«Qorbaçova baş qaldıran türk» 

 

«Hürriyyət» qəzetində Heydər Əliyevin xatirələrindən bəhs edən məqalə dərc olunub

 

«Mən bu yazını «soyuq müharibə» dönəmində SSRİ tarixində Kommunist Partiyasının siyasətini müəyyənləşdirən ən yüksək orqanın – Siyasi Büronun üzvü və baş nazirin birinci müavini vəzifəsinədək yüksələn türkəsilli müsəlman lider Heydər Əliyevin vəfatının 10-cu ildönümü ilə əlaqədar yazdım. Bu başdan qeyd edim ki, 2003-cü il dekabrın 12-də vəfat edən Heydər Əliyevin fikirləri keçmiş SSRİ-nin sonuncu rəhbəri Mixail Qorbaçovun düşüncəsi ilə təzad təşkil edirdi».

 Bu sözlər Türkiyədə nəşr olunan «Hürriyyət» qəzetinin 16 dekabr sayında işıq üzü görüb. Məqalənin müəllifi olan Müəmmər Əlverən Heydər Əliyevlə tanışlığından söz açır. Bildirir ki, Heydər Əliyevlə o hələ «KQB»nin vəzifəlisi olarkən tanış olub: «Heydər Əliyev o vaxt Moskvada idi və Qorbaçovla araları Kremlin Azərbaycana münasibətinə görə dəymişdi. Mən o vaxt «Hürriyyət»in Moskva bölməsinin əməkdaşı idim. Bir gün SSRİ Ali Soveti Rəyasət Heytəinin əslən Azərbaycandan olan türk dili üzrə tərcüməçisi Cəfər Abbasovla tanış oldum. Ondan xahiş etdim ki, Heydər Əliyevlə görüşümü təşkil etsin. Cavab verdi ki, çox çətindir. Çünki Qorbaçovla fikirləri haçalandığı, həm də ermənilərin Qarabağda hücumlarına göz yumduğu üçün Moskvanı tənqid etdiyinə görə KQB tərəfindən axtarılır. Ona görə də ələ düşməmək məqsədilə tez-tez ünvanlarını dəyişir. Sonra da əlavə etdi ki, amma istəsəm qızı Sevillə tanış edə bilər».

Müəllif əlavə edir ki, doğrudan da, bir neçə gün sonra Cəfər Abbasov onu Sevil xanımla tanış edib. O, Sevil xanıma atası ilə mütləq görüşmək arzusunu bildirib. Sevil xanım da cavab verib ki, əslində, atasının harada yaşadığını o da bilmir, lazım olanda özü onları axtarır. Daha sonra isə Sevil xanım ona «Bir halda ki, jurnalistsiniz, deməli, vəziyyəti daha yaxşı bilirsiniz. Qorbaçovla münasibətləri pisləşəndən sonra atam Siyasi Büro üzvlüyündən və daşıdığı vəzifədən istefa verib. Bu arada anam da vəfat edib deyə, bütün işlərimiz qarışıb. Bir müddətdir xəstələnmişdi, xəstəxanadan yenicə çıxıb. Bir az özünə gəlsin, bizi aradığında mütləq sizin görüşmək istəyinizi ona çatdıracam», - deyən Sevil xanım ona söz verib.

Məqalə müəllifi yazır ki, aradan 2 gün keçəndən sonra, Sevil Əliyeva ona zəng vurub və xahişini atasına çaitdırdığını deyib. O vaxtlar Heydər Əliyev heç kimlə görüşmək istəmədiyi halda, türkiyəli jurnalistlə görüşə icazə verib. Sevil Əliyeva bildirib ki, 2-3 gün ərzində gəlib onu atasının yanına aparacaq.

«Ertəsi gün axşamüstü saat 6 radələrində qapının zəngi çalındı. Açanda qarşımda Sevil xanımı gördüm. Xəbər etmədən gəlmişdi. Dedi ki, tez çıxaq. Heydər Əliyevin yanına gedirik. Biz birlikdə ara küçələrdən keçib hansısa bir binanın 4-cü mərtəbəsinə qalxdıq. Sevin xanım qapını əvvəl bir dəfə tıqqıldatdı. Azca gözləyəndən sonra yenidən üç dəfə döydü. Ardıyla da qapını öz açarı ilə açıb içəri girdik. Otaqda heç kim yox idi, oturub gözlədim. Bir azdan Heydər Əliyev gəlib, «Xoş gəlmisən» deyərək məni qucaqlayıb öpdü. Sonra isə «Türkiyənin mənim vəziyyətimdən xəbəri varmı?» soruşub cavab gözləmədən, «Gəl Zərifə xanımın şəklinin qarşısındakı masada əyləşək. Şəkil çəkdirəndə o da düşsün», - dedi. Hə, onu da deyim ki, Zərifə xanım onun yenicə vəfat etmiş həyat yoldaşı idi…».

Müəllif yazır ki, verdiyi suala cavab olaraq Heydər Əliyev ona istefa səbəblərini açıqlayıb: «Qorbaçov Siyasi Bürodan istifadə edərək Azərbaycanla bağlı qərarlar verirdi. Mən də Siyasi Büronun üzvü və baş nazirin birinci müavini olaraq öz fikirlərimi ortaya qoyurdum. Bu vaxt Qorbaçov səsini qaldıraraq, «Sən artıq Azərbaycanın işlərinə qarışa bilməzsən», - deyə bağırdı. Mən də özümü saxlaya bilməyib, «Qarışacağam» dedim və onun üstünə getdim. Bu vaxt Siyasi Büronun digər üzvləri məni tutaraq sakitləşdirməyə çalışdılar. Sözümüz daha da sərtləşəndə Qorbaçov mənə «Daha səninlə işləyə bilmərəm», - dedi. Qorbaçov SSRİ-ni yeniləmək istəyirdi. Hətta bəzi respublikaların, o cümlədən Azərbaycanın müstəqillik sevdasına düşdüyünü eşidən siyasi bürodakılar nə edəcəklərini bilmirdilər və Qorbaçov bundan da qəzəblənmişdi. Ona görə də 1987-ci il oktyabrın 25-də istefaya getdim».

Müəllif yazır ki, Heydər Əliyevlə görüşündən altı ay əvvəl – 1989-cu ildə Azərbaycanda Əbülfəz Elçibəyin başçılığı altında Xalq Hərəkatı yaranmış, KQB-nin və sovet ordusunun təhlükəsinə rəğmən gizli fəaliyyət göstərirdi: «Heydər Əliyev mənə bildirdi ki, «Əgər Bakıya yolun düşsə və Əbülfəzlə görüşmək imkanı əldə etsən, ona Azərbaycanın müstəqilliyi üçün əlimdən gələn bütün köməkliyi göstərəcəyimi çatdırarsan». Yazdıqlarıma bu gün Sevil Əliyevanın özü canlı şahiddir. Əbülfəz Elçibəyin qurduğu Xalq Cəbhəsinin liderliyi ilə aparılan azadlıq mübarizəsini və Azadlıq Meydanında keçirilən mitinqləri Bakıya gələrək şəxsən işləyirdim».

Məqalənin sonunda müəllif qeyd edir ki, Heydər Əliyevlə Azərbaycan müstəqil olandan sonra da dost münasibətlərini davam etdirib: «O, prezidentliyi dövründə məni Prezident sarayında qəbul etdi. Daha sonra Avropa Şurasının Strasburqda keçirilən toplantısında iştirakı ərəfəsində də görüşdük. Eləcə də o vaxtkı prezident Jak Şirakla görüşmək üçün Parisə səfəri zamanı da Əliyevlə qaldığı «Crillon Hotel»də bir araya gələrək keçmişi yada saldıq. Son dəfə isə 2010-cu ildə Bakıya səfərim zamanı Heydər Əliyevin və xanımı Zərifə Əliyevanın məzarlarını Fəxri Xiyabanda ziyarət edərkən bütün yaşadıqlarım film kimi gözlərimin önündə canlandı…».

 

Vüsal Tağıbəyli

 

Həftə içi.- 2013.- 17 dekabr.- S.3.