Aşıq Əli:
“Azərbaycanda haqq aşığı yoxdur”
“Son 10-15 ildə meydana gələn
aşıqların böyük əksəriyyəti
bəyənilmir, hamı onları əsl aşıq kimi qəbul etmir”
Xalqımızın
ən qədim mədəniyyət incilərindən
sayılan aşıq yaradıcılığı dünənimizdən,
ulu keçmişimizdən bu günümüzə gəlib
çıxan irsi mədəniyyətimiz,
soy-kökümüzdür. Bu sənəti əsrlər boyu
inkişaf etdirib yaşadan Aşıq Alı, Aşıq Ələsgər,
Abbas Tufarqanlı, Aşıq Məhəmməd,
Aşıq Şəmşir, Mikayıl Azaflı kimi ustad
aşıqlarımız olub. Bu gün onların
davamçıları arasında öz dəst-xətti
ilə seçilən aşıqlarımız kifayət qədərdir.
Aşıq
Əli Tapdıqoğlu “Həftə içi”nə müsahibəsində
saz-söz sənətinin incəliklərindən,
özünün bu sənətə
gəlişindən və münasibətindən
danışıb:
-
Uşaqlıqdan musiqiyə həvəsim böyük
olub. Çox kiçik yaşlarımdan ritmlərlə məşğul
olardım. Ən çox da
tar və kaman alətlərini
əlimə götürüb istəyirdim
ki, nəsə ifa edim. Babam Əlinin gözəl
səsi olub və aşıqlığa
yüksək həvəs göstərib. Lakin
o müəyyən səbəblər
üzərindən bu sənətdən
daşınıb. 1940-cı illərdə aşıqlığı,
müğənniliyi Şirvan elində
xoşlamırdılar. Babam Əli də Şirvan elindən bir
qıza aşiq olmuşdu,
onunla ailə qurmaq istəyirdi.
Qızın qardaşı babama deyib ki, əgər
aşıqlığı atmasan qızdan
gözünü çəkməli olacaqsan. Babam Əli
qızı hədsiz dərəcə sevdiyindən sənətini
və istedadını məhəbbətinə qurban verib.
Aşıqlıq bizdə irsəndir, atam
məndə saza olan həvəsimi
görüb illərlə ürəyində
paslanmış arzusunu həyata
keçirməyə çalışırdı. Atam öz atasının
adını mənə qoyub, deyirdi ki, babanın sənətini
yaşatmalısan. Deyilənə görə, babamın səsi
rəhmətlik Aşıq Şakirin səsinə
çox oxşayırmış. Hətta
bəzən onu Şakirlə səhv
salarmışlar. İndi də bəzən
mənə deyirlər ki, baban
kimi oxuyursan. Bunun özü də bir xoşbəxtlikdir. Artıq 9
yaşımdan saza-sözə meyil
göstərdim. Hələ çox uşaq yaşlarımda bir
gün atamla bazara tərəf çıxdım. Evimiz bazara çox
yaxın olduğundan ustad
Aşıq Xanmusa gəlib bizim
evin yaxınlığından Mədəniyyət
Evinə işə gedərdi. Atam ona yaxınlaşıb dedi
ki, ay ustad,
oğlum aşıq sənətinə çox meyillidir, istəyirəm
onu yanında şəyirdliyə götürüb bu sənəti
ona öyrədəsən. Ustad məni yoxlamaq üçün 10 gün
müddətinə vaxt istədi. Düz 10 gün onun yanına gedib bu sənəti öyrənməyə
başladım. Ustadımın dediklərinə
əməl edib 5 il ondan dərs aldım. Şirvan
aşıq sənəti muğamla çox bağlı olduğu
üçün bir
müddət Alim Qasımov, Zabit Nəbizadə və korifey
muğam ustalarının ifalarını
dinləyərək onlardan muğamın
sirlərini öyrəndim. Zaman-zaman
həm Şirvan, həm də Qərb
aşıqlarından bəhrələndim, onların köhnə
lent yazılarına qulaq
asaraq aşıqlığın incəliyinə
kimi bəhrələndim.
-
Bəs, səhnəyə nə
vaxt və hansı ifayla
çıxmısınız?
-
2000-2001-ci illərdə İraqda
keçirilən Babilistan beynəlxalq
festivallarına mən də qatıldım. Həmin
festivalda “Azərbaycan” mahnısını
ifa etdim. 2005-ci ildə
məni “Lider” TV-də respublika
aşıqlarının “Ozan” müsabiqəsinə
dəvət etdilər. 6 ay davam edən həmin müsabiqədə sazda çaldığım aşıq
havaları və eləcə də ifa etdiyim mahnı və muğamlarla
xalqımızın qəlbinə yol
taparaq qalib yerlərdən
birini tutdum. Bundan sonra sənətə
geniş yollar açıldı.
Həmin il Türkiyədə beynəlxalq
festivala dəvət aldım və qalib kimi vətənə
qayıtdım. Eləcə də 2009-cu ildə Fransada keçirilən beynəlxalq
festivalın təmsilçisinə çevrilərək
aşıq sənətini layiqincə təmsil edə bildim. 2011-ci ildə Belarusiyanın Babulski şəhərində keçirilən
festivalda mən də iştirak
etdim.
- Aşıqlar da
şairlər kimi vergili
olur, şeir və dastanlar, divanlar yazır. Bəs,
sizdə necə?
-
Məndə şeir yazmaq
qabiliyyəti də var. Amma
bu gün Azərbaycanda
haqq aşığı yoxdur.
Haqq aşığı sayıla biləcək
sənətkarlarımız barmaqla
sayıla biləcək qədər azdır. Son
10-15 ildə meydana gələn
aşıqların böyük əksəriyyəti
bəyənilmir, hamı onları əsl aşıq kimi qəbul etmir. Çünki aşıq sənəti ilə
məşğul olanlar arasında səhlənkarlıq
hökm sürür. Vaxt varıydı, aşıqlarımız
gileylənirdilər ki, özümüzü
tanıtmağa efir məkanı verilmir. Bu gün
efir məkanı da var, başqa imkanlar da. Dövlət
tərəfindən, Heydər Əliyev Fondu
tərəfindən bu sənətə
lazımi qayğı göstərilir, televiziyalarda,
radiolarda aşıq verilişləri, o cümlədən, “Sarı sim”
ədəbi verilişi
aşıqlarımıza geniş efir imkanı yaradıb. Təəssüf
ki, bir-iki nəfəri
çıxmaq şərtilə, aşıqlarımız həmin
verlişə dəvət alanda bircə dənə
dastan deyə bilmirlər. Amma
hər yetən quzu dərisindən tikilmiş gümüşü
papağı başına qoyub, əlinə
saz götürüb deyir ki, mən də
aşığam. Mən belə şeylərə çox pis baxıram. Başa düşürəm ki,
aşıqlıq eşqinə düşən bəzi insanlar ehtiyac ucbatından bu yola əl atır. Amma heç olmasa, çalışmalıdırlar ki, dədə-babalarımızdan miras qalmış bu qədim
tariximiz olan
aşıq sənətinə xələl, ləkə gətirməsinlər.
- Siz özünüz
hansı dastanları bilirsiniz? Ümumiyyətlə,
el şənliklərində, toylarda dastan söyləyirsiniz?
-
Mən bir çox xalq dastanlarını bəlkə də əzbər
bilirəm. Məclislərdə, toylarda
camaatın istəyindən asılı olaraq,
dastanlardan danışıram. “Koroğlu” dastanında “Durna
teli səfəri”ni və “Valeh-Zərnigar”
dastanını daha çox
söyləmişəm. Ümumiyyətlə, xalq
dastanlarını bilməyən aşıqdan aşıq olmaz. Aşıq el
adamıdır, xalqın sənətini yaşadır. Əsil
aşıq saz
ifaçılığı ilə yanaşı, bu dastanlar da
öz şəyirdlərinə, yetirmələrinə
öyrətməlidir.
-
Aşıq sənətinin sirri, möcüzəsi nədir ki, bunu özünə
peşə seçənlərin hamısı əsl sənətkar
kimi özünə yer
tuta bilmir?
- Çox adam
bu sualı mənə veribdi. O sirr haqqdan, ədalətdən,
elin içindən gəlir. Ona görə haqq
aşığına hər
yerdə hörmət
edirlər ki, o həmişə xalqın
içərisindədir, xalqın
dərdindən-sərindən xəbərdardır, onun nəbzini tuta bilir. Aşıqlıq elə bir sənətdir ki, onu ömrünün sonuna qədər, qəbir evinə kimi öyrənməlisən.
- Bəzən deyirlər ki, Aşıq Əli aşıq yox, xanəndədir...
- Mən aşığam, arada bir balaca
muğam da ifa edə bilirəm.
Yaddan çıxarmamalıyıq ki,
hər aşığın
özünün dəst-xətti
var. Görürsünüzmü, Qarabağ aşıqları
bir cür, Şirvan aşıqları
başqa cür çalıb-oxuyur. Bu mənada kimsə məni aşıq yox, xanəndə kimi qəbul eləyə bilər.
Bir ara aşıq sənəti itib-batmaq
üzrə idi. Heydər Əliyev Fondunun dəstəyi
ilə biz bu sənətin inkişafını gördük.
Biz aşıqların üzərinə belə
bir məsuliyət düşür ki, aşıq sənətini
yeni nəsillərə sevdirək, bu sənəti təbliğ
edib yaşada bilək. Aşıq sənəti
pirdi, ləl-cəvahirdir, dürrdür. Bu
sənət elə bir böyük dəryadır ki,
başdan-ayağa sirdir. Mən bu ilahi sənəti
heç bir sənətlə əvəz etmərəm.
Saz müqəddəsdir,
bizim milli dəyərimiz,soy-kökümüzdür.
Sazın müqəddəsliyi ondadır ki, bu sənətdə
ilahi bir eşq var. Bu sənətdə nankorluq yoxdur, onda
dürüstlük, saflıq, təmizlik var. Elə ona görə
də bu sənət ilahiləşdirilib.
Qələndər Xaçınçaylı
Həftə içi.- 2013.- 26 aprel.- S.8.