Azərbaycanda sahibkarlığın inkişafı ilbəil sürətlənir 

 

«Sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi, bazar iqtisadiyyatının yaradılması bizim strateji yolumuzdur»

 

Heydər Əliyev

 

 

1991-ci ilin oktyabrın 18-də istiqlaliyyətini yenidən bərpa edən Azərbaycanda sosial-iqtisadi sahələrdə acınacaqlı vəziyyət yarandı. Sovet İttifaqına daxil olan ölkələr arasında 70 il ərzində formalaşmış iqtisadi əlaqələrin pozulması nəticəsində planlı təsərrüfat sisteminin tənəzzülü dərinləşdi. İstehsal iflic duruma düşdü. İntensiv dəyişən qiymət indeksi nəticəsində inflyasiyanın səviyyəsi gündən-günə yüksəldi, əhalinin sosial şəraiti pisləşdi. Bundan əlavə, Ermənistanın Azərbaycana hərbi təcavüzünün güclənməsi, ölkə ərazisinin 20 faizdən çoxunun işğal edilməsi, 1 milyondan artıq soydaşımızın öz ata-baba yurdlarından didərgin düşməsi və onların təxminən yarısının Bakı şəhərinə və Abşeron yarımadasına pənah gətirməsi və digər problemlər sosial-iqtisadi durumu daha da ağırlaşdırdı və işsizlik ağır sosial problemə çevrildi. Amma ümummilli lider Heydər Əliyev xalqın iradəsi və çağırışı ilə 1993-cü ildə siyasi hakimiyyətə qayıtdıqdan sonra ölkədə siyasi sabitlik bərqərar oldu, atəşkəs əldə edildi, irimiqyaslı iqtisadi islahatlara başlanıldı. Ulu öndərin rəhbərliyi ilə həyata keçirilən uğurlu iqtisadi siyasət sayəsində ölkədə planlı təsərrüfatdan bazar iqtisadiyyatına uğurlu keçid sürətləndi, iqtisadiyyatın tarazlı inkişafının təmini sahəsində kompleks tədbirlər reallaşdırıldı. Nəticədə ölkədə maliyyə vəziyyəti sabitləşdi, iqtisadiyyata cəlb olunan investisiyaların həcmi ildən-ilə artdı, xalqın həyat səviyyəsi yaxşılaşmağa başladı.

Heydər Əliyev yaxşı başa düşürdü ki, ölkənin sürətli sosial-iqtisadi inkişafının təminatı kənd təsərrüfatının, onun əsas hərəkətverici qüvvəsi olan özəl sektorun, kiçik və orta sahibkarlığın inkişafından çox asılıdır. Ulu öndər bilirdi ki, bərəkətli, məhsuldar və böyük torpaq resurslarına, zəngin iqlimə, günəşli hava şəraitinə, bolsulu çaylara, qarlı dağlara malik Azərbaycanın iqtisadi potensialının 50 faizdən çoxu regionlarda yerləşir və ölkə əhalisinin 47 faizi bölgələrdə yaşayır. Bu səbəbdən də güclü region güclü iqtisadiyyat, ölkə iqtisadiyyatının dayağı və inkişafı sayıldığı üçün bölgələri inkişaf etdirmək üçün kiçik və orta sahibkarlığı mütləq dirçəltmək lazımdır. Ümummilli lider inanırdı ki, sahibkarlıq fəaliyyəti bazar iqtisadiyyatında da həlledici rol oynayacaq. Ona görə də regionların inkişaf etdirilməsi, bölgələrdə yeni istehsal və sənaye müəssisələrinin yaradılması, işsizliyin və iqtisadi inkişafın əsas meyarlarından biri olan yoxsulluğun səviyyəsinin azaldılması, əhalinin məşğulluq səviyyəsinin artırılması, kənd təsərrüfatı və iqtisadiyyatın digər sahələrinin inkişafının daha da sürətləndirilməsi, bazarların bol və keyfiyyətli məhsullarla təminatı, bolluğun və ucuzluğun yaradılması, eləcə də digər önəmli işlərin görülməsi üçün Heydər Əliyevin rəhbərliyi ilə yeni tədbirlər planının hazırlanmasına başlanıldı. Gələcək iqtisadi inkişafın məhz özəl sektorla bağlı olduğunu bilən ulu öndər sahibkarlığın inkişafı strategiyasını müəyyənləşdirdi və onun rəhbərliyi ilə bu strategiyanın uğurla həyata keçirilməsinə start verildi. Nəticədə sahibkarlığın inkişafına yönəlmiş tədbirlərin sistemliliyi, dövlət tənzimlənməsinin liberallaşdırılması, dövlət-sahibkar münasibətlərini tənzimləyən əsas prinsiplərin müəyyənləşdirilməsi təmin edildi. Ümummilli lider özünün rəhbərliyi ilə həyata keçirdiyi iqtisadi siyasəti sahibkarlığın inkişafının sürətləndirilməsinə, ölkənin sosial-iqtisadi problemlərinin həllində sahibkarlığın rolunun gücləndirilməsinə, bu istiqamətdə dövlət qayğısının artırılmasına və mövcud potensialın reallaşdırılmasına yönəltdi. Heydər Əliyev sahibkarlığın inkişafı sahəsindəki islahatların ardıcıl və sistemli şəkildə həyata keçirilməsi üçün mükəmməl qanunvericilik bazasının yaradılmasının, onun beynəlxalq tələblərə uyğunlaşdırılmasının vacibliyini yaxşı anlayırdı. Ona görə də bu məqsədlə qanunvericilik bazasının formalaşdırılması, bürokratik maneələrin aradan qaldırılması, maliyyə dəstəyinin göstərilməsi və sair sahələrdə mühüm əhəmiyyət kəsb edən tədbirlər həyata keçirdi. Heydər Əliyevin imzaladığı 17 iyun 1996-cı il tarixli «İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə», 7 yanvar 1999-cu il tarixli «Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında», 2 sentyabr 2002-ci il tarixli «Bəzi fəaliyyət növlərinə xüsusi razılıq verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında», 28 sentyabr 2002-ci il tarixli «Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında» fərmanlar və digər sənədlər sahibkarlıq fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik bazasının yaradılmasında mühüm rol oynadı. Çünki həmin sənədlərdə bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına şəraitin yaradılması, sahibkarlığa hüquqi təminatın verilməsi və rəqabət mexanizminin formalaşması, həmçinin rəqabətin qorunması ilə bağlı müddəalar öz əksini tapdı. Bu sənədlər iqtisadiyyatın bütün sahələrini əhatə etməklə azad rəqabətin təmin olunmasına və iqtisadiyyatın dinamik inkişafına səbəb oldu. Heydər Əliyevin 27 avqust 2002-ci il tarixli fərmanı ilə «Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondu haqqında Əsasnamə»nin və «Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitinin istifadəsi Qaydaları»nın təsdiq edilməsi ilə adıçəkilən fondun fəaliyyəti və sahibkarlıq subyektlərinin investisiya layihələrinin güzəştli şərtlərlə maliyyələşdirilməsi mexanizminin yenidən qurulması bu maliyyə qurumunun inkişafında dönüş nöqtəsi oldu. Bu da öz növbəsində dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən biri olan özəl sektorun hərtərəfli dəstəklənməsində, onun daha da genişlənməsi üçün əlverişli mühitin yaradılmasında, bu sahədə müxtəlif yardım və təşviq mexanizmlərinin tətbiq edilməsində, sahibkarlığa dövlət maliyyə dəstəyinin gücləndirilməsində və bu fəaliyyətin genişləndirilməsinin təmin edilməsində mühüm rol oynadı. Hətta ulu öndərin 30 aprel 2001-ci il tarixli fərmanı ilə İqtisadi İnkişaf Nazirliyinin yaradılması sahibkarlığın inkişafına dövlət köməyi və onun dövlət tənzimlənməsi tədbirlərinin vahid qurumda birləşdirilməsinin və idarə edilməsinin əsasını qoydu və sahibkarlığın inkişafını ümumi iqtisadi inkişafın tərkib hissəsinə çevirdi. Ulu öndərin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə ümumbəşəri dəyərlərə uyğun şəkildə hazırlanaraq 1995-ci ilin noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilən Konstitutsiyada bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına şəraitin yaradılması, sahibkarlığa təminat verilməsi, rəqabət mexanizminin formalaşması və inkişafı, həmçinin rəqabətin qorunması ilə bağlı müddəalar öz əksini tapdı. Heydər Əliyevin rəhbərliyi ilə qəbul olunmuş «Azərbaycanda Sahibkarlığın İnkişafı üzrə Dövlət Proqramı (1993-1995-ci illər)», «Azərbaycanda Kiçik və Orta Sahibkarlığa Dövlət Yardımı Proqramı (1997-2000-ci illər)» və «Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramı (2002-2005-ci illər) sahibkarlığın inkişafında xüsusi rol oynadı, kiçik və orta sahibkarlığın inkişafı üzrə dövlət tədbirlərini ölkənin iqtisadi siyasətinin prioritet istiqamətlərindən birinə çevirdi. Bu proqramlar çərçivəsində iqtisadiyyatın və sahibkarlığın tənzimlənməsi sahəsində mühüm tədbirlər həyata keçirildi, sahibkarlara dövlət maliyyə dəstəyi sistemi formalaşdırıldı. Sahibkarlıq infrastrukturunun formalaşdırılması istiqamətində əhəmiyyətli addımlar atıldı. Sahibkarlara məsləhət, informasiya və sair zəruri texniki yardım göstərən strukturlar yarandı. Sahibkarlar üçün vergi yükünün azaldılması istiqamətində dövlət səviyyəsində müəyyən addımlar atıldı. Mənfəət və əlavə dəyər vergisi dərəcələri, məcburi sığorta haqqı aşağı salındı, kiçik sahibkarlıq subyektlərinin bir qisminə vahid vergi tətbiq edilməyə başlanıldı. Lisenziyalaşdırılan fəaliyyət növlərinin sayı 8 dəfə azaldılaraq 240-dan 30-a endirildi, sahibkarların lisenziya almaq mexanizmi xeyli sadələşdirildi, lisenziyaların müddəti 2 ildən 5 ilədək uzadıldı. Ulu öndər həmçinin Azərbaycanda sahibkarlığı, özəl sektoru inkişaf etdirmək üçün ona hər vasitə ilə dəstək verir, bu prosesi sürətləndirmək, bu sahədə yaranan maneələri aradan qaldırmaq üçün yerli və xarici sahibkarlarla vaxtaşırı görüşlər keçirir, hətta elə həmin görüşlər zamanı anket sorğusu vasitəsilə onların rəylərini öyrənirdi. Heydər Əliyev həmin sorğuların nəticələrini ciddi surətdə araşdıraraq problemlərin aradan qaldırılması üçün qəti tədbirlər görürdü. Sahibkarlar üçün kadr hazırlığı, işgüzar informasiyaların yayılması olduqca vacib olduğundan ulu öndərin rəhbərliyi ilə bu sahədə də kompleks proqramlar həyata keçirilirdi.

Ümummilli liderimizin layiqli davamçısı prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasət də məhz sahibkarlığın inkişafını təmin etmək üçün yerli istehsal və sosial infrastrukturun yaradılmasına, güzəştli kreditlərin ayrılmasına, insan və təbii ehtiyatlardan səmərəli istifadə yolu ilə mövcud potensialın reallaşdırılmasına, yerli və xarici investorların ölkəyə, xüsusilə regionlara cəlb olunmasına və digər mühüm istiqamətlərə yönəlib. Onun imzaladığı fərmanlarda, təsdiq etdiyi iqtisadi siyasət sənədlərində yerinə yetirilməsi zəruri olan vəzifələr müəyyənləşdirildiyindən ölkəmizdə formalaşan sahibkarlar təbəqəsinin sırası ilbəil genişlənir və özəl sektorun ölkənin sosial-iqtisadi inkişafında rolu daha da artır. Dövlət başçısının düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində minlərlə kiçik müəssisə, xarici firmalarla birlikdə çoxlu müştərək müəssisə, sahibkarlığın inkişafı üçün müəyyən şərait yaradılıb. Təkcə 2012-ci ildə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 2419 sahibkarlıq subyektinə 218 milyon manat güzəştli kredit verilib və bu kreditlər hesabına 94 istehsal, emal və infrastruktur müəssisəsi fəaliyyətə başlayıb. Məhz həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində özəl sektorun və sahibkarlığın ölkənin sosial-iqtisadi inkişafında rolu durmadan artır və təsadüfi deyil ki, ölkədə istehsal edilən ümumdaxili məhsulun 80 faizi özəl bölmənin payına düşür.

İnanırıq ki, həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində biznes mühitinin daha da təkmilləşdirilməsi, xüsusi iqtisadi zonaların, sənaye şəhərciklərinin, biznes-inkubatorların yaradılması, məsləhət, informasiya təminatının, həmçinin sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi və işgüzar əlaqələrin inkişaf etdirilməsi yolu ilə sahibkarlığın və regionların inkişafı daha da sürətlənəcək, ölkə əhalisinin həyat səviyyəsi daha da yüksələcək.

 

Təbriz Vəfalı

 

«Avromed» şirkətinin dəstəyi ilə «Xalq qəzeti» və «Kaspi» qəzetlərinin ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə keçirdiyi «Azərbaycan Respublikasında sahibkarlığının inkişafı» istiqaməti üzrə yazı müsabiqəsinə təqdim olunur

 

Həftə içi.- 2013.- 24 aprel.- S.7.