“Pərdə arxasında
qalan operalarımız
var ki…”
Əhsən Əhmədov: “Musiqi
sənət aləmində
bəzi qara qüvvələr var ki, onlar bu
inkişafa mane olur”
Cabbar Qaryağdıoğlu, Xan Şuşinski, Keçəçi
Məhəmməd, Seyid
Şuşinski, Məşədi
Bahadur kimi dahi sənətçilər
özlərindən sonrakı
nəslə böyük
məktəb qoyub. Məhz bu məktəbin
sayəsində gənc
xanəndələrimiz, muğamn
ifaçılarının sayı kifayət qədərdir. Azərbaycan
Milli Konservatoriyasının
müəllimi, tanınmış
xanəndə Əhsən
Əhmədov da belələrindəndir. Gənc
olmasına baxmayaraq, ifaçılıq tərzinə
görə heç də ustad sənətkarlardan
geri qalmır. Əhsənin bir üstünlüyü ondadır
ki, muğam sənətinə ona bu sənəti öyrədən ustadlarının
gözü ilə baxır.
Gənc
xanəndə ilə onun bu sənətə
münasibətindən, milli
mədəniyyətimizin incisi
sayılan muğamın
təbliği və inkişafı sahəsindəki
vəziyyətdən danışdıq. Müsahibimiz söhbətə
özünün bu sənətə təsadüfən
gəlməməsindən başladı:
- Boş yerə
deyilməyib ki, Ağdam musiqi beşiyidir. Hətta Ağdamın balaca
uşağı da ağlayanda muğamüstə
ağlayardı. Ağdamlı olasan, o torpağın ab-havasında böyüyəsən,
səsin olmaya?!
O ki qaldı mənim özümə, səs bizdə nəsillikcə olub. Dayılarımın, atamın gözəl
səsi olub, amma bu sənəti
davam etdirməyiblər.
Xoşbəxtlikdən o da mənim
taleyimə yazılıb.
Doğulduğum Qalayçılar kəndi dağların əhatəsindəydi, hər
tərəf meşəliyin,
yaşıl ormanların
içində idi.
Təxminən, 5-6 yaşlarımdan
yay vaxtı atamla birlikdə ot biçininə
gedərdik. Mən biçilmiş otu
yava ilə yığa-yığa ucadan
oxuyardım, muğamın
sirlərini bilməsəm
də, segah deyərdim. Ətrafda olanlar böyük
maraqla səsimə qulaq asardılar. Bir dəfə kəndimizin ağsaqqallarından
olan Məstan kişi yaxına
gəlib atama dedi ki, bu
uşağı apar musiqi məktəbinə qoy, təhsil alsın. Düzü, atam və əksər qohumlarımın
artistdən, müğənnidən
xoşları gəlməzdi.
Ona görə də atam Məstan kişinin məsləhətinə
də tərəddüd
etdi, o istəmirdi ki, xanəndə olam. Hətta Məstan kişiyə
sərtləndi ki, ağsaqqal adamsan, uşağın beynini boş-boş fikirlərlə
doldurma. Elə bu sözdən sonra Məstan kişi atamın
üzünə tərs-tərs
baxıb bizdən uzaqlaşdı. Amma orta məktəbdə
təhsil aldığım
illərdə məktəbin
bütün tədbirlərində
iştirak edərdim.
Məktəbin dam örtüyünün üstündə səsucaldıcı
qoyulmuşdu. Səs bütün
kəndə yayılardı.Tədbirlərə
valideynlər də gələrdi. Səhv etmirəmsə,
2-ci sinifdə oxuyurdum,
tədbirlərin birində
“Sarı bülbül”
ifa etməyim məktəbin həyətinə
yığışan camaatının,
müəllimlərin çox
xoşuna gəlmişdi.
Səslənən alqış sədaları
məni ruhlandırdı
və bu sənətə marağımı
da artırdı.
4-cü sinifdə oxuyanda isə Ağdamda keçirilən
müsabiqənin qalibi
oldum.
- Bəs, musiqi təhsilini harada aldınız?
- Hələ 1990-cı illərə qədər respublikanın əksər
müsabiqələri Ağdam
şəhərində keçirilirdi.
Hələ 4-cü sinifdə
oxuyarkən məni Ağdam şəhərində
fəaliyyət göstərən
Cabbar Qaryağdıoğlu
adına musiqi məktəbinə apardılar. Həmin məktəbdə yeniyetmələrdən ibarət
“İstedadlar sorağında”
adlı respublika müsabiqəsi keçirilirdi.
Bu müsabiqənin münsiflər heyəti tanınmış sənətçilər
idi. İfam münsiflər heyətinin
çox xoşuna gəldi və istədilər ki, məni həmin musiqi məktəbinə götürsünlər. Lakin atam
buna razı olmadı. Onun, hətta göz
yaşlarıma belə
rəhmi gəlmədi.
Buna təəssüflənən münsiflər heyətindən
bir nəfər atama dedi ki,
bu uşaqda ilahi səs var, aparıb onu “şikəst” eləmə, gələcəyini
əlindən alma. Amma xeyri olmadı.
Nəhayət,
1993-cü ildə Ağdamın
işğalından sonra
Şəkidə məskunlaşdıq. Artıq orta məktəbi bitirmişdim,
korifey sənətçilərin
lent yazılarına qulaq
asa-asa muğamı öyrənirdim. 1998-ci ildə
sənədlərimi götürüb
Asəf Zeynallı adına Musiqi
Texnikumuna, rəhmətlik
Vahid Abdullayevin yanına gəldim. O, ifamı dinlədi, səsim çox xoşuna gəldi və məni texnikuma qəbul etdi. Texnikumda təhsil alarkən
resbublikada keçirilən
bir sıra müsabiqələrin qalibi
oldum. 2001-ci ildə
Musiqi Texnikumunu bitirdikdən sonra təhsilimi davam etdirmək üçün
Bakı Musiqi Akademiyasına gəlib Xalq artisti, professor
Arif Babayevlə görüşdüm. Məni səmimi
qəbul edən Arif müəllimin yanında “Heyratı” zərb muğamını
ifa etdim. İfam Arif müəllimin xoşuna gəldi və Bakı Musiqi Akademiyasında oxumaq istəyimi bəyəndi. Elə
həmin il
Akademiyaya qəbul olundum. Arif Babayevin sinfində
muğam təhsili aldım. Korifey sənətkarımız, muğam ustası Arif Babayevin sənət dərsləri
sayəsində daha da püxtələşdim.
2005-ci ildə isə Üzeyir Hacıbəyov adına ilk “Muğam” müsabiqəsinə
qatıldım. 1200 istedadlı gənc arasından 20 nəfər
seçildik. Lakin “Muğam”
müsabiqəsi “SMS”lə
olduğundan, mən yalnız bu müsabiqənin iştirakçısı
oldum.
- Deyəsən, elmi nailiyyətləriniz də
var…
- Bəli, 2002-ci ildə
Milli Konservatoriyanın
magistraturasını bitirdim
və 2011-ci ildə isə Azərbaycan Dövlət və Mədəniyyət İncəsənət
Universitetinin doktoranturasına
qəbul olundum. Hazırda Milli Konservatoriyada muğam dərsi keçirəm. Azərbaycanda ilk xanəndəyəm ki, elmlə məşğul oluram.”Muğam operalarının qürubu”
kitabının müəllifiyəm.
20-dən çox elmi məqaləm işıq üzü görüb.
- Amma televizya kanallarında görünmürsünüz.
Səbəb nədir?
- Efirə
çıxmaq üçün külli miqdarda vəsait
istəyirlər. Artıq
televiziya və opera monopoliyaya çevrilib. Buna baxmayataq, ara-sıra
efirlərdə görünürəm.
Amma dövlət tədbirlərində
yetərincə iştirak
edirəm. Bir sıra
xarici ölkələrə
dəvət almışam.
Ən çox Türkiyə, İran, Qazaxıstan, Almaniyada daha çox qastrolda olmuşam. Orada milli musiqimizi,
“Muğam” və xalq mahnılarımızı
yetərincə təbliğ
etmişik. Hazırda doktorluq
dissertasiyasına hazırlaşdığım
üçün bir sıra konsertləri təxirə salmışam.
Bütövlükdə isə təhsilə,
sənət aləmində
elmi fəaliyyətə
daha çox üstünlük verirəm.
Artıq
xeyli yetirməm də var. Onların içində milliyyətcə
koreyalı olan Kim Min Ceoq da var. Bütün
muğamlarımızı ona
öyrətmişəm. Kim Min Ceoq Azərbaycan muğamlarını sərbəst
ifa edir, dəfələrlə Heydər
Əliyev adına
Muğam Mərkəzində
konsert proqramları ilə çıxış
edib. Hazırda o, Koreyada muğamlarımızı
və milli musiqimizi təbliğ edir.
- Milli musiqimizin
və operalarımızın
təbliğinə, inkişafına
yönəlik fəaliyyətləri
qənaətbəxş saymaq
olarmı?
- Qətiyyən.
Xüsusilə də opera sənətində
ciddi nöqsanlar çoxdur. Azərbaycanda çoxlu
sayda məşhur və dəyərli operalar olduğu halda, onlardan cəmi
3-ü - “Leyli və Məcnun”, “Şah İsmayıl” və “Aşıq Qərib”
operaları işıq üzü görür. Pərdə arxasında qalan operalarımız var ki, onlar səhnəyə qoyulmur. Məsələn, “Xanəndənin
taleyi”, “Gəlin qayası”, “Vaqif” və başqaları. Bu
cür operaların səhnəyə
çıxmamasına səbəb, yəqin ki,
Opera və Balet
Teatrında çalışan xanəndə-aktyorlarımızın
həmin rolları ifa edə bilməməsidir.
Bunun da
çıxış yolu var:
indiyədək Azərbaycanda 4 muğam
müsabiqəsi keçirilib və hər
müsabiqənin 20 iştirakçısı olub.
Məncə, bu müsabiqə
iştirakçılarından hər bir rola bir nəfər
seçə bilərlər. Amma musiqi sənət aləmində bəzi qara qüvvələr var ki, onlar bu
inkişafa mane olur. Çatışmazlığın biri odur ki,
hər bir müəllim istəyir, öz tələbəsi qabağa
getsin. Bu, həm də
müsabiqələrdə obyektiv qiymətlərin
verilməməsindən irəli gəlir.
Qələndər Xaçınçaylı
Həftə
içi.- 2013.- 18 dekabr.- S.8.