Onları hamı qorumalıdır 

 

Sağlamlıq imkanları məhdud uşaqların üzləşdiyi

problemlərin aradan qaldırılmasında medianın da rolu az deyil

 

Hazırda Azərbaycanda 400 mindən artıq əlilliyi olan insan var ki, bu da əhalinin təxminən 5 faizini təşkil edir. Dünya üzrə isə bu göstərici 9-10 faiz, yəni 600 milyona yaxındır. Ölkədə əlil uşaqların sayı da az deyil. Təxminən 20 min nəfər. Bu məsələdə əsas diqqətçəkən məqam isə ondan ibarətdir ki, Azərbaycanda son 6 ildə əlil insanların sayında sürətli artım müşahidə olunur.

Belə ki, ölkədə əlillik statusu alan şəxslərin sayı təqribən 61 min nəfər artıb. Bu isə o deməkdir ki, hər il təxminən 10 min insan cəmiyyətdən təcrid olunmuş, ən adi hüquqlarından belə məhrum edilmiş şəkildə yaşamaq məcburiyyətindədirlər. Çünki Azərbaycanda əlillərin cəmiyyətə inteqrasiyası məsələsində hələ də, problemlər mövcuddur.

Bəs görəsən, sağlamlıq imkanları məhdud insanların cəmiyyətdən təcrid olunmasının qarşısını almaq üçün hansı addımlar atılmalıdır? Bu problemin aradan qaldırılmasında medianın rolu nədən ibarətdir?

Tanınmış telejurnalist Emin Musəvi “Həftə içi”nə etiraf edib ki, fiziki qüsurlu insanların cəmiyyətə yenidən qazandırılmasında problemlər mövcuddur. Onun fikrincə, cəmiyyətdə fiziki qüsurlu insanlara münasibət yaxşı deyil: “Amma görülən işlərin nəticəsində vaxt keçdikcə onlara münasibətimiz dəyişəcək. Başqa ölkələrdə bu cür insanlara münasibət yaxşı olduğuna görə fiziki qüsurlu insanlar müxtəlif sahələrdə uğurlar qazanırlar».

 

Sensasiya yox, kömək naminə...

 

Telejurnalist fiziki qüsurlu şəxslər üçün ictimai yerlərdə lazımi şərait yaradılmadığından da şikayətlənib. O deyib ki, ictimai yerlərdə fiziki qüsurlu şəxslərin hərəkət etməsi üçün şərait olmadığından onlar çölə çıxa bilmirlər: «Düzdür, indi bəzi yeni tikililərdə və otellərdə fiziki qüsurlu insanların hərəkəti üçün müvafiq infrastruktur yaradılıb. Amma bu işlərin davamlı olması və digər ərazilərdə də fiziki qüsurlu insanların hərəkət etməsini asanlaşdıran tədbirlərin həyata keçirilməsi vacibdir».

Emin Musəvi jurnalistləri də fiziki qüsurlu şəxslər barədə material hazırlayarkən diqqətli olmağa çağırıb. Onun sözlərinə görə, bu insanlardan bəhs edən materiallar hazırlanarkən məsələyə olduqca həssas yanaşmaq lazımdır: «Materiallar sensasiya naminə yox, kömək naminə hazırlanmalıdır. Bu elə görülməlidir ki, sonradan fiziki qüsurlu insanlar həmin materialdan əziyyət çəkməsinlər».

 

2400-dən çox uşağa sosial xidmət göstərilib

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial təminat siyasəti şöbəsinin müdiri Elnur Sultanov isə bildirib ki, fiziki qüsurlu şəxslərin sosial xidmətlərə çıxışının daha da genişləndirilməsi çərçivəsində işlər davam etdirilir. Onun sözlərinə görə, bu məqsədlə dövlət başçısının sərəncamı ilə prezidentin ehtiyat fondundan 2 milyon manat pul ayrılıb: «Bu vəsait fiziki qüsurlu şəxslərə sosial xidmətlərin artırılması, ixtisaslaşmış QHT-lərin prosesə cəlb olunması məqsədilə nəzərdə tutulub. Artıq 2400-dən çox uşaq bu xidmətlərə cəlb olunub. 20-yə yaxın QHT-nin iştirakı ilə 30-a yaxın bölgədə xidmət göstərilib. Layihə çərçivəsində ixtisaslaşmış QHT-lərin də daxili potensialı da güclənib. Yəni hazırda sosial sahədə yerli QHT-lərlə çox sıx əməkdaşlıq edilirbu əməkdaşlığın gələcəkdə davam etdirilməsi nəzərdə tutulur».

Nazirlik rəsmisi vurğulayıb ki, bəzən KİV-lər fiziki qüsurlu insanlardan material hazırlayarkən sensasiya dalınca qaçırlar. Elnur Sultanovun fikrincə, bu kateqoriyadan olan insanlara reytinverici amil kimi baxılması yolverilməzdir: «Təəssüflər olsun ki, fiziki qüsurlu şəxslərlə bağlı material hazırlayarkən jurnalistlər sensasiya axtarırlar. Düşünürlər ki, bu onların verilişinin reytinqinə müsbət təsir göstərəcək. Bir sözlə, buna reytinqverici amil kimi yanaşılır. Bu, nazirlik olaraq bizi sevindirmir, beynəlxalq sənədlərdə götürdüyümüz öhdəliklərə əsasən elə insanları stiqmadan, ayrı-seçkilikdən qorumalıyıq. Jurnalist materialı hazırlayarkən qəhrəmanının sonradan zərbə altında qalmamasına çalışmalıdır. Amma təəssüflər olsun ki, bizim televiziyalar adamın adını, soyadını, hətta yaşadığı kəndi, ev ünvanını da dəqiq göstərirlər. Verilişdən sonra fiziki qüsurlu şəxslərin həyatında ikinci dalğa başlayır. Elə bir şərait yaranır ki, o insan kənddən köçmək məcburiyyəti ilə üz-üzə qalır. Hətta yerli QHT-lər də bununla bağlı bizə gileylərini çatdırırlar. Onlar bildirirlər ki, mediada yayımlanan belə materialların təsirindən əziyyət çəkən xeyli sayda fiziki qüsurlu insan kömək üçün QHT-lərə müraciət edirlər».

Elnur Sultanov nazirliyin Milli Teleradio Şurasına və yerli telekanallara sözügedən problemə həssas yanaşmaları ilə bağlı müraciət göndərdiyini də bildirib. O, təmsil etdiyi qurumun cəmiyyətə mesajını çatdıraraq deyir ki, fiziki qüsurlu insanların həyatında sensasiya axtarmaq yolverilməzdir: “Biz bu insanları müdafiə etməliyik, onların məsələlərinə həssas yanaşmalıyıq».

 

«Əlillərin hüquq və azadlıqları ön plana gətirilməlidir»

 

Mövzu ilə bağlı fikirlərini bölüşən British Council Azərbaycanın direktoru Elizabet Wayt isə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi ilə birgə həyata keçirdikləri layihə barədə məlumat verərək deyib ki, bu istəqamətdə tədbirlər 2015-ci ilin sentyabrnadək davam edəcək: «Sözügedən nazirliklə British Council 2013-cü ilin aprel ayından 2015-ci ilin sentyabr ayınadək Avropa Birliyi tərəfindən himayələşdirilən, əlilliyi olan insanların cəmiyyətə inteqrasiyası ilə bağlı QHT-lərin yerli dövlət qurumları və media əməkdaşlığının möhkəmlənməsinə nail olmaq və əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsini təmin etmək məqsədilə «Bərabər və məsuliyyətli cəmiyyət üçün inklüziv qərarlar» adlı layihəsinə başlayıb. Layihənin məqsədi əlillik məsələlərinin bütün siyasət sahələrində ön plana gətirilməsi, əlilliyi olan insanların cəmiyyətdə iştirakının tam dəstəklənməsi üçün qərar qəbul etmə prosesində vətəndaş cəmiyyətlərinin rolunun artırılması, diqqətin bütün əlilliyi olan şəxslərin insan hüquqlarına, fundamental azadlıqlarına, şərəf və ləyaqətinə hörmət edən inteqrasiyalı yanaşmanın əsasında duran insan amilinə yönəldilməsi, bərabər imkanlar hüququnun təbliğ edilməsində əlillik məsələlərinin media nəşrlərində gündəmə gətirilməsinin dəstəklənməsi, diskriminasiyanı qadağan edən fəal siyasətin həyata keçirilməsində dövlət-QHT-media əməkdaşlığı şəbəkəsinin genişləndirilməsidir».

O həmçinin deyib ki, bir çox cəmiyyətlərdə əlilliyi olan insanlar görünməz olaraq qalır. Bu cür insanlar ictimai yerlərə çıxa, təhsil ala, həyatına qatıla bilmirlər: «Əgər əlilliyi olan insanlar cəmiyyətdə görünmürsə, bu problemlər həll olunmayacaq. Bizim bu layihə altı ölkədə iki ildir ki, həyata keçirilir. Güman edirik ki, Azərbaycanla əməkdaşlığımız da uğurlu alınacaq».

 

Bəzən əlilliyi olan insanlara nəzir qutusu kimi baxılır

 

Azərbaycana birgə yardım təşkilatının koordinatoru Ülviyyə Mirzəyeva isə bildirib ki, beynəlxalq statistikaya görə, dünya əhalisinin 10 faizini əlilliyi olan insanlar təşkil edir: «Ümumiyyətlə, hər bir icmanın 10-20 faizi əlilliyi olan insanlardan ibarətdir. Bunlar statistikadır. Amma evlərdə cəmiyyətdən gizlədilən belə insanlar çoxdur. Əlilliyi olan insan dedikdə təsəvvürümüzdə yazıq, heç bir görmək qabiliyyətinə malik olmayan zavallı insan canlanır. Təəssüflər olsun ki, düzgün olmayan bu yanaşma KİV-də hazırlanan materiallarda da əlilliyi olan insanlara bu cür yanaşılır, onlara nəzir qutusu kimi baxılır».

 

Sevinc

 

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

 

Həftə içi.- 2013.- 11 dekabr.- S.6.