hazırda varmı?
- Xeyr, mən
ibadətə meyilli deyiləm, ancaq Yaradana inanıram,
çünki heç bir şey Yaradansız yarana bilməzdi...
- 1967-ci ildə Ərəb-İsrail
müharibəsi zamanı hadisələrin ən qaynar nöqtəsində
- Misirdə diplomatik fəaliyyət göstərmisiz... Sizcə,
İsrail-ərəb, İsrail-Fələstin münaqişəsində
dini zəmin əsas rol oynayır, yoxsa digər səbəblər
var?
- Hesab edirəm
ki, din dünyanın aparıcı qüvvəsidir, planetdə
baş verən bütün hadisələrə xristian-müsəlman
qarşıdurması prizmasından baxmaq lazımdır və
bu baxımdan birinci mərhələdə İslam dini
hökmran idi, ərəb xilafəti yaranmışdı, ərəb
ölkələrində elm, mədəniyyət - hər
şey yüksək inkişaf etmişdi, indi isə xristian aləmi
qalib, müsəlman aləmi məğlub olsa da, bunu müvəqqəti
hesab edirəm, hər şeyi uzaq gələcək göstərəcək...
- Müstəqil Azərbaycanın
üç prezidenti dövründə
çalışmısız. Onlardan hansını daha ədalətli və
humanist hesab edirsiz?..
- Hesab edirəm
ki, ölkə prezidenti vəzifəsi elə bir vəzifədir
ki, burada ədalətdən və humanizmdən söz
açmağa dəyməz...
- Yadımdadır ki, 1994-1999-cu illərdə
qarabağlı köçkünlər, daha çox
yaşlılar həvəslə, ümidlə teleekranların
qarşısına yığışıb dövlət
müşaviri Vəfa Quluzadənin
çıxışlarını gözləyirdilər.
Xüsusən məşhur Budapeşt, Lissabon sammitlərindən
sonra... Sizin məşhur bir ifadəniz var idi: “Qarabağa daha
bir addım yaxınlaşdıq!..”. Belə
çıxışlar ürəyinizdən gəlirdi, yoxsa
bunu siyasət tələb edirdi?
- Birincisi,
xalqımız o zaman faciəvi vəziyyətdə idi, ona
görə də bu xalqın ruhunu qaldırmaq lazım idi, mən
də o ruhu qaldırırdım və həqiqətən o
illər bizim simvolik də olsa, qələbələrimiz oldu,
Lissabon sammiti Qarabağ məsələsini Azərbaycanın
xeyrinə həll etməsə də, Qarabağı Azərbaycan
ərazisi kimi tanıdı, bu özü mənəvi bir qələbə
idi, bu baxımdan mənim o dövrdə xalqa optimist ruh verməyim
tamamilə əsaslı idi...
- Amma son açıqlamalarınızda
deyirsiz ki, Qarabağ danışıqları, sadəcə,
bir imitasiyadı, yəni başqatmadı, 20 illik
danışıqlarda heç bir nəticə əldə
olunmayıb... Bunu necə başa düşək?
- Bunu belə
başa düşürəm ki, hazırda dünyanın
bütün problemləri ABŞ-Çin-Rusiya müstəvisində
həll olunur; Rusiya çökməyə doğru gedən
bir imperiyadır, ona görə hesab edirəm ki, Rusiya tamamilə
çökəndə bizim torpaqlar da azad ediləcəkdir,
ancaq həlledici sözü Amerika deyəcəkdir...
- 1999-cu ildə demək olar ki, eyni vaxtda
siz, o vaxtkı prezident köməkçisi Eldar Namazov və
xarici işlər naziri Tofiq Zülfüqarov vəzifənizdən
istefa verdiniz, sanki razılaşmışdınız
bir-birinizlə...
- İlk
istefa verən mən oldum, bu da sanki bomba partlayışı
effekti verdi və təxminən bir həftə sonra mənim
bu addımımı Eldar Namazov və Tofiq Zülfüqarov təkrarladı,
amma aramızda heç bir razılıq olmamışdı...
- Siz istefa verəndən sonra ABŞ
şirkətlərindən biri sizə yüksək
maaşlı iş verib. Amerikanın sizə belə rəğbəti,
simpatiyası nədən qaynaqlanır?
- Təkcə
ABŞ-ın deyil, bir sıra Avropa şirkətləri sanki
növbəyə durmuşdular ki, mənə iş versinlər,
çünki reytinqim çox yüksək idi.
- Hamı deyir ki, Qorbaçov Amerikanın,
Qərbin adamı idi və ona görə də SSRİ-ni
dağıtmağa çalışırdı. Və bu
baxımdan 1990-cı ilin yanvarında Bakıya qoşun yeritməsi
də sovetləri qorumaq yox, dağıtmaq istəyindən irəli
gəlirdi. Yəni bu yolla sovet rəhbərliyini, Kommunist
Partiyasını xalqın gözündən salmaq məqsədi
güdürdü. Bu məntiqlə belə
çıxmırmı ki, sovet-rus ordusunun iştirakı ilə
olsa da, ökə başçısı ABŞ-n adamı
olduğundan 20 Yanvar faciəsini dolayısıyla elə
ABŞ törədib?
- Bu, tamamilə
səhv fikirdi, ABŞ-a böhtandı, birincisi, Sovet
İttifaqını Qorbaçov dağıtmayıb, onu
Stalindən sonra Xruşov, ardınca da Brejnev
dağıtmağa başlayıb, ondan sonra da hakimiyyətə
gələn Qorbaçovun səriştəsizliyi,
bacarıqsızlığından, müəyyən qüvvələrin
əlində oyuncaq olmasından, özünün, arvadı
Raisanın tamahkarlığından məharətlə
yararlandılar və o, Qazaxıstanda, Litvada, Gürcüstanda,
ardınca da Azərbaycanda qırğın törətdi ki,
Stalin dövrünə qayıda, qan tökə, ancaq artıq
gec idi, SSRİ soyuq müharibəni uduzmuşdu,
iqtisadiyyatı tamamilə çökmüşdü...
- Amma yəqin ki, yadınızda olar, 20
Yanvar faciəsindən bir neçə gün sonra o zamankı
ABŞ prezidenti ata Buş bəyan etdi ki, bu, SSRİ-nin daxili
işidir, biz qarışa bilmərik...
- Buş
başqa cür davrana bilməzdi, o, ehtiyatla hərəkət
edirdi, çünki ABŞ SSRİ-ni tədricən məhv
etməyə çalışırdı; o zaman hələ
sovet sistemi yenicə çökürdü, hələ nüvə
silahı qalırdı, hakimiyyətə can atan rus-sovet
generalları qalırdı...
- Sovet imperiyasının
dağılmasında ən güclü katalizatorlardan biri də
Qarabağ “problemi” oldu. Ağ Evin də məqsədi
SSRİ-ni çökdürmək idi... Bu mənada Qarabağ
“problemi”nin yaranmasında ABŞ-ın rolu nə qədər
olub?..
- Qarabağ məsələsində
ABŞ-ın rolu sıfıra bərabərdir; Qarabağ məsələsi
ermənilərdən Qafqazda özünə dayaq
formalaşdırmağa çalışan Rusiya
imperiyasının üç əsrlik siyasətinin
davamıdır...
- Bəs Fransanın, digər
aparıcı Avropa dövlətlərinin ermənilərə
dəstəyi olubmu? Çünki hərbi əməliyyatlar
zamanı əsir tutulmuş muzdlu terrorçular arasında
Fransa, Vatikan və s. vətəndaşlarının olması
barədə məlumatlar var...
- Ermənilərin
bütün dünyaya yayılmış diasporların təsiri
və dəstəyi ilə müxtəlif ölkələrin,
o cümlədən, ABŞ-ın, Fransanın və s. ölkələrin
vətəndaşları Qarabağ döyüşlərində
iştirak edirdi...
- Mərhum Elçibəyin məşhur
tezisi vardı: “Qarabağa gedən yol Təbrizdən
keçir”... Bu ideyaya münasibətiniz necədir?
- Biz hələ
Qarabağın yolunun haradan olduğunu bilmədiyimizdən bu,
gözəl bir lozunq, şüar kimi səslənir, amma həqiqətdirmi,
bunu çətindir demək, çünki hazırda
dünyanın məsələlərini Amerika həll edir.
- 1992-ci ildə dövlət
müşaviri kimi İsrailin o zamankı xarici işlər
naziri Şmon Pereslə görüşmüş, ona yəhudi
dövlətinin Azərbaycana dəstək verməsinin və
burada dayaqlarını möhkəmləndirməsinin vaxtı
çatıb demisiniz... Belə bir söhbət olubmu?
- Mən
Şmon Peresə demişəm ki, Azərbaycan Sovet
imperiyasından qopmuş bir dövlətdir, indi orada demokratik
dövlət qurulmasa, fundamentalist bir dövlət də yarana
bilər, yaxşı olar ki, siz Azərbaycanda təhsilə, mədəniyyətə,
ictimai-siyasi problemlərin həllinə kömək edəsiniz
və mənim Pereslə görüşümdən sonra
İsrail Xarici İşlər Nazirliyində Qafqaz şöbəsi
açıldı...
- Tez-tez vurğulayırsız ki, İran və
Rusiya imperiyaları çökəcək... Amma tarixdən bəllidir
ki, Rusiya imperiyası çökəndə cildini dəyişib
başqa formada bərpa olunub. Necə ki, 1917-ci ildə
Çar Rusiyası çökdü, onun
xarabalıqlarından bolşevik-rus Sovet imperiyası törəndi...
- Çar
Rusiyası dağıldıqdan sonra Sovet imperiyası yaransa
da, rusluq, slavyanlıq, xristianlıq, pravoslavlıq
ideologiyaları məhv edildi, indi də ABŞ Rusiyanı
tamamilə çökdürmək istəyir, ancaq onun
xırda dövlətlərə parçalanması Ağ Evə
sərf etmir, çünki bu, həmin ərazidəki
çoxmilyonlu müsəlman xalqlarının hesabına
İslam faktoru çox güclənə bilər...
- Ötən il noyabrın əvvəllərindəki
bir açıqlamanızda demisiniz ki, Milyarderlər
İttifaqı Azərbaycanda dövlət çevrilişi edə
bilər”... Yenə həmin fikrinizin üzərində
dayanırsınızmı?
- Mən elə
deməmişəm, mən demişəm və bu gün də
deyirəm ki, Rusiya totalitar dövlət olduğundan orada idarə
olunmayan bir təşkilat yoxdur, bu baxımdan Milyarderlər
İttifaqı da Putinin əmrləri ilə oturub, durur...
- Bu yaxınlarda söylədiniz ki,
Eldar Namazovun prezidentliyə namizəd verməsi
addımını dəstəkləyirsiz...
- Xeyr, mən
sadəcə, Eldar Namazova bir şəxsiyyət kimi müsbət
münasibət bəslədiyimi bildirmişəm...
- Bəs Eldar Namazovun prezident ola
bilməsi realdırmı?
- Seçkidən
danışanlar elə danışırlar ki, guya artıq
İlham Əliyev hakimiyyətdən gedir, bəlkə
İlham Əliyev üçüncü dəfə də
seçiləcək...
- Vəfa müəllim, yarım əsrdən
çoxdur ki, diplomat, dövlət müşaviri, politoloq kimi
daxili və beynəlxalq siyasətlə məşğulsunuz,
bir sıra xarici ölkələrdə olmusuz, görkəmli
siyasi xadimlərlə görüşlərdə iştirak
etmisiz. Son iki onillikdə dünyanı idarə edən gizli
super güclər: masonlar, illüminantlar, Komitet-300, Roma Klubu və
s. haqqında məlumatlar yayılır. Belə qurumlar həqiqətən
mövcuddurmu?
- Bilirsiz,
bunlar hamısı bəzi politoloqların uydurmasıdır,
dünyanı idarə edən qüvvələr göz
qabağındadır: Ağ Ev, Konqres, Pentaqon, NATO...
- Qiyamət gününə
inanırsınızmı?
- Bəli, mən
Yaradana inandığım üçün Qiyamətə də
inanıram, çünki kainatda Allahdan başqa hər
şeyin sonu olduğu kimi bizim planetin də bir sonu var...
- Bəs Qiyamət günü siyasətçilərin,
siyasətlə məşğul olanların yeri harda olacaq?
-
Qarışqa insanın məntiqini dərk edə bilmədiyi
kimi, insan da Allahın məntiqini dərk edə bilməz, odur
ki, ərəblər demiş: əl-həqiqətə həyyi
əllah – düzünü Allah bilər...
Sultan Laçın
Həftə içi.- 2013.- 23 aprel.- S.3.