Müharibə jurnalisti olan xanımın həyat
hekayəsi
Sağ olsun
facebook. Bilirəm, bir müsahibəyə başlamaq
üçün bir az fərqli oldu təqdimat. Amma
müsahibimin kim olduğunu bilincə mənə haqq
qazandıracaqsız.
Okeanın o
tayında, Kaliforniyada nəşr olunan “Azərbaycan
qadınlarının səsi” dərgisinin rəhbəri,
Amerika-Azərbaycan Qadınlar Cəmiyyətinin sədri
Gülbəniz Arifqızıdır qadın-qadına söhbətimin
qonağı.
7 il 1-ci
Qarabağ müharibəsinin dəhşətlərini
yaşamış, səngərdə əsgərlərlə
çiyin-çiyinə dayanıb, qələmi ilə Azərbaycan
həqiqətlərini yazan, bədnam gülləsinə
tuş gələn ilk məhəbbətini Şəhidlər
Xiyabanında torpağa tapşıran Gülbəniz
Arifqızı...
- Bir şərq xanımının bu qədər
uzağa baş götürüb getməsinin, çoxmu
böyük səbəbi olmalıdır?
-
Açığını desəm bəli. Dərdlərdən
qurtarmaq üçün, haqsızlıqla
barışmadığım üçün baş
götürüb getməyi üstün tutdum. Mən Amerikaya
Azərbaycan televiziyasını yaratmaq üçün, bir az
da bu mühitdən uzaqlaşmaq üçün getdim.
Çünki mən bunu bütün müsahibələrimdə
deyirəm ki, orda qalsaydım çoxdan ölmüşdüm.
Xaricə gedəndə orda ömürlük qalmaq fikrində
deyildim. Amma taleyim elə gətirdi ki, orda qalmalı oldum.
- Qürbət ölkə xilas edə
bildimi, Azərbaycan xanımını?
- O qədər
bir küncə çəkilib ağladığım vaxtlar
oldu ki... Axı xaricə gedənlərin heç də
hamısı yağ-bal içində yaşamır. Qürbətin
də öz dərdləri var. Bir də görürsən
ürəyim elə darıxır ki, az qalıram quş olub
uçam vətənə. Amma bu hər zaman mümkün
deyil. 1997-ci ildən bəri 3 dəfə gələ bilmişəm.
Həyatda elə çətinliklər olur ki, insan çox
vaxt yalnız təkbaşına dəf etmək zorunda
qalır. Mən də etdim. Bir də axı qürbətdə
o qədər mənim taleyimə bənzər talelər var
ki…
- 7 il müharibə jurnalisti olmuş bir
qadının, milliyyətindən, kimliyindən asılı
olmayaraq – təkrar edirəm - bir qadının həyata,
insanlığa baxışı əvvəlki kimi qala bilərdimi?
- Yox, bu
mümkün deyil. Mən təbiətcə çox emosional,
həssas bir insanam. Ən xırda bir şey məni həyəcanlandıra
bilir. Zaman məni çox dəyişdirdi. Olduqca
qayğısız böyümüşəm. Həmişə
bütün ailəm, dostlarım tərəfindən
sevilmişəm. Amma bir anlıq özümə baxanda dəyişildiyimin,
həyatın məni nə qədər sərtləşdirdiyinin
şahidi oluram. Hərdən öz-özümə deyirəm
ki, axı sən bu deyildin. Sizcə qayğısız bir həyatdan
od-alov içərisinə düşən və sonrada
qürbət həyatı yaşayan insan dəyişməzmi?
- Nələrlə barışa bilmədiniz
günün bu günündə də…
- Yeni Amerikaya
gələndə sanki hər gecə dəhşətli bir
yuxu görürdüm. Müharibədə gördüyüm
dəhşətləri, həyəcanları xaricdə uzun
müddət unuda bilmədim. Heç nə adiləşmədi.
Əksinə getdikcə dərinləşdi. Hərdən
özümə deyirəm ki, mən bunun
üçünmü əziyyət çəkdim, bilsəydim
bütün zəhmətlərim heçə gedəcək,
heç bu qədər özümü öldürməzdim.
Axı həyatımın ən gözəl anlarını
qayğısız yaşamaqda deyil, döyüş bölgələrində
keçirdim. Soyuq səngərlər, ümid istəyən
yaralılar, imkansız sadə yerli əhali… Yadımdadır,
bir dəfə Füzuli istiqamətində ağır
döyüşlər gedirdi. Mən də ordaydım. Elə
hey çadırdan qurulmuş tibb məntəqəsinə
yaralılar daşınır. Orada ilk tibbi yardım göstərilib,
sonra xəstəxanalara göndərilirdi. Bunların içərisində
gənc ağır bir yaralı vardı. Çöhrəsində
çox məzlum bir ifadə vardı. Ön xətdəki həkimlər
onun vəziyyətindən çox ümidsiz idilər.
Çünki yaralar çox dərin idi. Qorxu
qarışıq bir səslə, “bacı qoyma mən
ölum” dedi. Onun o, qorxu dolu çöhrəsi hələ də
gözlərimin qarşısındadır. Bütün
bunları düşünəndə öz-özümə
deyirəm. Nə oldu bu əziyyətlərin nəticəsi?
Bu qədər torpaqlar getdi. Şəhidlər verdik,
Qarabağ da alınmadı…
- Müsahibələrinizdən birində
dediniz ki, Vətənə qayıtmamaq üçün
başqa səbəblər də var idi. Nə idi o səbəblər?
Bəlkə kim idi?
- Səbəblər
çoxdur. Birinci həyat yoldaşımın amerikalı
olması. Artıq oğlum bu ölkədə dünyaya gəldi.
Necə deyərlər səsvermədə onlar çox, mənsə
azlıq təşkil edirəm. Yoldaşım da öz vətənini
çox sevir. İkinci Qarabağ yoxdursa, artıq vətəndə
mənə uzaq olub. Məni ora çəkəcək bir
qüvvə yoxdur. Nə qədər darıxsam da, sonunda deyirəm
hara gedim Qarabağ yoxdur ki… Mən vətəndə arxamda
çox dərdlər qoyub gəldim. Vətən itkisi,
valideyn itkisi və sevgi itkisi.
- Ayağa qalxmaq üçün güc
tapa bildiniz… Sərhəd tanımayan məhəbbətinmi
istisinə sığındınız?
-
Böyük məhəbbəti mən Şəhidlər
Xiyabanında dəfn edib gəldim. Bu bizim ilk Milli Qəhrəmanımız
Mehdi Abbasov idi. 1991-ci il yanvarın 13-də mənim
doğulduğum Füzuli şəhərində
döyüşdə həlak oldu. Məzarı Şəhidlər
Xiyabanındadır. Onun ailəsi mənim öz ailəm
kimidir. Həmişə də əlaqə saxlayıram.
Atası Yusif əmi həmişə and içəndə
Gülbənizin, Mehdinin başı üçün deyər.
Axırıncı dəfə gedəndə Dənizlə bir
həftə onlarda qaldıq. Atası Yusif əmi mənə məktublarının
birində yazırdı ki, Mərcan xalan neçə gün
yerdə can verdi. Dili batmışdı. Bu zaman sənin məktubun
və şəklin gəldi. Heç nə deyə bilmirdi.
Şəklini ürəyinin başına sıxıb elə
hey ağlayırdı. Sanki bu məktubu gözləyirmiş
ondan sonra canını tapşırdı. Bütün bunlar
qürbətdə mənim yadımdan çıxmır. Amma
nə etmək, xaricdə də tək yaşamaq çətindir.
Bilirsiniz, mənim həyatda qismətimə həmişə təklik
düşüb. Bütün əziyyətlərə tək
sinə gərmişəm. Passiv qadın olmaq istəməmişəm.
Hardasa 2 yaşım olanda nənəmgil tək qalmasınlar
deyə məni saxlayıblar. Orada 7-8 il yaşadıqdan sonra
12 il ailəmizlə yaşadım. Ən çox ailəmlə
keçirdiyim vaxt elə bu illərdir. Sonra Azərbaycan
İnşaat Mühəndisləri İnstitutuna daxil oldum. 5 il
tələbəlik həyatım, sonra da institut bitirib təyinatla
Bakıda -Azərbaycan Dövlət Layihə İnstitutunda
işə başladım. Neçə illər ordada tək
yaşadım. 1991-ci ildə Qarabağda müharibənin
qızğın vaxtı ailəmiz Bakıya mənim
yanıma gəldi. O zamanlarda mən daima Qarabağda olurdum.
Sonradakı qürbət həyatım…
- Nələrdən keçməli
oldunuz?
- Elə bir
çətinliyimi deyim. Amerikada 2005-ci ildən bəri mən
4 dəfə, Dəniz isə 2 dəfə cərrahiyyə əməliyyatı
keçirdik. Yoldaşımla da bizi onun keçmiş Sovetlər
İttifaqına olan marağı və
qarşılıqlı hörmət birləşdirdi. Onun
arzusu ordan evlənmək olub. İki dəfə
keçmiş ittifaqa evlənmək üçün getsə
də, bir kimsəni bəyənməyib geri qayıdıb. Təsadüfi
bir tanışlıq bizi evliliyə gətirib
çıxardı. Bir də mən çox tərəddüd
edirdim. Ailə qurmaq istəmirdim. Yaşadığım binada
bir rus oğlan da yaşayardı. Heç kəslə işi
olmazdı. Sonralar həmişə içkili görünərdi.
Bir gün səhər evdən çıxanda dəhlizdə
çox pis bir qoxu hiss etdim. Bu qoxunu mən yay vaxtı
müharibədə hiss etmişdim. Qalmış meyitlərin
iyini. İşə getdim. Amma işdə də hey narahat
oldum. Sanki bütün xatirələrim, hər şey
gözümün qarşısına gəldi... Evə dönəndə
həyətdə polis maşınlarını və
qonşuların toplaşdığını gördüm. Məlum
oldu ki, oğlan evdə yıxılıb, 5 gündür
ölüb heç kəs bilməyib. Bu mənə çox
təsir etdi. Ondan sonra ailə qurmağa qərar verdim.
- Həyat yoldaşınızla
tanışlığınız nə vaxt oldu?
- 2001-ci ildə.
Kaliforniyanın Əhaneim Hills şəhərində. Bəzən
həftə sonları rəqsə gedərdim. Bir dəfə
yoldaşımla orda görüşdük. Qəribədir ona
qədər çox imkanlı amerikalılardan evlilik təklifi
almışdım. İnanın ki, istəyənlərin
içərisində o ən kasıbıydı ki, mən
onunla ailə qurdum. Çünki nəcib insandır.
Amerikalılar arıq, ucaboy, sarışın qızları
çox sevərlər. Mənə model kimi baxardılar. Biləndəki
mən keçmiş ittifaqdanam, başladı mənə
çoxlu məlumat verməyə. Mənim üçün
maraqlıydı bir amerikalının bütün respublikalar
haqqında, o cümlədən, Azərbaycan haqqında
geniş məlumatı olması. Dost olduq. İlk dəfə
onların ailəsinə gedəndə böyük səmimiyyət
və hörmətlə qarşılandım. Bu mənə
çox təəccüblü gəldi. Bir gün sonra evlənmək
təklifi etdi. 2004-cü ilin aprelin 18-də evləndik. 2005-ci
ilin martın 29-da oğlum - Dəniz dünyaya gəldi.
- Onları öz vətəninizlə
tanış etmisiniz? Azərbaycanda olublar? Demək istəyirəm…
- Dənizlə
2005-ci ildə olduq. Sonra 2008-ci ildə üçümüz də
birgə getdik. Yoldaşım iki həftə qalıb
qayıtdı. Çünki işdən çox icazə ala
bilməmişdi. Bütün tarixi yerlərimizi gəzdirdim.
İnsanlarımızı çox bəyəndi. Əvvəl
alışa bilməsə də, vaxt çatanda geri gəlmək
istəmirdi. Dənizə isə olduqca maraqlıydı.
Çünki Amerikada təklikdən o qədər
sıxılıb ki, orda ona göstərilən məhəbbətdən
çox məmnun idi. İmkanım olsa, gələcəkdə
Bakıdan bir qız uşağı götürmək istərdim.
Yoldaşımın ata-anası bizi çox istəyirlər.
Hətta qayınanam kitab yazır. Bir bölümünü mənə
həsr edib. O hissəsi hazır olanda sizə oxudaram. Çox
maraqlıdır onların Azərbaycana baxışı, mənə
münasibətləri…
- Amerika və Azərbaycan qadını...
Fərqləri sizin dilinizdən eşitmək istəyirəm...
- Ümumiyyətlə,
amerikalılar çox gözəl millətdirlər. Vətənlərini
çox sevərlər. Amerikalı qadınlar da çox
çətin işləyirlər. Bəzən övladlar dayələrini
analarından çox istəyirlər. Çünki
analarını az görürlər. O ölkənin
strukturası elə qurulub hər iki ailə
başçısı çalışmağa məcburdur.
Qadınlar kişilərə nisbətən ailədə
sözü daha keçərli və hökmlüdürlər.
Əgər boşanarlarsa, bəzən bütün
uşaqları ana atıb atanın üstünə gedə
bilir. Boşanan kişinin vəziyyəti o ölkədə
olduqca ağır olur. Qadınlar tam sərbəstdirlər.
Bizdə isə tamam başqadır. Bizim qadınlarımız
ailəyə çox bağlıdırlar. Ortada övlad
varsa, ailə dağıtmaq istəməzlər. Amma Amerikada
onlar istədikləri vaxt dostcasına yollarını ayıra
bilirlər.
- Bir Amerika qadınının günü
təxminən necə keçir?
- Onlar bizim
kimi bər- bəzəkli evlərdə bir-birilə bəhsə
girib yaşamırlar. Zinət əşyalarını da
çox taxmazlar. Geyimləri çox sadə olar. Evdə
çox yemək bişirməzlər. İşdən sonra
ailəvi televizora baxarlar. Bu gün ürəkləri necə
istəyirsə, pulu öz zövqlərinə görə xərcləyərlər.
Uşaq geyiminə, oyuncağına inanılmaz dərəcədə
pul sərf edirlər. Hər gün, hər həftə
alış-verişə getməyi çox sevirlər.
- Amerikada nə vaxtdan ictimai fəaliyyətə
başladınız?
- Elə
Amerikaya gedəndən bu günə kimi.
- Amerika-Azərbaycan Qadınlar Cəmiyyəti
hansı zərurətdən yarandı? Bu gün işləriniz
necə qurulub?
- Biz siyasi fəaliyyətlə
məşğul deyilik. Heç bir yerdən də maliyyə
dəstəyi almırıq. Sadəcə olaraq, bir-birimizlə
əlaqə yaratmaq və lazım gələrsə, bir-birimizə
qürbətdə kömək etmək zərurətindən
yaranmışıq. Mümkün olduqca da, Azərbaycan və
onun qadınları haqqında məlumat verməyə
çalışırıq.
- Amerika bir azad düşüncəli
qadın olaraq sizə vəd etdiyi azadlığı verə
bildimi?
- Bəli.
Amerika tək mənə deyil, orada yaşayan bütün
insanlara azadlıq verib. Elə odur ki, o ölkəyə gələnlərin
sayı günbəgün artır.
- Arzunuz var?
- Dənizi Azərbaycana
daha çox bağlamaq. Yarımçıq qalan
kitablarımı tamamlamaq və Qarabağa -
uşaqlığım keçən Füzuli rayonunun Yal Pirəhmədli
kəndinə geri dönmək...
- Bu yaxınlarda facebook səhifənizdə
oğlunuz Dənizin sərbəst yazısını
paylaşdınız…
- Məktəbdə
Dənizə sərbəst yazı
yazdırmışdılar. Dəniz Azərbaycandan
yazmışdı. O, Azərbaycanı çox sevir. Vətənimdə
özünü şəhzadə kimi hiss edir. Fəxrlə
qeyd edir ki, anası azərbaycanlıdır. Amerikada onun
gözəl təhsili, yaxşı gələcəyi var. Amma
Azərbaycanda qoyduğu bağları, qohum-əqrəba məhəbbəti
var.
- Gülbəniz Arifqızı nə
üçün və kim üçün darıxır?
- Hər
şey üçün. Uşaqlığım, tələbəliyim,
itirilmiş torpaqlarımız, dostlarım, sevdiklərim
üçün... Çox sağ olun ki, sizlər məni
unutmamısınız. Həmişə mənimlə əlaqə
saxlayırsınız. Bu diqqətinizdən dolayı sizə
təşəkkür edirəm.
P.S. Hər gün facebook səhifəmə
daxil olarkən, Gülbəniz Arifqızının
statuslarına diqqət edirəm, izləyirəm. Bir qadın ətri
gəlir sanki bu statuslardan, bu paylaşmalardan. Və bir də Vətən
həsrəti...
Sevinc Məmmədli
Həftə içi.- 2013.- 23 aprel.- S.4.