Sahibkarlar hər zaman
dövlət dəstəyini hiss edir
«Heydər Əliyev
sahibkarlığın təməlini qoymaqla yanaşı, həm
də onların sərbəst inkişafına təminat verdi»
Azərbaycanın yeni müstəqillik
tarixində iqtisadi inkişafını xarakterizə edən ən
mühüm amillərdən biri ölkəmizdə məhz
güclü sahibkarlar sinfinin formalaşmasıdır. Bu
gün Azərbaycanda ümumi daxili məhsul istehsalında
özəl sektorun xüsusi çəkisi olduqca
böyükdür və iqtisadi artımın təminatında
yerli sahibkarların rolu və mövqeyi davamlı şəkildə
güclənir. Dövlət tərəfindən
sahibkarlığın inkişafına yaradılan şərait
və müxtəlif formalarda verilən dəstək, eyni
zamanda, sözügedən institutun daha sürətli tərəqqisi
məqsədilə həyata keçirilən köklü
islahatlar bundan sonra da sahibkarlıq təsərrüfatlarının
ölkə iqtisadiyyatının yüksəlişində
mühüm rol oynayan subyektlərdən biri olaraq
çıxış etməsinə möhkəm bazis
yaradıb.
Bütün
bunlar Azərbaycanın iqtisadi inkişaf strategiyasında
sahibkarlığın rolu və yerinin nə qədər
uzaqgörənliklə və düzgün şəkildə
müəyyənləşdirildiyini qabarıq şəkildə
nümayiş etdirir. Ölkənin yeni müstəqillik
tarixinin təhlil və mənzərəsi belə bir
reallığı ortaya qoyur ki, digər mühüm sahələrdə
olduğu kimi sahibkarlığın formalaşıb inkişaf
etməsinin müəllifi də ümummilli lider Heydər Əliyevdir.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən
sonra ulu öndərin ikinci dəfə siyasi hakimiyyətə
qayıdışına qədər olan dövr ərzində
iqtisadi sahədə həyata keçirilən yanlış
siyasət və bunun nəticəsində
formalaşmış mühit sahibkarlığın, onun maddi əsasının
yaranmasına qətiyyən imkan vermirdi. Belə vəziyyət
inkişaf göstəricilərinin aşağı
düşməsinə, maliyyə və istehsal sahələrində
qeyri-sabitliyin hökm sürməsinə, ümumi daxili məhsulun
ötən illərlə müqayisədə azalmasına gətirib
çıxarmışdı.
Yalnız
Heydər Əliyevin hakimiyyətə
qayıdışından sonra yürüdülən məqsədyönlü
siyasət, həyata keçirilən sistemli tədbirlər nəticəsində
ölkədə siyasi və makroiqtisadi sabitliyə nail
olunması ilə sahibkarlar sinfinin formalaşması
üçün hüquqi baza yaradıldı, digər
mühüm əməli tədbirlər görüldü, əsası
isə dövlət tərəfindən özəl sektora hərtərəfli
dəstək nümayiş etdirildi. Ulu öndərin
gördüyü işlər sayəsində
sahibkarlığın hüquqi bazası dünya təcrübəsinə
uyğun olaraq təkmilləşdirildi, ölkənin qəbul
edilmiş yeni Konstitusiyasında bazar münasibətləri əsasında
iqtisadiyyatın inkişafına şəraitin
yaradılması, sahibkarlığa təminat verilməsi, rəqabət
mexanizminin formalaşması və inkişafı, həmçinin
rəqabətin qorunması ilə bağlı müddəalar
öz əksini tapdı. Sahibkarlığın
inkişafının zəruri hüquqi mühitinin
formalaşdırılması istiqamətində qəbul
edilmiş qanunlar və digər qanunvericilik aktları
sahibkarlığın bir sistem halında hüquqi
bazasını təşkil etdi.
Sahibkarlığın
təşəkkülü istiqamətində atılan ilk
addımlar qısa zamanda ölkənin iqtisadi
potensialının daha dolğun şəkildə
reallaşması ilə xarakterizə olundu. Ümummilli liderin
rəhbərliyi altında iqtisadi və dövlət idarəetmə
sistemi sahəsində aparılan kompleks islahatlar Azərbaycan
iqtisadiyyatının bütün sahələrinin, o cümlədən,
sahibkarlığın inkişafına güclü təkan
verdi. Ölkədə sosial-iqtisadi inkişafın bilavasitə
sahibkarlıqla, onun tərəqqisi ilə sıx bağlı
olduğunu aydın görən Heydər Əliyev bu istiqamətdə
dövlət qayğısının artırılması və
ən əsası mövcud potensialın
reallaşdırılması üçün vacib addımlar
atdı. Burada sahibkarlığın inkişafı ilə
bağlı 1993-1995-ci və 1997-2000-ci illəri əhatə
edən iki dövlət proqramı ayrıca qeyd
olunmalıdır. Çünki həmin proqramlar
sahibkarlığın inkişafının Azərbaycan
dövlətinin iqtisadi siyasətinin prioritet sahələrindən
birinə çevrilməsində müstəsna rol oynadı və
bu çərçivədə iqtisadiyyatın və
sahibkarlığın tənzimlənməsi sahəsində əhəmiyyətli
tədbirlər həyata keçirildi, sahibkarlara dövlət
maliyyə köməyi sistemi təşkil edildi.
Ulu öndərimiz
sahibkarların problemləri ilə bilavasitə tanış
olmaq üçün onlarla mütəmadi görüşlər
keçirilməsinə və iş adamlarını hansı
məsələlərin narahat etməsini birbaşa öz dillərindən
eşitməyə də xüsusi diqqət yetirirdi. Buna bariz
nümunə kimi ulu öndərin 2002-ci il aprel ayının
25-də yerli sahibkarlarla, 14 mayda isə xarici sahibkarlarla
görüşünü, onların hər birinə öz
problemlərini söyləmək üçün əlverişli
şərait yaratmasını göstərmək olar. Bu, yeni
iqtisadiyyatın inkişaf etdirilməsinin, yeni dövlət
idarəçilik metodlarından istifadə olunmasının ən
gözəl və səmərəli forması idi. Sahibkarlara
dövlət qayğısının ən yüksək səviyyədə
bir daha təsdiqi olan bu görüşlər və onların
nəticəsi kimi 2002-ci ilin avqust-sentyabr aylarında
imzalanmış çox mühüm fərman və sərəncamlar
ölkədə sahibkarlığın inkişafında yeni mərhələnin
əsasını qoydu. 2002-ci il avqustun 17-də isə ölkə
prezidentin fərmanı ilə “Azərbaycan Respublikasında
kiçik və orta sahibkarlığın
inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)”
təsdiq olundu. Bu sənəd sahibkarlığın
inkişafı ilə bağlı əvvəlki proqramın məntiqi
davamı idi.
Ulu öndərimiz
Heydər Əliyevin müdrik siyasəti bu gün onun ən
layiqli siyasi varisi, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən
müasirləşən dünyanın tələblərinə
uyğun olaraq yeni keyfiyyətdə uğurla davam və
inkişaf etdirilir. Ölkəmiz günbəgün müasirləşir,
inkişaf dinamikası sürətlənir. Siyasi və iqtisadi
islahatları uğurla reallaşdıran Azərbaycan son səkkiz
ildə regionun aparıcı dövlətlərindən
olmaqla, transmilli layihələrin fəal
iştirakçısıdır.
Azərbaycan
Sahibkar Qadınlar Birliyinin (ASQB) prezidenti Zemfira
Ağayevanın sözlərinə görə,
respublikamız müstəqillik əldə etdikdən sonra
ümummilli lider Heydər Əliyevin imzaladığı
özəlləşmə proqramı həyata keçirilməyə
başlandı. Məhz bu istiqamətdə həyata
keçirilən tədbirlərlə Heydər Əliyev
sahibkarlığın təməlini qoymaqla yanaşı, həm
də onların sərbəst inkişafına təminat verdi:
«Bu siyasəti davam etdirən prezident İlham Əliyev hər
ilin fevral ayında ənənəvi olaraq sahibkarlarla
görüşür, problemləri ilə yaxından
tanış olur, hətta bəziləri yerindəcə öz
həllini tapır. Bu bir həqiqətdir ki, dövlət
sahibkarı müdafiə edir və dəstəkləyir.
Dövlətin dəstəyini sahibkarlar daim hiss edir və
şahidi olur. Qadın sahibkarlar isə dövlət dəstəyini
daha çox hiss edirlər. Dövlət proqramında da
qadın əl əməyinin inkişafı və məşğulluğun
artırılması öz əksini tapıb».
Z.Ağayeva
bildirdi ki, ulu öndər hakimiyyətdə olduğu müddətdə
qadınların sahibkarlıq fəaliyyətinin
artırılması müstəvisində də mühüm
işlər görüb. Onun sözlərinə görə,
1995-ci ildən etibarən ölkədə aparılan
ardıcıl və sistemli iqtisadi islahatların ən
mühüm istiqamətlərindən birini də dövlət
mülkiyyətinin özəlləşdirilməsi və azad
sahibkarlığın inkişafı üçün əlverişli
şəraitin yaradılması təşkil edib. Məişət
sahəsində çalışan insanların 70 faizi
qadınlar olduğu üçün özəlləşmə
proqramı onlara şamil edildi və qadınlar öz iş
yerlərini özəlləşdirərək sahibkarlıq fəaliyyətinə
start verdilər: «Qadınlarımız öz
hüquqlarını bilmədən qeyri-formal biznesə
başlamışdılar. Azərbaycan Sahibkar Qadınlar
Birliyi isə bu problem aradan qaldırmaq məqsədilə
1998-ci ildən fəaliyyət göstərir, 2001-ci ildən Ədliyyə
Nazirliyində dövlət qeydiyyatından keçərək
fəaliyyətini rəsmiləşdirib. Hazırda 14 rayonda -
Gəncə, Goranboy, Yevlax, Lənkəran, Quba, Qusar, Cəlilabad,
Masallı, Şəmkir, Göygöl, Samux,
Daşkəsən,
Tovuz və Ağstafada ASQB filialları fəaliyyət göstərir.
11 xarici ölkənin sahibkar qadınları ilə əməkdaşlıq
edirik. Onlardan Türkiyə, Rumıniya, İran, Hindistan,
Avstriya, Macarıstan, Qırğızıstan, Səudiyyə Ərəbistanı,
Şri-Lanka, Mərakeşin sahibkar qadınlarını
göstərə bilərik. Hər ay ən azı iki sahibkar
qadın beynəlxalq səfərlərə
çıxır, onların kompüterdən istifadə
qaydalarını, xarici dil kurslarını öyrənməsini
təşkil edirik. 2002-ci ildə 870, 2004-cü ildə 1500,
2008-ci ildə 2500, hazırda isə birliyin üzvü olan
4000-dən artıq sahibkar qadınımız var ki, onların
da 60 faizi gənclərdir. Dövlətimizin xüsusi diqqəti
sayəsində qadın sahibkarlarımız dinamik inkişafa
doğru gedir. Biz bütün bunlara görə birmənalı
olaraq ümummilli liderimiz Heydər Əliyevə borcluyuq».
İqtisadi
İnkişaf Nazirliyinin sahibkarlığın inkişafı
siyasəti şöbəsinin müdiri Zaur Qasımov da Azərbaycanda
sahibkarlığın inkişafının iqtisadi siyasətin
prioritet istiqamətlərindən olduğunu vurğuladı.
Onun sözlərinə görə, ümummilli liderimiz Heydər
Əliyevin inkişafına böyük önəm verdiyi
sahibkarlığa bu gün də böyük diqqət
yetirilir. «Bu istiqamətdə ardıcıl olaraq dövlət-sahibkar
münasibətlərinin inkişaf etdirilməsi, biznes
mühitinə dair qanunvericiliyin və inzibati prosedurların təkmilləşdirilməsi,
sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin
genişləndirilməsi, maarifləndirmə, sahibkarların
işgüzar əlaqələrinin inkişafı və
müxtəlif növ xidmətlərin göstərilməsi
kimi kompleks tədbirlər həyata keçirilir. Ötən
illər ərzində sahibkarlıq fəaliyyətini tənzimləyən
prosedur və qaydalar liberallaşdırılıb, idxalda
rüsumların maksimal həddi 15 faiz həcmində müəyyənləşdirilib.
Eyni zamanda, sahibkarların vergi yükü azaldılıb, o
cümlədən, mənfəət vergisinin dərəcəsi
22 faizdən, fiziki şəxslərin gəlir vergisi isə 35
faizdən 20 faizə endirilib, sadələşdirilmiş
verginin hər kvartalda bir dəfə ödənilməsi təmin
edilib, elektron vergi hesab-fakturalarının tətbiqinə
başlanılıb, elektron xidmətlərin tətbiqi
genişləndirilib, kənd təsərrüfatı məhsullarının
istehsalçıları 2014-cü ilədək torpaq vergisindən
başqa, bütün növ vergilərdən azad olunublar», -
deyən Z.Qasımov əlavə etdi ki, sahibkarlıq subyektlərinin
qeydiyyatında "bir pəncərə" prinsipinin tətbiqi
edilməkdədir və hazırda onların onlayn
qeydiyyatına başlanılıb: «Bu tədbirlər nəticəsində
özəl sektorun ölkənin sosial-iqtisadi inkişafında
və ÜDM istehsalında xüsusi çəkisi artıb. Məhz
ulu öndərin start verdiyi bu vacib strategiyanın nəticəsidir
ki, hazırda ÜDM-nin həcmində özəl sektorun
payı 80 faizdən çoxdur. Aqrar sektor, sənaye, ticarət,
mehmanxana və iaşə xidməti, tikinti, nəqliyyat, rabitə
kimi istehsal və xidmət sahələrində qeyri-dövlət
bölməsinin payı isə 70-99 faiz arasında dəyişir.
Özəl bölmədə istehsalın həcmi sənaye məhsulunun
təxminən 82 faizini təşkil edir. Ölkə
iqtisadiyyatının inkişafı bir sıra beynəlxalq təşkilatlar
tərəfindən hazırlanan hesabatlarda da müsbət əksini
tapır». Z.Qasımov onu da əlavə etdi ki, ümummilli
liderin uzaqgörənliyi nəticəsində Azərbaycan bir
sıra sahələrdə böyük uğurlar əldə
edib. Məsələn, "Qlobal rəqabət qabiliyyəti
indeksi" hesabatına əsasən, ötən il Azərbaycan
iqtisadiyyatı rəqabət qabiliyyəti səviyyəsinə
görə 142 ölkə arasında 55-ci, MDB-də isə
1-ci olub. "Doing Business 2012" hesabatında Azərbaycan 183
ölkə arasında 66-cı yerə çıxıb.
Vüsal Tağıbəyli
«Avromed» şirkətinin dəstəyi ilə
«Xalq qəzeti» və «Kaspi» qəzetlərinin ümummilli lider
Heydər Əliyevin 90 illik yubileyi münasibətilə
keçirdiyi «Azərbaycan Respublikasında
sahibkarlığının inkişafı» istiqaməti
üzrə yazı müsabiqəsinə təqdim olunur
Həftə içi.- 2013.- 25 aprel.- S.4.