İKT-nin inkişafında startUP layihələrinin yeri
və rolu
StartUP
layihələri vasitəsilə İKT sektorunda yüksək
gəlirli biznes qurmaq asanlaşır
Son illər
Azərbaycanın sosial-iqtisadi inkişafında bir sahənin
ayrıça olaraq xüsusi diqqətdə saxlanması, bir il ərzində həmin sektorun
inkişafına yönəlik psesifik layihələrin dəstəklənməsi
ənənə halını alıb. Belə ki, hər il ayrı-ayrı sahələrin
inkişafına dövlət dəstəyini artırmaq, bu sahələrdə
mövcud durumu yaxşılaşdırmaq, müvafiq tədbirləri
stimullaşdırmaq üçün xüsusi Tədbirlər
Planı hazırlanır.
2009-cu ilin
“Uşaq ili” elan olunması ilə başlanan bu ənənə
2010-cu ildə “Ekologiya ili”, 2011-ci ildə “Turizm ili”, 2012-ci ildə
“İdman ili” kimi yadda qalıb. Nəhayət, ölkə
başçısının bu ilin 16 yanvarında
imzaladığı sərəncamla 2013-cü il
Azərbaycanda "İnformasiya-kommunikasiya texnologiyaları
ili" elan edilib. Qısaca olaraq “İKT ili”
adlandırdığımız 2013-cü ilin başa
çatmasına cəmi iki həftə qalır. Bu isə o deməkdir ki, “İKT ili” çərçivəsində
həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin
nə dərəcədə və hansı səviyyədə
yerinə yetirildiyi və əldə olunan nəticələr
artıq ortadadır. Qarşıdakı
iki həftədə isə indiyədək həyata
keçirilən tədbirlər sadəcə olaraq, növbəti
dəfə sadalanacaq.
Mütəxəssislər 2013- “İKT ili”nin ən son
yenilikləri sırasında dövlətin bu sahənin gələcək
perspektivlərinə yönəlik ciddi təminatlara dəstək
verməsini xüsusi qeyd edirlər. Söhbət
ölkə başçısının sərəncamı
ilə ötən ilin martında yaradılan İnformasiya
Texnologiyalarının İnkişafı Dövlət Fondunun
fəlaiyyətə başlamasından gedir ki, bu fondun
başlıca missiyası yeni texnoloji layihələri maliyyələşdirməkdən
ibarətdir. Azərbaycanda “Elektron hökumət” və
“Elektron imza”ların tətbiqi dairəsinin genişləndirilməsi
və bu sahədə təkmilləşdirilməsi, ilk milli
peykimizin orbitə buraxılması, ikinci peykin
hazırlıqlarına başlanması da “İKT ili”nin ən yaddaqalan hadisələrindəndir. Bütün bunlar yeni texnologiyaların Azərbaycanda
tətbiqi imkanlarını genişləndirməklə
İKT-nin ölkə iqtisadiyyatında yerini və rolunu
artırmağa, bu sahədən daha çox qazanc əldə
olunmasına xidmət edir. Elə startUP layihələri
də “İKT ili”nin akkordlarından hesab
olunur. Belə ki, İKT sektorunda yeni
ideyaların tətbiqinin stimullaşdırılmasına, bu
sahədə biznes layihələrinin reallaşmasına
hesablanan startUP layihələri üzrə ilk dəstək tədbirləri
də məhz 2013-cü ilə təsadüf etdi. Bu sahənin
mütəxəssisləri də başa çatmaqda olan
“İKT ili”nin yeniliklərinə nəzərən
srartUP layhələrinin İKT sektorunun inkişafında
mühüm rol oynayacağını proqnozlaşdırır.
StatrtUP
layihələri: ağıllı adamların biznesi
Xatırladaq ki, adından
göründüyü kimi, “startUP” sözü ingiliscə tərcümədə
hansısa bir işə start vermək, başlamaq mənasını
verir. İKT-nin dünyada sürətlə
inkişaf etdiyi indiki dövrdə start-up əsasən,
innovasiyalar üzərində qurulan və ilk
addımlarını atan biznes layihələrini nəzərdə
tutur. Buraya xüsusilə internet
texnologiyalarına əsaslanan proqram əlavələri,
internet-layihələr daxildir. Yəni
start-up sürətlə reallaşdırılmağa
hesablanmış biznes ideyası deməkdir. Ənənəvi biznesdən fərqli olaraq, start-up
layihələrində əsasən innovasiyalara və ya
internet şəbəkəsi üzərində qurulan xidmətlərə
üstünlük verilir. Ən mühüm fərqlilik
ondan ibarətdir ki, bu sahədə öz biznesini qurmaq, layihələri
gerçəkləşdirmək üçün ilkin kapital
kimi maliyyə vəsaitləri deyil, intermet texnologiyalarına əsaslanan
yüksək bilik və intellekt, cəld işləmək vərdişləri
daha önəmlidir. Üstəlik bu
çür unikal sahə ilə məşğul olanlar bir
neçə nəfərdən ibarət komanda şəklində
işləməklə daha böyük nailiyyətlər
qazana bilər. Məsələn, dünyaca məşhur
olan “Microsoft” və “Yahoo” şirkətləri məhz belə
layihələr hesabına hər il
milyonlarla qazanc əldə edə bilir.
Azərbaycanın İKT sektorunda
investisiya mühitini yaxşılaşdırmaq, ən
yaxşı internet və informasiya texnologiyaları layihələrini
üzə çıxarmaq, innovativ ideyaların uğurlu
biznes sahəsinə çevrilməsinə dəstək məqsədilə
bu ilin martında StartUp-Azərbaycan Layihəsi çərçivəsində
milli startUp-ların qeydiyyatına başlanıb. Ənənəvi biznes layihələrində
olduğu kimi, statrUP layihələrinin də özünün
biznes-planı olmalıdır. Biznes-plan son
dərəcə yığcam olmaqla onun əsas hissələrində
konsepsiya ideya, bazarın öyrənilməsi, satış və
marketinq, layihənin rəqabət üstünlüyü,
maliyyə planı, komanda və ən sonda təxmin edilən
maliyyə vəsaiti barədə məlumatlar göstərilməlidir.
StartUp- Azərbaycan yalnız
yarışmadan ibarət deyildir. Layihə
çərçivəsində startUP-çılar
üçün təlimlər təşkil olunur, investorlarla
görüşlər keçirilir. StartUp-çılara
komanda formalaşdırmağa köməklik göstərilir.
İnternet-biznesə başlamaq istəyənlər
üçün layihə çərçivəsində
keçirilən təlimlərdə uğurlu bizneslə
bağlı bilik və təcrübə əldə etmək
imkanları yaradılır. Belə ki,
StartUp-Azərbaycan komandası uğurlu hesab edilən layihələrin
investorlara təqdim edilməsində və investor
axtarışında seçilmiş startUp-çılara
köməklik edir. StartUp- Azərbaycan həmçinin
investorlar üçün cəlbedici layihələrə əlçatanlığının
təmin edilməsi istiqamətdə fəaliyyət göstərir.
Ekspertlər və aidiyyəti dövlət
orqanlarının rəhbərləri start-UP layihələrinin
ölkəmizin gələcək inkişafında
mühüm rol aynayacağını
proqnozlaşdırırlar. Bildirilir
ki, Azərbaycanda gənc startUP-çı komandaların
formalaşdırılması, onların bu sahədə
uğur qazanması üçün geniş imkanlar var və
yaxın illərdə bu imkanlar xeyli genişlənəcək.
Azərbaycan İnternet Forumunun rəhbəri
Osman Gündüz deyir ki, Azərbaycan investorları ənənəvi
sahibkarlıq fəaliyyətində tez gəlir gətirən
sahələrə sərmayə yatırmağa
üstünlük verib. Onun fikrincə, indi yeni
texnologiyaların tətbiqi ilə əlaqədar biznes sahəsində
də sərmayə qoymaq və pul qazanmaq imkanları dəyişir:
“Azərbaycanda da belə imkanlar artıq yaranmağa
başlayıb. İKT sahəsində
özünü təcrübəli və bilikli hesab edən
biznes adamları internet üzərindən daha gəlirli fəaliyyətlə
məşğul omaq imkanına malikdir. Amma
bunun üçün həmin komanda innovativ texnologiyalardan,
internet resurslarından çevik istifadə etməyi
bacarmalıdır. Məsələn, kimsə
özünün kiçik komandası ilə yeni
ideyalarını startUP layihələri vasitəsilə
gerçəkləşdirib yaxşı qazanc əldə edə
bilər. Müasir texnologiyalar, Azərbaycanda
bu istiqamətdə gedən inkişaf tendensiyaysı daha
geniş imkanlar yaradır”.
İqtisadi
dirçəlişdə İKT amili
Bununla belə, Osman Gündüzün
fikrincə, İKT-yə yatırılan sərmayələrin
qayıtması müəyyən müddət tələb
edir, buna görə də onlar uğur əldə etmək
üçün baxışlarını dəyişdirməlidirlər. Onun sözlərinə
görə, Yüksək Texnologiyalar Parkının,
İnformasiya Texnologiyaları İnstitutunun, İnformasiya
Texnologiyalarının İnkişafı Dövlət Fondunun
yaradılması da biznesin bu növü ilə məşğul
olanlara münbit şərait yaradır: “Bu qurumlar ölkədə
İKT-nin və innovasiya yönümlü məhsulların
istehsalı sahəsində dönüş yaratmağa imkan
verəcək. Gürcüstan, Qazaxıstan və
digər ölkələrin İT bazarları ilə
müqayisədə Azərbaycanda idxal ilə ixrac arasında
böyük fərq var. Gələcəkdə bu sahənin
inkişafına nail olmaq üçün fərqi azaltmaq
lazımdır. Bu fərqi azaltmağın
bir yolu da startUp layihələridir. Artıq
biznesin bu növünün inkişafı istiqamətində
yeni pəncərə açılıb, startUP layihələrinin
həm daxili, həm də xarici bazarlara
çıxışı üçün yaxşı
perspektivlər var”.
Rabitə və informasiya texnologiyaları nazirinin
müavini Elmir Vəlizadə isə bildirir ki, Azərbaycanın
ali idarəetmə orqanları ölkəyə
yeni texnologiyaların gətirilməsində maraqlıdır və
bu, ümumi siyasətin tərkib hissəsidir. Ölkənin
iqtisadi sahədə sürətli inkişafında, xüsusilə
də dövlət büdcəsinin neftdən
asılılğının azaldılmasında İKT-nin
böyük rol oynadığını deyən nazir
müavini bildirir ki, 2020-ci ilədək dövlət tərəfindən
qarşıya qoyulan, eləcə də “Azərbaycan-2020: Gələcəyə
baxış” İnkişaf Konsepsiyasında iki mühüm vəzifə
var. Bunlardan biri ÜDM-i 2 dəfəyədək artırmaq,
digəri isə qeyri-neft sektorunun inkişafında məhz
İKT-nin rolunu genişləndirməkdir: “ÜDM-in 2 dəfə
artmalması qarşıya qoyulmuş ən böyük vəzifədir.
Bunu təmin etmək üçün hər bir sahə öz
daxilində inkişafa nail olmalıdır. İKT
sahəsinə də iqtisadiyyat sahəsi kimi baxılır və
bun görə İKT-nin inkişaf etdirilməsi çox vacib
məsələdir. İKT-nin inkişaf
etməsi üçün yerli şirkətlərin
potensialı güclənməlidir, yeni istedadlı gənclər
İKT sahəsində ixtisaslaşmalıdır. Yerli şirkətlər xarici şirkətlərlə
qarşılıqlı əlaqədə olmalıdır ki,
qazandığı nailiyyətləri regionda tətbiq edə
bilsinlər. Yüksək texnologiyalar
parkı yaradılıb ki, bu park gələcəkdə
startUP-larla birgə fəaliyyətdə olacaq qurumlardan biridir.
Bu park ölkəyə yeni investisiyaların gətirilməsinə,
burada istehsal yaradılmasına və region bazarına
çıxarılmasına xidmət edən bir platformaya
çevrilməlidir”.
Pespektivli
biznes
Nazir müavini vurğulayır ki,
startUP-lara dəstək göstərəcək əsas alət
İnformasiya Texnologiyaları Fondudur. Fondun
qrant, kredit verilməsi və investisiya qoyuluşu mövcuddur və
bu alətlər İKT-nin inkişafına yönəlib.
Onun sözlərinə görə, bu fond istər
İKT sahəsində yeni layihələrin gerçəkləşməsinə,
istərsə də gənclərin yeni texnologiyalara əsaslanan
biznes-lanlarının həyata keçirilməsinə dəstək
verəcək. Belə ki, 2014-cü ilin əvvəlində
Azərbaycanda startUP layihələri üzrə xüsusi
müsabiqənin elan olunacağı nəzərdə tutulur:
“StratUP layihələrinə dəstək vermək, gənclərin
biznesin bu sahəsinə marağını artırmaq
üçün özəl şirkətlərin
potensialının gücləndirilməsi ilə
yanaşı, xarici şirkətlərlə birgə əməkdaşlığın
təşkili də vacibdir. Bu da regional ekspansiya
üçün əsas aspektdir. Amma bu
potensialın formalaşdırılacağı təqdirdə
daxili ehtiyaclar kifayət etməyəcək. Ona görə də bəri başdan regional bazarlara
köklənmək lazımdır. Artıq
bu istiqamətdə addımlar atılıb və biz Yüksək
Texnologiyalar Parkının imkanlarından istifadə edəcəyik.
Bu park gələcəkdə bilavasitə startUP
layihələri ilə işləyəcək, xarici sərmayələrin
cəlb edilməsinə, ölkə daxilində informasiya
texnologiyaları məhsullarının istehsalına
başlayacaq. Yüksək Texnologiyalar
Parkı həm də bu məhsulların xarici bazarlara
çıxarılmasına kömək edəcək. İnformasiya Texnologiyaları Fondu isə startUP layihələrin
inkişafına birbaşa maliyyə yardımı göstərəcək”.
Elmir Vəlizadə startUP layihələrinin
biznesin bir sahəsi kimi geniş yayılmasında
İnformasiya Texnologiyaları Universitetinin də mühüm
rol oynayacağı qənaətindədir. Onun fikrincə,
Azərbaycanda bu sahədə ciddi irəliləyişlərə
nail olmaq üçün İKT sahəsində kadr
potensialının gücləndirilməsi mühüm amildir:
“Hesab edirəm ki, İnformasiya Texnologiyaları Universitetinin fəaliyyətə
başlaması İKT sahəsində kadr potensialının
inkişafına ciddi töhfələr verəcək. Bu isə yaxın gələcəkdə təkcə
startUP layihələrinin çoxalmasına yox, innovativ
texnologiyalara əsaslanan digər proqram və tədbirlərin
həyata keçirilməsinə, startUP-çı gənclərin
fəaliyyətinin stimullaşdırılmasına imkan verəcək.
Azərbaycanda startUP layihələrinin
sahibkarlıq və biznes bazarında gəlirli sahəyə
çevrilməsinə dövlət tərəfindən
böyük diqqət göstərilməsi, bu tip layihələrə
lazımı dəstəyin verilməsi belə deməyə əsas
yaradır”.
Elxan
Salahov
P.S.
Yazı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
ilə Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun birgə
keçirdiyi müsabiqəyə təqdim olunur
Həftə içi.- 2013.- 13 dekabr.- S.7.