Uşaqların vaksinasiyası məcburidirmi? 

 

Ekspertlər hesab edirlər ki, peyvənddən yayınma uşaq huquqlarının pozulmasıdır

 

Dünəndən etibarən Azərbaycanda növbəti İmmunlaşdırma Həftəsinə start verilib. Qeyd edək ki, 22-27 aprel tarixlərində keçiriləcək İmmunlaşdırma həftəsi Bakını və ölkənin bütün bölgələrini əhatə edəcək. Azərbaycanda bu ildə həyata keçirilən İmmunlaşdırma Həftəsinin əsas məqsədləri planlı immunlaşdırma əhatəsinin yerlərdə yüksəldilməsi üçün əhalinin məlumatlandırılma səviyyəsinin artırılması, pnevmokok əleyhinə vaksinlərin immunlaşdırma proqramında tətbiqi ilə bu infeksiya tərəfindən törədilən uşaq ölümünün və xəstələnmə səviyyəsinin azaldılması, qızılca, məxmərək xəstəliklərinin eliminasiyası naminə nəzarətin gücləndirilməsi və qızılca, məxmərək, parotitə qarşı peyvəndlə əhatə səviyyəsinin yüksəldilməsidir. İmmunlaşdırma Həftəsi ərzində planlı immunlaşdırmadan hər hansı bir səbəbdən kənarda qalan uşaqların milli peyvənd təqviminə uyğun peyvəndlərlə əhatə olunmasını hər bir ərazi tibb müəssisə tərəfindən təmin ediləcək.

 

Amma bu gün bəzi valideynlər övladlarının peyvənd olunmasına qarşı çıxırlar. Hətta yeni doğulan körpələrdə belə vaksinasiyanın aparılmasına imkan verilmir. Təbii ki, bu məsələdə valideynlərin də öz arqumentləri var və onlar peyvəndin uşaqların səhhətində fəsad yarada biləcəyindən ehtiyatlanırlar.

Bəs, görəsən, Azərbaycanda uşaqlar arasında peyvəndin aparılması məcburidirmi? Ümumiyyətlə, Azərbaycan gələcəkdə peyvəndin həyata keçirilməsi prosesindən imtina edə bilərmi?

Məsələyə münasibət açıqlayan Kübra Fərəcova adına Elmi-Tədqiqat və Pediatriya İnstitutunun direktoru, Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev bildirib ki, Azərbaycan uşaqların peyvənd olunması təcrübəsindən imtina etməyə hazırlaşmır və peyvənddən imtina çox zərərli və səhv fikirdir. Onun sözlərinə görə, dünyada peyvəndin alternativi və onu əvəz edən heç nə yoxdur.

Baş pediatr bildirib ki, dünyada peyvənd qədər insanların həyatını xilas edən nə müalicə üsulu, nə də başqa vasitə mövcud deyil: «Peyvəndi yeganə olaraq təmiz içməli su əvəz edə bilər. Cünki yoluxucu xəstəliklərin böyük qismi su ilə yoluxur. Təmiz suyun effekti hətta peyvəndi üstələyə də bilərdi. Amma bu gün dünyada bu, mümkün deyil».

 

Peyvənd işinin aparılmasında müəyyən qüsurlar var

 

Nəsib Quliyev hesab edir ki, valideyn peyvənd etdirməməklə uşağının hüquqlarını pozur, çünki yalnız bu yolla uşaqları xəstəlikdən qorumaq mümkündür. Əgər valideyn uşağını peyvənd etdirmirsə, onu risk qarşısında qoyur. Buna görə də ən doğru yol peyvəndlərin vaxtlı-vaxtında aparılmasıdır.

Baş pediatr uşaqların peyvənd edilməsi işinin təşkili ilə bağlı Gigiyena və epidemiologiya mərkəzlərinin nümayəndələrinə, eləcə də bu məsələdə məsul olan şəxslərə də xəbərdarlıq edib: «2015-ci ilədək Azərbaycan uşaqlar arasında qızılca və məxmərəyin ləğvinə nail olma öhdəliyini üzərinə götürüb. Lakin bəzi məsələlər narahatçılıq yaradır. Gigiyena və epidemiologiya mərkəzlərinin nümayəndələrinə bir daha xəbərdar edirəm ki, əgər qızılca və məxmərəklə bağlı problemlər yaransa, bu insanlar ciddi məsuliyyət daşıyacaqlar. Biz belə şübhəli xəstə uşaqlara rast gəlirik. Bununla bağlı bütün məsul şəxslərə müraciət edib demək istəyirəm ki, peyvənd işi ilə hər kəs ciddi məşğul olmalıdır. Bu məsələ xüsusilə bölgələrdə çalışan tibb işçilərinə aiddir. Çünki aparılan son araşdırmalar bölgələrdə bu işə diqqətin bir az zəiflədiyini göstərir».

Peyvənd işini olduqca həyati vacib məsələ hesab edən baş pediatrın sözlərinə görə, uşaq poliklinikalarında əsas məsələ peyvənd işinin təşkilidir: "Ancaq bu müəssisələrdə peyvənd işi qurulmayıbsa, demək onların heç nədən xəbərləri yoxdur. Ona görə də deyirəm ki, bu işin məsuliyyətini hər kəs bilməlidir".

O bildirib ki, bəzən uşaqların peyvənd edilməsi ilə bağlı xoşagəlməz hallar da yaranır. Müəssisələrdəki sənəddə hansısa uşağın peyvənd edildiyi qeyd edilsə də, sonradan həmin uşağın peyvənd edilmədiyi məlum olur.

Baş pediatrın sözlərinə görə, ölkədə peyvənddən yayınan bütün uşaqlar aşkarlanmalıdırlar. Onun sözlərinə görə, bu gün dünyada peyvəndin alternativi olmadığı üçün ondan istifadə etmək lazımdır.

 

Bəzi valideynlər vaxtında qeydiyyata düşmürlər

 

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva isə deyib ki, bütün yeni doğulan uşaqlar ərazidə qeydiyyata götürülür. Ancaq bu uşaqların peyvəndi tam yerinə yetirilmir: "Bununla yanaşı, hər il təqribən 15-17 minə uşaq qeydiyyatdan kənarda qalır. Qeydiyyata düşməyən və peyvəndə cəlb olunmayan uşaqlar bizim üçün müəyyən problemlər yarada bilərlər. Bu dəfəki İmmunlaşdırma Həftəsi zamanı qızılca, məxmərəyə qarşı, eləcə də digər peyvənlərdən kənarda qalan uşaqları hökmən aşkarlamaq və qeydiyyata alaraq peyvəndə çəlb etmək lazımdır. Yəni, əgər hər hansı uşağın peyvəndi müxtəlif səbəblərdən aparılmayıbsa, həmin peyvəndləri bu həftə ərzində həyata keçirmək vacibdir. Bununla da uşaqlarda xəstəliklərə qarşı immunitet yaradılır".

Afaq Əliyeva bildirib ki, Azərbaycanda uşaqların peyvəndə cəlb olunma faizi vaksinlərdən asılı olaraq dəyişir. Onun sözlərinə görə, uşaqların bəzi vaksinlərə cəlb olunma faizi 95, 96, bəzilərində isə 98 faiz olur: «Bəzən uşaqlar sahə üzrə yerləşən tibb müəssisələrində qeydiyyata düşmürlər. Buna görə də müəssisələr həmin uşaqları aşkarlamalı və peyvəndə cəlb etməlidir. Məsələn, 5 komponentli, yəni 5 infeksiyaya qarşı peyvəndi aparılan AKDS vaksini 1 yaşadək uşaqlara vurulur. Bəzən bu vaksinlərin vaxtında vurulmaması halları olur. Həmin uşaqlar da bu həftə ərzində peyvəndə cəlb olunmalıdır».

Afaq Əliyeva vurğulayıb ki, yaxın zamanlarda Azərbaycanda uşaqların pnevmokok infeksiyalarına qarşı peyvənd edilməsinə başlanacaq. Pnevmakok əleyhinə 10 valentli vaksinlər 1 yaşadək uşaqlara 3 dəfə vurulacaq. Hazırda peyvəndin vurulması üçün hazırlıq işləri aparılır.

 

Proses təqvimə uyğun aparılır

 

Tanınmış pediatr İnsaf Rəhimova isə “Həftə içi”nə bildirib ki, Azərbaycanda profilaktiki peyvəndlər Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş peyvənd təqviminə əsasən aparılır. Onun sözlərinə görə, hazırda bu təqvim üzrə 7 vaksin növündən istifadə edilərək, 11 infeksiyaya qarşı peyvənd aparılır. İlkin peyvəndlər uşaqlara doğum evində aparılır. Belə ki, doğuşdan sonra 12 saat ərzində uşaq Hepatit B, həyatının 4-7-günləri arasında poliomielitə (OPV) və vərəmə (BSC) qarşı peyvənd olunur: “Uşaq evə yazıldıqdan sonra ərazi üzrə uşaq poliklinikasında qeydiyyata götürülür və 2 aylıqdan başlayaraq peyvəndlərə cəlb olunur".

İnsaf Rəhimova qeyd edib ki, təsdiq edilmiş peyvənd təqviminə əsasən ötən ilin iyulundan etibarən 2 aylığı tamam olan bütün körpələr Hib komponentli GDTHibHep B vaksini ilə peyvənd olunurlar. Belə ki, ilkin doza uşağa 2 aylıqda, ikinci doza - 3 aylıqda, üçüncü doza isə 4 aylığında vurulur. Həmin müddətlərdə (2 ay, 3 ay, 4 ay) uşağa GDTHibHepB peyvəndləri ilə eyni gündə poliomielit əleyhinə vaksin də verilir: “Beşkomponentli GDTHibHep B vaksinin tərkibində göyöskürək, difteriya, tetanus, b tipli hemofil infeksiya və hepatit B-yə qarşı komponentlər var. GDTHibHep B vaksininin tərkibində olan Hib komponenti uşaqları b tipli Haemophilus influenzae bakteriyaları tərəfindən törədilən pnevmoniya, meningit, və s. xəstəliklərdən qoruyur".

Poliklinikalarda peyvəndlərdən imtina hallarının olduğuna gəlincə, həmsöhbətimiz bunu peyvənddən sonra bəzi hallarda baş verən yanaşı təsirlərin olması ilə izah edir. Onun sözlərinə görə, hazırda istifadə olunan Hib komponentli GDTHibHep B vaksinindən sonra uşaqlar arasında heç bir ağırlaşma və ya reaksiya qeydə alınmayıb və əksinə həkimlər razılıq bildirirlər ki, uşaqlar bu vaksini rahat qəbul edir.

Peyvəndlərə daimi və müvəqqəti əks göstərişlərin olduğunu deyən İ.Rəhimova, peyvəndlərin aparılması zamanı tibbi əks göstərişlərin nəzərə alındığını bildirib: «Peyvənd olunan uşaq 30 dəqiqə ərzində nəzarət altında olmalıdır ki, kəskin allergik reaksiyalar baş verən zaman ona vaxtında təxirəsalınmaz yardım göstərilsin. Səhiyyə Nazirliyinin normativ sənəd və təlimatlarına əsasən peyvənd məntəqələrində şok əleyhinə preparatların olmadığı halda peyvənd işlərinin aparılması qəti qadağandır. Ona görə də valideynlərin narahat olmağına heç bir əsas yoxdur. Əslində onlar uşaqlarını peyvənddən yayındırmaqla gələcəyini təhlükə qarşısında qoyurlar».

 

Sevinc

 

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

 

Həftə içi.- 2013.- 24 aprel.- S.6.