Nağıllaşan xatirələr 

 

yaxud Ceyhun Nağının ölümünün üçüncü ildönümünə sözardı

 

Ömrüboyu Haqq uğrunda savaşıb, Haqq dünyasına qovuşmuş istedalı jurnalist Ceyhun Nağının ölümündən 3 il keçir. Düz, ildir ki, günlər, aylar bir-birini qovaraq onu cismən bizlərdən uzaqlaşdırsa da, mənən aramızdadır. Onun ruhu həmişə mələk kimi ceyhunsevərlərin başının üzərində, dostlarının, həmkarlarının xatirələrində dolaşır. Ona görə ki, o həm istedadlı, həm də çox mehriban, şirin adam idi. Ozünü sevdirməyi bacarırdı Ceyhun Nağı. İnsanlarla insan dilində danışırdı, Ceyhun. Hər şeydən öncə insanları sevməyi bacarırdı. Onun qəlbində insanlara bir sevgi, məhəbbət vardı. Məhz bu sevgi ilə də yaşayırdı Ceyhun.

Düzü, onunla qısa bir müddətdə bir kollektivdə tanış olmuşduq. 2011-ci ilin yay məzuniyyətindən qayıdanda onu “Həftə içi” qəzetinə təzəcə tedaktor təyin etmişdilər. Bir-birimizi şəxsən yaxından tanımasaq da, ilk baxışından, səmimi münasibətindən, insani keyfiyyətlərindən elə bilirdik ki, bir-birimizi lap çoxdan tanıyırıq. Olduqca mülayimçox şiriniydi. Səmimiyyətlə, mehribanlıqla jurnalist dostlarını dinləyər, səhər planlaşmasında qəzetin materialı üçün mövzularını verərdi. Redaksiya heyəti ondan çox razılıq edərdi. Baxmayaraq, redaksiya kollektivi arasında yaşca fərqli nəsillərin nümayəndələri vardı, amma hamılıqla onu bir dost, qardsaş kimi sevərdik, ona ağsaqqalyanə, hörmətlə yanaşardıq. Belə hörməti insanlara vermirlər, bu hörməti qazanırlar. Ceyhun da qısa bir zaman kəsiyində “Həftə içi” qəzeti kollektivinin dərin hörmətini qazanmışdı. O, bir gün redaksiyaya gəlməyəndə həmin gün bizim üçün darıxdırıcı keçərdi. Çünki bizi xoş əhvalatları ilə güldürən də, sevindirən də Ceyhun idi. O gələn gündən sonra redaksiyada mehribanlıq daha da artdı. Bayram şənliklərinin keçirilməsinə nail olurdu.

Ceyhunun ən yaddaqalan xarakterik xüsusiyyəti onun çox zarafatcıl olması idi. Bəzən sözü qızılgülün ləçəyinə büküb adamın üzünə zarafatla elə deyərdi ki, heç kəs ondan inciməzdi. Onun üzü həmişə gülərdi.Çünki sifətində bir nuranilik, işıq var idi. Ceyhun çox səliqəli geyinərdi, asta-asta, təmkinlə danışar, hərdən də zarafata keçərdi. Az yaşadı, az ömür sürdü Ceyhun. Amma ləyaqətli yaşadı, torpağının sayı qədər özünə dost qazandı bu dünyada.

Hər il redaksiyamızda onun ölüm günü yad edirik. Onunla keçən xatirələri bir-birimizlə bölüşür, xoş təəssüratları xatırlayıb mərhum həmkarımızı, əziz dostumuzu, silahdaşımızı yad edirik. Amma Ceyhunla bağlı belə bir xarirə yadımızda qalıb. Ölümündən az əvvəl, iyulun 22-də “Həftə içi” qəzetinin yubileyi idi. Ceyhun baş redakror Sevinc Seyidovanın qarşısında belə bir təşəbbüs qaldırdı ki, qəzetimizin yubileyini təntənəli şəkildə, kollektivin bütün üzvlərinin iştirakı ilə xüsusi süfrə arxasında keçirək. Sağ olsun Sevinc xanımı, Ceyhunun bu təklifi ilə razılaşdı. Ceyhun qəzetin yubileyinin təmtəraqlı şəkildə keçirilməısinə ona görə can atırdı ki, bu tədbirdə qəzet əməkdaşlarını bir yerə yığıb onların ürəyini ovlaya bilsin, bir süfrə ətrafında cəm edə bilsin ki, onlar bir-birləri ilə daha sıx təmasda olub yaxından tanış ola bilsinlər, işdənkənar yoldaşlıq etməyi bacarsınlar.

Nəhayət, Ceyhunun təklifi ilə qəzetin yubileyininÇanaqqalada təşkili gerçəkləşdi. Ceyhun özü şəxsən bu işin təşkilatçısı kimi həmin restoranın həyətində ən səfalı, gülü-çüçəkli olan bir yeri seçdi. İlk dəfə idi ki, redaksiyanın bütün üzvləri bu şəkildə bir yerə, bir süfrə arxasında cəmləşmişdilər. Bir ağsaqqal kimi, Ceyhun məni məclisin başında oturtdu və sağlıq üçün ilk sözü də mənə verdi. Bu münasibət Ceyhunun böyüklüyündən, böyüyə hörmətindən irəli gəlirdi. Məclis boyunca şirin tostlar, sağlıqlar deyilirdi, məzəli əhvalatlar, zarafatlar və rəqslər məclisimizə bir rəng qatmışdı.

Adam getmək istəmirdi, Ceyhunun təşkil etdiyi, özünün şən zarafatları ilə dadlı-duzlu məclisdən sanki doymurduq. O isə kollektivimizdə qadınların çoxluq təşkil etməsinə rəğmən, hər birimizlə birgə rəqslərdən yorulmaq bilmirdi. Sanki əvvəlki Ceyhun deyildi, həmin gün tamamilə bambaşqa adam olmuşdu Ceyhun. Elə bil, uçan bir quşa bənzəyirdi. Hamıyla oynamağa, xatirə şəkilləri çəkdirməyə can atırdı. Hər bir kəlməsi mənalı, tarixə düşəcək ibrətamiz söhbətlər idi. Sanki özünü oda vuran Səməndər quşu kimi nağıllaşırdı. Hamıyla qol-boyun olub oynayırdı Ceyhun, hamını doğma qardaşı-bacısı kimi sevə-sevə ürəkdən oynadırdı. Həmin gecə mələyə dönmüşdü , sanki bizimlə vidalaşırdı Ceyhun...

 

Gözlərində bəşəriyyət,

ürəyində vətən döyünərdi,

Vətənlə yaşayardı,

vətənlə öyünərdi.

Üzündə nur,

gözlərində bir sevgi varıydı.

O Tanrı sevgisiydi.

Bu sevgi Ceyhunun

İnsanlara olan sayqısından,

ürəyinin böyüklüyündən

irəli gəlirdi.

Ceyhun yaşamırdı özü üçün,

Yaşayırdı bəşəriyyət üçün,

söz üçün.

İz qoyub, getsə də Haqq dünyasına,

Ancaq dönüb ana laylasına

nənnidə körpələrə yuxu oldu.

Günlər keçdi,

Aylar keçdi,

nağıla döndü Ceyhun.

Qaldıqca xatirələrimizdə

Şirinləşib, noğula döndü Ceyhun.

 

Bu da son! Bu da taleyin bir ömür üçün verdiyi bir qismət payı! Ceyhun özü bir Tanrı mələyi idi, elə mələk donunda da Haqq dünyasına qovuşdu...

 

Qələndər Xaçınçaylı

 

Həftə içi.- 2013.- 8-12 avqust.- S.8.